"Narkotik mənə yaxşı təsir edirdi" - Həyətində narkotik əkən şəxs

"Narkotik mənə yaxşı təsir edirdi" - Həyətində narkotik əkən şəxs

60 yaşında narkotik əkdiyi üçün həbs edilən Şakir Məmmədov özünü təqsirli bilmir.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Şakir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası baş tutub. O, narkotik bitkilər əkməkdə ittiham edilir. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.

Polis əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində keçirilən əməliyyat zamanı Şakir Məmmədovun evinin həyətyanı sahəsində aqrotexniki qaydada becərilmiş 250 ədəd narkotik vasitə hesab edilən çətənə kolları aşkar edilib. Evə baxış zamanı qurudulmuş halda külli miqdarda narkotik maddə aşkarlanaraq maddi sübut kimi götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin satışı) və 2373.2-ci (külli miqdarda narkotik vasitələri əkib becərmə) maddələri ilə ittiham verilib. Elan olunmuş ittihamla Ş.Məmədov özünü təqsirli bilməyib.

Sərbəst ifadə verən Ş.Məmmədov bildirib ki, müharibədə kontuziya alıb və narkotik maddələri özü istifadə etmək üçün əkib.

İttihamda yazılanların həqiqət olmadığını deyən Ş.Məmmədov cəmi 35 ədəd kol əkdiyini deyib: "Narkotik mənə yaxşı təsir edirdi. Mən ancaq özüm istifadə edirdim. Heç kimə narkotik satmamışam. Bir nəfər gəlib desin ki, Şakir ona narkotik satıb. Həyətimdə 250 ədəd kol olmayıb. Uzağı 30-35 ədəd olub".