Salam, xoş gəlmisiniz.

Sərdar Zeynal poeziyasında ədəbi dil normaları - II HİSSƏ

2019-11-14 15:28:32

Sərdar Zeynal poeziyasında ədəbi dil normaları - II HİSSƏ

Çoxəsrlik tarixi olan Azərbaycan poeziyası milli müstəqillik dövründə yeni bir mərhələyə qədəm qoymuşdur. Milli müstəqillik dövründə yaranan poetik nümunələr müasir Azərbaycan ədəbi dilinin bütün incəliklərini özündə əks etdirir. “Azərbaycan dili qədim tarixə malik olan, min illərin bütün keşməkeşlərindən üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük xəzinədir. Bu gün Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər sırasında Azərbaycan dili tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlıqdır” (1.4). Özünəməxsus inkişaf xəttinə malik Azərbaycan ədəbi dili əsrlər boyunca cilalanmış, təkmilləşmiş, müasir dövrdə kamil bir mərhələyə qədəm qoymuşdur.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/p-strong-serdar-zeynal-poeziyasinda-edebi-dil-normalari-strong-p)

**

Nümunələrdən göründüyü kimi, ədəbi dilin leksik normalarına dəqiqliklə əməl olunmuş, heç bir dialekt və şivə sözü, heç bir loru, kobud söz və ifadə, köhnəlmiş söz işlədilməmişdir. Bu söz qruplarının poetik nümunələrdə işlədilməməsi leksik normalara əməl olunmanın göstəricisidir.

Leksik normaların pozulması: Müasir Azərbaycan poeziyasında leksik normanın pozulması hallarına daha çox rast gəlinir. Bu, dilin leksik tərkibinin çox rəngarəng və zəngin olması ilə əlaqədardır. Leksik normaların pozulması poetik dildə dialektizmlərin, arxaizmlərin, vulqarizmlərin və s. söz qruplarının işlədilməsi hallarında baş verir.

Müasir Azərbaycan poeziyasında ədəbi dil normalarının gözlənilməsi ilə yanaşı, bir sıra hallarda ədəbi normaların pozulması hallarına da rast gəlinir. Belə ki, ədəbi dil və bədii dil, bədii əsərlərin dili anlayışları həmişə eyni olmur, hər zaman üst-üstə düşmür. “Bədii ədəbiyyatın dili müəyyən sahələrdə ədəbi dildən kənara çıxır. Bədii ədəbiyyat mənsub olduğu milli dilin varlığı formalarından biridir. Başqa sözlə, hər bir milli dil həmin dildə yaranan bədii əsərlərdə öz əksini tapır. Bədii ədəbiyyatın dili ilə ədəbi dilin münasibəti müəyyən mənada ziddiyyətlidir. Xüsusilə bədii əsərlərin dilində ədəbi normaya münasibət problemi daha qəliz xarakterdə olur. Məlumdur ki, normanın ümumməcburiliyi və dəqiqliyi ədəbi dildə başlıca şərtdir. Lakin bədii ədəbiyyatın dilində normaya əməl etmək “sərbəst”dir” (2.178). Həmçinin, burada başqa bir məqam da var ki, bu da ədəbi dilin normalarının zaman-zaman dəyişməsidir. “Ədəbi dilin normaları mütləq deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya digər dərəcədə dəyişikliyə uğrayır” (7.121).

Müasir Azərbaycan poeziyasının ayrı-ayrı nümayəndələrinin əsərlərində ədəbi dilin leksik normasının pozulmasının yuxarıda sadalanan hallarının hamısına rast gəlinir, lakin bunlar arasında proporsionallıq yoxdur. Belə ki, müəyyən mövzu ilə əlaqədar hansısa əsərlərdə köhnəlmiş sözlər, hansısa əsərlərdə dialekt və loru sözlər, müəyyən əsərlərdə kobud xarakterli sözlərin işlənməsi üstünlük təşkil edə bilər. Lakin Sərdar Zeynalın əsərlərinin dilində leksik normanın pozulması, özünü ən çox dialektizmlərin və arxaizmlərin işlədilməsində göstərir.

Dialekt və şivə sözlərinin işlənməsi ilə bağlı leksik normaların pozulması: Bildiyimiz kimi, bəzən bədii əsərdə müəyyən kolorit, hansısa bölgəyə aid səciyyəvi ab-hava yaratmaq məqsədilə, bəzən isə müəllifin özünün leksikonunda işlənməsi səbəbilə bədii əsərlərin dilində dialekt və şivə sözləri işlədilir. Əlbəttə, müəyyən kolorit, hansısa bölgəyə aid səciyyəvi ab-hava yaratmaq məqsədilə dialekt və şivə sözlərinin işlədilməsi əsərə özünəməxsusluq qazandırsa da, bəzən oxucu üçün daha maraqlı olsa da, daha səmimi təsir bağışlasa da, lakin yenə də bu, leksik normanın pozulmasıdır və ədəbi dil üçün yolverilməzdir.

Gedəndə laləydi cığır, yolağa,

Onlar da dözmədi bu ayrılığa (6.10).

Sızlamaram, min yerimdən ağrısam,

Ümid etmə mən kiriyəm, ya susam (6.23).

İstəklərim nə zildədir, nə bəmdə,

Arzularım perik düşüb nə vaxtdır (6.30).

Sürümə yurd olub küzüm, arxacım,

Gözlərim qorxmayıb it oğrusundan (6.39).

Bədii nümunələrdəki yolağa, kirimək, perik düşmək, küz, arxac leksemləri Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri üçün xarakterik olan dialektizmlərdir və şeir dilində onların işlənməsi ədəbi dilin leksik normasının pozulmasıdır. Doğrudur, ədəbi dilə, ehtiyac olduğu zaman, dialekt və şivələrdən sözlər daxil olur. Bununla bağlı B.Əhmədov yazır: “Azərbaycan dilinin şivələri ədəbi dilin lüğət tərkibinə zaman-zaman yeni-yeni sözlər vermiş və bu proses indi də davam edir. Ona görə də xalq dili, onun şivələri ədəbi dilin daimi zənginləşmə mənbəyidir. Ədəbi dil ehtiyac olduqca dönə-dönə xalq dilindən söz alır, öz ehtiyacının böyük bir hissəsini bu xəzinədəki sözlər hesabına ödəyir; oradan hazır sözlər götürülür, şəkilçilərin yaratdığı lüğəvi vahidlər, mürəkkəb sözlər həmişə ona gərəkli olur” (8.3).

Sərdar Zeynal yaradıcılığındakı poetik bədii nümunələrin nəzərdən keçirilməsi göstərir ki, burada xeyli miqdarda dialekt və şivə sözləri işlənir, bunlar bəzən uğurlu poetik tapıntı olsa da, ədəbi dilin normasını – leksik normanı pozur.

Ədəbi dildə dialektizmlərin işlədilməsi ilə bağlı B.Xəlilov yazır: “Dialekt və şivə sözləri elə məqamlarda işlənməlidir ki, həmin dialekt və şivə sözləri mətndə yerinə düşsün, oxucu tərəfindən anlaşılsın, yazıçının təsvir dilində ədəbi dil norması pozulmasın və s. Əgər yazıçının təsvir dilində işlənən dialekt və şivə sözləri oxucu tərəfindən anlaşılmırsa, mətndə yerinə düşmürsə, ədəbi dil norması pozulursa, onda onlar ədəbi dilimizə gətirilməməlidir” (9.102). Məsələn:

And içə bilərəm bu qəsəm, bu haqq,

Həmişə qəlbimə şələ olmuşam (6.48).

Çarığı cırıqdır işdə çəpiyin,

Allahdır yetirən varı, ruzunu (6.54).

Yavıncı düşmədim əldə qalana

Mərd gördü, yetişdi dadıma mənim (6.60).

Bu nümunələrdəki şələ (yük) sözünün mənası anlaşılsa da, qəsəm, çəpiy, yavıncı sözləri oxucu üçün naməlum qalır.

Köhnəlmiş sözlərin işlənməsi ilə bağlı leksik normaların pozulması: Azərbaycan dilçiliyində arxaizmlər, müasir Azərbaycan dilində köhnəlmiş, o cümlədən arxaikləşmiş sözlər və bu qəbildən olan digər məsələlərlə bağlı S.Cəfərovun, H.Həsənovun, B.Xəlilovun, E.Əzizovun samballı araşdırmaları vardır.

Azərbaycan dilinin lüğət tərkibindəki sözlərin bir hissəsi dildə aktiv şəkildə fəaliyyət göstərmir. Bu cür sözlər köhnəlmiş sözlərdir: ün – səs, ağu – zəhər, tuş – yuxu, vəli – ancaq, lakin, ab – su, siyah – qara, varmaq – getmək, uyumaq – yatmaq və s. Bu dil vahidləri müasir dil baxımından köhnəldiyi üçün fəal istifadədən çıxmışdır. Bu qəbildən olan sözlər bəzən poeziyada işlənir ki, bu da leksik normanın pozulması halını yaradır. Məsələn:

Xatirədir pay verdiyin bir busən,

Ümidləri din-imanla qalmışam (6.23).

Dikilən göz dərya, baxış mübtəla,

Süzülən gözlərin sədd çəkir yola (6.77).

Nə deyirsən, söylə mənə, suçum yox,

Dişlərimlə yüz dərdimi sıxmışam (6.30).

Yad sözə aldanıb uyan demədim,

Payıma böldüyün zəhər-ağın nə?! (6.11).

Dardasan?! Hardasan bu saat, bu dəm?!

Kimsəyə çatmırsa harayın, ünün (6.107).

Qoymadın bircə yol qəlbim arına,

Hayana dönürəm həsrət çağırır (6.73).

Bu poetik nümunələrdəki busə, mübtəla, suç, ağı, ün, arınmaq kimi leksik vahidlər müasir Azərbaycan ədəbi dilində işlənmir, lakin bunlardan bir qismi (suç, ağı, ün) bır sıra dialekt və şivələrimizdə (Qazax, Gəncə, Qarabağ, Qərbi Azərbaycan, Borçalı, Naxçıvan və s.) bu gün də fəal şəkildə işlənir. Fikrimizcə, şair bu sözləri məqsədli şəkildə işlədir, onların dildə, oxucuların yaddaşında  qorunub saxlanması, unudulmaması üçün edir.

Frazeoloji normalar: Sərdar Zeynal poeziyasında özünü göstərən ədəbi dil normalarından biri də frazeoloji normalardır. “Ədəbi dildə frazeoloji norma problemi həm mürəkkəb, həm də aktualdır. Sözlərin məcazlaşması nəticəsində bir-birinə qoşularaq müəyyən fikri, anlayışı ifadə etməsi norma çərçivəsində baş verir. Bu çərçivədən kənara çıxdıqda frazeoloji birləşmə nitqi düzgün səciyyələndirmir” (2.167). Sərdar Zeynal poeziyasında frazeoloji vahidlər kifayət qədər işləkdir:

Çox fürsəti çox vermişəm əlimdən,

Öz-özümü yaman günə qoymuşam.

Neçəsinə qismətimi bölüb mən,

Ehtiyacla ürəyimi soymuşam.

Yaramışam çox naşının işinə,

Can qoymuşam hey düşünə-düşünə.

Məğlub olub kim döyübsə döşünə,

Vədəsində yalanını duymuşam.

İnanmışam, yalan durub qəsdimə,

Dörd tərəfdən hücum çəkib üstümə.

Öz gözlərim kor olub öz tüstümə,

Mən əynimə alovdan don geymişəm (6.3).

(Ardı var)

Sevinc Sadıqova

ADPU-nun dosenti, f.ü.f.d.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru