Salam, xoş gəlmisiniz.

Şəhriyar haqqında düşüncələr

2019-11-16 14:56:31

Şəhriyar haqqında düşüncələr

Övladımız məzhəbini danmasın,

Hər içi boş sözlərə aldanmasın.

Şəhriyar otuz beş il Vətəndən uzaqlarda oldu. Qürbətdə yaşadı. Fars dilində yazıb yaratdı. Hafizdən sonra durğunluq keçirən şeiri yeni obraz və ifadə vasıtələri ilə zənginləşdirən, bəşəri və ictimai ideyaları ilə diqqəti cəlb edən, Şəhriyar ədəbiyyat sevərlərin o cümlədən İran aristokratiyasının rəğbətini qazandı.

Ancaq, onun yalnız farsdilli ədəbiyyata töhfələr verməsi azərbaycanlıların narazılığına səbəb oldu. Çünki, onun əsərlərini xalqın əksəriyyəti nə başa düşürdü, nə oxuya bilirdi. Azərbaycan xalqı uzun müddət Şəhriyardan öz ana dilində şerlər gözlədi. Azərbaycan ziyalıları Şəhriyarın Azərbaycana məxsus olduğunu gələcəkdə sübüt eləməyin çətinliklərindən ehtiyat edirdilər. Xalqın narazılığı, ziyalıların qınağı, xahişlər, umu-küsülər, dedi-qodu və deyilənə görə ona yazılan həcvlər Şəhriyarı düşündürməyə bilməzdi.

Tehranda xəstə olarkən anasının onun yanına gəlməsi və usaqlıq xatirələrini onun yadına salması Şəhriyarın öz ana dilində yazmasını gerçəkləşdirdi. O Tehra­nan Təbrizə salam söylədi. “Heydərbabaya salam” əsərini yazdı.

Üzünü dağa tutdu. Dağı insan kimi danışdırdı.

“Dağ göylərə yaxındır. O təbiətin şah əsərlərindən biridir” dedi.

Sonra belə söylədi:

Heydərbaba dağ adıdır. O əbədi olaraq tarixin açıq gözüdür, vətəndə baş verən hadisələri seyr edərək öz sinə dəftərinə yazır. Şairin göylərə qalxan nalələrini əks etdirib bütün yer üzünə yayaraq, hamının qulağına çatdırmağı təkcə o bacarır.

Çox kövrək misralar qopdu Şəhriyarın qələmindən:

“Heydərbabaya, Nənəqızın gözləri,

Rəxşəndənin şirin-şirin sözləri,

Türki dedim, oxusunlar özləri.

Bilsinlər ki, adam gedər, ad qalar,

Yaxşı- pisdən ağızda bir dad qalar.

“Heydərbabaya salam” əsəri çox qısa müddətdə azərbaycan türkcəsi anlaşılan bütün məmləkətlərə yayıldı.

Bu əsər o dövrə təsadüf edirdi ki, Pişəvəri inqilabı qan gölündə boğulmuşdu. İranda azərbaycanlılara qarşı misilsiz irtica, zülm hökm sürürdü. Pəhləvi rejimi nökərlərinin azərbaycan xalqının əleyhinə uydurduqları yalançı nəzəriyyələr təbliğ olunurdu. Şovinistlərin azərbaycanlılara qarşı təhqiramiz ifadələri, iftira və böhtanları baş alıb gedirdi. İranda azərbaycanlılara öz dilində danışmaq da yasaq olunmuşdu.

Vaxtilə akademik Mirzə İbrahimov şovinistlərin azərbaycan xalqı haqqında iftira və uydurmalarını “qızdırma içərisində olan dəlinin sayaqlamaları”na bənzədirdi.

“Heydərbabaya salam” əsəri  Şəhriyarın azərbaycan dilində yazmasının başlanğıcı hesab olunur.

“Heydərbabaya salam” əsərindən sonra Şəhriyar ana dilində silsilə şerlər yazdı. Türki şerlərindən bir Divan bağladı.

“Divani Türki Şəhriyar”ı açıram. Burada nə qədər məktub var. Süleyman Rüstəmə, Əbülfəz Hüseyniyə, Rüstəm Əliyevə, Məmməd Rahim həzrətlərinə, Bulud Qaraçorlu Səhəndə və s.

“Heydərbabaya salam” poemasında da çoxdan görmədiyin adamlara, həsrətində olduğun yerə-yurda məktub yazarkən keçirilən hisslər var. Ancaq bu cəmi yeddi bənddədir. Özü də əvvəlinci yeddi bənddir. Onların sonuncu misralarını xatırladıram:

Salam olsun şövkətüzə, elüzə,

Mənim də bir adım gəlsin dilüzə.

Bizdən də bir mümkün olsa yad elə,

Açılmayan ürəkləri şad elə.

Biz də vallah unutmarıq sizləri,

Görəmməsək halal edin bizləri.

Məktub kimi başlayan əsər usaqlıq xatərələri ilə davam edir.

Arada bir də başımıza gələnlərə şairin öz münasibətini bildirən düşündürücü misralar:

Kərbəlaya gedənlərin qadası,

Düşsün bu ac yolsuzların gözünə,

Təməddünün uyduq yalan sözünə.

Xoş xatirələr rəsmi keşid qurur Şəhriyarın qabağında

Elat həyatı...

Dağ ətəyində insan məskəni. Kənd mənzərələri. Qoyun sürüləri, mal naxırı. Daşlı bulaq, Quru göl, Mirzəmmədin baxçası, çay, Qaraçəmən cadası.

Dağın sıldırım qayası üstünə çıxıb ətrafa boylandığı uşaqlıq illəri. “Çoban qaytar quzunu” mahnısını oxuyan uşaqlar.

Kəndə armudsatanların və çərçilərin gəlməsi. Usaqların səsi-küyü, haray-həşiri. Mal mübadiləsi. Buğda ilə armudu dəyişmək, kəndin toyu. Bəyin damdan gəlinə alma atması. Sazlı-sözlü aşıqlar. Dərdsiz-qəmsiz uşaqlıq illəri.

Biz xoş idik xeyrat olsun, toy olsun

Fərq eyləməz, hər nolacaq qoy olsun.

Ağac minib at gəzdirdiyi günlər. Kəndin bahar vaxtları. Yaz ayları. Novruz bayramı. Novruz gülünün qarçiçəyinin çıxması. Çərşənbədə bacadan şal salmaq adətləri. Yumurtanın güllü-göyçək boyanması.

Bərəkətli günlər. Badyalarda südün aşıb daşması. Çox yeməkdən az qala çatlamaq qorxusu. Qarı nənənin gecə nağıl deməsi. Təndirlərin tüstüsünün qovzanması. Çörəklərin gözəl iyi-istisi, Abır-həya, şuxluq təsvir olunur  Heydərbabaya salam əsərində.

Sitarəmmə nəzikləri yapardı,

Mirqadir də hərdəm birin qapardı,

Qapıb, yeyib, dayça təkin çapardı.

Gülməliydi onun nəzik qappası,

Əmmənin də ərsininin şappası.

        Doğma yurdun Faunası, Florası təsvir olunur, Heydərbabaya salam əsərində.

Bildirçinlər, kəkliklər, dəstə ilə uçan  göyərçinlər Quru göldəki qazlar.

Kol dibindən qəflətən, gözlənilmədən, durub qaçan dövşan, gədiklərdəki qurd, xəlvətləyib bulaqdan su içən gözəl quşlar, sıldırım qayalarda dövrə vuran qaraquşlar təsvir olunur.

Bunlar şirin xatirələrdi. Olub keçənlərdi. İyirminci əsrin əvvəllərinə düşüb Şəhriyarın usaqlığı. O vaxtlar ibtidai üsülnan yer şumlayirdılar:

Novruzəli xərməndə vəl sürərdi,

Gahdan enib küləşlərin kürərdi,

Dağdan da bir çoban iti hürərdi,

Onda gördün ulaq ayaq saxladı,

Dağa baxıb qulaqların şaxladı.

O zamanlar oraqla taxıl biçərdilər.

Biçim üstü sünbül biçən oraqlar,

Elə bil ki, zülfü darar daraqlar.

Şikarçılar bildirçini soraqlar.

Biçinçilər ayranların içərlər,

Bir huşlanıb, sondan durub biçərlər.

Artıq onlar yoxdu. Şəhriyar demişkən:

İndi desək, əhvalatdı, nağıldı,

Keçdi-getdi, itdi-batdı, dağıldı.

Əvvəllər olub o gözəlliklər. İndi kənd viran qalıbdır. Bunlar kədərlə xatırlanır. Bir tərəfdən də şair uşaqlıq illərini yada salıb bədii sözün qüdrəti ilə Elat həyatımızın gözəlliklərini aləm səhnəsində əbədiləşdirir və təsəlli tapır.

Məşum 46-cı il hadisələrindən 5 il keçib. 1951-ci ildi. Poemanın yazılma tarixi belədi. Şəhriyarı başa düşmək üçün Azərbaycanın başına gələn müsibətlərdən gərək xəbərdar olasan.

Şəhriyar hələ Tehrandadı. Vətənimizdəki vəziyyəti  eşidir.

Bu eşitdiklərini gəlib görəndə lap kövrələcək.

Kəndə getməyə qorxur.

Qəşş edə biləcəyindən qorxur.

Heyvan kəsirlər. Ehsan verirlər ki, Şəhriyarın başı bir az qarışsın çox dərd eləməsin özünə. Daha olan olub keçən-keçib.

Buradan da 2-ci söhbət başlayır. Soruşur ki, Məmmədhəsən hardadı. Şairin uşaqlıq yoldaşı idi o. Deyirlər ki, elə uşaq vaxtı burnunnan qan açıldı. Onnan da öldü.

(Ardı var)

Arif Orucov,

Azərbaycan Texnologiya Universitetinin baş müəllimi


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru