“Azərbaycanın hərbi varianta keçməsi an məsələsidir” - QABİL HÜSEYNLİ

“Azərbaycanın hərbi varianta keçməsi an məsələsidir” - QABİL HÜSEYNLİ

“Azərbaycan başa düşür ki, danışıqlar yolu ilə donuzu darıdan çıxartmaq mümkün olmayacaq”

“Azərbaycan məsələnin hərbi-siyasi yolla həll edilməsi variantını seçmək məcburiyyəti qarşısında qalacaq”

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan “feysbuk” səhifəsində canlı yayımda çıxışı zamanı deyib ki, Ermənistan ilə Azərbaycan arasında olan münasibətlər daim təhlükə mənbəyidir.

O qeyd edib ki, erməni tərəfi Qarabağda bu gün itkilər verir: “Gərginlik son bir il yarımda azalsa da, var və davam edir. Biz Qarabağ məsələsinin çözümünü tapmamışıq. Konkret bir qərarımız da yoxdur. Bir plan olan kimi bunu xalq qarşısında müzakirə edəcəyik. Lazım gəlsə, referendum da keçirilə bilər”.

Əslində, Paşinyanın “Qarabağ-Ermənistandır, nöqtə” bəyanatından sonra, bu bəyanatla  Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoya bilməyəcəyini deyir. Paşinyan həm də bununla Dağlıq Qarabağ məsələsində erməni xalqının məsuliyyətə ortaq olmasını istəyir.

Ermənistanını xarici işlər naziri Zohrab Mnatsakanyan isə yerli mediaya Daqlıq Qarabağ münaqişəsinin həllində “dalana dirənmə” ilə bağlı bəyanatları şərh edərkən deyib ki, bizim Azəbaycana verəcək bir şeyimiz yoxdur: “Güzəşt edilməsi güman olunan şey artıq bizimdir. Buna görə də, güzəştdən danışmırıq, çünki Azərbaycanın təhlükəsizliyi təhlükədə deyil.  Bizə məxsus olan təhlükə altındadır, əslində erməni tərəfinə birtərəfli güzəştlər təklif olunur. Buna görə “ölü nöqtə” təhlükəsizlik sistemindəki mövqelərimizdən geri çəkilmədən və resurların bütünlüyünü qoruyaraq işləmək və irəli getmək üçün tək real  yoldur".

Nazir Mnatskanyan onu da deyib ki, hazırkı vəziyyət Ermənistan üçün “qapalı dalan” deyil: “Ermənistanın və ermənilərin vəzifəsi baş nazirin avqustun 5-də Xankəndindəki mitinqdə söylədiyi vəzifəni hərəkətə gətirməkdir. Erməni diplomatiyasının vəzifəsi - “ölü nöqtə”nin, başqa sözlə, erməni ordusunun  gücü ilə qazanılmış “hərbi-siyasi status-kvo”nun beynəlxalq səviyyədə tanınmasına nail olmaqdır”.

Göründüyü kimi, artıq Ermənistan tərəfi hazırkı status-kvonun beynəlxalq səviyyədə tanınmasına nail olmağa çalışır və müəyyən mənada nail olur da. Bir neçə gün öncə, ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanıması buna sübutdur. Sənədin Nümayəndlər Palatasında həm Demokratlar, həm də Respublikaçlar tərəfindən dəstəklənməsi onun Senat tərəfindən də tanınması ehtimalını artırıb.

Hətta bugünlərdə  ABŞ-a “işgüzar səfər”ə gedən qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Masis Mayilyan sərsəmləyib ki, "erməni soyqırımı"nın tanınması ilə bağlı tarixi bir qətnamənin qəbul edilməsi ABŞ-da qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması prosesində də yeni uğurlar əldə edilməsi üçün geniş perspektivlər açıb. Göründüyü kimi, ermənilər daha uzağa gedən siyasət yürütməklə, istədiklərinə addım-addım nail olmağa çalışırlar. Biz nəyi, kimi gözləyirik, anlamaq olmur.

“Gündəmi dəyişdirməklə, vaxt udmaq və danışıqlar dövrünü uzatmağa çalışırlar”

Ermənistanın baş naziri Paşinyanın bəyanatını şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, Paşinyan yenə siyasi manevr edir: “O hakimiyyətə gəldiyi andan ən azı Qarabağa dair 5-6 ziddiyyətli mülahizə irəli sürmüş və ortamı ciddi surətdə gərilməyə vadar etmişdi. Yeni gələrəkən iddia etdi ki, guya, Qarabağın adından danışmağa ölkəsinin haqqı yoxdur. Guya, Ermənistan bu müharibədə iştirak etməyib və müharibəni “Artsax”ın özünün “şanlı müafiə qüvvələri” həyata keçirib. Başdan-başa riyakarlıq və qeyri-səmimiliklə dolu olan bu fikir əlbəttə ki, reallığı əks etdirmir. Bir müddət vaxtı bununla uzatdılar və danışıqlarda ciddi gərginlik yarandı. Daha sonra isə söylədilər ki, “Qarabağın hüdudlarından kənarda 7 rayon Konstitusiya yolu ilə Dağlıq Qarabağı Konstitusiyasına qatılıb və ona görə də onun adından danışmağa Ermənistanın hüququ yoxdur, yalnız “Artsax” erməniləri danışa bilər”. Bu da xeyli müddət vaxt apardı və ciddi siyasi təlatümlərə səbəb oldu. Hətta Rusiya tərəfi də Paşinyanı qınadı. İndi bir müddət keçib Paşinyan iddia edir ki, Dağlıq Qarabağ probleminin çözülməsinə dair onların konkret planı yoxdur. Halbuki, 10 gün bundan əvvəl “Qarabağ-Ermənistandır, nöqtə” sözünü deyən də odur. İndi birdən-birə çönüb “Qarabağ dair konket çözüm əldə etməmişik” demək başdan ayağa riyakarlıqdır. Çünki bunlar gündəmi dəyişdirməklə, vaxt udmaq və beləliklə də danışıqlar dövrünü uzatmağa çalışırlar. Bunların bu addımlarının ilk növbədə, daxili bazara yönəldiyini söyləmək mümkündür. Çünki daxili ictimai rəyi həmişə öz tərəflərində saxlamağa çalışırlar. Həmişə gərginləşən, narahat olan daxili rəyin ağzına bir şey atmaqla, onları bir müddət düşünməyə məcbur edirlər. Eyni zamanda beynəlxalq ictimai rəyi də bir-birini təşviq edən öz rəyləri ilə müəyyən gərginlikdə saxlamağa cəhd edirlər. Bir sözlə, Paşinyanın bu növbəti kələyi başdan-ayağa siyasi riyakarlıqdır və danışqlar prosesinə pəl vurmaq məqsədi güdür. Adama deyərlər ki, danışıqlarda mövqeyini müəyyən etməyə bu qədər də ehtiyac yoxdur. Çünki bu danışıqların gündəmi də, necə həll edilməsi də BMT-nin 4 qətnaməsində göstərilib, sən işğalçısan, qoşunlarını işğal edilmiş torpaqlardan geriyə çəkəcəksən və Azərbaycanla sülh müqaviləsi bağlayacaqsan. Bununla da iş bitib gedəcək. Amma bu adam nə beynəlxalq hüquq normalarına, nə də BMT-nin 4 qətnaməsinə məhəl qoyur və mütamadi olaraq təkrarlayır. Bu isə onu göstərir ki, aşkar erməni tərəfinin fikri danışıqlar prosesini pozmaq, tərəfləri danışıqlar stolu ətrafında oturmaqdan yayındırmaqdır. Bir sözlə, yeni qarşıdurmalara səbəb olmaq niyyətindədir. Azərbaycan isə uzun müddət onların nazı ilə oynayası deyil və yəqin ki, məsələnin diplomatik yolla çözülməsi yox, hərbi-siyasi yolla həll edilməsi variantını seçmək məcburiyyəti qarşısında qalacaq”.

“Danışıqlar prosesi iflasa uğramış kimi görünür”

Politoloq əlavə etdi ki, Azərbaycanın hərbi varianta keçməsi an məsələsidir: “Əlbəttə, bir qədər də dözmək lazım gələcək. Ermənilərin manevr etdiyini dünya ictimai rəyinə, xüsusilə ATƏT-in Minsk Qrupuna çatdırıb onları bu işdə hərəkətə gətirmək əsas məqsədlərdən biridir. Bu iş də təsir göstərməsə, Azərbaycan BMT-yə müraciət edib, məsələnin BMT səviyyəsinə qaldırılmasına nail olmalıdır. Çünki danışıqlar prosesi iflasa uğramış kimi görünür və bu nöqteyi-nəzərdən Azərbaycanın hərbi varianta keçməsi an məsələsidir. Bunun üçün müəyyən şərtlərin meydanda olması vacidir. Bu nöqteyi-nəzərdən də güman edirəm ki, Azərbaycan bu saat ciddi seçim qarşısındadır, başa düşür ki, danışıqlar yolu ilə donuzu darıdan çıxartmaq mümkün olmayacaq”.

“BMT-nin 4 qətnaməsi Ermənistan tərəfindən icra olumursa, münaqişənin BMT səviyyəsinə qaldırılmasının əhəmiyyəti olarmı” sualına Q. Hüseynli belə cavab verdi: “Əlbəttə ki, əhəmiyyəti olar. BMT daha nüfuzlu təşkilatdır. Onsuz da ATƏT-ə mandatı BMT vermişdi. İndi ATƏT özünü doğrultmursa, danışıqlar prosesi heç bir nəticə vermirsə, onda Azərbaycan məcbur olacaq ki, başqa yollara əl atsın və sülh və təhlükəsizlik məsələlərində sözü daha ötkəm, təsir rıçaqlarına, hətta sülhü qoruyan qüvvələrə malik olan BMT-yə müraciət etsin. Bu, Azərbaycanın son çıxış yolu ola bilər. Bu nöqteyi-nəzərdən Azərbaycan bu yolu da seçməlidir”.

“Amerika Birləşmiş Ştatları da dünyanın jandarmı deyil ki”

Hüseynli nəzərə çatdırdı ki, hələ “erməni soyqırımı”nın tanınması proseduru tam tamamlanmayıb: “Tamamlana biləcəyinə də 100% kimsə əmin deyil. Bu nöqteyi-nəzərdən bu məsələ ilə Dağlıq Qarabağ problemini bir-birinə bağlamaq düzgün deyil. Üstəlik də Dağlıq Qarabağ probleminin taleyi təkcə ermənilərin yox, ilk növbədə Azərbaycanın əlindədir. Amerika Birləşmiş Ştatları da dünyanın jandarmı deyil ki, onun dedikləri buna şərait yaratsın. Ona görə  də zənnimcə, bunlar nəzəri mülahizələrdir və onlar öz məqsədinə çatmayacaq”.

Şamo EMİN, Hurriyyet.org