Salam, xoş gəlmisiniz.

"Etibar Məmmədovun siyasətə qayıdışı sifariş xarakterli ola bilər" - SƏRDAR CƏLALOĞLU

2019-10-26 10:43:02

"Etibar Məmmədovun siyasətə qayıdışı sifariş xarakterli ola bilər" - SƏRDAR CƏLALOĞLU

"Əli İnsanov yalnız regional elektorata iddia edə bilər, yəni onun geniş elektorata iddia etmək şansı yoxdur"

"İndiki şəraitdə onların heç biri təklikdə ortaya diqqəti cəlb edəcək alternativ güc qoya bilməz"

“Azərbaycan müxalifəti Lalə Şövkət Hacıyeva və Rəsul Quliyevin müxalifətə gəlməsiylə 3-4 dəfə gücləndi, onların getməsiylə də eyni bu qədər zəiflədi”

“Əli İnsanov bu rejimi yaradanlardan, onun memarlarından biridir. O, Heydər Əliyevdən sonra təxminən, 2-3-cü adam olub. Hətta Yeni Azərbaycan Partiyasının üzvlərinin bir çoxu Heydər Əliyevdən sonra prezident kimi məhz onu görüb. Həbs olunmasının səbəbləri də elə prezidentlik iddiaları olub...”

Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə Milli Şuranın oktyabrın 19-da metronun "28 May" stansiyası yaxınlığında keçirdiyi icazəsiz aksiya və onun nəticələri, Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədovun aktiv siyasətə qayıtmasıyla bağlı yayılan informasiyalar, keçmiş səhiyyə naziri Əli İnsanovun yeni partiya yaratması və digər mühüm mövzularla bağlı söhbətləşdik.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/p-span-style-color-0000ff-strong-ldquo-azerbaycan-ccedil-ox-ciddi-deyisilmeler-erefesindedir-rdquo-serdar-celaloglu-strong-span-p)

"Etibar Məmmədovun siyasətdən getməsi ilə gəlməsinin səbəbləri eynidir"

- Sərdar bəy, sizcə Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun aktiv siyasətə qayıtmasını sifariş xarakterli hesab etmək olarmı? Yəni kimlərsə hansısa vədlərlə onu buna razı salmış ola bilərmi?

- Bəli, bu versiya da mümkündür. Yəni onun siyasətə qayıdışı sifariş xarakterli də ola bilər. Axı bu ölkədə vəziyyət necə idi ki, Etibar Məmmədov getdi. Ölkədə çox pis hadisələr baş verirdi, Qarabağ cəbhəsində yaşanan, o cümlədən sosial-iqtisadi durum ürəkaçan deyildi. Siyasətçi belə bir vaxtda, xalqı bu cür ağır vəziyyətdə qoyub necə gedə bilər?! Yaxşı, hansısa bir səbəbdən, məsələn, ya sağlamlığın imkan vermədiyi, ya bizneslə məşğul olduğun, ya da ailə vəziyyətin imkan vermədiyi üçün siyasətdən gedibsən. Elə isə bəs, indi niyə qayıdırsan? Axı o zamankı ağır vəziyyət hələ də davam edir və dəyişən bir şey yoxdur. Yaxşı, sən prosesin uzun müddətli bir hissəsindən çıxıb getmisən, indi proses sona yaxınlaşır və təzdən deyirsən ki, mən qayıdıram. Adama deyərlər ki, 5-10 ildə ölkədə gedən ictimai-siyasi proseslərdə iştirak etməyibsən, vəziyyətin bu və başqa şəkildə bugünkü duruma gəlib çatmasında heç bir rolun yoxdur, lakin birdən-birə deyirsən ki, mən siyasətdə iştirak edəcəm. Bu zaman sual yaranır: O vaxt nə əsasla getmişdin və bu gün hansı əsasla qayıtmaq istəyirsən? Görünən odur ki, Etibar Məmmədovun siyasətdən getməsi ilə gəlməsinin səbəbləri eynidir. Yəni siyasətdən hansı səbəbdən getmişdisə, elə həmin səbəbdən də qayıdır.

"Azərbaycan müxalifəti Lalə Şövkət Hacıyeva və Rəsul Quliyevin müxalifətə gəlməsiylə 3-4 dəfə gücləndi, onların getməsiylə də eyni bu qədər zəiflədi"

- Yəqin məlumatınız var ki, sabiq səhiyyə naziri Əli İnsanov da siyasi proseslərə daha fəal şəkildə qoşulmağı planlaşdırır. Hətta onun yeni partiya yaratmaq niyyətində olduğu da qeyd edilir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Əvvəla, onu deyim ki, Əli İnsanov yalnız regional elektorata iddia edə bilər. Yəni onun geniş elektorata iddia etmək şansı yoxdur. İkincisi, Əli İnsanov bu rejimi yaradanlardan, onun memarlarından biridir. O, Heydər Əliyevdən sonra təxminən, 2-3-cü adam olub. Hətta Yeni Azərbaycan Partiyasının üzvlərinin bir çoxu Heydər Əliyevdən sonra prezident kimi məhz onu görüb. Həbs olunmasının səbəbləri də elə prezidentlik iddiaları olub. Lakin buna baxmayaraq, onun bu gün müxalifətdə olmasında qeyri-adi bir şey yoxdur. Çünki indiyədək bir neçə dəfə olub ki, iqtidarda olan şəxs sonradan müxalifətə keçib. Etiraf etməliyəm ki, həmin adamların müxalifətə keçməsi düşərgəyə çox böyük güc gətirib. Onlardan biri Rəsul Quliyevdir. Bildiyiniz kimi, onun müxaliftə keçməsindən sonra Azərbaycan Demokrat Partiyası nəhəng gücə çevrildi. Azərbaycanda təxminən, 15 il aktiv siyasi mübarizəni təşkil etdik, onun önündə getdik. Gəlişi ilə müxalifətin güclənməsinə səbəb olan ikinci şəxs isə Lalə Şövkət Hacıyevadır. Onun müxalifətə keçməsi ilə bu düşərgə iki dəfə gücləndi. Çünki Lalə xanım müxalifətdə olan hansısa qüvvədən bir parça qopartmadı. Belə ki, o, tamamilə yeni, müxalifətdən kənarda olan məmurları, ziyalıları siyasi prosesə qoşdu. Onun partiyasının on minlərlə üzvü vardı. Bundan başqa, onun çox yüksək mədəniyyəti, qeyri-adi dərəcədə xarakteri vardı, yüksək əqidəli siyasətçi idi. Beləliklə, qeyd etdiyim ki, Azərbaycan müxalifəti Lalə Şövkət Hacıyeva və Rəsul Quliyevin müxalifətə gəlməsiylə 3-4 dəfə gücləndi, onların getməsiylə də eyni bu qədər zəiflədi. Əli İnsanova gəlincə, düzdür, o, bunların səviyyəsində lider deyil. Yəni Lalə Şövkət Hacıyeva və Rəsul Quliyevin lider obrazı ilə Əli İnsanovun obrazını eyniləşdirmək olmaz. Çünki onlar həm elektorat, həm təcrübə, həm tərcümeyi-hal, həm də proseslərdə iştirak baxımından Əli İnsanovdan 5-10 dəfə nəhəng fiqurlar idi. Məlumunuzdur ki, Əli İnsanov xeyli müddət əvvəl həbsxanadan çıxıb. Məşhur bir deyim var: Əgər təyyarə aeroportdan qalxırsa, müəyyən vaxta qədər müəyyən hündürlüyü ala bilmirsə, onda mütləq düşür. Siyasətə gələndə də müəyyən bir müddət ərzində müəyyən hədəfə çatmalısan. Çatdın çatdın, yox əgər çatmadınsa, o zaman siyasətdə nəsə etmək, uğur qazanmaq xeyli çətinləşir. Əli İnsanov əlindəki şansı o vaxt buraxdı. Yəni həbsdən çıxdığı zaman ona böyük ümidlər vardı. Lakin indiki halda, yəni son aksiyada göstərdi ki, cəmiyyətin diqqətini hansısa yeni partiya və ya hərəkat cəlb edə bilməz. Çünki camaat artıq iqtidara qarşı mübarizəyə istiqamətlənib. Ona görə də Əli İnsanov indiyə qədər hansısa partiya yaradıb nəsə edə bilərdi. Bu gün isə artıq gecdir. Bu səbəbdən də partiya yaratsa belə, Əli İnsanovun ciddi nailiyyət əldə edəcəyinə inanmıram. Ən yaxşı halda, regional elektoratı, yəni Qərbi Azərbaycandan olan şəxsləri bir araya gətirə bilər. Ancaq bu halda belə, ciddi iş apara bilməsə, o zaman onların bir araya gəlməsinin heç bir mənası olmayacaq.

"Zənnimcə, Əli İnsanov və Etibar Məmmədov bir yerdə olmaq üçün starta çıxırlar"

- Necə düşünürsünüz, Əli İnsanovun partiya yaratmasıyla eyni vaxtda Etibar Məmmədovun da siyasətə qayıdışını bir-biriylə əlaqələndirmək olarmı?

- Təbii ki, mümkündür. Çünki bunların ortaq elektoratı var, hər ikisi eyni elktorata əsaslanır. Odur ki, onlar birləşə də bilərlər. Bu zaman daha güclü elektorata sahib ola bilərlər. Ola da bilər ki, məhz bir-birini zəiflətmək üçün biri digəri üçün alternativ kimi irəli sürülüb. Bu isə sonda hər ikisinin əsaslandığı elektoratın parçaıanmasına və zəifləməsinə gətirib çıxara bilər. Buna görə də hadisələrin gedişatını izləməliyik. Mənim zənnimcə, Əli İnsanov və Etibar Məmmədov daha çox bir yerdə olmaq üçün starta çıxırlar. Düşünürəm ki, yaranacaq birliyə ənənəvi müxalifətdən də bir neçə şəxs qoşulacaq. Məhz bu halda onlar müəyyən bir güc ortalığa qoya bilərlər. Lakin indiki şəraitdə təklikdə nə Etibar Məmmədov, nə də Əli İnsanov ortaya diqqəti cəlb edəcək alternativ güc qoya bilər.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru