AzTV-nin 2 milyonluq tenderi ləğv olunub? — İki fərqli AÇIQLAMA

AzTV-nin 2 milyonluq tenderi ləğv olunub? — İki fərqli AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) "Televiziya avadanlıqlarının satın alınması və quraşdırılması" ilə bağlı elan etdiyi açıq tenderin qalibi bu ilin avqust ayının 15-də dövlət qeydiyyatına alınan "System House Business Partners" MMC olub.


Tenderin qalibi olan "System House Business Partners" MMC ilə oktyabr ayının 8-də 1 milyon 980 min manatlıq müqavilə imzalanıb.


AzTV-nin elan etdiyi tenderdə sənəd qəbulunun başa çatmasına 14 gün qalmış dövlət qeydiyyatına alınan, yəni heç bir təcrübəsi olmayan şirkətin tenderin qalibi olması barədə 08.10.2019-ci il tarixində Yeniavaz.com saytında məlumat verilib (bu linkdən oxuya bilərsiniz: https://www.yeniavaz.com/az/news/index/120535/aztv-den-2-milyon-manatliq-muemmali-odenis-fotofakt).   


Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin mətbuat katibi Mübariz Aslanov bildirdi ki, haqqında bəhs etdiyimiz tender ləğv olunub və əvəzində başqası elan olunub. AzTV rəsmisinin sözlərinə görə, tenderin nəticəsi qənaətbəxş hesab olunmayıb.


Maraqlıdır ki, nəticəsi qənaətbəxş hesab olunmayan tenderin necə qalibi olur və həmin qaliblə necə müqavilə imzalanır?


Həm də çox qəribədir ki, 08.10.2019-cu il tarixində  AzTV ilə "System House Business Partners" MMC arasında tender müqaviləsinin imzalandığını göstərən məlumat  “Dövlət satınalmalarının vahid elektron portalı”nda (tender.gov.az) hələ də qalmaqdadır.


Eyni zamanda AzTv-nin yeni tender elan etməsilə bağlı da müvafiq resursalarda heç bir elan yerləşdirilməyib. \\Demokrat