Salam, xoş gəlmisiniz.

RİSK TƏLƏB EDƏN İSLAHATLAR... - Prezident ona görə budaqlardan deyil, gövdədən başladı ki...

2019-10-26 13:22:13

RİSK TƏLƏB EDƏN İSLAHATLAR... - Prezident ona görə budaqlardan deyil, gövdədən başladı ki...

Dövlət başçısının genişmiqyaslı kadr islahatına başlamasına sıradan bir məsələ olaraq yanaşmaq doğru olmazdı. Mən buna ciddi risk tələb edən siyasi qərarın nəticəsi kimi baxıram. Niyə!? Səbəbini indi izah edim. Nəzərə alsaq  ki,  neçə gün öncə İlham Əliyevin  keçirdiyi iqtisadi müşavirədə hökumətin tərkibində dövlət  siyasətinin əleyhinə, büdcənin talanına,  sobataj və şantaja, media üzərindən qarşılıqlı ifşaedici danoslara qədər  getməyi özləri üçün mübarizə yolu seçən qruplaşmaların olduğunu  bəyan etməsindən dərhal sonra idarəetmənin yüksək pilləsindən kadr islahatına start verməsi həqiqətən ciddi mətləblərin cərəyan etməsini bütün təfərrüatı ilə ortaya qoyur.

Prezidentin nəhayət ki, kadr islahatına budaqlardan deyil, gövdədən yapışması göstərir ki, seçdiyi istiqamətdə geriyə dönüşü yoxdur. Limitin artıq tükəndiyi  göz önündədir.24  il prezident aparatında pas atmış bir intriqanın- Ramiz Mehdiyevi uzaqlaşdırılması yeni siyasi proseslərin başlanğıc nöqtəsi kimi dəyərləndirilə bilər.

Digər tərəfdən ölkədəki məlum sosial-siyasi gərginlik  şəraitində atılan bu addım  prezidentin hakimiyyətdən yana təşviş içərisində olmadığını göstərir. Bu qənaətimi ola bilsin, narazı kəsim başqa cür mənalandırsın, ancaq proseslərə yanaşma tərzimin reallıqla uzlaşdığına əminəm.  Hakimiyyətdən mənim də ciddi narazılıqlarım var və cəmiyyət bunun səbəblərini bilir. Lakin  bu ona dəlalət etməməlidir ki, hansısa hadisəyə qiymət verərkən narazılığımın əvəzini almaq üçün dərk etdiyim prinsip və baxışlarımın ziddinə gedərək acıq çıxım. Bu mənim dünyagörüşümlə səsləşməyən məsələdir.

Öndə başqa mürəkkəb proseslərin ola biləcəyi ehtimalı da istisna deyildir.  Bir müddətdən sonra  kənarlaşdırılan adamların fəallaşması mümkün variant kimi meydana çıxa bilər. Böyük var - dövlətə yiyələnmiş bu soyğunçulardan hər təhlükəni gözləmək olar. Burda haqlı bir sual da ortaya çıxır ki, üzərinizdən  sükutla keçmək sadəcə olmur. Etiraf edək ki,  dağıdıcı mühitə, şəraitə niyə fürsət verilməli idi ki, bu ac gözlər də heç bir məsuliyyət anlamadan ondan yararlana bilsinlər. İşin burası da var axı!!! Onların susdurulmasının yeganə yolu İlham Əliyevin  cəmiyyətdəki mövcud etirazların aradan qaldırılması, insanları düşündürən və narahat edən problemlərin ləğv edilməsi üçün ardıcıl siyasət yürütməsinə bağlı olacaqdır. Prezident sadə insanlarla arasındakı kövrək körpünü möhkəmləndirməlidir...

Eldar SABİROĞLU


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru