"ABŞ-Türkiyə müttəfiqliyi bundan sonra mümkün deyil" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"ABŞ-Türkiyə müttəfiqliyi bundan sonra mümkün deyil" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"Ağ Ev Yaxın Şərqdə Türkiyəsiz yeni nizam qurmaq üçün plan həyata keçirir"

"ABŞ Türkiyə arasında Suriya böhranına görə konfliktin dərinləşməsi Moskva- Ankara oxunu kifayət qədər güclədirdi. Vaşinqtondan heyətlər Ankaraya səfər edərək çalışırlar ki, Ankara ilə əlaqələri bərpa etsinlər. Konfedensial danışıqlar gedir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ərdoğanı noyabrın 13-də Ağ Evdə gözləyəcəyini qeyd edib: "Ağ Ev heyəti məhz bu səfərin reallaşması üçün Ankaradadır və Ərdoğanı bu səfərə razı salmaq, danışıqların gündəliyini hazırlayırlar. Ərdoğan Konqresin Nümayəndələr Palatasının məlum qətnaməsinə görə ABŞ səfərini təxirə salmışdı. ABŞ tərəfi bu səfərin reallaşması üçün çalışır. Ərdoğanla Tramp arasında isti və normal münasibətlər var. Tramp Türkiyəyə güzəştə gedir və onun maraqlarını tanıyır. Məhz "Barış Çeşməsi" əməliyyatı Trampla telefon danışıqlarından sonra reallaşdı. Ərdoğanın səfəri baş tutsa Ağ Evdə çalşacaq ki, maksimum güzəştlər əldə etsin. Tramp həmin güzəştləri Ərdoğana tanıyacaq. Amma seçki qabağı demokratlar onu ABŞ-ın maraqlarını Türkiyəyə satdığına görə yenidən tənqid obyektinə gətirəcəklər".

Politoloq hesab edir ki, Trampın Türkiyə barədə qərar verməsi çətinləşib: "Artıq Ərdoğan da Trampla görüşünün xüsusi əhəmiyyət kəsb etmədiyinin fərqindədir. Çünki sonra Trampa qarşı təzyiqlər olduqda o geri çəkilir. Türkiyə çalışır ki, şimali Suriyada Rusiya və ABŞ-la anlaşma bu dövlətlər tərəfindən əməl edilsin. Demək olar ki, bufer zona yaradılıb. Ərdoğanın səfəri reallaşsa Türkiyədə məskunlaşan qaçqınların bufer zonaya köçürülməsi üçün Trampla razılaşacaq. Qeyd edim ki, ABŞ Suriyanın neftlə zəngin şərq bölgəsində yeni hərbi baza yaradır. Burada YPG terror təşkilatının fəaliyyəti yenidən mümkündür. Bu da yenidən tərəflər arasında problemlərə yol açacaq. ABŞ-Türkiyə problemləri Ərdoğanın bu səfəri ilə normallaşmayacaq. Problemlər ciddi surətdə davam edəcək. ABŞ-Türkiyə müttəfiqliyi bundan sonra mümkün deyil. Yaxın Şərqdə ABŞ Türkiyəsiz yeni nizam qurmaq üçün plan həyata keçirir. Bu strategiya Türkiyənin milli təhlükəsizliyini təhdid edir. Türkiyə də buna qarşı müqavimət göstərir və planları pozur. ABŞ Türkiyənin marqlarını tanımayacaqsa, müttəfiqlik əlaqələri də olmayacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org