Salam, xoş gəlmisiniz.

“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını sübut edə bilir” - QULU MƏHƏRRƏMLİ

2019-11-21 10:49:09

“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını sübut edə bilir” - QULU MƏHƏRRƏMLİ

 “Bəzən bu münaqişəni yaradıb, qıraqdan durub seyr edirlər ki, onlar ehtiyac olsun, guya, bu məsələləri həll etsinlər...”

“İndi mətbuatda, televiziyada yaranmış vəziyyətlə bağlı konkret məsuliyyəti olan adamlar var”

“...Bu siyasəti müəyyənləşdirənlər daha çox məsuliyyət daşıyır. Mən hesab edirəm ki, hər kəs öz yerində olmalıdır. Hər kəs televiziyanın cəmiyyət üçün rolunu, dəyərini bilməlidir”

Azərbaycan televiziyalarında əxlaqsızlığı təbliğ edən verilişlərin və serialların efirə getməsi çoxsaylı vətəndaşlar və ziyalılarla yanaşı, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlini də dilə gətirdi. Belə ki, o, bir neçə gün əvvəl “təəssüf edirəm ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur”  deyə açıqlama verdi.

Bu barədə “Hürriyyət”ə danışan tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə Şura sədrinə belə bir sual ünvanladı: “Nüşirəvan müəllim, sən dövlət sərəncamı ilə rəhbər kimi bu işə məsul şəxsənsə, sənin bu işə gücün çatmırsa, şikayət edirsənsə, onda biz neynəyək?”

Ötən yazımızda qeyd etdiyimiz kimi, bu kimi əxlaqi problemlər təkcə televiziyalarda deyil, çap mətbuatında və saytlarda, eləcə də sosial şəbəkələrdə mövcuddur. İnsanlar bir-birini aşağılayır, təhqir edir, söyüş söyür, hətta dəyərli ziyalılar, siyasətçilər, dövlət məmurları və s. kateqoriyaya aid olan ləyaqətli insanlarla bağlı qaralama kampaniyası aparılır. Ən çox təəssüfedici hal isə odur ki, sanki, bu proses hansısa “qaranlıq əl” tərəfindən idarə olunur.

Maraqlıdır, cəmiyyətimizdə əxlaqi dəyərlərin aşınması kimə lazımdır və bu problemin həlli yolları nələrdir?

“Hürriyyət”in bu və digər suallarına cavab almaq üçün  tanınmış jurnalist, teleradio tarixinin tədqiqatçısı, professor Qulu Məhərrəmli ilə söhbətləşdik.

- Əlbəttə, bu deyilən sözlər doğrudur və biz də uzun illərdir televiziyalarda bu mənəvi dəyərlərin tapdalanmasından danışırıq, problemləri qaldırırıq, qeyri-peşəkarların durdurulmasından danışırıq. Yəni bir sistem olaraq bu işin davamlı şəkildə həqiqətən cəmiyyətə mənfi təsirindən danışırıq. Bundan  Nişurəvan Məhərrəmli də gileylənirsə, deməli, burada ciddi əsaslar var. Əvvala, niyə belə olur? Nəyə görə, prezident 10-15 milyon pul ayırır, amma ortaya çox da keyfiyyətli ekran əsərləri çıxmır? Bu pulların hamısı həmin Nuşirəvan müəllimin rəhbərlik elədiyi MTRŞ vasitəsilə telekanallara verilir. Necə ola bilər ki, pul verirsən, amma o serialın konsepsiyasi, ideya-bədii, ümumiyyətlə, estetik səviyyəsi ilə bağlı heç bir məsuliyyət tələb etmirsən? Ona görə, hesab edirəm ki, bu, gileylənmələr nə qədər haqlıdırsa, bir o qədər də məsuliyyət doğurur və bu iş üçün MTRŞ da müəyyən mənada məsuliyyət daşıyır. Bu siyasəti müəyyənləşdirənlər daha çox məsuliyyət daşıyır. Mən hesab edirəm ki, hər kəs öz yerində olmalıdır. Hər kəs televiziyanın cəmiyyət üçün rolunu, dəyərini bilməlidir. Televiziya heç kimin kommersiya məqsədlərinə, biznesinə xidmət etməməlidir. Cəmiyyətin, millətin mənəvi sisteminin formalaşmasına kömək etməlidir. Təsadüfi deyil ki, vaxtilə Amerika prezidenti Con Kennedi deyirdi ki, ikinci dünya müharibəsindən sonra Amerika xalqını televiziyalar formalaşdırıb. Bu sözdə həqiqət var. Amma televiziya o halda milləti, xalqı formalaşdırır ki, onun özü o dəyərlərin ifadəçisi olur, amma olmayanda, əksinə bu cür ortaya ciddi problemlər çıxır.

İkinci məsələ, indi təklif edirlər ki, ziyalı şurası, mütəxəssis şurası yaradılsın. Heç bir şuranın bu televiziyaların fəaliyyətinə heç bir müsbət təsiri yoxdur və ola bilməz. Niyə? Çünki o ziyalı, mütəxəssis dediyiniz adamların işi danışıb, sonra da durub getməkdir. Amma bu işi aparan adamlar peşəkar, həmin dəyərlərin daşıyıcısı olmalıdır və o dəyərlərin keşiyində dayanmalıdırlar. Elə olmasalar, gündə bir bəyanat verib, bir aydan sonra yenə təkrarlayacığıqsa, bunların heç bir faydası olmayacaq.

- Qulu müəllim, son vaxtlar təkcə televiziyalarda deyil, digər mətbu orqanlarda, qəzet və saytlarda da xoşgəlməz mənzərə yaranıb. Artıq insanlar bir-birinə arqumentlərlə deyil, söyüş və təhqirlə cavab verirlər. Cəmiyyət olaraq niyə bu günə düşdük? Bu problem necə aradan qaldırılmalıdır?

-Siz dediyiniz təkcə televiziyanın, mətbuatın problemi deyil. Bu, ümumiyyətlə, cəmiyyətin problemidir. Televiziyada burada cəmiyyətin əxlaqını, davranışını, psixologiyasını güzgü kimi göstərir. Ona görə də burada mənə elə gəlir ki, televiziyaları bu dərəcədə qabartmaq məsələnin bir tərəfidir. Amma əsas olan bizim cəmiyyətin problemləridir. Bilmirəm, oxuyubsunuz, ya yox, Fazil Mustanın bir məqaləsini yaymışdılar və mən orada qoyulan qüsurlarla razıyam. Niyə? Çünki bütün sahələrdə ciddilik, elitarlıq itir, onun yerini qeyri-peşəkarlıq, özfəaliyyət tutur. Niyə belə olur? Mənim düşüncəmə görə, bu gün Azərbaycan cəmiyyətinin iki  böyük problemi var, onun birincisi qeyri-peşəkarlıqdır, ikincisi korrupsiyadır. Peşəkarlar heç vaxt öz işlərinə xəyanət etmirlər. Çünki peşəkarın işi nəticəyə işləməkdir. Əgər mən istəyirəmsə ki, yaxşı veriliş hazırlayaq, verilişim yaxşı yolsun, yaxud mən bir heykəl düzəldirəm, istəyirəm bu heykəl yaxşı olsun, onda bütün tələb olunan standartlara uyğun işləməliyəm. Eləcə də mən bağ salıram, ya tutaq ki, bir bina tikirəm, heç vaxt onun pulundan oğurlamıram. Ona görə, peşəkarlara işin tapşırılması çox önəmlidir və onlar mahiyyəti ifadə eləyir. Amma qeyri-peşəkarlar, yerində olmayan adamlar nəticə etibarilə çox xırda məqsədlər üçün çalışırlar, o cümlədən də şəxsi mənafelərini ön planda saxlayırlar. Mənə elə gəlir ki, bizim çox bəlalarımız, o cümlədən dediyiniz həmin o ictimai, sosial, mənəvi problemlər buradan qaynaqlanır.

- Bəziləri cəmiyyətdəki “söyüş kampaniyası”nın hansısa “qaranlıq əl” tərəfindən idarə olunduğunu deyirlər. Sizcə, bunun arxasında hakimiyyət dairələrində təmsil olunan hansısa maraqlı qüvvələr varmı ki, ölkədə mətbuatda, eləcə də sosial şəbəkələrdə insanlar daim bir-birinə qarşı aqressiya, kin-nifrət ifadə etsin?

-Bu siyasəti müəyyənləşdirən və reallaşdıran insanlar var. Yəni onların düşündüyü budur. Tutaq ki, sosial şəbəkələrdə niyə bu qədər nəzakətsiz davranışlar, söyüşlər olur? Əgər biz bu gün televiziyalarda açıq diskussiyalar aparsaq, hər şeyi öz adı ilə çağırsaq, insanlara öz düşündüklərini ifadə etməyə imkan versək, onlar niyə sosial şəbəkədə söyüş yazmalıdırlar? Fizikadan bilirsiniz, təsir əks təsirə bərabərdir. Siz bir kimsəni söyəndə o da təbii ki, sizin cavabınızı verəcək. Ona görə, adamları bu addımı atmağa təhrik edən situasiyalardan qorumalıyıq, yəni o stiuasiyaları yaratmamalıyıq. Təəssüf ki, bu gün belə bir düşüncə var. Xüsusən də “qaranlıq”da gizlənmiş adamların belə bir düşüncəsi var. O adamlar öz varlıqlarını bax, bu söyüşlərin fonunda sübut edə bilir. O söyüşlər olmasa, o adamlar heç kimin yadına düşməz. Yəni bəzən bu münaqişəni yaradıb, qıraqdan durub seyr edirlər ki, onlara ehtiyac olsun, guya, bu məsələləri həll etsinlər. Əlbəttə, bu, deyilir, konkret adlar da çəkilir. Şübhəsiz, indiki situasiyanın yaranmağına, o cümlədən mətbuatda, televiziyada yaranmış vəziyyətlə bağlı konkret məsuliyyəti olan adamlar var. Ona görə, məncə, onlardan soruşmaq lazımdır ki, niyə bizim mətbuat, televiziyalar bu günə düşüb. İndi bəzi televiziyalarda proseslər gedir. Məsələn, AzTV-də müəyyən dəyişmələr var. Hər halda, bir hərəkət gedir. Tutaq ki, bundan əvvəlki qeyri-peşəkar və kriminal teması olan Alışanovdan fərqli olaraq, indi başqa proseslər gedir. Yaxud  İTV-də gedən proseslərdə artıq mahiyyət dəyişikliyi görünür, yeni layihələr üzə çıxır və biz bunları dana bilmərik. Ona görə də mən hesab edirəm ki, kim harada olursa-olsun, o, gördüyü işi vicdanla aparmalıdır, özünü cəmiyyət, dövlət qarşısında məsuliyyətli hiss eləməlidir.

- Sizin fikrinzcə, bu gün söyüş və təhqir kAmpaniyasının ölkə mətbuatında böyük rəvac götürməsi Azərbaycan mətbuatının nüfuzdan düşməsində hər hansı rol oynayırmı?

-Əlbəttə, rol oynayır. Yəni bunun üçün şərait yaradan faktorlar var və o faktorlardan biri də müəyyən adamların burada bilərəkdən və məqsədyönlü şəkildə dirijorluq etməsidir ki, bunun nəticəsində bu problemlər ortaya çıxır. Xüsusən xaricdə yaşayan azərbaycanlılarla bağlı yanlış siyasətin yürüdülməsi, onların qohum-əqrabalarının burada incidilməsi və süni şəkildə onların qızışdırılması hesab edirəm ki, bu cür ictimai münasibətlərin pozulmasına, qeyri-əxlaqi davanışlara gətirib çıxardır ki, bu da yalnz və yalnız təəssüf doğurur.

Şamo EMİN, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru