""Böyük qayğı"dır, xərcləməklə qurtarmaz!" - QUBAD İBADOĞLU

""Böyük qayğı"dır, xərcləməklə qurtarmaz!" - QUBAD İBADOĞLU

"Əlil uşaqlarına ayda 15 manat müavinət, beynəlxalq tədbirlər üçün ildə 221,5 milyon manat müəyyənləşdirilib"

"Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqlarına 2018-ci il martın 1-dən "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası prezidentinin 23 fevral 2018-ci il 3711 nömrəli Sərəncamına əsasən, 10 faiz artırılaraq müavinət 15 manat məbləğində müəyyənləşdirilib". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

ADR Hərəkatının sədri onu da qeyd edib ki, 2020-ci ilin büdcəsində müharibə və 20 Yanvar hadisəsi zamanı əlil olan ailələrin uşaqlarına aylıq müavinətin 1 il ərzində ödənilməsi üçün 2 milyon 791 min 800 manat nəzərdə tutulub: "Bu məbləği hər uşaq üçün 100 manata çatdırmaq 18 milyon 612 min manat vəsait tələb olunur. Halbuki gələn ilin büdcəsindən yalnız xarici dövlətlərə və beynəlxalq təşkilatlara verilən qrantlar və digər ödənişlər üçün 12 milyon 620 min manat ayrılacaq. Çox güman ki, bu vəsait hesabına xaricdə kilsələr təmir olunacaq, onlar pulsuz qazla təchiz ediləcək".

İqtisadçı alim bildirib ki, gələn il Azərbaycan ev sahibliyi edəcəyi beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə 221,5 milyon manat (2019-cu ildə 65 milyon manat olub) xərcləməyi planlaşdırır: "Bütün bunların da müqabilində əlil uşaqlarına ayda 15 manat müavinət verilir. Bundan əlavə, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət 5 manat, şəhid ailələrinə isə 12 manat aylıq müavinət verilir. "Böyük qayğı"dır, xərcləməklə qurtarmaz!"

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org