Salam, xoş gəlmisiniz.

“KONSTİTUSİYA MƏHKƏMƏSİ ÖLKƏNİN HÜQUQ SİSTEMİNİ ALT-ÜST ETDİ!” – “Bankların xeyrinə misilsiz biabırçı qərardad!”

2019-12-14 11:44:09

“KONSTİTUSİYA MƏHKƏMƏSİ ÖLKƏNİN HÜQUQ SİSTEMİNİ ALT-ÜST ETDİ!” – “Bankların xeyrinə misilsiz biabırçı qərardad!”

Əkrəm Həsənov: “Dərin utanc hissi keçirirəm - ölkənin hüquq sisteminə, məhkəmələrinə, hakimlərinə görə”

Tanınmış hüquqşünas Əkrəm Həsənov özünün “feysbuk” səhifəsində Konstitusiya Məhkəməsinin 11 oktyabr tarixli qərardadı ilə bağlı kəskin tənqidi yazı ilə çıxış edib. Hüquqşünas Konstitusiya Məhkəməsinin həmin qərarının ölkə Konstitusiyasına zidd olduğunu və bankların təzyiqi altında qəbul olunduğunu iddia edir.

Xatırladaq ki, hüquqşünasın qanunsuz adlandırdığı qərardad Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il və 25 iyul 2019-cu ildə kredit xətti üzrə zaminlik və ipoteka müqavilələrinə aid qərarlarını əhatə edir.

“Konstitusiya Məhkəməsi də özünü tam buraxdı?”

Ə.Həsənov öz yazısında bildirir ki, Konstitusiya Məhkəməsi həmin qərardadla ölkənin hüquq sistemini alt-üst edib: Konstitusiya Məhkəməsi də özünü tam buraxdı? Bankların xeyrinə misilsiz biabırçı qərardad! Bundan o tərəfi daha yoxdur... “

 

Hüquqşünas iddia edir ki, məhkəmə həmin qərardadın mətbuatda yayılmasında maraqlı deyil: “11 oktyabrda Konstitusiya Məhkəməsi qərardad (qərar yox, məhz qərardad – bu vacibdir!) qəbul edib. Ən azı saytından belə görünür (http://www.constcourt.gov.az/decisions). Əslində, nə vaxt onu qəbul edib və yerləşdirib – bir Allah bilir, bir də özü! Çünki mətbuatda bu barədə heç bir məlumat getməyib. Halbuki, məsələn, əvvəlki qərardadı mətbuatda dərc edilmişdi. Bu məxfiliyin səbəbi nədir?
Səbəb odur ki, bu qərardad ölkənin hüquq sistemini tam alt-üst edib! Konstitusiya Məhkəməsi deyib ki, onun iki qərarında qanunlara verdiyi şərh yalnız bundan sonra yaranacaq münasibətlərə və həmin iki qərarın qəbulunadək məhkəmədə olan işlərə aiddir. Yəni münasibətlər əvvəl yaranıbsa, amma iş hələ məhkəmədə deyilsə, Konstitusiya Məhkəməsinin həmin 2 qərarındakı şərh potensial məhkəmə işlərində rəhbər tutula bilməz. Cəfəngiyat!”

“Ali Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyi ilə hesablaşmırdı”

Qərardadın mahiyyətinə açıqlıq gətirən hüquqşünas yazır: “Qərardad Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il və 25 iyul 2019-cu ildə kredit xətti üzrə zaminlik və ipoteka müqavilələrinə dair qərarlarına dairdir (həmin məsələ üzrə ölkədə konstitusion böhran da yaşanmışdı, çünki Ali Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyi ilə hesablaşmırdı.

Nə qədər təəccüblü olsa da, həmin qərarlar bankların əleyhinə idi. Ən azı 4-5 bankın geniş istifadə etdiyi şübhəli kredit və təminat sxemi ifşa edilmiş, zaminlərə və ipoteka qoyanlara borc bataqlığından çıxmağa imkan yaratmışdır. Belə ki, qərarlara görə zaminin və ipoteka qoyanın iştirakı olmadan kredit xətti üzrə bağlanmış kredit sazişləri varsa, zaminliyə xitam verilməli, ipoteka müqaviləsi isə bağlanmamış hesab edilməlidir.

Sözügedən qərarlar banklar üçün şok olmuşdur! Buna görə də təxmin etmək olardı ki, Konstitusiya Məhkəməsinə təzyiqlər olacaq. Artıq bu ilin 9 sentyabrında Konstitusiya Məhkəməsi qərardad qəbul edib dedi ki, həmin qərarları onların “qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur”.

Bankların xeyrinə olsa da, düzgün yanaşma idi: qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyini qorumaq lazımdır. Yəni bankların artıq udduğu işlərə bir də baxılmayacaq.

Amma görünən odur ki, bankları bu da qane etmədi. Onlar istəyirdi ki, Konstitusiya Məhkəməsi ümumən desin ki, sözügedən qərarları yalnız bundan sonra bağlanan əqdlərə aiddir.

Nəticədə, sən demə, 11 oktyabrda Konstitusiya Məhkəməsi həmin qərarlarla bağlı növbəti qərardad qəbul edərək deyib ki, həmin qərarlar onların “qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur”.

Başqa sözlə, kim (əsasən borcunu ödəməyənlər) cəld tərpənib indiyədək məhkəmədən haqqını tələb edibsə, Konstitusiya Məhkəməsinin qərarları onlara şamil olunacaq. Digərlərinə (əsasən borcunu indiyədək ödəyənlərə) isə yox!”

“Bir də gördünüz ki, ölkədə siyasi idarəçiliyi də iflic etdi...”

Ə.Həsənov yazısında bildirir ki, məhkəmənin öz qərardadına verdiyi şərhi cəfəngiyyat adlandırır: “Məhkəmə mövqeyini necə əsaslandırıb?

Belə: “Verilmiş şərh nəticəsində bu normaların geniş təfsir edildiyini və bu təfsirin təcrübi tətbiqində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini nəzərə alaraq, mülki dövriyyənin və dövlətin iqtisadi-maliyyə vəziyyətinin sabitliyinin qorunması məqsədi ilə”.

Hüquqi yanaşmadan əsər-əlamət yoxdur! Sanki siyasi qərardır!... Bu, tam cəfəng yanaşmadır. Konstitusiya Məhkəməsi qanunlara şərh verir, yeni hüquq norması yaratmır... 

Bu qərardadı ilə Məhkəmə əvvəlki qərarlarında dəm vurduğu hüquqi müəyyənlik prinsipinə ağır zərbə vurdu, anarxiya yaratdı. Hətta bütün əvvəlki qərarlarının da nə vaxtdan tətbiq olunması haqda mübahisələrə qapı açdı. 

Məsələn, mən də indi deyirəm: devalvasiya üzrə əhalinin əleyhinə olan qərarlar da yalnız həmin qərarlaradək olan məhkəmə mübahisələrinə aid olsun! Banklar üçün məqbuldur belə yanaşma?”

Hüquqşünas iddia edir ki, Konstitusiya Məhkəməsi olduqca mənfi tendensiyanın əsasını qoyub və belə qərarları ilə istənilən vaxt hətta ölkənin siyasi həyatını da iflic edə bilər: “Ən əsası isə Konstitusiya Məhkəməsinin eyni məsələ üzrə sonsuzadək yeni qərarlar (qərardadlar) çıxarması ənənəsi qoyuldu (bu nədir? Əlavə konstitusiya icraatları?). 

 

 

Təsəvvür edin ki, bu ilin 15 may tarixində bir iş üzrə müşavirəyə gedib hələ də qərar çıxara bilməyən Konstitusiya Məhkəməsi bir iş üzrə artıq 3 qərar verib: bir qərar və iki qərardad.

Özü də onların hamısı ötən ilin 31 may tarixli qərarına da aiddir. Bundan sonra Konstitusiya Məhkəməsinin heç bir qərarının yekun olduğu əminliyi olmayacaq. Hətta seçkilər üzrə. Bir də gördünüz ki, onlara da yenidən baxıb ölkədə siyasi idarəçiliyi də iflic etdi. Belə Məhkəmədən nə desən gözləmək olar!”

Ə.Həsənov hesab edir ki, Konstitusiya Məhkəməsi öz fəaliyyətilə bütünlükdə ölkənin məhkəmə-hüquq sisteminin bərbad vəziyyətdə olduğunu təsdiqləyir: ”Dərin utanc hissi keçirirəm. Ölkənin hüquq sisteminə, məhkəmələrinə, hakimlərinə görə…. Bu qərardadı hansı xarici hüquqşünasa göstərsən, bizi məsxərəyə qoyacaq. Bəlkə də xarici hüquq dərsliklərinə daxil olacaq. Antihüquq nümunəsi kimi! Ölkəmizin hüquq və biznes mühitinə hansı etimaddan danışmaq olar bundan sonra? Qeyri-müəyyənliyin hökm sürdüyü ölkəyə heç kəs sərmayə qoymaz. Bir ölkədə ki, Konstitusiya Məhkəməsi qanunu şərh edir, sonra isə deyirsə ki, şərhi yalnız mövcud məhkəmə işlərinə aiddir, o ölkədə hüquq yoxdur...”/“AzPolitika.info”/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru