Salam, xoş gəlmisiniz.

"Əynində nazirliyin forması vardı" - Ər-arvadın dələduzluq işində məktəb direktoru da aldadılıb

2019-11-05 17:31:02

"Əynində nazirliyin forması vardı" - Ər-arvadın dələduzluq işində məktəb direktoru da aldadılıb

Ər və arvad hakim qarşısında - vəzifəli şəxslərin adından istifadə, dələduzluq, saxta sənəd...

Dələduzluqda ittiham olunan ər və arvad növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar vəzifəli şəxslərin adından istifadə etməkdə təqsirləndirilirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Balağa Əlbəşirov və onun həyat yoldaşı Heyran Əlbəşirovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Sevil Qohumova məhkəmədə dindirilərkən bunları deyib:

"O vaxt zəlzələdən sonra anam ev tikintisi üçün bələdiyyə sədri Nazim Nəzərova 6000 manat pul vermişdi. Amma ev tikilmədi, pul batdı. Nazim Nəzərov bizdən başqa adamlardan da pul almışdı. İşi Şəki Ağır Cinayətlər Məhkəməsində idi. Xəbər gəldi ki, Nazim Nəzərov pulları qaytarır. Adam var, vasitəçilik edəcək. Amma vasitəçiyə pul vermək lazım idi. Getdim o adamla görüşməyə, orada Milananı gördüm. Birinci dəfə 2500 manat istədi, verdim".

Məlum olub ki, S.Qohumova məktəb direktorudur. O, aldanmasının səbəbini belə izah edir:

"Həmin vaxt Heyran Əlbəşirovanın əlində FHN-in möhürü ilə möhürlənmiş sənədlər, əynində də bu nazirliyin işçilərinin forması vardı. Onlar bir neçə dəfəyə ümumilikdə 12 min manat pul vermişəm. Pulları bir çox hallarda ödəmə aparatları vasitəsilə Balağa Əlbəşirovun adına göndərmişəm. İndi də əsas istəyim pulumun geri qaytarılmasıdır".

Zərərçəkmiş Sədaqət Heydərova da Heyranı "Fövqəladə Hallar Nazirliyinin mayoru Milana xanım" kimi tanıdığını deyib.

Onun sözlərinə görə, ümumilikdə 6000 manat pul verib və onu ər-arvadın hər ikisinin adına köçürüb.

Balağa və Heyran Əlbəşirovalar bu adamlardan pul aldıqlarını inkar eləmirlər. Amma deyirlər ki, zərərçəkənlər məbləği çox şişirdirlər. Bildirirlər ki, pulların çoxu heç birbaşa onlara verilməyib, arada başqa adamlar da var. Zərərçəkənlər pulu onlara verib. Heyran Əlbəşirova əyninə FHN forması geyinməsi barədə deyilənləri də təkzib edib.

Bu cinayət işində ümumilikdə 26 nəfər zərərçəkən qismində tanınıb.

Rəsmi ittihama görə, özünü Fövqəladə Hallar Nazirliyinin məsul işçisi Milana Xoçperova kimi təqdim etmiş Əlbəşirova Heyran Mürsəl qızının qanunsuz hərəkətləri barədə həmin nazirlik tərəfindən toplanmış material aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Heyran Əlbəşirovanın, əri Balağa Əlbəşirovla cinayət əlaqəsinə girməklə nazirliyin saxta xidməti vəsiqəsini hazırlamasına, özbaşına özünü həmin dövlət qurumunun məsul işçisi kimi təqdim edərək 2012-ci ilin may ayında Balakən və Zaqatala rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsinin təşkil edilməsi adı ilə etibarlarından sui-istifadə edərək ümumilikdə 21 nəfərə məxsus cəmi 24 min manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla həmin şəxslərə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 26 nəfər zərərçəkmiş şəxs qismində tanınıb./musavat.com/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru