“Qulu Məhərrəmli başqalarını şirnikləndirən çox şeydən imtina etməyi bacaran şəxsiyyətdir” - RAMİZ RÖVŞƏN

“Qulu Məhərrəmli başqalarını şirnikləndirən çox şeydən imtina etməyi bacaran şəxsiyyətdir” - RAMİZ RÖVŞƏN

Məlum olduğu kimi, bu ayın 2-də görkəmli jurnalist, professor Qulu Məhərrəmli 65 yaşına qədəm qoyub. Sözsüz ki, qədirbilən Azərbaycan xalqının ziyalı təbəqəsi bu əlamətdar hadisəyə laqeyd qala bilməzdi və gözlənildiyi kimi, ölkəmizin ən müxtəlif təbəqələrindən Qulu müəllimə təbrik mesajları axışıb.

“Hürriyyət” xəbər verir ki, hörmətli professor barəsində xoş sözlərini dilə gətirənlərdən biri də xalq şairi Ramiz Rövşən olub. O, Moderator.az-a açıqlamasında deyib:

 “Bir məşhur ifadə var, göstər dostun kimdir, deyim sən kimsən. Bu baxımdan Qulu Məhərrəmli kimi dostun varlığı hər bir insana ancaq hörmət gətirər. Çünki Qulu Məhərrəmli uzun illərdir ki,  bir qələm sahibi kimi yüksək istedad və peşəkarlıq, bir şəxsiyyət kimi isə mənəvi-əxlaqi bütövlük, dəyanət və ləyaqət nümunəsidir. Dostoyevski deyirdi ki, şəxsiyyət imtina etməyi bacarmaqdan başlayır. Qulu Məhərrəmli öz şəxsiyət və ləyaqəti naminə başqaları şirnikləndirən çox şeylərdən imtina etməyə həmişə özündə güc tapıb.

Mən əziz dostuma uzun ömür arzulayıram. İllər onu ancaq zahirən dəyişə bilər. Bir şəxsiyyət kimi onun bütövlüyündən nə isə qopara bilməz. Buna illərin gücü çatmaz. Mən əziz dostuma həmişə bu cür güclü qalmağı arzulayıram”.