Salam, xoş gəlmisiniz.

Partlayıcı “oyuncaqlar”la kim mübarizə aparmalıdır? - POLİS, YOXSA GÖMRÜK?

2019-12-02 15:15:13

Partlayıcı “oyuncaqlar”la kim mübarizə aparmalıdır? - POLİS, YOXSA GÖMRÜK?

Yeni ilin gəlməyinə sayılı günlər qalır. Bu bayramın gəlməyinə böyüklərdən daha çox uşaqlar sevinir. Ona görə ki, onların ən çox sevdiyi partlayan vasitələr və fişənglər dəbə düşəcək. Əslində uşaqların "partladan” adlandırdığı pirotexniki vasitələrin ölkəyə gətirilməsi qanunla qadağan olunsa da, hələ də ölkəyə müxtəlif yollarla gətirilir. Hətta onlara qarşı mübarizə tədbirləri gücləndirilsə də, müəyyən satış məntəqələri var ki, orada tapmaq mümkündür.

Hazırda bu maddələrin ölkəyə gətirilməsinə nəzarət varmı? Hansı tədbirlər planı həyata keçirilir?

Hurriyyet.org bildirir ki, məsələ ilə bağlı kriminalist-ekspert Mahmud Hacıyev modern.az-a danışıb.

“Son 5-10 ildən bəri ölkəyə bu cür partlayıcı maddələrin axını başladı, əvvəllər belə bir şey yox idi. Bildiyiniz kimi bunlar əsasən Çində istehsal olunur. Partlayıcı maddələr o qədər kütləvi hal alıb ki, artıq hər il istər Yeni il, istərsə də Novruz bayramlarında insanlar arasında istifadə edənlərin şahidi oluruq. Adı qədər insanların səhhətlərində də ciddi narahatlıq yaradır.Təzə çıxan vaxtı səsi nisbətən zəif idi, son zamanlarda isə səsi o qədər yüksək gəlir ki, ürəyi xəstə, şəkərli diabet, yüksək qan təzyiqindən əziyyət çəkən xəstələrə çox pis təsir edir. Sonradan bu məsələ  müzakirələrə səbəb oldu, hətta iş o yerə gəldi ki, qanunda dəyişiklik edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni bir maddə əlavə edildi. Əvvəllər qanunda göstəriş yox idi deyə, buna qarşı mübarizə aparmaq bir az çətin bir vəziyyət almışdı. Sonradan inzibati qanunvericilikdə bu hal öz əksini tapandan sonra, ona qarşı mübarizə tədbirləri də güclənməyə başladı. Son 2-3 ildə ölkədə istifadəsinə güclü nəzarət olunduğundan, zəif xarakter daşıdığının şahidi oluruq. Acı bir həqiqətdir ki, hələ də istifadə olunur. İndi qarşıdan da Yeni il bayramı gəlir yenə də istifadə olunacaq”.

Mahmud Hacıyev vurğulayıb ki, bu məsələdə polislərin heç bir günahı yoxdur.

“Bütün bunlara qarşı mübarizə aparmaq da Post Patrul Xidməti əməkdaşlarının üzərinə düşür. Bununla bağlı hər il polislərə müəyyən göstərişlər verilir ki, mübarizə aparsınlar. Mənə elə gəlir ki, cənab nazirin ölkədə apardığı uğurlu siyasət nəticəsində bu məsələ də öz həllini tapacaq. Bir məqamı da qeyd edim ki, hər şeyi də polisin boynuna yükləmək olmaz. Axı bilirsiniz ki, bu maddələr ölkədə istehsal olunmur, hamısı  xaricdən gəlir. Hərdən bir bu mübarizədə anlaşılmazlıq yaranır. İnsanlar ancaq polisləri qınayır. Bu vasitələrin ölkəyə gətirilməsinə polis nəzarət etmir axı? Bu birbaşa gömrükdən keçir və onların nəzarətindədir. Qadağan olunmuş bu məhsullar ölkəyə daxil olduqdan sonra polis onlara qarşı mübarizə aparmağa başlayır. İndi gərək bunun xaricdən gəlməsinin qarşısını alalar ki, sonra insanlar polisi qınamasın ki, niyə icazə verirsən. Sual ortaya çıxır ki, niyə bəs kökü kəsilmir? Hələ də ölkəyə gətirilməyə davam edir. Ona görə ki, kompleks olaraq tədbirlər həyata keçirilmir”.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru