“Elxan Məmmədov kimdi, nə matahdı ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir?”

“Elxan Məmmədov kimdi, nə matahdı ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir?”

Səyyad Aran Rəşad Sadıqova səsləndi
Ölkəmizin Türkiyədəki sabiq baş konsulu Səyyad Aranın qatı futbol azarkeşi olduğunu futbol camiəsində bilməyən yoxdu. “Qarabağ” – APOEL (2:2) matçından sonra Səyyad bəy redaksiyamıza zəng vuraraq, “ürəyini boşaltmaq” istədiyini bildirdi. 67 yaşlı ziyalı bizimlə söhbətdə həm ağdamlıların Avropa Liqasının qrupundan çıxmaq şansını incələdi, həm də ölkə futbolunun indiki durumundan söhbət açdı.
- İanırsız, bütün gecəni əsəbimdən yata bilməmişəm. Belə tarixi şansı necə əldən vermək olardı? “Qarabağ” qalib gəlsəydi, demək olar ki, qrupdan çıxmaq məsələsinə nöqtə qoyulacaqdı. Təəssüf ki, komandamız bunu bacarmadı və yenə işini çətinə saldı. APOEL bu il Bakıyaya hər iki səfərində bizi məyus etdi. Nikosiyadakı oyunda “Qarabağ” üçün çox çətin olacaq. Qurban Qurbanovun komandası ordan heç olmasa, 1 xalla qayıtsa – hərçənd bu heç də inandırıcı görünmür – nəyəsə ümid edə bilərik. APOEL “doğma divarlar” arasında qalib gələcəyi halda “Qarabağ”la xalları bərabərləşəcək. Ondan sonra hər iki komandanın qrupda iki oyunu qalır. Məncə, “Sevilya” qalan görüşləri də qələbə ilə başa vuracaq. Hər iki kollektiv üçün həlledici qarşılaşma “F91 Düdelanj” ilə matç olacaq ki, bundan da çəkinirəm. Çünki avropalılar xristianlıq pərdəsi altında bir-birinə kömək edəcək. Lüksemburq təmsilçisi 3 xalı APOEL-ə “bağışlayacaq” ki, “Qarabağ” qrupdan çıxa bilməsin. Ona görə də Qurbanov və yetirmələri Nikosiyada minimum heç-heçə etməlidilər. Danışdıqca yenə əsəbləşirəm. Niyə özümüz öz durumumuzu bu qədər qəlizləşdirdik?
- Sizcə, qələbə üçün “Qarabağ”a nə çatmadı?
- Birincisi, vətənpərvərlik.
- Sizə elə gəlmir ki, rəngləri bir qədər tündləşdirdiz?
- Vallah, bizim yerimizə gürcü və ya erməni olsaydı, dünənki (srağagünkü) oyunu nə yolla olur-olsun, 3 xalla başa vurardı. Meydanda sona qədər vuruşmaq lazım idi. Təəssüf ki, mən “Qarabağ”ın oyunçularında bunu görmədim. İkincisi, oyun intizamı. Və sonuncusu, geri ötürmələri qeyd edərdim. Vallah, dünyada bu gün “Qarabağ” və Azərbaycan millisi kimi bu qədər arxaya ötürmə edən ikinci bir komanda yoxdu. 1966-cı ildən futbol azarkeşiyəm. Məni tanıyanlar yaxşı bilir ki, futbolun xəstəsiyəm və günlərlə izləsəm də, yenə doymaram. Az-çox da futbol biliyim var. Ona görə də bu gün ağdamlıların geriyə bu qədər ötürmə verməsini heç də yaxşı qəbul etmirəm. Futbolçu nə vaxt arxaya ötürmə edir? İrəli getməyə variant olmayanda və ya komanda yoldaşları boş zonaya açılmayanda. Bir sözlə, əlacsızlıqdan. Belə çıxır ki, “Qarabağ”ın arxaya ötürməsinin kökündə də əlacsızlıq durur. Qapıçı topu vurur meydanın mərkəzinə. Orda yarımmüdafiəçi onu qəbul edib, irəli getmək, hücumu kəskinləşdirmək əvəzinə ya yana, ya da yenidən qokiperə qaytarır. 30 saniyədən sonra qapıçı yenidən eyni ssenarini təkrarlayır. Müasir futbol sürət, dinamikanı xoşlayır. Yığmamız və “Qarabağ” isə hələ də çoxgedişli kombinasiyalar üzərində hücum qurur. “Qarabağ”ın müdafiə xətti də inamsız təsir bağışlayır. APOEL-lə son matçda da eyni hal yaşandı. Hələ mən Rəşadı demirəm.
- Siz də deyəsən, Rəşad Sadıqovu tənqid edənlər sırasındasız...
- Rəşad son illər Azətbaycan futbolunun yetişdirdiyi ən ünlü oyunçularımızdan biridi. Millidən vaxtında getdi. Ancaq “Qarabağ”dan... Fürsətdən istifadə edib qəzetiniz vasitəsi ilə Sadıqova səslənirəm. Rəşad, sən artıq 5-10 il əvvəlki Rəşad deyilsən. İstəsən də, istəməsən də, yaş öz işini görür. Əvvəlki çevikliyin qalmayıb. Odu ki, illər boyunca yığdığın nüfuzu boş yerə xərcləmə. Dünən mən onun səhvdən sonra hansı hisslər keçirdiyini gördüm. Biranlıq sanki utandığından donub qaldı. Futboldan doymamısansa, məşqçiliyə başla, funksioner kimi fəaliyyət göstər. Ancaq yaşıl meydanlardan getmək vaxtıdı. Hələ deyərdim, bir qədər gecikmisən.
- Bəlkə məsələyə başqa prizmadan yanaşaq. Bəlkə Sadıqovu əvəzləyə biləcək müdafiəçi olmadığından Qurban Qurbanov hələ də ona güvənir. Rəşad həm də komandanın lideri statusunu daşıyır, əksər klubların çalışdırıcıları, rəhbərləri hətta Sadıqov kimi lider oyunçularının olmasını arzulayırlar.
- Rəşad birdən-birə bu səviyyəyə çatmayıb ki. O da kiminsə əvəzinə meydana çıxıb və vaxt ötdükcə püxtələşib, təcrübə toplayıb, lider statusuna yüksəlib. Deməyim odu ki, hər şeyə zaman lazımdı. Onun əvəzinə baş məşqçi daha gənc müdafiəçi oynatmalı və ona güvənməlidi. Etimad göstərdiyi gənci də bir-iki oyunda səhv etdiyinə görə ehtiyata atmamalıdı. Şans verməli və inanmalıdı. Söhbət burda təkcə Rəşadın APEOL-lə son oyundakı xətasından getmir. O karyerasının zirvə nöqtəsində olduğu vaxtda da səhvlərə yol verirdi. Bu gün, sadəcə, Sadıqov tükənib. Nə o, nə də Qurban müəllim mənim sözümdən incisin. Hər şeyi olduğu kimi qəbul etmək lazımdı.
- Bir qədər də ölkə çempionatından danışaq.
- Çox xahiş edirəm, ölkə çempionatı deyib futbolsevərləri yanıltmayın. Dedim axı, hər şeyi öz adı ilə çağırmaq lazımdı. Deyin Bakı birinciliyindən söhbət edək. Bu gün futbol üzrə Azərbaycan çempionatı yox, 8 komandalı Bakı birinciliyi təşkil olunur. Bu məsələ mənim ən yaralı yerimdi. 10 milyon əhalisi olan ölkənin güclülər dəstəsində cəmi 8 komanda mübarizə aparır ki, bu da utandırıcı faktdı. Bizdən istər əhali sayına, istər iqtisadi durumuna görə geridə olan ölkələrin güclülər dəstəsinə diqqət yetirmək lazımdı. Azərbaycan çempionatı o vaxt idi ki, çempionluq uğrunda “Xəzər Lənkəran”, “Bakı”, “Turan”, “Kəpəz”, “Karvan” mübarizə aparırdı. Şimalda, cənubda, qərbdə futbol yoxdu və ya yox səviyyəsindədi. Premyer-liqada Lənkəranın, Tovuzun, Gəncənin, Mingəçevirin, Qusarın, İmişlinin təmsilçisinin olmamasına nə ad qoyasan, durumu necə dəyərləndirəsən? Bugünlərdə Mübariz Mənsimovun açıqlamasını oxudum və sevindim. Ona seçkidə “Beşiktaş”ın prezidentliyinə namizədliyini irəli sürmək təklif olunmuşdu. Lakin o yalnız “Xəzər Lənkəran”ın başqanı ola biləcəyini vurğulamışdı. Türkiyədə baş konsul kimi çalışdığım dönəmdə Mübariz bəyin qardaş ölkədə hansı hörmətə sahib olduğunu görmüşəm. Mənsimov Türkiyə Futbol Federasiyasının sabiq başqanı Yıldırım Dəmirörən, “Fənərbaxça”nın sabiq prezidenti Əziz Yıldırım ilə yaxın dostdu. Ümumiyyətlə, çox istərdim ki, bizdə də Türkiyədə olduğu kimi telekanallarda futbolla bağlı verilişlərin sayı çox olsun, həftəboyu oyunlar müzakirə edilsin, derbilər ətrafında ajiotaj yaransın. Əslində bizdə indi heç derbi də olmur. Vaxt var idi bütün ölkə “Neftçi” – “Xəzər Lənkəran”, “Kəpəz” – “Turan” oyunlarını səbirsizliklə gözləyirdi. İndi heç nə yoxdu.
- Adını çəkdiyiniz klublar iş adamlarının sayəsində ayaqüstə dururdular. Ancaq indi nədənsə onlar da futbola sərmayə qoymaq istəmirlər və ona görə də çempionatda cəmi 8 komanda çıxış edir. Bu məqamı da nəzərə almaq lazımdı.
- Sizə kim deyir ki, iş adamları futbola sərmayə qoymaq istəmirlər? Bu gün də belə insanların sayı çoxdu. Siz ondansa deyin ki, həmin iş adamları bəzi məmurlardan çəkinərək bu addımı atmırlar. İş adamı futbola vəsait yatızdıran kimi gəlib çökürlər boğazına ki, bu pulu hardan alıb futbola sərmayə qoyursan? Bədbəxtlər daha başa düşmürlər ki, bu insanın biznesi var, gecə-gündüz işləyib kapital yığıb və indi də istəyir ki, həmin maliyyədən müəyyən qədər futbola yatırsın. Ancaq buna şərait yaratmırlar. Bəzi məmurlar həmin iş adamını sıxışdırıb öz ciblərini güdürlər. Belə bürokratik əngəllərə görə də heç kim başını ağrıtmaq istəmir. Bunun da nəticəsi kimi premyer-liqadakı klubların çoxu SOCAR tərəfindən maliyyələşir, bir adamın əlinə baxır. Azərbaycanda bu gün elə şərait yaradılıb ki, heç kim nə haqqını tələb edir, nə də iddialı açıqlama verə bilir. Çünki hamı bir nöqtədən idarə olunur.
- Sözlərinizdən belə başa düşmək olar ki, siz də hazırkı AFFA rəhbərliyindən narazısız?
- Hər gün mətbuatı yaxından izləyirəm. Demək olar ki, hər gün də Elxan Məmmədovun tənqid olunduğunu oxuyuram. Bu adam kimdi, nə matahdı ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir? Bu sual məni çox düşündürür. AFFA-da futbolu bilən, bölgə təmsilçilərinə şərait yarada biləcək şəxslər çalışmalıdı. Yenə deyirəm, stajlı futbol azarkeşiyəm. Bu gün Bakı birinciliyini xatırladan turniri izləmək mənə də xoş deyil. Futbolun inkişafını istəyiriksə, bölgələrə güc vermək lazımdı.

RƏŞAD, "Futbol+"