Salam, xoş gəlmisiniz.

ÖZÜM VƏ NEVZOROV HAQQINDA

2019-10-16 12:43:34

ÖZÜM VƏ NEVZOROV HAQQINDA

Mənim xoşbəxtliyim heç bir orden-medal, ad-san, elmi dərəcə və böyük şöhrət sahibi olmamağımdadır...

Nevzorov təkcə Rusiyanın deyil, müasir dünya ictimai-siyasi fikrinin nəhənglərindən biri, bəlkə də birincisidir...

Mən belə insanların cərgəsinə varmıram,

Onların dəstəyilə azadlıq axtarmıram.

Yüz ildir öz yolumla məqsədimə gedirəm,

Onlara layiq olan sözləri qaytarmıram.

                

Hər yüzündən səksəni maymaqdır, kütbeyindir,

Onunçun da susmuram, sözümü qurtarmıram.

Nə qədər nəfəsim var qamçılamaq peşəmdir,

Bu qəzəbli zəhəri özümlə aparmıram.

                 

Nə qədər ki, hər evdə qəzet, kitab oxunmur,

Ey Nicat, döşə gəlsin, söyləmə bacarmıram.

Mənim xoşbəxtliyim heç bir orden-medal, ad-san, elmi dərəcə və böyük şöhrət sahibi olmamağımdadır. Bu biraz təəccüblü görünər və bəzilərində kinayə doğura bilər. Qoy olsun. Məni kiminsə bəyənməsi və ya bəyənməməsi bir o qədər də maraqlandırmır. Bu mənim ən böyük üstünlüyümdür ki, 54 cildlik külliyatın və 50-dən çox ayrıca kitabların varlığına hopub. Mənim üçün bu xoş və əsasdır ki, onların demək olar ki, heç biri kitab mağazalarına və hətta bukinistə qaytarılmır. Hələ orasını demirəm ki, indiyə qədər nəşr olunmuş dörd fəlsəfə antologiyasını ən yaxın dost və tanışları kimdənsə oxumağa alıb, sonra qaytarmırlar. Hətta deyildiyinə görə adamlar biri-birilərinin evindən belə kitabları oğurlayıb aparırlar.

Gör nə qədər fəxri şeylərdən məhrum olan demək olar ki, yeganə şair, yazıçı, filosof, tarixçi, publusist, esseist, musiqişünasam ki, özümü bu qədər böyük xoşbəxt hiss edirəm. Hələ orasını demirəm ki, dolanışığımız ən aşağı səviyyəyə güclə uyğun gəlir.

Neçə illərdir ki, respublikanın az qala yüzlərlə mətbuat, ədəbiyyat, elmi-siyasi xadimlərinin ünvanına bir deyil, onlarla kəskin satirik yazılar çap etdirmişəm və heç birindən də qınaq, etiraz və cavaba rast gəlməmişəm. Bu da onunla əlaqədardır ki, həmin yazılarda zərrə qədər də olsun paxıllıq, qərəz və ədalətsizlik əks olunmayıb.

Nəhayət, budur, 83-84 yaşımda artıq yaşamaq imkanını tamamilə itirib, son vasitəyə əl atmalı olduq və bu, bizə heç olmasa bir neçə il orta səviyyədə yaşamaq imkanı verəcək. Təsəvvür edin ki, ikinci dəfədir ki, bu cür vasitəyə əl atmaqla çoxdan bəri çapa hazır olan vacib bir kitabı - külliyatın “Ruhların söhbəti” adlı XXV cildini nəşr etdirə biləcəyəm. Həmin cilddə bəşər fəlsəfəsinin, elminin və siyasətinin demək olar ki, bütün böyük nümayəndələrinin söhbətləri, müsahibə və mübahisələri öz əksini tapıb. Məsələn, “İsgəndər və Aristotel.”

Bununla bu yaşında bir az ruhu dinclik tapıb internetdə gözəl musiqilərə və dünyanın müasir böyük şəxsiyyətlərinin söhbətlərinə qulaq asmaq imkanı əldə etmişəm.

Demək olar ki, son vaxtlar çox az oxuyuram. Məni maraqlandıracaq, oxumağa məcbur edəcək kitab və əsər demək olar ki, çox azdır. Məsələn, necə olubsa Alber Kamyunun “Kaliqula” pyesini oxumamışdım. Moskvadan bir jurnalist və ədəbiyyatçının əsəri dünya dramaturgiyasının ən parlaq nümunəsi adlandırması məni onu oxumağa məcbur etdi. Özümü bir nəfəsə oxumağa məcbur etdim, doğrudan da çox maraqlı əsərdir. Amma neyləyəsən ki, artıq o ideyalar mənə çoxdan məlumdur. Və onların açılmasına çoxlu yazı da həsr etmişəm. Və az keçmədi ki, hər şeyi unutdum. Hərçənd ki, Kamyunun dahiliyinə və ustalığına söz ola bilməz.

Lakin son vaxtlar mənim üçün yaxşı mənada ən böyük kəşf rus publusisti Aleksandr Nevzorovla tanışlığım oldu. İnternetdə onun bütün söhbət və müsahibələrinə hədsiz maraqla qulaq asdım. Sən demə, bir zəka sahibi də bütöv bir ölkənin və xalqın adını qaldırmağa qadir ola bilərmiş. Doğrusu, bu qədər hər şeyin, hər hadisənin, hər xalqın, hər şəxsin mahiyyətini qüsursuz şəkildə açıb göstərə bilən ikinci bir istedad sahibinə rast gəlmək yəqin ki,  çətin mənə qismət ola. Çox qəribədir ki, bu adam mənşəcə ruslardan hədsiz dərəcədə uzaq olan bir xalqın – Amerika hindularının övladıdır və tarixin, təsadüfün hansı bir dalğası iləsə gəlib Rusiyaya düşüb. Tamamilə rus tarixinə, mədəniyyətinə, psixologiyasına hopub və bu xalqın tarixini, mədəniyyətini, psixologiyasına görünməmiş dərəcədə açıb tökməyə müvəffəq olur. Nədən danışırsa, nədən sual verirlərsə onun mahiyyətini elə bir dahiyanə şəkildə açıb göstərir ki, başa düşən mat-məəttəl qalır və bu adamın ən böyük məziyyəti orasındadır ki, heç bir büt, heç bir hakim ideologiya, heç bir kütlə inamı bu adama zərrə qədər də olsun mane ola bilmir. Mən bu barədə xeyli düşündüm və hələ də düşünürəm. Məsələ orasındadır ki, bu böyük insan üçün yalnız bir tabu var – Rusiya prezidenti Vladimir Vladimirovic Putin! Bu barədə ona sual veriləndə Putinin necə şəxs və dövlət başçısı olduğu soruşulanda o, çəkinmədən deyir ki, mənim ona simpatiyam var. Məlumdur ki, Putin bu dəqiqə tarixin, siyasi proseslərin, hər cür təbii və normal həyatın qabağını alan və gedişinə mane olan bir əngəl, bir bəladır. Bəs Nevzorov niyə bu dağ boyda həqiqəti görmür?! Xeyr! O görür! O bilir ki, Putin də onun kimi necə qüdrət sahibidir və heç şübhəsiz ki, onlar görüşüblər və belə bir razılığa gəliblər ki, Putin onun qəzəb oxlarına heç vaxt hədəf olmayacaq. Olarsa, çox hörmət etdiyi Boris Nemtsovun ardınca gedəcək. Hara gedib qaçmasından asılı olmayaraq Putin onu tapıb cəzalandıracaq. Yox əgər Putinə toxunmasa, ürəyi nə istəyir, ağlı nə kəsir, nəyi necə görür o cür də danışa və yaza bilər.

Bu, qənaətə mən onun söhbətlərinə qulaq asaraq gəlmişəm.

Nevzorov haqlıdır və düz edir. Putinin necə olduğu artıq hamıya məlumdur. Və gecə-gündüz internet kanallarında ən dəhşətli lənətlərə məruz qalır. Nevzorovun da bunu deməsi ittihamlara demək olar ki, heç nə əlavə etməyəcək. Üstəlik, əgər bu adam rus xalqının təbiətini, rus xarakterinin naqisliyini, müasir rus elminin heçliyini, rus xalqının acınacaqlı güzəranını, rəsmi rus tarixinin başdan ayağa saxtalığını (məsələn, Rusiyanın fəxr etdiyi və böyük vətənpərvər kimi mədh olunan İvan Susaninin necə dələduz və avanturist bir adam olduğunu) bəyan edir. Eləcə də digər bir rus iftixarı olan Aleksandr Nevskinin yaramaz bir məxluq olduğunu açıqlayır.

Bütün bunlar sübut edir ki, Nevzorov təkcə Rusiyanın deyil, müasir dünya ictimai-siyasi fikrinin nəhənglərindən biri, bəlkə də birincisidir.

Əlisa NİCAT


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru