Salam, xoş gəlmisiniz.

"Moskvanın Minsk üzərində siyasi-iqtisadi təzyiqləri artmaqdadır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2019-12-10 13:17:02

"Moskvanın Minsk üzərində siyasi-iqtisadi təzyiqləri artmaqdadır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"Putin MDB-yə nəzarəti ələ keçirmək üçün ilk növbədə Belarusun Rusiyaya birləşdirməsinə çalışır"

"Rusiya-Belarus ittifaqının qurulması istiqamətində aparılan danışıqlar və yol xəritəsi Şərqi Avropada mənfi nəticələrə gətirəcək, xüsusilə MDB məkanında Moskvanın aqressiv siyasətini artıracaq". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Onun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin müstəqilliyini daim xüsusi vurğulamasına baxmayaraq, Vladimir Putinlə ittifaq dövləti yaratmaq istiqamətində fəaliyyəti Belarusun müstəqilliyinin itirilməsinə, ölkənin Rusiyanın tam nəzarətinə keçməsinə gətirib çıxara bilər: "Bu da Baltikyanı ölkələr, həmçinin Polşa üçün ciddi təhlükəsizlik problemlərinə yol açacaq. Rusiya prezidenti Vladimir Putin iqtisadi təzyiqlər vasitəsilə çalışır ki, Belarusla iqtisadi ittifaqı rəsmiləşdirsin. Hələlik Lukaşenko Qərblə Rusiya arasında manevrlər edir, çalışır ki, Rusiyadan ciddi iqtisadi güzəştlər əldə etsin. Təbii ki, Moskva da iqtisadi güzəştlər əvəzinə Belarusdan siyasi güzəştlər qoparmağa çalışır. Belarusda demokratiya sistemi qurulmayınca bu ölkə MDB məkanında Rusiyanın peyki kimi digər ölkələr üçün siyasi təzyiq məkanı olacaq".

Ötən həftə iki slavyan dövlətinin liderinin Soçidə bir araya gələrək danışıqlar apardığını vurğulayan politoloq bildirdi ki, tərəflər ortaq məxrəcə gəlməsə də Moskvanın Minsk üzərində ciddi siyasi-iqtisadi təzyiqləri artmaqdadır: "Görünür, Putin MDB-yə nəzarəti ələ keçirmək üçün ilk növbədə Belarusun Rusiyaya birləşdirməsinə çalışır. Qeyd edim ki, Belarus nə qədər ki, Rusiyanın orbitində olacaq MDB üçün müəyyən təhlükəli siyasət davam edəcək. Rusiya məhz Ukrayna və Belarus vasitəsilə SSRİ-ni qurmağa çalışır. Yəni Qərb Ukraynanı Rusiyadan qoparsa da təhlükəli proseslər qalmaqdadır. Rusiya bu gün Belarus vasitəsilə Avropaya, Gürcüstan üzərindən Qafqaza təsir imkanlarını əldən verməmək üçün ciddi şəkildə Qərblə geosiyasi toqquşmadadır. Təəssüf ki, Gürcüstan hakimiyyətinin Moskva ilə yaxınlaşmaq siyasəti bu prosesləri sürətləndirir".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Putinin MDB-ni yeni formatda qurması mümkün görünmür: "Bu sahədə apardığı siyasət qonşu ölkələrin təhlükəsizliyini təhdid etməsinə gətirir. NATO və ABŞ Rusiyanın bu eksposionist siyasətinin qarşısını alacaq, növbəti dəfə qlobal məkanda Rusiyanın yeni siyasətlə ortaya çıxmasına imkan verməyəcək".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru