Paşinyanın adamı Qarabağda inqilab etmək üçün partiya yaratdı

Paşinyanın adamı Qarabağda inqilab etmək üçün partiya yaratdı

İşğal altındakı Xankəndində oktyabrın 19-da yeni partiyann təsis konfransı keçirilib.

Virtualaz.org “Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, “Sabahkı Artsax” (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) adlı partiyanın məqsədi 2020-ci ildə “seçki yolu ilə Dağlıq Qarabağda inqilab etməkdir”. Partiya bu “seçkilərdə” Ermənistanın baş naziri Nikol Paşinyanın adamı hesab edilən qondarma “xarici işlər naziri” Masis Mailyanı dəstəkləyəcək.

Partiyanı quranlar “sosial-iqtisadi islahatlar” və korrupsiya ilə mübarizə vəd ediblər, Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına tərəfdardırlar və hesab edirlər ki, “qonşu İranla iqtisadi əlaqələri” genişləndirmək lazımdır.

Partiyanın koordinatoru Tiqran Petrosyan bu ilin mayında Xankəndində qondarma rejimin başçısı Bako Saakyana qarşı aksiyalar zamanı saxlanılmışdı. Onun dediyinə görə, yeni partiyaya Xankəndindən 400-ə yaxın adam qoşulub və adamlar müxtəlif rayonlardan müraciət qoşulmaq üçün müraciət edirlər.

Dağlıq Qarabağda gələn il keçiriləcək qondarma “seçkilərdə” separatçı rejimin rəhbərliyinə əsas iddiaçı keçmiş səhra komandiri və general Vitali Balasanyandır. O, son günlər Paşinyana qarşı kəskin çıxışlar edir və onu “fiziki məhv etməklə” hədələyir.