Salam, xoş gəlmisiniz.

Multikulturalizm siyasətinin prinsipləri və Azərbaycan  

2019-11-26 16:37:18

Multikulturalizm siyasətinin prinsipləri və Azərbaycan
 

Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq əhəmiyyəti müasir dünyamızda son dərəcə həyati əhəmiyyət kəsb etməkdədir. Bu gün artıq daha çox ölkələr, xalqlar, müxtəlif beynəlxalq qurumlar, dini təsisatlar, insanlar dərk edirlər ki, kütləvi qırğın silahlarının durmadan artdığı, dövri olaraq baş verən iqtisadi, maliyyə böhranı şəraitində mövcud olmaq, inkişaf etmək, sosial rifahı təmin etmək üçün yeganə yol əməkdaşlıqdır, mədəniyyətlərarası dialoqdur. Bu amillərin də təməli multikulturalizmə nail olmaq, onu yaşam tərzinə çevirmək ilə qoyulur. Hər hansı bir dövlətin multi-etnik və çoxkonfessiyalı bir cəmiyyətə sahib olması onun uğurudurmu, yoxsa gələcək mövcudluğu üçün bir təhlükədirmi? Azərbaycan müstəqilliyinə qovuşan kimi bu ali prinsiplərə dövlət siyasətinin bir parçası kimi yanaşmışdır. Son 15 ildə isə dünyanın əksər dövlətləri Azərbaycanın ədalətli mövqeyini müdafiə etməkdədirlər. Çünki sabit və stabil dövlət modeli ilə addım atan Azərbaycan indi daha çox dəyərləndirilir.

Etno-mədəni prinsiplər və uzlaşma siyasətinin böyük hədəfləri

İlk dəfə olaraq 1971-ci ildə Kanada öz daxilindəki etno-mədəni müxtəlifliyi qorumaq və uğurla idarə etmək məqsədi ilə rəsmi şəkildə alternativ bir siyasi xətt elan etdi. Kanada rəsmən “Multikulturalizm” siyasətini dövlət siyasəti elan edərək, bununla bağlı hüquqi bazanı formalaşdırmağa başladı. Daha sonralar isə digər Qərb dövlətləri də bu uğurlu siyasət modelini öz ölkələrində tətbiq etməyə başladılar.

Multikulturalizm sözün hərfi mənasında “çoxmədəniyyətlilik” anlamına gəlir. Multikulturalizm siyasəti dedikdə isə bir dövlətin sərhədləri çərçivəsində müxtəlif mədəniyyətlərin qorunması, inkişafı və təbliğinə yönəlmiş humanist və demokratik dövlət siyasəti nəzərdə tutulur. Çoxmədəniyyətli cəmiyyət dövlətin multikulturalizm siyasəti olmadan mövcud ola bilərmi? Multikulturalizm fəlsəfəsinin əsaslandığı 7 mühüm prinsip olmadan sadəcə etnik müxtəlifliyi multikulturalizm adlandırmaq mümkün deyil. Bu prinsiplər aşağıdakılardır:

1. Etno-mədəni müxtəlifliyin mövcudluğu prinsipi: Bu prinsip bir dövlətin daxilində müxtəlif mədəniyyətin daşıyıcıları olan milli azlıqların və eyni zamanda müxtəlif dini konfessiyaların mövcudluğu mənasını verir. Multikulturalizm siyasətini həyata keçirən dövlətlər bu cür müxtəlifliyi özünə qarşı təhlükə kimi görmür. Əksinə, cəmiyyətin zənginliyi kimi qəbul edərək həmin xalqların öz mədəniyyətlərini qorumaları üçün dəstək göstərir.

2. Mədəni indentiklik hüququ: Bu prinsip hər bir kəsin və ya qrupun öz mədəni identikliyini və ya xarakterini qoruyub saxlamaq hüququ olduğunu qeyd edir. Ancaq unutmaq lazım deyil ki, bu, vəzifə yox, sadəcə hüquqdur. Heç bir kəs məcburi şəkildə bir qrupa daxil edilə bilməz və ya hər hansısa bir mədəni qrupa üzvlüyünə görə alçaldıla bilməz.

3. Mədəni bərabərlik və qarşılıqlı dözümlülük prinsipi: Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, bütün etno-mədəni qruplar bərabərdir və yalnız qarşılıqlı hörmət və dözümlülük şəraitində mövcud ola bilərlər. Etnik mənşə identikliyi vətəndaşlıq identikliyindən sonra gəlməlidir. Beləliklə, ierarxik ikili identiklik mövcud olur. Buna ən gözəl nümunə Azərbaycan və ya Kanadanı misal göstərmək olar. Bütün milli azlıqlar ilk öncə azərbaycanlıdır, daha sonra ləzgi, avar, tatdır və s.

4. Etno-mədəni qruplar arası əlaqə prinsipi: Hər bir etno-mədəni və dini qrup və ya onun hər bir nümayəndəsi digər qruplarla və ya nümayəndələri ilə təhlükəsiz və sərbəst ünsiyyət qura bilməlidir. Eyni cəmiyyətdə mövcud olan hər bir kəs digər qruplara qarşı açıq fikirli olmalıdır.
5. Bərabər imkanlara sahib olmaq hüququ: Azərbaycan multikulturalizminin ən mühüm özəlliklərindən biri də onun sosial-liberal ikili təbiətə malik olmaqla ikili fundamental hüququ özündə birləşdirməsidir. Liberal hüquq olan mədəni müxtəliflik hüququnun sosial hüquq olan bərabər imkanlara sahib olma hüququna əsaslanması Azərbaycan cəmiyyətindəki müxtəlifliyi qorumağa və icmalararası sosial ədalətsizliyi aradan qaldırmağa yönəlmişdir.

6. Siyasi idarə prinsipinin mövcudluğu: Multikulturalizm və ya multikultural cəmiyyət özü təkbaşına inkişaf edə bilməz. Bunun üçün siyasi idarəetmə və dövlət dəstəyinin mövcudluğu mütləqdir.

7. Müxtəliflikdə mövcud olan təklik prinsipi: Hər bir milli azlıq və ya etnik qrup öz mədəniyyətinin yalnız ümumi mədəniyyətə ziyan vurmayan hissəsini qoruya bilər. Bəzən bu prinsipə, mədəniyyətin selektiv qorunması deyilir. Multikulturalizm siyasətini dövlət siyasəti elan edən hər bir dövlət yuxarıdakı prinsiplərin hər birinə qarant durmalıdır. Bu prinsiplərin mövcudluğu multikulturalizmin siyasi əsaslarının olduğunu göstərir.

Azərbaycan dünya birliyində öz sözünü necə deməyi örnək göstərir

Multikulturalizmin məhək daşı olan dövlət-din münasibətlərinə böyük önəm verən ulu öndər deyirdi: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar yaşayır. Azərbaycan müstəqil, demokratik dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə, dinindən, irqindən, siyasi mənsubiyyətlərindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”. Ulu öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırıb. Nəyə görə Azərbaycan da daxil olmaqla bir sıra dövlətlər multikulturalizm siyasətini dövlət siyasəti elan edərək, onu qorumağa çalışır, digər qrup dövlətlər isə bu siyasəti təhlükəli hesab edir və özünü doğrultmadığını elan edirlər? Multikulturalizmin alternativi varmı? Dövlət başçısı İlham Əliyev çıxışlarında daima vurğulayır ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. Güclü multikulturalizmin (dövlət siyasəti müstəvisində) mövcud olduğu hər bir dövlətə bu anlayış xarakterikdir. Hər hansısa qanuni, siyasi quruluşu və ya idarəetmə formasını bir aya, bir ilə və ya bir neçə ilə dəyişmək mümkündür. Ancaq hər hansı bir xalqın mədəniyyətini yüz illər keçsə də dəyişmək mümkün deyil. miqrasiya prosesinin nəticəsi olaraq sonradan yaranmış müxtəliflikdir. Bu səbəbdən bir çox dövlətlər gəlmə mədəniyyətlərin yerli əsas mədəniyyəti dəyişdirdiyinə və ya məhv etdiyinə inanırlar. Buna görə də Qərb dövlətlərinin multikulturalizm siyasətinə bir alternativ lazım gəldi. Bunun üçün vahid Avropa dəyərləri və mədəniyyəti anlayışına ciddi şəkildə dəstək verməyə başladılar. Yəni kollektivçilikdən fərdçiliyə keçid və eyni zamanda inteqrasiya siyasəti labüd idi. Artıq fərdi şəkildə İnsan Hüquqları hər şeyin üzərindədir və bütün mədəni anlayışlar sonra gəlir.

Multikultural dəyərlər və Azərbaycan reallığı

Əlbəttə, multikulturalizmi dövlət siyasəti elan edən dövlətlərdə də insan hüquqları ali dəyər hesab olunur və heç şübhəsiz, öz mədəni identikliyini qorumaq hüququ İnsan Hüquqlarının ayrılmaz tərkib hissəsi hesab olunur. Ancaq miqrasiya prosesinin qarşısını almaqda aciz qalan bir sıra Qərb dövlətlərində mədəni böhran və ya toqquşmalar baş verməyə başladı. Tarixən monoetnik cəmiyyətlərdən ibarət olan Avropa dövlətlərində artıq əsas xalqın mədəniyyətini qorumaq çətinliyi yarandı. Aşkar şəkildə bioloji irqi ayrı-seçkililik etmək isə mümkün deyil. Bu liberal - demokratik Avropa dəyərlərinə ziddir. Ona görə də gəlmə xalqların mədəniyyətlərinin avropa dəyərlərinə və demokratiyaya zidd olduğunu deməkdən başqa çarə qalmırdı. Məcburi inteqrasiya qaçılmaz idi. Əlbəttə, bu da öz növbəsində ayrı-seçkiliyin bir formasıdır. Avropada baş verənlərin əksinə olaraq, Azərbaycan öz multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədər zəngindir və qədim tarixə malikdir. Klassiklərimizin əsərlərində, şifahi xalq ədəbiyyatında və s. kifayət qədər multikulturalizm dəyərlərinə dair misallar tapmaq olar. Azərbaycanda katolik kilsəsi, pravoslav kilsəsi, yəhudi sinaqoqu, məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında tolerantlıq şəraitində fəaliyyət göstərir. Təbii ki, bu mühiti dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış normalarını, həyat tərzinə çevirməsi yaradıb.

Müasir gərgin beynəlxalq şəraitdə Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, praktiki, elmi, təbliğati və təşviqati istiqamətdə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkəmizin təcrübəsi tədqiqat obyektidir, bir çox ölkələrdə öyrənilir və tədris edilir. Bu istiqamətdə əməkdaşlığa maraq artır və ilbəil əlaqələr genişlənir. Azərbaycan xalqı birgəyaşayış təcrübəsi və həyat tərzi ilə sübut edir ki, multikulturalizm yaşayır və onun gələcəyi də vardır. Yalnız onu qəbul etmək, təbliğatçısı və təşviqatçısı olmaq lazımdır.

Multikulturalizmin gələcəyinin olmadığı barədə yanlış fikirlər məhz demokratiyadan bəhs edən ölkələrin siyasətçilərindən eşidilib və həmin ölkələrin KİV-dəki materiallarında ayrı-seçkilik, dini-milli dözümsüzlüyə, islamafobiyaya yol açan, qaçqınlarla, miqrantlarla bağlı neqativ və s. qızışdırıcı fikirlər yer alır. Bu cür yanaşma xalqları, dövlətləri yalnız təcridolunma vəziyyətinə çatdırır. Bununla da sabitliyin, birgəyaşayışın, sosial-iqtisadi inkişafın qarşısına çox böyük təhlükə çıxmış olur. Biz bu gün dünyada baş verən toqquşmaların, müharibələrin, gərginliklərin əsasında da bu fərqliliklərin körükləndiyini, istifadə edildiyini aydın görürük.

Dünyada çox dəhşətli hadisələr baş verir. Yaxın Şərq, Ön Asiya, Avropa böhran içindədir. Bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. Bu ölkələrin rəhbərləri bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Azərbaycanda isə sabitlik, inkişaf, rifah, təhlükəsizlik mövcuddur. Azərbaycanın bəyan etdiyi dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük , tolerantlıq sosial-iqtisadi inkişaf və dövlətin öz siyasi xəttinə güvənməsi davamlı inkişafın və uğurların əsas amilləridir.

Multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi dəyəri , Azərbaycan Respublikasının siyasətidir. Təsadüfi deyildir ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Təhlilçilərin də fikrincə, Azərbaycanda multikulturalizm siyasəti tarixi ənənələrə söykənən milli və dini münasibətlər modeli olmaqla yanaşı, ilk növbədə mədəni müxtəlifliyin, xalqların milli-mədəni irsinin qorunması və inkişafına, onların qarşılıqlı faydalı inteqrasiyasına yönəldilmişdir. Müxtəlif etnik mədəniyyətlər arasında ənənəvi birgəyaşayış, qarşılıqlı hörmət prinsiplərinə söykənən bu model sivilzasiyalarası və mədəniyətlərarası dialoq prosesində Azərbaycan Respublikasının çox uğurlu missiyası və töhfəsidir.

“Hürriyyət”

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93