Salam, xoş gəlmisiniz.

“EuroHome” xarabalıqlarında: ticarətçilərə on milyonlarla manat ziyan dəyib - “Bilmirəm bu ay ev kirayəsini necə verəcəm…”

2019-12-11 18:05:38

“EuroHome” xarabalıqlarında: ticarətçilərə on milyonlarla manat ziyan dəyib - “Bilmirəm bu ay ev kirayəsini necə verəcəm…”

Bakının Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında ötən gün səhər saatlarında baş verən güclü yanğın nəticəsində sahibkarlara on milyonlarla manat zərər dəyib. İkimərtəbəli ticarət mərkəzində təxminən 150 mağaza tamamilə külə dönüb.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, yanğının bürüdüyü mağazalardan çıxarılmış tikinti materialları küçəyə yığılıb, bəziləri tüstüdən, bəziləri sudan yararsız hala düşüb. Hazırda bazarın ətrafında onlarla polis əməkdaşı keçik çəkir.

Xatırladaq ki, malları yanmış ticarətçilərin bu gün günorta Bakı-Sumqayıt yolunu bağlamağa cəhd göstərmələrindən sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əraziyə gəlib. E.Allahverdiyevin göstərişi ilə hazırda icra  hakimiyyətinin əməkdaşları mağaza sahibləri ilə tək-tək görüşərək dəymiş zərərlə bağlı məlumat toplayırlar. Zərərçəkmişlərə bildirilib ki, bu həftənin cümə günü icra başçısının iştirakı ilə toplantı olacaq, sahibkarlar şikayətlərini söyləyə biləcəklər. 

 

Tikinti materiallarının satışı ilə məşğul olan sahibkarların sözlərinə görə, onlara yalnız sığortası olanların kompensasiya ala biləcəyini bildiriblər. Bazarda isə heç kim mallarını yanğından sığorta etdirməyib. Buna görə də yolu bağlamaqla problemlərinə diqqət çəkməyə çalışıblar. 

Çingiz adlı sahibkarın virtualaz.org-a bildirdiyinə görə, ona məxsus mağazada 300 min manatlıq mal yanıb. Amma nə o, nə də digərləri dərdlərini icra başçısına çatdıra bilməyiblər: “İkinci mərtəbədə anbarlar yerləşirdi, heç kim anbardan bir manatlıq mal çıxara bilmədi. Polislər icra başçısını elə əhatəyə aldılar ki, yaxınlaşıb sözümüzü deyə bilmədik. Heç danışdıqlarını da yaxşı eşitmədik”.

Sahibkar hər ay mağazaya görə 1800 manat yerhaqqı ödədiyini bildirib.

Digər sahibkar isə deyib ki, bir mağazadan başlayan yanğının sürətlə digər mağazalara keçəcəyinə inanmayıblar, ona görə də vaxtında mallarını çıxara bilməyiblər. Bazarın yanğından mühafizə üçün su anbarı olub, amma yanğın zamanı məlum olub ki, su yoxdur. “Deyirlər ki, bazar rəhbərliyinin tapşırığı ilə axşamlar su krantını bağlayırlar ki, kimsə gecələr sudan istifadə etməsin. Düzü hərə bir söz deyir, amma hər bir halda həmin vaxt anbarda su olmayıb, çünki krant bağlı olsa da, suyu çəkə bilərdilər”,-sahibkar belə deyib.

Ticarətçilərdən Rafiq Qaraşov isə deyir ki, iki mağazası olub, elektrik malları satıb, yanğından isə yalnız bir generator çıxara bilib. O da təxminən 300 min manatdan çox ziyana düşüb. “İcra başçısı gəldi, bizi heç dinləmədi, bazarın rəhbəri gəldi, mühafizəçilər qolundan tutub ora-bura dartdılar, dərdimizi də deyə bilmədik. Çox pis vəziyyətdəyik. Uşaqlarımın canına and olsun ki, heç mağazamın yerini tapa bilmirəm, ancaq külü qalıb”, - sahibkar təəssüflə qeyd edib.  

Qaraşov onu da əlavə edib ki, icarə haqqını hər ay vaxtlı-vaxtında ödəyib, çünki bazar rəhbərliyi ödəmələrin bir gün  belə gecikdirilməsinə icazə verməyib. Amma bunun müqabilində bazardakı mağazaların yanğından mühafizəsi təmin edilməyib. “Bazarda icarə haqqı kvadratmetrə görə 25 manatdır. Mən 100 kvadratmetr yerə görə aylıq 2500 manat ödəyirdim. Hər üç aydan bir yerpulunu qaldırırdılar. Amma təhlükəsizliyə nəzarət edən olmayıb, heç kimin sığortası yoxdur. Əgər sığorta etmirdilərsə, niyə bizdən pul yığırdılar?”,-sahibkar bazar rəhbərliyinə sual verir. 

Digər bir sahibkar isə təxminən yarım milyon manat zərərə düşüb. Amma onu daha bir məsələ ağrıdır.  Deyir ki, onlar can hayındadılar, gecə isə yanğından çıxarılmış malları oğurlamağa cəhd ediblər, bu, onlara ikiqat zərbə olub. “İki mağazam vardı, bütün mallarım külə döndü, bir az kafel-metlax çıxarılıb, o da üst-üstə 500 manat etmir. Üstəlik sənədlərim də yanıb, kimdən nə almışam, kimə nə vermişəm bilmirəm”. 

Sahibkarlardan başqa təxminən 600-dən çox satıcı bu bazardan çörək pulu qazanıb. Onlardan biri -Azər Məmmədov Yevlaxdan gəlib, 4 nəfərlik ailəsi ilə birgə Sumqayıtda kirayə qalır. Azər deyib ki, tərslikdən bu ay maaşını ala bilməyib: “Bilmirəm kirayə haqqını necə ödəyəcəm, amma müdirə də yazığım gəlir”,-Azər gözyaşları içində danışıb.  

Malları yanmış sahibkarlarla yanaşı firma nümayəndələri də çarəsiz durumdadılar. Onların sözlərinə görə, mağazalara nisyə mal veriblər, mallar yanıb, indi pullarını necə alacaqlarını düşünürlər. “Bu siyahıya baxın, təkcə bir mağazaya 25 min 800 manatlıq boya vermişik. Digəri 30 min, başqa birisi 56 min manat ödəməlidir. Yazıq sahibkar neyləsin? Onları da başa düşürük, amma borcu ödəməsələr firmanın da işi getməyəcək, biz də ödəniş etməliyik”,-firma nümayəndələrindən biri danışıb. 

Sahibkarlar onu da deyiblər ki, prezident İlham Əliyevin onların problemlərinə diqqət ayıracağına əmindilər. Buna görə də ümidlidilər. 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru