Salam, xoş gəlmisiniz.

“Benzinin qiymətinin artması insanların etirazına sadəcə bəhanə oldu” - NATİQ CƏFƏRLİ

2019-11-19 11:21:15

“Benzinin qiymətinin artması insanların etirazına sadəcə bəhanə oldu” - NATİQ CƏFƏRLİ

“İranda baş verənlərin ciddi təhlilə, özü də hay-küysüz, pafossuz təhlilə ehtiyacı var. İranda son 2 ildə sosial-iqtisadi vəziyyət çox ağırlaşıb. İran valyutası son illər dünyada ən çox devalvasiyaya uğrayan valyutalardan biridir, inflyasiya sürətlənib, milli valyutada qiymətlər kəskin artır”. Hurriyyet.org xəbər verir ki, bu barədə REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.

“Son 2 ilin sosial-iqtisadi ağırlığı zatən insanları bezdirmişdi”

Cəfərlinin sözlərinə görə, benzinin qiymətinin artması insanların etirazına sadəcə bəhanə, bəlkə də son damla oldu: “Yəni İran əhalisi tək elə benzinin qiyməti qalxdı deyə etiraza çıxmadılar. Son 2 ilin sosial-iqtisadi ağırlığı zatən insanları bezdirmişdi. ABŞ sanksiyaları, neft hasilatı və satışının azalması, məntiqsiz, basqıcı idarəetmə rejimi, investorların qaçışı, dollar qıtlığı - bütün bunlar səbr kasasını çoxdan doldururdu”.

“Mənasız və məzmunsuz qadağalardan bezən nəsil yetişib”

N.Cəfərli qeyd edib ki, İranda İslam İnqilabını kitablardan oxuyan nəsil yetişib: “Son 40 ildə 1 milyon gənc xaricdə təhsil alıb, internet nəsli yetişib. Bu gün İran əhalisinin 68%-i inqilabdan sonra dünyaya gələnlərdi, yaşı 40-a qədər olanlardır. Onların ideoloji kimliyi tək dini deyil, hətta mən deyərdim heç dini deyil. Yəni mənasız və məzmunsuz qadağalardan bezən nəsil yetişib. Nə qədər qəribə səslənsə də, potensial olaraq İran müsəlman aləminin ən dünyəvi ölkələrindən biridir. Çünki 3000 illik dövlətçilik tarixi və ənənələri xurafatdan daha güclüdür”.

“Demokratlar udsa, danışıqlar intensivləşəcək”

“İran dövlətinin çox güclü diplomatiya ənənələri var. Çox güman ABŞ və İsrail ilə gizli danışıqlar da aparırlar. Amma çox sərt və tərs diplomatiya məktəbi tezliklə güzəştə getməyi düşünmür, çox güman, onlar yaxın 1 ildə danışıqları uzadaraq ABŞ da prezident seçkilərinin nəticələrini gözləyəcəklər. Əgər Tramp yenə udsa, İran həmən istənilən müqaviləni imzalayacaq. Çünki rejimin müqavimət resursu tükənəcək. Yox, əgər Demokratlar udsa, danışıqlar intensivləşəcək, İran üçün daha məqbul yeni müqavilə imzalanacaq”,-deyə iqtisadçı vurğulayıb.

Şamo EMİN, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru