“Biz Türkiyənin modelini götürməliydik” - ADİL QEYBULLA

“Biz Türkiyənin modelini götürməliydik” - ADİL QEYBULLA

“Azərbaycansayağı icbari tibbi sığorta qurulur”

“Burada maraqlı qüvvələr var”

Bildiyimiz kimi, 2020-ci ildən etibarən Azərbaycanda tibbi sığorta sisteminin tətbiqinə start veriləcək. Lakin tibbi sığorta sisteminin tətbiqinə start verilməzdən öncə, bu sistemin düzgün qurulmadığı aşkar ortadadır.

Belə ki, ciddi xəstəliklərin müalicə olunduğu tibb mərkəzləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) daxil edilməyərək, Səhiyyə Nazirliyinin balansında qalıb. Yəni 2018-ci il 20 dekabr tarixində imzalanan 418 nömrəli fərmana əsasən, Səhiyyə Nazirliyinin balansında qalan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və tikilməkdə olan müəssisələri tibbi sığortaya aid edilməyəcək. Yuxarıda adları çəkilən xəstəxanalardan başqa, ölkə ərazisində fəaliyyət göstərən bütün dövlət xəstəxanaları 2020-ci ildə etibarən tibbi sığorta sisteminə keçəcək. Yəni əsas xəstəxanalar sistemdən kənarda saxlanılıb, hansı ki, bu, qətiyyən düzgün deyil.

Qeyd edək ki, tibbi sığortaya keçidlə bağlı ilk olaraq 2018-ci il 20 dekabr tarixində prezident İlham Əliyev 418 nömrəli fərman imzaladı. Bu fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yaradıldı. Bununla da Səhiyyə Nazirliyindən yüzlərlə xəstəxana alınaraq TƏBİB-in tərkibinə daxil edildi.

 “Xəstəxanaların müalicə işinə Səhiyyə Nazirliyi nəzarət etməlidir”

Səhiyyə Nazirliyinin balansında qalan xəstəxanaların tibbi sığortaya aid edilməməsi ilə bağlı tibb elmləri doktoru Adil Qeybulla “Hürriyyət”ə dedi ki, xəstəxanaları ayırıb, ayrıca bir qurum yaratmağa ehtiyac yox idi: “Bunun özü bir yanlışlıqdır. Xəstəxanaların müalicə işinə istənilən halda Səhiyyə Nazirliyi nəzarət eləməlidir. Səhiyyə Nazirliyinin işi administrativ, bürokratik orqan yox, əslində təşkilatlandırıcı, tövsiyyəverici bir orqan olmalıdır və o xəstəxanaların işini yönəltməldir, xüsusən də müalicə işinə nəzarət eləməlidir. Hansı xəstəxanalar ki, icbari tibbi sığortaya cəlb olunublar hər birinin menecerləri olur, həmin menecerlərə və yaxud direktorlara hansısa bir status vermək olar. Onlar buradakı maliyyə dövriyyəsinə nəzarət edərək, icbari tibbi sığortaçılardan yığılan vəsaitin düzgün xərclənməsinə, bölünməsinə nəzarət edir. Təəssüflər olsun ki, bu sistemi seçməklə, icbari tibbi sığortanı da Azərbaycansayağı bir sığortaya çevirdilər. Biz nəyə görə Türkiyənin modelini götürmədik? Türkiyədə bir sosial güvənlik qurumu var. Pensiyalara, icabari tibbi sığortaya bu qurum nəzarət edir. Amma sosial güvənlik qurumu xəstəxanaya nəzarət eləmir. O xəstəxananın məhz icbari tibbi sığorta və sosial təminat məsələləri ilə bağlı işlərinə nəzarət edir. İndi bizdə müəyyən bir xaotik durum yaranıb. Xəstəxanaların bir qrupu Səhiyyə Nazirliyinn nəzdində qalıb, ikinci qrupu xüsusi bir status verilmiş yeni biri quruma (red-TƏBİB-i nəzərdə tutur) daxil edilib. Buna nə ehtiyac var? Harada belə bir qurum var? Bunu kim düşünüb? Ona görə də bu işin sonuna proqnoz vermək çətindir”.

“İcbari tibbi sığortanın uğursuzluqlarının məsuliyyəti onların çiynindədir”

A.Qeybullanın sözlərinə görə, burada maraqlı qüvvələr var: “Lakin qeyri-peşəkarlıq, səriştəsizlik məsələləri daha çoxdur. Bu qərarı hazırlayan adamlar işin məsuliyyətini daşıyırlar. Yəni səhiyyəyə və bu işə məsul olan qurumlar sonda unutmasınlar ki, icbari tibbi sığortanın bütün uğursuzluqlarının məsuliyyəti onların çiynindədir. Çünki sonra bu məsələnin araşdırılması, yenidən qiymət olunması var. Heç bir mütəxəssis ora cəlb olunmayıb. Bu qərarlar hansısa formada qəbul olunub. Mən düşünürəm ki, bu, yanlış yoldur”.

Картинки по запросу icbari tibbi sığorta

“Türkiyə təbabəti yüksək səviyyədə inkişaf etmiş bir təbabətdir”

“Biz Türkiyənin modelini götürməliydik. Çünki qardaş ölkədir. Perspektivdə Türkiyə ilə elmi, iqtisad, yəni bütün əlaqələri yüksək səviyyədə qurmaq və gələcək inkişafımıza əsas olmaq üçün bir vasitə, şans idi. Türkiyə təbabəti Amerika təbabətinin bir formasıdır və kifayət qədər yüksək səviyyədə inkişaf eləmiş bir təbabətdir. Biz niyə bunların qurduğu sxemi qəbul eləməyək? Bunların keçdiyi yolu götürməyək? Burada təcrübə də, hər şey də var. Bizdə isə bu təcrübə yoxdur. Ona görə də gördüyümz odur ki, Azərbaycansayağı bir icbari tibbi sığorta qurulur. Onun da nəticələrini yaxın vaxtlarda görəcəyik”,-deyə A.Qeybulla əlavə etdi.

“Bu gün hər nazirliyin nəzdində bir xəstəxana var”

A.Qeybulla vurğuladı ki, Səhiyyə Nazirliyinin statusunu bu səviyyəyə salmaq düzgün deyil: “Səhiyyə Nazirliyi nəinki nəzdində qalan həmin xəstəxanalara, ümumyyətlə, başqa xəstəxanalara da nəzarət etməlidir. Məsələn, bu gün hər nazirliyin nəzdində bir xəstəxana var. Kömrük Komitəsinin, Fövqalədə Hallar Nazirliyinin,  Daxili İşlər  Nazirliyinin, Dövlət Təhlükəsizlik Nazirliyinin, Müdafiə Nazirliyinin öz xəstəxanaları var. Mən bəzi spesifik nazirlikləri, xüsusi ilə Müdafiə Nazirliyini başa düşürəm, amma digər xəstəxanaların fəaliyyətinə kim nəzarət edir? Burada hansı müalicə işləri görülür? Bəlkə hanısa bir kriminal işlər görülür? Yəni Səhiyyə Nazirliyi bu işlərə nəzarət eləməlidir və Azərbaycanda müalicə vasitələrinin, dərman maddələrinin reysteri olmalıdır ki, onlar qeydiyyatdan keçib,  Azərbaycan ərazisinə tətbiq oluna bilsin. Bunlar ciddi məsələlərdir”.

“Xəstəxanaların statusunun bu şəkildə müəyyən ediməsi qətiyyən düzgün deyil”

A.Qeybulla hesab edir ki, icbari tibbi sığortanın Azərbaycansayağı aparılması onun nəticələrinə neqativ təsir göstərəcək: “Əvvəla, xəstəxanaların sığorta paketinə cəlb olunması ilkin olaraq lazım idi. Xəstəxanaların statusunun bu şəkildə müəyyən ediməsi qətiyyən düzgün deyil. Səhiyyə Nazirliyinin statusunun dəyişdirilməsi də düzgün deyil. Biz Türkiyənin modelini götürməliyik, o yolla getməliyik”.

“İcbari tibbi sığortaya mütləq ictimai nəzarət olmalıdır”

A.Qeybulla onu da qeyd etdi ki, icbari tibbi sığorta üçün ayrılan vəsait yetərli deyil: “Çünki biz 1 il əvvəlki nəticələri öyrənərək bu qənaətə gəlmişik. Türkiyə modelində 2020-ci ilə qədər bəzi əməliyyatlar dövlətin hesabına daxil deyil, onlar vətəndaşla dövlət arasında bölünür. Hazırda tam olaraq dövlət bunu öz üzərinə götürüb. Məsələn, İngiltərədə icbari tibbi sığortaya ayrılan vəsait 95 milyard funtsterlinqdir. Bu, 130 milyard dollara yaxın vəsaitdir. Azərbaycanın elan olunan dövlət büdcəsindən təxminən 15 dəfə çoxdur. Ona görə də hesab edirəm ki, bunu nəzərə almaq lazımdır. İcbari tibbi sığortanın doğrudan da vətəndaşın xeyrinə çalışması, bundan fayda görməsi üçün biz ən azı mövcud modellerin birinə müraciət etməliyik, o yolla getməliyik. Ən azı bu işdə mütəxəssislərlə məsləhətləşmək lazımdır, yoxsa qərarlar şəkilində, administrastiv üsullarla bu, həll olmur. Əlbəttə, belə bir müəmmalı vəziyyətdə müəyyən mənimsəmlər ola bilər. Şəffaflığın təmin edilməsi üçün icbari tibbi sığortaya mütləq ictimai nəzarət olmalıdır. İctimai nəzarət olmasa, burada neqativ məsələlər daha çox olacaq”.

“Müəmmalı məsələlər var”

 A.Qeybullanın fikrincə, icbari tibbi sığorta paketinə cəlb olunmayan xəstəxanaların statusu müəyyənləşməlidir: “Çünki xəstəxanaların bəziləri publik hüquqi şəxs statusu alıbsa, onlar vergi ödəyicisi olur. Vergi ödəyicisi olursa, deməli, bunun gəlirləri olmalıdır. Gəlirlər də vətəndaş hesabına həyata keçirilə bilər. Belə müəmmalı məsələlər var, şəxsən mənə vəziyyət tam aydın deyil. Hər halda işin gedişi boyu bəzi məsələlər aydınlaşacaq”.

 Şamo EMİN, Hurriyyet.org