“Adam istefa ərizəsi yazır, bunun islahata nə dəxli var?!” - MİRMAHMUD MİRƏLİOĞLU

“Adam istefa ərizəsi yazır, bunun islahata nə dəxli var?!” - MİRMAHMUD MİRƏLİOĞLU

“Bizdən başqa, Azərbaycan hakimiyyətinin, İlham Əliyevin istefasını tələb edən siyasi təşkilat yoxdur”

“Təşkilatlanmış şəkildə öz tələblərimizi ortaya qoymalıyıq”

“Milli Şuranın qərarları Azərbaycanda heç bir ictimai-siyasi vəziyyətə təsir göstərmir”

“Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, hətta bizim əleyhimizə olan bir sıra siyasi partiyaların rayonlarda aparıcı insanları təşkilatlanmada o qədər yaxından iştirak edirlər ki, hələ rəhbərlik götürmək istəyirlər və bir neçə rayonda da onlar rəhbərdir”

Ötən bazar günü Azərbaycan Xalq Hərəkatı (AXH) Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında geniş tədbir keçirib. Tədbirdə Hərəkatın yenidən təşkilatlanması əsas hədəf kimi müəyyən olunub.

Qeyd edək ki, yanvarın 26-da ADP-nin qərargahında təsis olunan Hərəkat sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaradılmışdı. Hərəkat yarandığı vaxtlar cəmiyyətin diqqətini cəlb etmişdi, hətta bəzi insanlar buna çox umidlə baxırdı. Lakin daxili çəkişmələr üzündən sonradan AXH nisbətən tamam zəiflədi.

Artıq Hərəkatın təşkilatlanmasını Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) öz üzərinə götürüb. Maraqlıdır ki, bu dəfə KXCP-nin “patronajlığı” altında AXH-nin ciddi şəkildə təşkilatlanması mümkün olacaqmı?

-  Bazar günü tədbiri keçirmişik. Mən arzulayardım ki, siz orada iştirak edəydiniz. Tədbir “Youtub”da canlı yayımla verilib. “Reaksiya TV”, “Kanal-13”, “Azerfreedom”  canlı yayımla verib, tanımadığm 7-8 “Youtube” kanalı da yayımlayırdı və təkrar göstərənlər də var. Məndə olan məlumata görə, dünən günün axırına, yəni saat 24:00-a baxış 120 min olub. Azərbaycan Respublikasının nə qədər rayon, şəhərləri varsa, onun böyük əksəriyyəti, 60-70%-i əhatə olunub və tədbirdə iştirak edib. Biz inanırıq ki, bu tədbirimiz növbəti bir addım kimi təşkilatlanmaya xidmət edəcək. İndi siz necə qiymətləndirirsiniz öz işinizdir. Sualınızın əvvəlində qeyd edirsiniz ki, əvvəl belə idi. Bu da sizin qiymətinizdir, yanaşmanızdır. İnşallah, yaxın vaxtlarda sizin dediyiniz sualların çalarları hamısı bizim əməllərimizlə təsdiq olunacaq, yüksək səviyyədə təşkilatlanma olacaq.

Kllasik Xalq Cəbhəsinin rayon şöbələri yaxından təşkilatlanmada iştirak edirlər və üstəgəl heç bir siyasi partiyanın üzvü olmayan, yerlərdə olan insanlar bu hərəkatlanmada var və Azərbaycan Xalq Hərəkatının təşkilatlanmasında iştirak edirlər. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, hətta bizim əleyhimizə olan bir sıra siyasi partiyaların rayonlarda aparıcı insanları təşkilatlanmada o qədər yaxından iştirak edirlər ki, hələ rəhbərlik götürmək istəyirlər və bir neçə rayonda da onlar rəhbərdir.

- İndiki stiuasiyada AXH-nin əsas məqsədi nədir?

- Azərbaycan insanının bütün problemlərini həll etməkdən ötrü bir arada olmaq, müxalif olan kütlələri bütövlükdə cəlb etmək, birləşərək təşkilatlanmaq və bütün problemləri birgə həll etmək. Bax, məqsəd budur. Azərbaycanın ən böyük problemini həll etmək, Azərbaycandakı yürüdülən siyasətin yanlışlığını siyasət sahiblərinə təsdiq etdirmək və dəyişdirmək, yaxud da Azərbaycanda siyasət dəyişməyəcəksə, siyasət yürüdənlərin özlərini dəyişmək, istefaya göndərmək.

- Bundan öncə, Hərəkatda hakimiyyətə yaxın qüvvələrin olduğu deyilirdi. İndiki halda,  AXH-yə daxil olanların  içində hakimiyyətə yaxınlığı ilə seçilən qüvvələr ola bilərmi?

 -Mən dedim, bizim də təşkilat buradadır və bir neçə başqa təşkilat da. Seçim də sərbəstdir. Hələlik hazırda təşkilatlanmada iştirak eləyən konkret Klassik Xalq Cəbhəsi Partiyasıdır. Bunun da haqqında kim nə istəyir, danışır, əməllərimiz də ortada. Bizdən başqa, Azərbaycan hakimiyyətinin, İlham Əliyevin istefasını tələb edən, şüar irəli sürən və bu istiqamətdə fəaliyyət göstərən, həmçinin Qarabağ probleminin həllindən ötrü “ya azad et, ya çıx get” şüarı gündəmə gətirən və bu istiqamətdə şüarları sıralayan bizimlə yarışa biləcək başqa heç bir siyasi təşkilat yoxdur.

- Prezidentin istefasını tələb edirsiniz. Ancaq indiki halda ölkədə islahatlar aparılır. Yəni bu halda, ehtiyac varmı?

- Bizim nəzərimizcə, kadr dəyişiklikləri islahat deyil və bizdən başqa da bunu Azərbaycanda hər kəs deyir ki, kadr dəyişikliyi islahat deyil. İslahat edən adamlar özləri nəzərə almalıdırlar ki, islahatı adamları dəyişməklə, könüllü şəkildə istefa ərizəsi yazmaqla, islahat aparmırlar. İslahatla istefa ərizəsi fərqlidir. Baxmayaraq ki, birinci iki hərfi eynidir, islahat da, istefa da “i” və “s” hərfləri ilə başlayır. Amma buna baxmayaraq, bu, belə deyil. Adam istefa ərizəsi yazır, bunun islahata nə dəxli var?! Belə islahat olur?

-Bəs, islahat necə olmalıdır?

- İslahat o dərəcədə olmalıdır ki, Azərbaycanda birinci qanunlar işləməlidir. İkinci, qanun qəbul edənlər həddini aşanda, Primakovla bağlı məsələ, “Azərbaycan xalqı nankordur” deyəndə qanunverici orqanın üzvləri yerindəcə cəzalandırılmalıdır və onlar istefaya göndərilməlidir, onlar cəza almalıdırlar. Yəni qanunlar işləməlidir. Qanunların işlədiyi təqdirdə hansı daha aktual qanundur, onlar birinci yerinə yetirilməlidir. Ardınca da ən böyük islahat bu olmalıdır ki, Azərbaycan ordusuna əmr versinlər. Azərbaycan ordusu Qarabağ torpaqlarından terrorçuları çıxartmalıdır, anti-terror əməliyyatı başlamalıdır. Elə bizim söhbətimiz qurtaran kimi ali baş komandan əmr verməlidir.

-Bu dəfə Azərbaycan Xalq Hərəkatının təşkilatlanmasının ölkənin siyasi sferasında  proseslərə ciddi təkan verəcəyinə ümid edirsinizmi?

-Əlbəttə. Təklif edirəm və xahiş edirəm ki, dünən 4 saata yaxın gedən canlı yayıma baxın

- Yeri gəlmişkən,  Milli Şuranın etiraz aksiyasını dəstəkləmişdiniz  Milli Şura  razılaşdırılmamış aksiya keçircəyi halda, fərd, yaxud partiya olaraq qatılcaqsınızmı?

- Şərtlə danışılan sullara şərtlər özü yerinə yerinə yetiriləndə baxarıq. Milli Şura gah qərar qəbul edir, mitinq təyin edir, sonra da deyir ki, mitinqi ləğv edirəm. Hələ o məsəllərini həll eləsin, qurtarsın, ondan sonra baxarıq daha neynəyəcəklər. Azərbaycan ictimai-siyasi həyatı Milli Şuranın qərarları ilə idarə olunmur və Milli Şuranın qərarlarına söykənmir, yaxud  Milli Şuranın qərarları Azərbaycanda heç bir ictimai-siyasi vəziyyətə təsir göstərmir və heç bir şərait də yaratmır.

-  Milli Şuranın qərarları Azərbaycanda heç bir ictimai-siyasi vəziyyətə təsir göstərmirsə və şərait yaratmırsa, o zaman Azərbaycan Xalq Hərəkatının etiraz aksiyaları keçirmək niyyəti olacaqmı?

-Əlbəttə, biz təşkilatlanma ilə məşğuluq. Sizin deyəsən yadınızdan çıxdı, bu gün verdiyiniz sullarınızın 90%-i təşkilatlanma və dünənki müşavirə ilə bağlı idi. Bu müşavirə göstərir ki, biz təşkilatlanmalıyıq. Tələb də bundan ibarətdir. Ondan sonra, təşkilatlanmış şəkildə öz tələblərimizi ortaya qoymalıyıq.

Şamo EMİN, Hurriyyet.org