Salam, xoş gəlmisiniz.

“Prezidentimiz tapşırıb ki, insanları qəbul edin, amma...” - KEÇMİŞ POLİS

2019-12-12 13:58:16

“Prezidentimiz tapşırıb ki, insanları qəbul edin, amma...” - KEÇMİŞ POLİS

“20 ildən çoxdur şikayət edirəm, heç kim məni qəbul etmir”

Vətəndaşlar dövlət qurumlarına göndərdikləri ərizə və şikayətlərinə baxılmamasından, müvafiq qurum rəhbərlərinin onları qəbul etməməsindən hər zaman şikayətçidirlər. “Hürriyyət”in redaksiyasına üz tutan Sumqayıt şəhəri, 18-ci mikrorayon, bina 23, mənzil 12-də yaşayan İsmayılov Nadir Mürvət oğlunun şikayəti də elə bu barədədir.

N.İsmayılovun  sözlərinə görə, Sumqayıt şəhərində “qorotdel”də işləyib: “Postpatrul xidmətində bölmə komandiri işləmişəm. 1988-ci il Sumqayıt hadisələri  zamanı başımdan travma almışam. 1992-ci ildə Ağdamın Xramurt kəndində döyüşlərdə iştirak edərkən kontuziya almışam. Nəticədə başımdan ağır əməliyyat olunmuşam. 20 ildən çoxdur şikayət edirəm, ancaq heç kim məni qəbul etmir...

2006-ci ilin fevralın 6-da rəisimiz Sevindik müəllim pensiyaya çıxdı. O, məni işdən buraxmırdı, çünki mən işimdə ciddi idim. 2006-cı il fevralın 23-dən təzə gələn rəisin əmri ilə pensiyaya çıxarılmışam. Pensiyaya çıxanda mənim 10% pulum düzgün hesablanmayıb. Belə ki, qanunla mən əvvəlcə həmin ilin məzuniyyətinə çıxmalı idim, məzuniyyətdən qayıdandan sonra pensiyaya buraxılmalıydım. Məzuniyyət bizdə 45 gündür. Üstəlik hansı rayona gedirsənsə, bir gün getməyə, bir gün də gəlməyə verilir. Bu da 47 gün edir. Həmin il 47 gün mən məzuniyyətdə olsaydım, mənim 25 il stajım olacaqdı. İndi mənim 25 ilin ay yarımı çatmadığına görə, 60 manatdan çox pulumu itirirəm. Mən 14 ildir pensiyaya çıxmışam, ayda 60 manat itirirəm, onu tələb edirəm”, - deyə şikayətçi qeyd etdi.

“1988-ci ildən 2006-cı ildə daxil olmaqla, 19 il məzuniyyətdən istifadə etməmişəm”

N. İsmayılov vurğuladı ki, 88-ci il Sumqayıt hadisələrindən sonra 19 il məzuniyyətdə olmayıb: “Neçə əməliyyat keçirsəm də, hafizəm  yaxşıdır. Həmin hadisə vaxtı evdən məni çağırdılar ki, vəziyyət bu cürdür. Çünki bizə teleqram gəlmişdi ki, həm Yerevanda, həm də Xankəndində vəziyyət nə cürdür. Məni məzuniyyətdən 1 həftədən sonra çağırdılar, işə çıxdım. Ondan sonra Sumqayıt hadisələri baş verdi. Mən 1988-ci ildən, 2006-cı ildə daxil olmaqla, 19 il məzuniyyətdən istifadə etməmişəm. Prezidentin o haqda sərəncamı var, bizim işçilər nə qədər məzuniyyətdə olmayıblar, ona görə, kompensasiya alıblar. Amma mən nə qədər yazıram, heç kimi məni qəbul etmir. Mən kompensasiyamı, məzuniyyət pullarımı tələb edirəm. O kompensasiya da aldığımız əmək haqqı qədərdir. Tutaq ki, o vaxt  500 manat alırdım, həmin 500 manat 19 ilə vurulub, mənə ödənməlidir. Bu pulu işçilərimiz aldığı halda, mən almamışam”.

“Prezidentimiz tapşırıb ki, insanları qəbul edin”

“İndi Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsi mənə məktub göndərir ki, sənə bütün ödənişlər olunub. 2004-cü ildən sonra prezidentin sərəncamı ilə bu kompensasiyalar verilib, o sənə düşmür. Dəqiqbaşı öz dediklərini təkrar edirlər. Dedim, mənə fərqi nədir ki, ya Sovet hökumətinin dövründə, ya da müstəqillik olan vaxtında bu pul ödənməlidir. Qanun qanundur, qanunu dəyişməyə kimin nə ixtiyarı var? Mənə düşən əməkhaqqımı, tutaq ki, 500 manat almışamsa, bunu 19 ilə vur, hesabımı ver. Niyə artıq-əskin danışırlar, adamı çaşdırırlar. Axı, mən də öz dövlətimin yolunda bu əzabları çəkmişəm. Şəxsiyyətimə sığışdırmıram, işlədiyim kollektivdə bilirlər ki, mən kiməm, nəyə qadirəm, düzgünlüyü sevən adamam. 20 ildir tələb edirəm, bir adam məni qəbul etmir. Niyə, nə səbəbə qəbul etmirlər? Prezidentimiz tapşırıb, dönə-dönə deyir ki, belə işləmək olmaz, insanları qəbul edin. Yeri gələndə məmurları danlayır, tənbeh edir. Bəs, nəticədə mən niyə qəbul olunmuram?”,-deyə şikayətçi etiraz etdi.

N. İsmayılov nəzərə çatdırdı ki, Ramil Usubov daxili işlər naziri olanda dəfələrlə qəbula yazılıb: “Nazirlikdə gecə səhərə kimi yatıb, bir sutka yarım növbə tutmuşam. Sonradan məni qəbuldan siliblər. Noyabrın 30-da mən cənab nazir Vilayət Eyvazovun qəbulunda olmalıydım, 30-da Sumqayıta gəlməliydi, polis idarəsində vətəndaşları qəbul etməliydi. Həm nazirliyin katibliyində, həm də Sumaqayıt Polis İdarəsində qəbula yazılmışdım. Təsadüfən nazir ayın 29-da gəldi. Guya, bunların dediklərinə görə saat 4-dən sonra gəlib. Bu adam gəlib, axı.  Bəs, mən niyə çağırmamısınız? İllərdir qəbula yazılıram, hamısını silirlər, nazirin qəbuluna buraxmırlar”.

“Prezidentə teleqram vurmuşam, məktub göndərmişəm, Prezident Administrasiyasında poçta məktub atmışam, Mehriban xanıma  məktub göndərmişəm, amma heç biri qəbul eləmir. Fuad Ələsgərova məktub göndərmişəm. baxan yoxdur. Yaxşı, bəs, mən kimə müraciət edim? Mən xarici dövlətin rəhbərlərinə müraciət etməliyəm? Mən bu həyatı keçmişəm, bu mənim başıma gəlib. 65 yaşım dekabrın 15-i tamam olacaq, deməli,  belə çıxır ki, mən şər atıram. Bu vaxtacan şər, böhtanla məşğul olmayan adam, indi belə çıxır ki, mən 65 yaşında fırıldaqçılığa, yalan danışmağa keçmişəm? Bu, nə deməkdir?”,-deyə şikayətçi  əlavə etdi.

“30 kvadrat evin içində çürüyürəm”

N. İsmayılov bildirdi ki, Qarabağ veteranı kimi pensiya alır: “80 manat da prezident bu il təyin etdi. 960 manat pensiya alıram. Axı, mən zülmləri keçmişəm. İndi maşallah, güclü dövlətim, güclü dövlət başçım var, mən də haqqımı tələb edirəm. Nə qədər Qarabağ əlili var, onların da biri mən. Mən başımdan ağır əməliyyat olmuşam. Niyə mənim haqqımı vermirlər? Niyə məni qəbul eləmirlər? Mən 30 kvadrat evin içində çürüyürəm. Qızım oğlu ilə, oğlumun ailəsi, o biri oğlumun ailəsi, mən özüm bu evdə yaşayırıq. 4 ailə bir yerdə yaşayır, 12-13 nəfərlə sıxılıram. Milli Məclisdə olmuşam, heç kim  qəbul etmir. Elə tutuquşu kimi ancaq öz bildiklərini danışırlar,  yaxud eyni sözü, cümlərləri ünvanıma yazıb, göndərirlər. Nə qədər olar? Mən kimə müraciət etməliyəm? Belə olmaz, axı. İki oğlumun ikisi də üçüncü qrup əlildir. Biri ayaqlarının əyriliyinə görə, o birinin gözünün biri görmür. Mən indi də oğlanlarımla döyüşə getməyə hazıram. Xankəndi ilə Şuşanın arasında səngərimiz var idi, indi Paşinyan mənim torpağımda  gəlib araq, çaxır içir, tost deyir, mənim mahnımı şıdırğı gedir, mən evdə nəvələrimin yanında ağlayıram, tab gətirmirəm. Mən yenə də döyüşə getməyə hazıram, amma haqqımı tələb edirəm. Mən kiminsə əlavə pulunu tələb edirəm? Belə olmaz, axı”. 

“Mən o vaxtı başımdan kontuziya alanda gedib xəstəxanada yatmadım, dedim ki, dövlət, millət nə gündədir, gedim necə xəstəxanada yatım. Mən onu qəbul edə bilmirəm, axı. İndi də edə bilmirəm. Belə olmaz, axı.  Deməlidirlər, bu insanı çağır, görək nə demək istəyir? Bunun dərdi nədir? Bu qədər dövlət başıçısı danışır, məmurlar danışır, bəs bunun nəticəsi hanı? Cənab daxili işlər naziri nədən ötrüdür? Mən kimsə şər atıram? Kiminsə pulunu tələb edirəm? Mən əsəbi adamam müharibədən sonra bədənimdə neçə dəfə əməliyyat olunub. Bu, nə deməkdir? Mənə deyirlər ki, o vaxtı sən xəstəxanada yatmamısan. Mən şər atıram? Elə Qarabağ əlilləri var ki, heç Qarabağda olmayıb, döyüşməyib, müəyyən məbləğlə o adı alıblar, indi də pensiya alırlar. Mən bunların şahidiyəm, bilirəm. Belə şey olmaz. Bizim deputat Mirzəcan Xəlilova da dəfələrlə müraciət etmişəm, müraciətə baxmır”.

“Mən çatdıra bilmirəm, böyük ailədir”

N. İsmayılov dedi ki, oğlunun 39 yaşı var, işləmir: “Bayaq dedim, 3-cü qrup əlildir. Prezidentimizin sərəncamı var ki, kvotalı insanları iş yerləri işlə təmin etməlidirlər, təmin eləmirlər. İki körpə uşağı var, mənim üstümdə qalıb, mən neynəyim? Mən iynə-dərmanıma verməliyəm, yoxsa uşaq saxlamalıyam? Axı, bu, ömür böyü kimya sənayesində işləyib, 14 il stajı var. Axırıncı iş yeri “Propan” şirkəti olub, gübrə zavodunun tikintisində işləyirdi, gübrə zavodu tikilib, qutardı,  2 il əvvəl cənab prezident gəldi, açılış etdi. Ondan sonra, oğluma dedilər ki, biz sizi işə çağıracağıq, hələ bu vaxta qədər də çağırmırlar. Dəfələrlər müraciə eləmişəm. Özüm də başımın əməliyyatına görə, gəzə bilmirəm, başım gicəllənir, yıxılıram, küçədə necə dəfə yıxılanda camaat tutub. Sumqayıtda yıxılmışam, dabanım çartdayıb, bir ay ayağım gipsdə qalıb. Mən nə qədər zülm çəkməliyəm? Prezidentimizin göstərişi var, belə kvotalı insanlar işlə təmin olunmalıdırlar. Yaxşı, deputat, nazir qulaq asmır, biz hara gedək, kimə şikayət edək? Mənə əziz olan bu torpağın üstündə vuruşmuşam, məni niyə öldürməyə vadar edirlər? Niyə insanı o dərəcəyə çatdırırlar? Necə əsəbləşməyim, 20 ilə yaxındır nazirin qəbuluna buraxmırlar. Axı prezident göstəriş verir ki, xalqa yaxınlaşın xalqın dərdini dinləyin, hanı nəticəsi?

Oğlum işləsə, 2 uşağını özü saxlasa, mən də öz iynə-dərmanımı alaram, müalicəmi elətdirərəm də. Mən çatdıra bilmirəm, böyük ailədir. Nə qədər olar? Əmək və əhalinin sosial müdafiə nazirinə yazmışam, məktub yazır ki, məşğulluq idarəsinə getsin. Məşğulluq idarəsi də 100-150 manatlıq zibilliyə işə göndərir. Hansısa deputatın, məmurun oğlu, qızı gedib həmin zibillikdə işləyərmi? Axı, bu da insandır, gedib işləyib 500-600 manat bir yerdən pul alsa, ailəsini saxlayar. Neçə il kimya şirkətində işləyib, indi necə  olur ki, işləmir? Niyə iş verilmir? İşləsin, ailəsini saxlasın da. Mən bu gün var, sabah yoxam. Buna nə qədər dözməliyəm?”

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93