Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi – Arif Babayev

Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi – Arif Babayev

Arif İmran oğlu Babayev fevral ayının 20-si 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Xanəndə, xalq artisti (1988), professor (1996), “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülmüşdür. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir.

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almıb.

Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonar isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm “), Aşıq Qərib (Z.Hacıbəyov-“Aşıq Qərib”), Camal (Ş.Axundova-“Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaradəb. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənib və lentə alınaraq AzTR Fonduna daxil olub.

Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə , “Seygah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

Arif Babayev  1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Arif müəllim öz səhnə mədəniyyətilə də seçilir. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyır. Arif Babayev xoşbəxt sənətkardır, çünki tale ondan heç nəyi əsirgəmiyib. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdəndir. Arif Babayevin yaradıcılığının inkişafında M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olmuşdur. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərmiş, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaratmışdır. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operalarında), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operasında), Şah İsmayil (Müslüm Maqomayevin “Şah İsmayıl” operasında) kimi yaddaqalan obrazları yaratmış və dinləyici auditoriyasında böyük uğur qazanmışdır.

Xüsusilə xanəndənin məharətlə yaratdığı Məcnun obrazı opera tariximizdə önəmli yer tutmuş və opera sənəti tarixində bu rolun misilsiz ifaçılarından biri kimi tarixə düşmüşdür. Xanəndə gözəl səsə malik olmaqla yanaşı, operada artistlik qüdrətini büruzə vermək bacarığı, emosionallığı, rəngarəngliyi üzə çıxartmaq, tamaşaçı ilə əlaqə yaratmaq və s. cəhətlərinə görə özünün təsirli, bənzərsiz və mənalı ifa tərzini yaratmışdır.

Qeyd edək ki, Arif Babayev M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Onun aktyorluq sənətinin incəliklərini səhnə sənətinin spesifik prinsiplərini dərindən bilməsi, eləcə də geniş səs diapazonu, incə və lirik səsə malik olması Məcnun obrazının təsirli alınmasına və yaddaşlara həkk olunmasına zəmin yaratmışdır.

Arif Babayevin Opera və Balet Teatrındakı fəaliyyəti həmişə sənətsevərlərin diqqət mərkəzində olmuşdur. Özünün dediyinə görə, Opera və Balet Teatrının səhnəsi ciddi sənət ocağıdır. Oxumaq, öyrənmək istəyən ifaçı burada günü-gündən cilalanır, kamilləşir, təkmilləşir. Onun Məcnun rolu üzərindəki işini sənətkarın sənətdə atdığı ilk adddımlarının uğuru adlandırmaq olar. Arif Babayevin “Məcnunu” elə ilk tamaşadan sonra böyük şöhrət qazandı. Onun səsi Füzuli şeiri və Üzeyir musiqisi ilə birləşib, bənzərsiz bir Məcnun yaratdı...

Dahi Üzeyir bəyin istedadının süzgəcindən keçib gəlmiş səhnələr, partiyalar şirin, məlahətli səsə, incə səhnə mədəniyyətinə və əlbəttə ki, yaraşıqlı qamətə malik müğənninin ifasında estetik təsir gücünü daha da artırır.

Opera teatrında Məcnun rolunda ilk çıxışı barədə Arif Babayev 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi “Muğamlar xəzinəsi” məqaləsində belə yazır: “Uşaqlıqda, gənclik illərində adamın arzuları çox olur. İnsan yaşa dolduqca bu arzuların bəziləri həqiqətə çevrilir, bəziləri unudulub gedir. Elə arzular da vardır ki, o həyata keçdikdən sonra belə insan onunla yaşayır. Mənim belə böyük arzum xalqımızın sevimli, ölməz bəstəkarı Üzeyir Hacıbəyovun “muğamlar xəzinəsi” olan “Leyli və Məcnun” operasında Məcnun rolunu oynamaq idi. Bu gün fərəhlə deyə bilərəm ki, həmin arzu yerinə yetmişdir. Mən ilk dəfə olaraq 1966-cı ilin oktyabrında Məcnun rolunda çıxış etdim, Azərbaycan səhnəsində Füzuli sözünün və Üzeyir Hacıbəyov musiqisinin qüdrətini tamaşaçılar qarşısında bütün ləyaqəti ilə nümayiş etdirməyə çalışdım”.

Arif Babayev Məcnun rolunda qazandığı uğura görə Əfrasiyab Bədəlbəylini, Soltan Dadaşovu, Mehdi Məmmədovu həmişə minnətdarlıqla anır. Bu obraz haqqında Arif müəllimin dedikləri: “Məcnun roluna hazırlaşmağımda bu insanların çox böyük əməyi olmuşdur. Aktyorluq fakültəsində oxumağım aktyor sənətinə yiyələnməyimlə yanaşı, xanəndəliklə aktyor oyununu əlaqələndirməkdə də mənə yaxından kömək etmişdir. Mən bu sevimli qəhrəmanımın obrazını birdən-birə yaratmadım. Əvvəlcə bir sıra operalarda baş rollarda çıxış etdim, məndən əvvəl Məcnun rolunu oynayan sənətkarların yaradıcılığı ilə, ifa tərzi ilə tanış oldum. Xüsusən, Hüseynqulu Sarabski ilə daha çox maraqlanırdım. Bütün bu axtarışlardan sonra Məcnun rolunda çıxış etdim”.

Arif Babayev başqa bir müsahibəsində deyir: “Məcnun mənim üçün oynadığım bütün obrazların zirvəsində durur. Əslində bu obraz ölməz Füzulinin və dahi Üzeyir bəyin sənət yanğısından, sənət Məcnunluğundan irəli gəlir. Təbii ki, belə bir obrazı yaratmaq həm çətin, həm şərəflidir. Açığını deyim ki, neçə dəfə Məcnun oynadığımın dəqiq sayını bilmirəm, onu bilirəm ki, yaradıcılığımın yarısını Məcnun kimi yaşamışam. Hiss etmişəm ki, tamaşaçılar da mənim Məcnunluğumdan razı qalıblar”.

Bir faktı da qeyd edək ki, xalq yazıçısı Anar dahi bəstəkar Üzeyir Hacıbəylinin ömür yolundan bəhs edən “Uzun ömrün akkordları” sənədli bədii filmində Arif Babayevin yaratdığı Məcnun rolundan fraqmentlər salmışdır. Operada müğənni həm oxuyur, həm musiqiyə uyğun hərəkət edir, həm də həmin obrazı yaşayır. Arif Babayevin istedadı, səsinə xas olan gözəl zəngulələr dinləyicini heyran etməyə bilmir. Səs diapazonunun geniş olması isə keşməkeşli bir ömür sürmüş insanın obrazını yaratmaq üçün geniş imkanlar yaradır. Onun opera səhnəsində yaratdığı daha bir obraz M.Maqomayevin “Şah İsmayıl” operasından Şah İsmayıl roludur. Bu obrazda o, mehriban, şən, sevib-sevilmək arzusunda olan bir gəncin obrazını tamaşaçılara səmimiyyətlə təqdim edir. Ərəbzəngi ilə döyüş səhnəsində aktyor-müğənninin cəngavər kimi vuruşu gözəl təsir bağışlayır.

Arif Babayev muğamları səlis, təmiz və sərbəst oxuyur, məlahətli səsi ilə tamaşaçını valeh edir. Ümumiyyətlə, Arif Babayev hər hansı bir dəstgahı ifa edərkən, səsini onun məğzinə uyğunlaşdırır. Şah İsmayıl rolunda da belədir. O, təmkin və məharətlə bərabər obrazın daxili aləminə sirayət edə bilir. Şah İsmayılın bir obraz kimi açılmasında Arif Babayevin səhnədəki davranışı, muğam ifası, bir sözlə, bütün cizgiləri özünəməxsusdur. Operadakı muğam partiyalarını ifa edən zaman Arif Babayev bütün səs diapazonundan istifadə edərək, özü də səsin axarına qarışır və tamaşaçını heyran edir. Bütün əsər boyu bir ifaçı kimi tamaşaçını öz sehrinə salan Arif Babayev bənzərsiz zəngulələri ilə obraza bir əlvanlıq gətirir. Ərəbzəngi ilə qarşılaşdığı səhnədə yenilməzlik, məğrurluq nümayiş etdirən, onu məğlub edən Şah İsmayıl Gülzarla (Gülnarə Əhmədovanın ifasında) qarşılaşdığı səhnələrdə daha çox qəlbən sevən bir aşiq kimi öz səsilə ürəkləri ram edir. Arif Babayev bu operada bir solist kimi özünəqədərki heç bir Şah İsmayıla bənzəmir. Şah İsmayılın qılınc oynatmasından tutmuş, sevgi duyğularına qədər – sənətkar bütün bunları özünəməxsus tərzdə ifa edir. O, öz səsinin enib-qalxmalarında, bütün registrlərdə ifaçılıq məharəti göstərir, Şah İsmayıl qəhrəmanlığının səslə portretini yaradır, muğam və xalq musiqisinin palitrasından yaranan melodik zənginliyin qapısını tamaşaçı qəlbinə, zövqünə açır. Arif Babayevin opera repertuarında, həmçinin Ü.Hacıbəylinin “Əsli və Kərəm” operasından Kərəm, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasından Qərib, Şəfiqə Axundovanın “Gəlin qayası” operasından Camal obrazları onun opera teatrında 25 ilə yaxın müddətdə gərgin fəaliyyətində xüsusi yerlərdən birini tutur.

Ağdamda səsi olan istedadlı gənclər çox idi. Ancaq Kərəm rolunun əsas ifaçısı Arif Babayev olmuşdur. “Əsli və Kərəm” tez bir zamanda bütün Qarabağa səs saldı. “Əsli və Kərəm”də Arif Babayevin uğurunun söz-söhbəti gəlib Bakıya da çatdı. Həmin illərdə Şəmsi Bədəlbəylinin rejissorluğu ilə hazırlanmış “Əsli və Kərəm” M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında ən çox oynanılan əsərlərdən idi. Əsli rolunda Rübabə Muradova, Kərəm rolunda isə Qulu Əsgərov böyük şöhrət qazanmışdılar.

Görkəmli bəstəkar və rejissorlar Əfrasiyab Bədəlbəyli, Bəhram Mansurov və Şəmsi Bədəlbəylinin təşəbbüsü və şəxsi cəhdləri ilə Ağdam xalq teatrının solisti Arif Babayev Kərəm rolunu oynamaq üçün Bakıya dəvət edildi. Bir neçə məşqdən sonra, 1962-ci il yanvar ayının 30-da Akademik Opera və Balet Teatrında musiqi səhnə sənətimizin incilərindən “Əsli və Kərəm” (dirijor Kazım Əliverdibəyov idi) göstərildi. Əsli rolunu Rübabə xanım, Kərəmi isə Arif Babayev oynadılar. Operanın tamaşası gözlənildiyindən də artıq uğurla keçdi. Arif dəfələrlə alqışlarla qarşılandı. Böyük səhnəyə gəliş beləcə açıldı. Soltan Dadaşovun yeni quruluşunda Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasının premyerası 1969-cu il dekabr ayının 15-də oldu. Görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında saz götürüb söz qoşan Qərib – Arif Babayev sanki “Dədə Qorqud” dastanlarından gələn bir qəhrəmandır. Arif Babayev baş rolu, Rübabə Muradova isə Şahsənəmi ifa etdilər. Uzun illər Arif Aşıq Qərib rolunda səhnəyə çıxdı.

İlk tamaşası 1974-cü il aprel ayının 27-də göstərilən operada əsas rolların ifaçıları Arif Babayev (Camal) və Nəzakət Məmmədova (Gülbahar), tamaşanın dirijoru respublikanın xalq artisti Rauf Abdullayev, rəssamı Ənvər Almaszadə, baletmeystri xalq atristi Qəmər Almaszadə idilər. 1976-cı ildə xalq artisti, görkəmli rejissorumuz Mehdi Məmmədov “Leyli və Məcnun”u tamaşaya qoymuşdur. İfadə prinsipləri, üslub xüsusiyyətləri ilə seçilən bu tamaşada baş rol əsas aparıcı kimi yenə Arif Babayevə tapşırıldı.

Onu da qeyd edək ki, “Leyli və Məcnun” operasında Arifin tərəf müqabilləri əvvəlcə Rübabə Muradova, sonralar Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Yaqut Abdullayeva; “Əsli və Kərəm”də Əsli – Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Rəsmiyyə Sadıqova; “Şah İsmayıl”da Ərəbzəngi – Gülxar Həsənova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Sahibə Əhmədova olublar. “Gəlin qayası” və “Aşıq Qərib” operalarında Arif Babayev əsasən Nəzakət Məmmədova ilə oynayıb. Opera aktyoru üçün vacib şərtlərdən biri də odur ki, müğənni solist olmaqla və vəziyyətdən asılı olaraq yaranan psixoloji ovqatları “yaşamaqla” yanaşı, tərəf müqabilini musiqi dialoqlarında həssaslıqla duya bilsin.

Arif Babayev sənətinin qüdrətidir ki, o, bütün rollara yaradıcı şəkildə yanaşır. Həmin qəhrəmanların səhnə həyatını elə canlandırır ki, tamaşaçı sanki onları ayrı-ayrı zamanlarda səhnədə deyil, həyatda görüb-duyur və öz yaddaşına nəqş edir. Çünki Arif Babayev böyük sənətkardır. O, Rübabə Muradova, Zeynəb Xanlarova kimi böyük sənətkarlarla yanaşı Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva kimi istedadlı müğənnilərlə səhnədə tərəf müqabili olmuş, onları gözəl duyaraq əsərin daha da canlı alınmasına yardım etmişdir. Beləliklə, Arif Babayevin bir mükəmməl ifaçı kimi püxtələşməsində, kamil sənətkar kimi yetişməsində Azərbaycan Dövlət Opera və Balet Teatrının fəaliyyəti əvəzsiz olmuşdur. Kərəm kimi yanmaq, səhraların Məcnunu olmaq, Xətai kimi hökmranlıq etmək, Qəribin qərib məhəbbətini yaşamaq və bu rolların rəngarəngliyində Arifliyini təsdiq etmək əsl sənət fədailiyidir. Səsinin vurğunluğuna bizi qərq edən Arif Babayev avazı illər keçəcək, yenə də könüllərdə yer tutacaqdır. Zamanın sınağından uğurla çıxmış Arif səsi yenə də öz hekayəsində, öz sanbalında, bənzərsizliyində insanın qəlbini vəcdə gətirəcək.

(Ardı var)

Təqdim etdi: Məmməd MİRƏZLİYEV,

Tarix üzrə Fəlsəfə doktoru