Salam, xoş gəlmisiniz.

"Senatda "erməni soyqırımı"nın tanınması Azərbaycan-ABŞ münasibətlərinə də mənfi təsir edə bilər"

2019-12-14 12:37:54

"Senatda "erməni soyqırımı"nın tanınması Azərbaycan-ABŞ münasibətlərinə də mənfi təsir edə bilər"

Elxan Şahinoğlu: "Gələcəkdə Ərdoğanın yerində hakimiyyətdə kim olsa belə, dərin yaralar alan Türkiyə-ABŞ münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırması çətin olacaq"

""Erməni soyqırımı" qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz"

Məhəmməd Əsədullazadə: "Tramp qətnamələri təsdiq edərsə, o zaman rəsmi şəkildə Türkiyə-ABŞ müttəfiqliyi sona çatmış olar"

Zaur Məmmədov: "Qondarma soyqırımın tanınması həm diasporanın, həm də böyük dövlətlərin erməni kartından məharətlə istifadə etmələrinin nümunəsidir"

Dekabrın 12-də ABŞ Senatı 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamə layihəsini qəbul edib. Qeyd edək ki, senatorlar Bob Menendez və Ted Kruz tərəfindən təqdim edilən qanun layihəsi yekdilliklə qəbul olunub. Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul edilib,  lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə  isə təsdiqlənib. Odur ki, artıq qətnamə imzalanması üçün ABŞ prezidenti Donald Trampa göndərilib.

Qətnamə hüquqi baxımdan məcburi xarakter daşımasa da, Vaşinqton-Ankara münasibətlərində simvolik gücə malikdir

Bu arada, mövzu ilə bağlı Almaniyanın "Deutsche Welle" nəşrinin verdiyi məlumata görə, sözügedən qətnamə hüquqi baxımdan məcburi xarakter daşımasa da, sənəd ilk növbədə Vaşinqton-Ankara münasibətlərində simvolik gücə malikdir: "Bu addım iki ölkə arasında gərginliyin daha da artmasına gətirib çıxara bilər. Oktyabrın sonunda Nümayəndələr Palatası "erməni soyqırımı"nı tanıyan qətnamə layihəsi qəbul edib. Bundan sonra Ankaranın Suriyada başlatdığı hərbi əməliyyatlara görə onsuz da pis vəziyyətdə olan münasibətlər daha da gərginləşib. 435 konqresmendən 405-i sənədin lehinə, 11-i əleyhinə səs verib. Bu zaman qətnaməni həm Demokratlar, həm ABŞ prezidenti Donald Trampın üzv olduğu Respublikaçılar partiyası dəstəkləyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nümayəndələr Palatasının qətnaməni qəbul etməsini əhəmiyyətsiz bir şey olduğunu qeyd edib. "Bu addımın heç bir dəyəri yoxdur, istənilən halda onu qəbul etmirik", - deyə prezident bildirib. Türkiyə lideri qərarı "böhtan" adlandırıb, konqresmenlərin buna "yalnız daxili siyasi səbəblərdən dolayı" getdiyini deyib". Nəşrin iddiasına görə, Türkiyə etiraf edir ki, bir çox erməni Birinci Dünya Müharibəsi dövründə və ondan sonra Osmanlı silahlı qüvvələri ilə toqquşmalarda öldürülüb: "Lakin Ankara ölənlərin sayına etiraz edir və bu qətllərin sistemli şəkildə təşkil olunmadığını və soyqırım xarakteri daşımadığını vurğulayır. ABŞ Konqresi NATO müttəfiqi Türkiyə ilə münasibətlərinin korlanacağından ehtiyat etdiyi üçün uzun müddət qətnaməni qəbul etməyi təxirə salıb. Ancaq son vaxtlar vəziyyət dəyişib. Ankaranın Suriyada başlatdığı hərbi əməliyyatdan başqa Türkiyənin ABŞ-ın etirazlarına baxmayaraq, Rusiyadan "S-400" zenit raket kompleksləri əldə etməsi bu qərara təsir edib. 2016-cı ildə bundestaq da Osmanlı imperiyasında ermənilərin kütləvi şəkildə qətlə yetirilməsini soyqırım kimi tanıyıb. Bu da Almaniya-Türkiyə münasibətlərini xeyli çətinləşdirib".

ABŞ Senatının tarixi həqiqətdən uzaq olan "erməni soyqırımı" ilə bağlı qərarının Türkiyə hökuməti üçün heç bir hüquqi əsası yoxdur

Nəzərinizə çatdıraq ki, məsələ ilə əlaqədar mövqeyini bildirən Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ABŞ Senatının 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınması ilə bağlı qəbul etdiyi qətnamənin hüquqi əsası olmadığını bəyan edib. Tarixin siyasiləşdirilməsini utancverici örnək kimi qiymətləndirən Türkiyə XİN hesab edir ki, Senatın qətnaməsi tarixi həqiqətdən və hüquqi əsasdan uzaqdır: "Bu, tarixi siyasiləşdirməyin nümunələrindən biridir. Bu qərar həm də Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi səylərinin qarşısını alan təxribat xarakterli təşəbbüsdür. Qərarın hüquqi əsası yoxdur. Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək". Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun da bildirib ki, layihənin qəbulu ABŞ-Türkiyə münasibətlərinə zərər verəcək. Bu barədə apa.az-da yer alan məlumatda deyilir ki, Altun sözügedən qərarın iki ölkə arasındakı münasibətlərin gələcəyinə təhlükə yaratdığını qeyd edib: "Senatın bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduğu üçün milli təhlükəsizliyimizi güzəştə getməyəcəyik. Biz erməni qardaşlarımızdan fərqli fikirlərdə elmi və akademik yollarla ortaq məxrəcə gəlmək cəhdlərinin ABŞ Konqresi tərəfindən qarşısının alınmasına icazə verməmələrini gözləyirik".

Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül də ABŞ Senatının 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi xarakterizə edən qanun layihəsini qəbul etməsinə münasibət bildirib. Belə ki, Van şəhərində keçirilən tədbirdə çıxış edən nazir ABŞ Senatının məlum qərarının Türkiyə hökuməti və xalqının gözündə yox səviyyəsində olduğunu vurğulayıb: "Məlum qərarı nə hüquqi, nə siyasi, nə də tarixi olaraq tanıyırıq. Tarixin və hüququn siyasiləşdirilməsi heç bir millətə, heç bir ölkəyə fayda gətirə bilməz. 1915-ci il hadisələri ilə bağlı arxivləri açmaq barədə fikirlərimizi dəfələrlə ən yüksək səviyyədə bildirmişik və bu mövzuda elm adamları ilə birgə hər cür diskussiyaya açığıq. Soyqırımı törətməyən yeganə millət türk millətidir".

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger isə bəyan edib ki, Amerika Senatı tərəfindən "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir: "Bu qətnamə qanunverici orqanın sənədidir. Senat bu məsələ ilə bağlı qərar qəbul edib və biz bunu nəzərə almalıyıq". Bununla yanaşı, Örl Litsenberger ABŞ və Türkiyənin, o cümlədən NATO çərçivəsində də müttəfiq olduqlarını deyib: "Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik".

Amerika Türkiyəni Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri aldığı üçün sərt şəkildə cəzalandırmağı planlaşdırır

Yeri gəlmişkən, onu da qeyd edək ki, bugünlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasında 2020-ci il üçün ABŞ-ın hərbi müdafiə büdcəsi ilə bağlı qanun layihəsi qəbul edilib. Bununla bağlı bildirilir ki, layihədə İŞİD terror təşkilatı ilə mübarizə məqsədilə İraqa 645 milyon dollar nəzərdə tutulduğu halda, Suriya üçün ayrılan vəsaitin həcmi açıqlanmayıb. Layihənin Türkiyə ilə bağlı hissəsində Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri almağa davam etməsi səbəbindən Ankaraya "F-35" qırıcılarının təslim edilməməsi təklif olunub. Habelə sanksiyaların tətbiq edilməsinin vacibliyi vurğulanıb. Layihə Türkiyənin "F-35" proqramından çıxarılmasını təklif edir. Sənəddə Türkiyəni maraqlandıran digər məsələ isə Cənubi Kiprlə bağlıdır. Konqresin Nümayəndələr Palatası Cənubi Kiprə silah embarqosunun ləğv edilməsini tələb edib. Büdcə layihəsində diqqət çəkən digər bir detal isə Suriyadakı bəzi silahlı qruplara hərbi yardımların ayrılması ilə bağlıdır. Lakin həmin qruplara hancı həcmdə yardımın ayrılacağı bildirilməsə də, ABŞ-ın hər il YPG/PKK başda olmaqla digər kürd silahlı terror təşkilatlarına büdcədən 500 milyon dolların ayırdığı bəllidir. Bu dəfə isə ABŞ hökumətinin bu yardımı artıracağı ehtimal edilir. Sözügedən layihə Senatda təsdiq edildikdən sonra ABŞ prezidenti Donald Trampın sərəncamına veriləcək. Qeyd edək ki, Tramp layihəni təsdiqləməkdən imtina da edə bilər.

Sözügedən qanun layihəsini şərh edən Amerikanın nüfuzlu "Foreign Policy" nəşrinin müxbiri Lara Seliqman hesab edir ki, sənəd Rusiyadan zenit-raket kompleksi aldığı üçün Türkiyənin sərt şəkildə cəzalandırılmasını tələb edir. O qeyd edib ki, Qərb ölkələrinin fikrincə, Türkiyənin əldə etdiyi sistemlər NATO hava hücumundan müdafiə sistemləri və "F-35" qırıcılarına təhlükə daşıyır. Lara Seliqman yazır ki, ABŞ prezidenti Donald Tramp Ankaraya cavab olaraq Konqres tərəfindən təsdiqlənən sanksiyaları tətbiq etməkdən imtina edir. Bu yaxınlarda türk hərbçiləri yay ayında təslimatı başlayan zenit-raket komplekslərini Amerika istehsalı  olan "F-16" qırıcılarına qarşı sınaqdan keçiriblər. CAATSA qanununa əsasən, kütləvi şəkildə Rusiyadan hərbi texnikanın alınmasına cavab olaraq ABŞ administrasiyası yumşaq sanksiyalardan tutmuş sərt tədbirlərə kimi geniş spektri əhatə edən variantlardan birini seçməlidir. Amerika rəsmiləri vurğulayırlar ki, Türkiyənin eyni vaxtda həm Rusiyaya məxsus "S-400" sistemlərindən, həm də ABŞ-ın "F-35" qırıcılarından istifadə etməsinə icazə vermək olmaz. Belə ki, Ankara təyyarənin məxfi texnologiyasını öyrənmək üçün rus sistemindən istifadə edə bilər. Bu səbəbdən də NATO-nun Avropadakı qüvvələrinin baş komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Tod Uolters dekabrın 10-u Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib ki, Türkiyədə "S-400" və "F-35"in birgə istismarına yol vermək olmaz.

"Demokratlar və respublikaçıların əsas hədəfi qəbul edilən "qətnamə" vasitəsilə Türkiyəni cəzalandırmaq idi"

Картинки по запросу Elxan Şahinoğlu

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə əlaqədar fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun qənaətincə, ABŞ Senatının "erməni soyqırımı" qətnaməsini təsdiq edəcəyi gözlənilən idi. Onun sözlərinə görə, bunun iki səbəbi var: "Birinci səbəb o idi ki, Nümayəndələr Palatası "erməni soyqırımı" qətnaməsini böyük səs çoxluğu – 405 səslə qəbul etmişdi. "Qətnaməyə" həm demokratlar, həm də respublikaçılar birgə səs vermişdilər. Yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdilər. İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadırlar, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, "S-400" raketlərinin alınmasından narazı idilər. Yəni demokratlar və respublikaçılar erməniləri sevdiklərinə görə məlum "qətnaməni" qəbul etməyiblər. Onların əsas hədəfi qəbul edilən "qətnamə" vasitəsilə Türkiyəni cəzalandırmaq idi. "Özləri çalıb, özləri oynayırlar" sözləri Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana məxsusdur".

Bu günə qədər onlarla dövlətin "erməni soyqırımı" qətnaməsini qəbul etdiyini vurğulayan politoloq hesab edir ki, bu, Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib: "Amerika prezidenti Donald Tramp sənədi imzaya da bilər, imzalamaya da. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Ancaq Türkiyə "S-400" raketlərində geri addım atmadığına görə Trampın hansı qərar verəcəyini söyləmək çətindir. Lakin nə vaxtsa hansısa Amerika prezidenti erməni qətnaməsinə səs verəcək. Amerika bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Gələcəkdə Ərdoğanın yerində hakimiyyətdə kim olsa belə, dərin yaralar alan Türkiyə-ABŞ münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırması çətin olacaq. "Erməni soyqırımı" qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz. Bu tək Amerikaya aid deyil, münaqişənin həlli ilə məşğul olan digər iki həmsədr dövlət - Fransa və Rusiya parlamentləri də keçmiş illərdə eyni "qətnaməyə" səs veriblər".

"ABŞ-Türkiyə münasibətləri yalnız Ankaranın Vaşinqtonun diktəsini qəbul etməsindən sonra normallaşa bilər"

Похожее изображение

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, hazırda Türkiyə-ABŞ əlaqələrinin növbəti gərgin mərhələsi yaşanır: "ABŞ Senatı Türkiyəyə qarşı sanksiyaları və qondarma "erməni soyqırımı" qətnaməsini qəbul edib. Bu qətnamələrin prezident tərəfindən təsdiqi lazımdır. Trampın bu qətnamələri təsdiq etməsi gözlənilmir. Əgər bu, baş verərsə, o zaman rəsmi şəkildə Türkiyə-ABŞ müttəfiqliyi sona çatmış olar. Bir müddət bundan əvvəl Rəcəb Tayyib Ərdoğan ABŞ səfərində Trampla apardığı danışıqlardan sonra iki tərəf arasında yumuşalma hiss edilsə də, proseslər yenidən gərgin mərhələyə daxil oldu. Buna əsas səbəb Türkiyənin Liviya ilə Aralıq dənizində sahil sularının müəyyənləşdirilməsi üçün müqavilənin bağlanmasıdır. Bununla da Türkiyənin Aralıq dənizində siyasi və hərbi gücü daha da artır. Bu müqavilə İsrail və Yunanıstanı, xüsusilə ABŞ-ı ciddi narahat edən faktordur. Qeyd edim ki, Türkiyə Aralıq dənizində qaz yataqlarının geoloji kəşfiyyatını aparır və Yunanıstanla münaqişədədir".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, Yunanıstan, Misir və İsrailin bir araya gələrək Türkiyəyə qarşı birləşib, Kipr ətrafı şelfdə tapılan zəngin qaz yatağı zonasında Ankaranın maraqlarını nəzərə almırlar: "Ona görə də Türkiyə öz suveren hüquqlarından istifadə edərək , nüfuz dairəsinə malik olan ərazilərinə nəzarəti gücləndirir və heç bir dövlətin iştirakına imkan vermir. Göründüyü kimi, bu məsələdə ABŞ Yunanıstanı dəstəkləyir və Ankaranın Kipr ətrafında qaz yataqlarının işlənməsinə qarşı çıxır. Bununla da Liviya ilə Türkiyə arasında bağlanan müqaviləyə görə, ABŞ Türkiyəyə qarşı qondarma "erməni soyqırımı" qətnaməsini gündəliyə çıxardı. Aralıq dənizində karbohidrogen yataqlarına sahiblənmək uğrunda başlanlan, hələlik geniş müstəviyə çıxmayan gərgin vəziyyət yeni münaqişədən xəbər verir. Rusiya isə bu qaz yataqlarının Türkiyənin nəzarətində olmasında maraqlıdır. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, ABŞ-Türkiyə münasibətləri yalnız Ankaranın Vaşinqtonun diktəsini qəbul etməsindən sonra normallaşa bilər. Bu isə Türkiyə üçün arzuolunan deyil. Odur ki, hazırda çox ciddi geoplotik qarşıdurma mərhələsi yaşanır. Zənnimcə, ABŞ Senatında qondarma "erməni soyqırımı" qətnaməsinin qəbul edilməsi Azərbaycan-Amerika münasibətlərinə də mənfi təsir edə bilər. Bu, həm də Vaşinqtonun Minsk Qrupu çərçivəsində vasitəçiliyinə kölgə salacaq".

"Türkiyənin ABŞ-ın vassalı olan ərəb dünyasına ağalıq etmək istəyi, bölgədə Ankaranın Təl-Əvivlə münasibətlərinin korlanmasına gətirib çıxardı"

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə bu qənaətdədir ki, "erməni soyqırımı"nın Senat tərəfindən tanınmasının obyektiv və subyektiv səbəbləri var: "Birinci səbəb ABŞ-da oturan Rokfellerlərdir. Yeri gəlmişkən, son zamanlar Ərdoğanla Atlantistlər arasında ciddi fikir ayrılıqları göz önündədir. Məsələn, Bilderberg Klubunun son toplantısı bu ilin 30 may-02 iyun tarixlərində Montrdə (İsveçrə) reallaşıb. Həmişəki kimi, mətbuata qapalı olan toplantıya H.Kissencer, Qüdsün İsrailin paytaxtı kimi nəzərdə tutan qondarma "Əsrin sazişi"nin himayədarı, Trampın kürəkəni Kuşner və digər mühüm fiqurlar da qatılıb. Maraqlıdır ki, Türkiyədən də 4 nəfərin qatıldığı toplantıya, türk mətbuatının yazdığına görə, Koç Holdinq İdarə Heyətinin sədri Ömər Koç daxil olmaqla holdinqdən daha 3 nəfər qatılıb. Niyə məhz Türkiyə? Onların İmamoğlunun təyyarəsi ilə İsveçrəyə uçmaları haqqında həmin vaxt yerli KİV-lərdə xəbərlər yayılmışdı". Zaur Məmmədovun sözlərinə görə, "erməni soyqırımı"nın tanınması ermənilər üçün ciddi irəliləyişdir: "Qondarma soyqırımın tanınması həm diasporanın, həm də böyük dövlətlərin erməni kartından məharətlə istifadə etmələrinin nümunəsidir. Həmçinin, bu, türk diasporasının fəaliyyətsizliyidir. Tez bir zamanda türk diasporaları təşkilatlanmalıdırlar. İndiki halda, bu təşkilatların heç bir ideologiyası və fəlsəfəsi yoxdur. Bundan başqa, "One minute" və Türkiyənin ABŞ-ın vassalı olan ərəb dünyasına ağalıq etmək istəyi, bölgədə Ankaranın Təl-Əvivlə münasibətlərinin korlanmasına gətirib çıxardı. Beləliklə, artıq qondarma soyqırım tanındı. Bundan sonrakı bəyanatların heç bir önəmi olmayacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru