PUTİNİN VARİSİ KİM OLACAQ: Şoyqu, Medvedyev, yoxsa Nabulina?

PUTİNİN VARİSİ KİM OLACAQ: Şoyqu, Medvedyev, yoxsa Nabulina?

Kamran Sultanlı: "O, legitimlik qazanmağa və 2024-cü ildən sonra bu legitimliklə öz hakimiyyətini qorumağa çalışır"

Kənan Paşayev: "Putinin sağlamlığında bir problem yaranmadığı müddətcə prezident kürsüsündən uzaqlaşacağını düşünmürəm"

Turan Rzayev: "2024-cü ildə Putin namizəd olmasa, o zaman Dmitriy Medvedyev yenidən prezident ola bilər"

Kremlin bir nömrəli təbliğatçısı, "Rossia Today" informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri qarşısında çıxışı zamanı bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin "səhərdən axşama" varis barədə düşünür. Bu barədə virtualaz.org-da yer alan informasiyaya görə, Rusiya prezidenti özü bunu etiraf edib: "Putin özü dedi ki, o varis barədə səhərdən axşama qədər fikirləşir. Çünki onun üçün qapını çırpıb getmək və özündən sonra varis qoymamaq məsuliyyətsizlik olardı. Hesab edirəm ki, istənilən məsuliyyətli siyasətçi hakimiyyətin vərəsəliyini təmin etməlidir".

"Putinin səlahiyyət müddətinin bitməsinə hələ çox var" deyən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, varis barədə Kremldə heç kim fikirləşmir. Onun sözlərinə görə, Putin ali dövlət postunda qalmaq məsələsində yaşı deyil, Konstitusiyanı əsas götürür. Konstitusiyada isə prezident olmaq üçün son yaş məhdudiyyəti mövcud deyil.

Rusiya prezidentinin varisi hansı kriteriyalara cavab verməlidir?

Nəzərinizə çatdıraq ki, Putinin prezidentlik müddəti 2024-cü ildə bitir. Lakin onun yenidən prezident olub-olmayacağı ilə bağlı dəqiq məlumat verilmir. Buna baxmayaraq, Böyük Britaniyanın "The Economist" nəşri iddia edir ki,  müdafiə naziri Sergey Şoyqu digərlərinə nisbətən Rusiya hökumətinin daha uzunömürlü üzvlərindən biridir və bu səbəbdən də Putinin varisi məhz o ola bilər. "The Economist" yazır ki, Rusiya Silahlı Qüvvələri məhz Şoyqunun rəhbərliyi altında güclənərək Putinin xarici siyasətdəki əsas silahına çevrilib: "Lakin Şoyqu sadəcə olaraq növbəti müdafiə naziri deyil. Putindən 3 yaş cavan olan Şoyqu Rusiya hökumətində çoxdan bəri yüksək postda işləyən az-az adamlardan biridir. Şoyqu hələ SSRİ dağılmazdan əvvəl – 1990-cı ildə yüksək vəzifə tutub. Sankt-Peterburqda işləyən Putini onda heç kəs tanımırdı". Məqalədə qeyd olunur ki, Şoyqu Rusiyanın fövqəladə hallar naziri postunda da yaxşı imic qazanmışdı. O, Rusiya bürokratiyası ilə çevik və ağıllı davranıb, özünə düşmənlər qazanmayıb: "Özü də Şoyqu Putinin keçmiş KQB zabitlərindən ibarət olan yaxın çevrəsinə daxil deyil. O, etimad qazanmış "yad adam"dır".

Rusiyalı analitiklər isə bu qənaətdədirlər ki, Rusiya prezidentinin varisi gənc, eyni zamanda yetkin olmalı, Putinə və onun adamlarına təminat verməli, siyasi çəkisi, həmçinin məmurlar və ordu arasında dəstəyi olmalı, indiki prezidentdən radikal şəkildə fərqlənməli, nəhayət Qərblə əlaqələri təmin edə bilməlidir.

"Rusiyada milliyyətçi və sərt xarici siyasət ritorikası artıq keçərli deyil"

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Kamran Sultanlı isə bildirdi ki, hazırda Rusiyada Putinə qarşı etirazlar var: "Xüsusilə iqtisadiyyatın sabit olmadığı və yaşayış şəraitinin aşağı olduğu şimal qonşumuzda insanlar artıq etiraz edir. Rusiyada milliyyətçi və sərt xarici siyasət ritorikası artıq keçərli deyil. Ciddi nəsil dəyişimi var. Gənclər Qərb mühitini, Qərb yaşayış şəraitini görüblər. Onlar üçün imperiya və ya digər ritorikalar maraqsızdır. Bu da Putin üçün problemlər yaradır. Digər tərəfdən, Putinin əsas sosial bazasını təşkil edən yaşlılar və təqaüdçülər arasında pensiya yaşının artırılmasından sonra reytinq enib. Putin 2024-cü ildə vəzifəsini tərk etməlidirlər".

Kreml rəhbərinin hazırda hakimiyyətinin rəsmi və ya qeyri-rəsmi necə davam edəcəyini düşündüyünü deyən ekspertin sözlərinə görə, Putin Moskvada əsas güc sayılan "Sankt-Peterburq klanı"nın lideridir: "Moskvalılar isə bu klanın mənsublarını qəbul etmirlər. Putinin namizədləri arasında Dmitriy Medvedyev, Mərkəzi Bankın sədri Elvira Nabulina, müdafi naziri Sergey Şoyqunun adı hallanır. Xüsusilə, Şoyqunun Putinlə tez-tez səfərlərə və istirahətə qatılması, prezidentin ən etibarlı adamı olması onun Putinin varisi olacağı ehtimallarını artırır. Hazırda Kreml ölkə daxilində baş verən etirazları xarici istiqamətə yönləndirməyə çalışır. Putin həmçinin, xarici siyasətdəki son uğurları ilə daxildə milliyətçi kəsimi konsolidasiya etməyə çalışır. Lakin bunun necə effekt verəcəyi hələ bəlli deyil. Rusiya böyük dövlətdir, burada müxtəlif maraq qrupları, oyunçular, maliyyə donorları var. Yəni Rusiya heç də tək Putin demək deyil. Putinin varisi kimi Medvedyevi də qeyd edənlər var. Lakin Medvedyev Rusiya cəmiyyətində reytinqini kifayət qədər itirib. Moskva meri Sergey Sobyanin də Putinin varisi kimi xarakterizə edilir. Lakin Moskvadakı son olaylardan sonra o da reytinqini itirmiş kimi görünür. İndi Putin legitimlik qazanmağa və 2024-cü ildən sonra bu legitimliklə öz hakimiyyətini qorumağa çalışır. Lakin bunun hansı modellə ediləcəyini zaman göstərəcək".

"Varisinin kim olacağı məsələsi ən az Putin qədər digər dövlət nümayəndələrini də düşündürür"

Картинки по запросу Kənan Paşayev

"Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev isə Rusiya prezidenti Vladimir Putinin sağlamlığında bir problem yaranmadığı müddətcə prezident kürsüsündən uzaqlaşacağını düşünmədiyini vurğuladı: "Ancaq bu hadisə mütləqdir ki, bir gün baş verəcək və Putin artıq bu vəzifədə çalışmayacaq. Varisinin kim olacağı məsələsi isə ən az Putin qədər digər dövlət nümayəndələrini də düşündürür. Çünki Putinin gedişi dünyanın geosiyasi vəziyyətində əsaslı dəyişiklik yaradacaq. Hal-hazırda isə bu vəzifə üçün var olan ən ideal şəxs Medvedyevdir. Bildiyimiz kimi, onun əvvəlki illərdə prezident kimi təcrübəsi də var. Ancaq yenə də yekun qərar Vladimir Putinə məxsusdur".

"Putinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı sual altındadır"

Картинки по запросу Turan Rzayev

"Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Turan Rzayev isə bu qənaətdədir ki, Putinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı sual altındadır: "Hazırda əsas sual Putinin yenidən prezident olub-olmayacağıdır. Əslində, Putinin bu seçimlərə girməməsi üçün elə də ciddi səbəb yoxdur. Yəni həm ordu, həm də xalq Putinin ardındadır. Putin bir çox dünya liderindən fərqli olaraq tez-tez xalq arasında olur, jurnalistlərin suallarını cavablandırır və ən əsası xalqın dəstəyinə malikdir. Bundan əlavə, Putinin son zamanlar etdiyi siyasət Rusiyanın regionda təklənməsinin qarşısını aldı. Türkiyə, İran, Qərblə müntəzəm danışıqlar onun beynəlxaql nüfuzuna da ciddi təsir göstərir. Bu baxımdan, düşünürəm ki, Putin yenidən prezident seçkilərinə girə bilər. Digər tərəfdən, "Putin seçkilərə girməsə, namizədliyini verməsə, yeni prezident kim ola bilər" sualı da ağıllarda qalmaqdadır. Əslində, bu sualın cavabı ötən illərdə mövcuddur. Belə ki, bundan əvvəl də Putin fasilələrlə Dmitriy Medvedyevlə Rusiyanın rəhbəri postunda əyləşmişdi".

"Stalinsiz SSRİ nə idisə, Putinsiz də Rusiya odur"

Onun fikrincə, 2024-cü ildə Putin namizəd olmasa, o zaman Dmitriy Medvedyev yenidən prezident ola bilər: "Digər tərəfdən, müdafiə naziri Sergey Şoyqu da Rusiya prezidenti ola bilər. Belə ki, Sergey Şoyqu Putinə ən çox dəstək verən və Rusiya Federasiyasına sədaqətlə xidmət etmiş bir şəxsdir. Düşünürəm ki, o, Rusiyanın Putin zamanındakı siyasətini davam etdirə bilər. Qeyd edim ki, Putin növbəti seçkilərə girməsə, bu, məhz bir müddətlik fasilə olar və seçiləcək namizəd də Putinə sadiq siyasətinin davamçısı ola bilər. Bu baxımdan, bu posta iki namizəd görürəm, birincisi Dmitriy Medvedyev, ikincisi isə Sergey Şoyqu. Sonda onu bildirim ki, hər kim Rusiyanın rəhbəri olsa da, Putinin boşluğu mütləq görünəcək. Yəni Stalinsiz SSRİ nə idisə, Putinsiz də Rusiya odur".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org