Salam, xoş gəlmisiniz.

“BU, RAMİZ MEHDİYEVİN ŞƏXSİ İŞİDİR...” – “Həmin hadisə bizim dövlətçiliyimizə amansız zərbə idi”

2019-12-13 16:26:26

“BU, RAMİZ MEHDİYEVİN ŞƏXSİ İŞİDİR...” – “Həmin hadisə bizim dövlətçiliyimizə amansız zərbə idi”

Ayaz Mütəllibov: “Gənclər irəli çəkilməlidir, eyni zamanda təcrübəl insanların da imkanlarından istifadə olunmalıdır”

Hurriyyet.org xəbər verir ki, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov “AzPolitika.İnfo”nun suallarına cavab verib. O, ölkədə həyata keçirilən kadr, struktur dəyişiklikləri, iqtisadi islahatlar mövzularına münasibətini bildirməklə yanaşı, Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevlə münasibətləri barədə də fikirlərini bölüşüb.

- Ayaz müəllim, ölkədə ciddi kadr dəyişiklikləri həyata keçirilir, uzun illər böyük vəzifələr tutan məmurlar kresloları ilə vidalaşmalı olurlar. Bu dəyişikliklərə münasibətiniz necədir?

- Əslində hər işin başında kadrlar durur. Kadrlar kiminsə xahişi və ya göstərişi, habelə başqa amillər əsasında fəaliyyət göstərməməlidirlər. Kadr siyasəti ölkənin, xalqın gələcəyinə yönəldilməlidir. Mənim düşündüyüm budur. Mən deyə bilmərəm ki, yeni kadrlar necə işləyəcək. Amma atılan addımlar bəyənilir. Mən güman edirəm ki, bu dəyişikliklər ölkə və xalq üçün xeyirli olacaq.

- Ümumiyyətlə, sizcə kadr islahatı deyəndə qocaların getməsi və onların postunun gənclər tərəfindən tutulması başa düşülməlidirmi?

- Bu, proporsional olmalıdır. Həm ağsaqqallar, həm ortayaşlı insanlar, həm də gənc kadrlar bir məqsədə xidmət etməlidirlər. Bu da vətənə xidmətdir. Sırf gəncləri qabağa çəkmək, onlara şərait yaratmaqla işlər düzəlmir. Burada mütənasiblik saxlanılmalıdır. Başqa sözlə, gənclər irəli çəkilməlidir, eyni zamanda orta nəslin və təcrübəl, yaşlı insanların da imkanlarından istifadə olunmalıdır.

- Belə fikirlər səslənir ki, insan yaşlandıqca mühafizakar olur və yeniliklərə qarşı çıxır. Bu mənada siz hansı xəttin tərəfdarısınız?

- Mən şəxsən yeniliyin tərəfdarıyam.

- Ölkədə kadr islahatları ilə yanaşı iqtisadi islahatlar da həyata keçirilir. İqtisadçı kimi bu istiqamətdə atılan addımları necə qarşılayırsınz və hansı təklifləriniz var?

- Aparılan işlər bizə imkan verir ki, bu addımları müsbət qarşılayaq. Mən də inanıram ki, prezidentin təşəbbüsü və iradəsi ilə atılan addımlar uğurlu nəticələr verəcək və ölkə iqtisadiyyatı daha da zənginləşəcək. Buna şübhə yoxdur. Mənim yanaşmam bundan ibarətdir. Əslində bu, geniş bir mövzudur. İlk olaraq bunun təhlili ilə məşğul olmaq, real vəziyyəti qiymətləndirmək lazımdır. Hər halda bizim vətənimizin inkişafı üçün onun təbitəindən istifadə etməliyik. Kənd təsərrüfatı sahəsini dirçəldə bilsək, hesab edirəm ki, uğurlar əldə oluna bilər.

- Sizin uzun illər Prezident Administrasiyasına rəhbərlik edən və bu yaxınlarda vəzifəsini tərk edən Ramiz Mehdiyevlə şəxsi tanışlığınız olubmu?

- Bəli. Münasibətlərimiz də yaxşı olub. Şəxsən bir-birimizi tanımışıq.

- Onun vəzifəsindən getməsinə münasibətiniz necədir?

- Bu, şəxsi işdir. O adam təqaüdə gedib. O, uzun illər fəaliyyət göstərib, imkanları əsasında oz xidmətini göstərib.

- Belə anladım ki, sonradan onunla münasibətləriniz gərgin olub...

- Yox. Gərgin olmayıb. Biz bir yerdə işləməmişik. O, Mərkəzi Komitənin tərkibində işləyib. Mən isə iqtisadçı və təsərrüfatçı olmuşam. Aramızda salaməleyküm olub, tez-tez görüşürdük. Odur ki, mən heç nə deyə bilmərəm. Ramiz Mehdiyev təcrübəi və bilikli adamdır. Respublikanın inkiaşfında öz xidmətlərini göstərib, gərgin işləyib.

- Bakıya qayıtdıqdan sonra onunla təmasınız olubmu?

- Xeyir olmayıb. Hökumət mənə qarşı lazımi qərarlar qəbul edib. Mən də bununla kifayətlənmişəm. Başqa marağım da olmayıb.

- Siz prezident olanda komandanızın əsas üzvlərini 1991-ci ilin 20 noyabrında Qarabağda baş verən terror aktında itirdiniz. Bu mənada kadr və komandanın əhəmiyyətini daha yaxşı anlayırsınız. Ancaq nədənsə belə mövzularda danışmağa maraq göstərmirsiniz...

- Yaxşı kadrlar istənilən dövlətə lazımdır və bu, başadüşüləndir. Belə yaxşı kadrların əhəmiyyəti danılmaz faktıdr. Hər şeyi kadrlar həll edir. Noyabr hadisələrinə gəldikdə deyim ki, həmin hadisə bizim dövlətçiliyimizə dəhşətli və amansız zərbə idi.

- Qarşıdan parlament seçkisi gəlir. Hansı səbəblərdən bu seçkidə namizəd kimi iştirak etmək istəmirsiniz?

- Mən zamanında parlamentin tərkibində olmuşam, fəaliyyət göstərmişəm, sözümüzü demişəm və vətənimiz üçün əlimizdən nə gəlibsə onu etmişik. İndi gənclər işləsinlər.

- Seçkilərdə iştirak etməsəniz də konkret dəstəkləyəcəyiniz namizədlər olacaqmı?

-Bu haqda düşünməmişəm.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru