Salam, xoş gəlmisiniz.

“Portmanatlarımızda yenə də xarici bank kartları gəzdiriləcəkmi?” - OSMAN GÜNDÜZ

2019-11-14 18:02:12

“Portmanatlarımızda yenə də xarici bank kartları gəzdiriləcəkmi?” - OSMAN GÜNDÜZ

“Elektron ticarətin inkişafı nə üçün ləngiyir?”

“Məlumdur ki 3 il bundan öncə E-ticarətin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə və “Elektron ticarət haqqında” qanuna əlavə və dəyişikliklər edilib. Dəyişikliyə görə, xarici onlayn mağazalardan müəyyən məhsulların alışı üçün və qlobal resursların təklif etdiyi onlayn xidmətlər üçün 18% əlavə vergi tətbiq olundu. Elektron pul kisələrindən istifadə üçün də 10% vergi tətbiq olundu. Yəni əgər siz yerli bankın kartı ilə, məsələn, “Google” və “Facebook”dan hansısa xidmət, reklam alırsınızsa və ya “Amazon”dan nəsə kitab alırsınızsa əlavə olaraq 18% vergi də ödəməlisiniz. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

“Xarici kartdan alış-veriş edənlərin sayı xeyli artır”

O. Gündüz əlavə edib ki, əgər bunu portmanatınızdakı xarici kartla alırsınızsa, onda bunu ödəmirsiniz: “Təbii ki, ondan sonra xarici kart gəzdirənlərin, xarici kartdan alış-veriş edənlərin sayı xeyli artır. Buna görə də hazırda ölkəmizdə bir çoxlarının, bank işçilərinin, istisna etmirəm ki, elə Mərkəzi Bank və MBNP əməkdaşlarının, “Facebook” və “Google”dən sistemli olaraq xidmət alan şirkətlərin və vətəndaşların, SMM və rəqəmsal marketinq xidməti göstərən şirkətlərin hamısında ən azı bir ədəd xarici bank kartı var. Əsasən  də Gürcüstan kartlarına üstünlük verilir”.

“Qazaxıstanda qeydiyyatdan keçən e-ticarət qurumları 5 il vergilərdən tam azaddırlar”

“İndi yenidən Vergi Məcəlləsi müzakirəyə çıxarılır. Yeni dəyişikliklər olacaq. Fikrimcə, İqtisadiyyat Nazirliyi, KOBİA elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli və effektiv mexanizmini yaratmalıdırlar. Məsələn, cari ildən Qazaxıstanda qeydiyyatdan keçən e-ticarət qurumları 5 il vergilərdən tam azaddırlar. Bizdə bank sektorunda konservativ mühit yumşaldılmalıdır. 3 ildir hazırlanmaqda olan “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” qanun nəhayət ki qəbul edilməlidir. Cari ilin sonunada bu qanun üçün Strateji Yol Xəritəsində müəyyən oluna müddət başa çatır. MBNP, İqtisadiyyat Nazirliyi bu sahədə maraqlı tərəflər olduğundan və proses xeyli ləngidiyindən belə qənaətə gəlmək olar ki, Maliyyə Nazirliyi və ya Mərkəzi Bank bu layihənin qəbulunda elə də maraqlı görsənmirlər və rəy verməkdə tələsmirlər”,-deyə O. Gündüz qeyd edib.

““Bank Respublik”anı çıxmaq şərtilə, heç bir bank APİ servis təklif etmir”

O. Gündüz onu da nəzərə çatdırıb ki, banklar innovativ xidmətlər təklif edə bilmirlər: “Düşünürəm ki, MBNP açıq bank prinsiplərinə üstünlük verməlidir. İzahı olmayan bir vəziyyətdir ki, indiyədək “Bank Respublik”anı çıxmaq şərtilə, heç bir bank APİ servis təklif etmir. Halbuki, Avropada qüvvəyə minən yeni direktivə görə artıq istənilən bank üçün APİ-ın açıq olması məcburidir. Bizdə isə proses elə qurulub ki, hər bir müştəri ancaq və ancaq öz bankına “yapışmalıdır”.

O. Gündüz yeri gəlmişkən bildirib ki, daha bir neçə mərkəzi icra orqanının rəyləri gecikdiyindən KOBİA 11 aydır ki, startaplara vergidən azad olmaq üçün şəhadətnamə verə bilmir.

“İndi Vergi Məcəlləsində növbəti dəyişikliklərin elektron ticarətin inkişafına nə rol oynaya biləcəyini gözləyirik. Ümid edirəm Məcəllədə e-ticarətin inkişafini stimullaşdiran məqamlar nəzərdə tutulacaq. Görəsən, biz yenə də xarici bank kartları ilə xarici banklara xeyir verməkdə davam edəcəyikmi”-O. Gündüz sual edir.

 Şamo EMİN, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru