Həqiqət çarçısı... - Hüseyn Cavidin əsərləri Azərbaycanın milli sərvətidir

Həqiqət çarçısı... - Hüseyn Cavidin əsərləri Azərbaycanın milli sərvətidir

Cavidin söykəndiyi həqiqətin bircə mənası olub:  xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək! Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biridir.

Mərhum dövlət başçısı Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirərək demişdir: "Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. EXalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir". Məhz bu dürüst qiymətin nəticəsidir ki, dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən Hüseyn Cavidin anadan olmasının 130 illiyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd edilir.

Yaradıcılığa şeirlə başlayan Cavid ilk pyesi "Ana"nı 1910-cu ildə yazmışdı. 1937-ci ilə kimi bir-birinin ardınca 20-dən çox pyes yazan qüdrətli sənətkarımız Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoydu. "Maral", "Şeyx Sənan", "Uçurum", "Şeyda", İblis". "Afət", "Peyğəmbər", "Topal Teymur", "Knyaz", "Səyavuş", "Xəyyam", "İblisin intiqamı", "Atilla", "Koroğlu" ssenarisi, yarımçıq "Azər" poeması və başqa əsərlər ədəbiyyatımızın inciləri sayılır.

Tarixi mövzularda möhtəşəm əsərlər yaradan Hüseyn Cavid əsrlərin ən dərin qatlarına dövrünün gözü ilə baxaraq işlədiyi mövzunu elə qüdrətlə mənalandırırdı ki, ədib bütün ədəbi döyüşlərdən qalib çıxırdı. Bu səbəbdən də onun əsərlərində yalnız Azərbaycan deyil, bütün bəşəriyyəti düşündürən problemlərə, məsələlərə işıq saçılırdı. Cavidin axtardığı həqiqətin bir mənası vardı: milləti azad, xoşbəxt və birlikdə görmək! Gənclik illərində dostlarına yazdığı məktubların birində oxuyuruq: "...Əsl məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir".

Cavid yaradıcılığına həmişə diqqət və həssaslıqla yanaşan unudulmaz Heydər Əliyevin başqa bir fikri də bu dahi sənətkarın bir şəxsiyyət kimi məziyyətlərini açıqlayır: "Hüseyn Cavid həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həqiqətən canından artıq sevmişdir". Əsərlərində nəyi tərənnüm etmiş, hansı arzuların qanadında səmalara uçmuş olduğunu böyük ustadımız vaxtilə belə cavablandırmışdır: "Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir!" O, bu həqiqəti tapmaq üçün elə ağır bir yolun yolçuluğunu üzərinə götürdü ki, üzləşdiyi çətinliklər, ziddiyyətlər, təzyiqlər, uçurumlar və nəhayət, repressiyalar ömrünə, həyatına qənim kəsildi. Dəhşətlisi odur ki, Cavid kimi coşqun arzulu, vətəndaş mövqeli, milli qürurlu, torpaq sevgili şairimizin taleyinə sürgünün ən ağır nəticəsi olan qürbət iztirabları yazıldı.

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,

Nə xəlq, nə Xaliq, nə əski-həsrət olaydı.

Nə dərd olaydı, nə dərman, nə şur olaydı, nə matəm,

Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı...

Bu zahiri inkarın daxilində qəribə bir istək duyulmaqdadır. Bəs nə olaydı? Cavid nə arzulayırdı? Nə istəyirdi? Yalnız ədalət! Bütün həyatı boyu yazdıqlarında ancaq bu diləklə çırpınmışdı böyük Əfəndimiz! O, məfkurə davasını insanların beyninə, milli zehniyyətinə aşılamaq istəyirdi:

Turana qılıncdan daha kəskin ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..

Böyük Cavidin amallarını "uf" demədən doğrayan 1937-ci ilin qəzəbli qılıncı o dövrün bir çox aydınlarının həyatını puç edərək işıqlı arzularına son qoydu, xanimanlarını dağıtdı, ailə üzvlərini isti ocaqlarından didərgin saldı. Kimi sinəsinə tuşlanmış güllədən, kimi qəfil başlayan qəzadan, kimi də sonrakı vahiməli illərin sarsıntısından dünyasını vaxtsız dəyişdi. Bu ədalətsiz hökmlərin, əmrlərin, tuthatutların, qovhaqovların ən ağır zərbəsi isə millətin köksünə dəydi. "Ayaq altında pamal olmuş" vətənin dərdləri Cavidin qələmində əvvəlcədən fəryad qoparırdı:

Daha məhv etdi artıq istibad,

Yaxdı zülm atəşinə canımızı!

Olub hər bir hüququmuz bərbad,

Dinləməz kimsə əlamanımızı!

Rəzalətlərin hökm sürdüyü o dövrdə ümidsizlik, bədbinlik öz qəzəbli hökmlərini elə bir həddə çatdırmışdı ki, hər axşamın toranlığı evlərə bir vahimə gətirirdi: "Görən, bu gecə kimin qapısı döyüləcək?", "Bu gecə kimi tutacaqlar?". O qorxulu gecələrin birində isə qara qüvvələr məhz Cavid əfəndini apardılar. Deyilənə görə, əzrayıllı gecələrə dönən həmin günlərin bir axşamında teatrda böyük dramaturqun "İblis" əsəri göstərilirmiş. Sonralar 37-ci ilin qəzəbinə tuş gələn Abbas Mirzə Şərifzadə həmin tamaşada Cavidin üsyankar səsini, etiraz və fəryadını özünəməxsus kinayələrlə, acı gülüşlərlə, öldürücü ahənglə salona iynələyirmiş:

Sellər kimi axmaqda qızıl qan,

Canlar yaxar, evlər yıxar insan...

Bu qorxunc qəhqəhələrin atmacaları dövrün əks-sədası idi:

İblis nədir?

- Cümlə-xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

- İblis!

İnsandakı bu xislətə, vəhşətə, sonu nifrətə dönən yalançı şəfqətə, lənətə uzanan rəhmətə meydan oxuyan Cavidlərin, Abbas Mirzə Şərifzadələrin, Müşfiqlərin, Əhməd Cavadların... haqq səslərini məhz o gecələr döyülən qapı səsləri batırmaq istəyirdi. Şərə, zülmə yol verən fitnələr öz işini görsə də, o şəxslərin ruhunu öldürmək mümkün olmadı. Çünki Cavidlərin gözəllik, sevgi tanrısına tapınan ömürləri eləcə nura qənşər bir yolun əbədi yolçusuna dönmüşdü.

...Payızda dünyaya gəlmişdi böyük və unudulmaz ustad. Adətən oktyabra "Cavidlər ayı" deyirlər. Maraqlıdır ki, ailənin bütün üzvləri məhz bu ayda doğulublar. Oktyabrın 2-si şairin qızı Turan xanımın, 22-si oğlu Ərtoğrolun, 24-ü isə Cavid əfəndinin özünün doğum günləridir.

Hüseyn Cavid ilk dərslərini atasından, eləcə də dövrünün tanınmış ziyalısı, böyük qardaşı Məhəmməd Rəsizadədən alıb. Əvvəlcə mollaxanada, daha sonra isə Məhəmməd Tağı Sidqinin məktəbində oxuyub. Sonralar isə İstanbulda Darülfünunun ədəbiyyat şöbəsini bitirib. Həbs olunana qədər (1937-ci il) Bakıda yaşayan Hüseyn Cavid əvvəlcə orta məktəbdə, sonra teatr texnikumunda və Bakı Darülmüəllimində ədəbiyyat dərsi deyib.

Millətini, xalqını canından artıq sevən bu böyük mütəfəkkir 1937-ci ilin qəzəbli möhürünə - "vətən xaini" kimi iyrənc ifadəyə məruz qaldı. Özünü həmişə "hüsni-Xuda şairi" sayan, xəyalı səmalara qanadlanan Cavid dillər əzbəri olan "Mənim tanrım" adlı şeirində deyirdi:

Hər gülün cahanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var.

Hər kəsin bir eşqi, bir Allahı var,

Mənim tanrım gözəllikdir, sevgidir!

Hüseyn Cavid haqqında sağlığında da, ölümündən və bəraətindən sonra da xeyli xatirə və məqalələr yazılıb. Dəhşətlisi odur ki, dövrün qəzəbli diktələri bəzən Cavidin müasirlərini can qorxusuna salaraq yalan, riya yazmağa məcbur edib. O illərin "Ədəbiyyat qəzeti"ni vərəqləyəndə, Cavidin ünvanına tuşlanmış şeirləri oxuyanda inanmağın gəlmir ki, belə bir qüdrətli dramaturqa "Sən şahların sinisini yaladın", "Sənin yazdıqların özündən qabaq öldü" demək mümkün imiş. Yaxşı ki, dünyanın dəyişən vaxtı gəldi. Yaxşı ki, Cavidin məhəbbəti susmuş ürəkləri dilə gətirdi. Bütün bu yazılanların, deyilənlərin arasında iki şəxsin münasibəti daha səmimi, daha təsirli, doğrudur. Böyük şairin ömür-gün dostu Mişkinaz xanımın "Cavidi xatırlayarkən" adlı xatirəsini oxuduqda ustadın canlı portreti göz önündə dayanır. Bu yazıdan sonra sanki başqa bir məqaləni, xatirəni oxumağa ehtiyac duyulmur. Çünki Cavid necə varsa, geyimindən, yerişindən, vərdişlərindən, ta yazı-pozusuna, dost-tanışına münasibətinə qədər Mişkinaz xanımın xatirələrində öz əksini tapıb. Cavidin həyatında, yaradıcılığında, daha doğrusu, onun xalqımıza qaytarılmasında, təbliğ və təşviqatında önəmli yeri ümummilli lider Heydər Əliyev tutur. Məhz bu böyük insanın qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirildi. Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olundu. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə Hüseyn Cavid məqbərəsi tikildi, Bakıda Hüseyn Cavidin ev-muzeyi açıldı. 120 illik yubileyinin təntənəli keçirilməsi də Hüseyn Cavidin adı ilə bağlanan üçüncü böyük sevinc idi ki, məhz dövlət müstəqilliyimizi qazandıqdan sonra baş tutdu.

Qızı Turan Cavid isə ömrü boyu atası ilə bağlı xatirələrin, yazıların, əlyazmaların başına pərvanə kimi fırlandı. Bəzən də düçar olduğu atəşlərdən içi min əzab çəkdi, yandı, qovruldu, amma zərif çiyinlərini elə bir yükün altına vermişdi ki, o, adicə övlad deyildi. Köksündə anasının, atasının, qardaşının ürəkləri döyünürdü. Dağılmış inciləri bir yerə yığmaq missiyası onun taleyinə yazılmışdı. Qapı-qapı, el-el, oba-oba gəzərək atasının əsərlərini axtardı, topladı, çap etdirdi. Bəzən də üzləşdiyi məqamlarda son qəpiyini də xərcləməyi bacardı. Atasının əlyazmalarını müxtəlif şəhərlərdən, müxtəlif insanlardan öz halal pulu ilə aldı. Qandan-gendən gələn bir toxluq ömrü boyu Turan xanımın varlığında qərar tutdu. Onu maraqlandıran yalnız Hüseyn Cavid irsinin bir yerə toplanması və yenidən çapı idi. Turan xanımı narahat edən, daim düşündürən, nəhayət, çatdığı arzulardan biri də Hüseyn Cavid əsərlərinin ilkin variantında işıq üzü görməsi oldu. Doğrudur, böyük dramaturqumuz bəraət aldıqdan sonra kitabları çap edilirdi. Təəssüf ki, dövrün tələbindən, quruluşun hökmündən irəli gələn diktələrə məruz qalaraq... Məhz Turan xanımın fədakarlığı nəticəsində Hüseyn Cavidin əsərləri yazıldığı kimi pərəstişkarlarına çatdırıldı.

Hüseyn Cavid elə bir həqiqətin əsiri idi ki, o, altun saraylara, daş zindanlara, vəhşi pəncələrə, tikanlı məftillərə, dəmir qəfəslərə meydan oxuyurdu. Cavid elə bir həqiqətin aşiqi idi ki, qumral gözəllərə, sevdalı könüllərə, parlaq sevgilərə, gülümsəyən günəşə öz misraları ilə ağ yelkənlər kimi qanad açırdı. Bu gün ləngərli söz sahibimizin, qüdrətli şairimizin, böyük dramaturqumuzun doğum günüdür! Bu gün Cavid həqiqətinin gül açdığı gündür! Görün azadlıq yolunda vuruşun ləzzətini Cavid necə dəyərləndirirdi:

Şər olmadıqca xeyrə qovuşmaq  mahal olur,

Qəsvətli, sisli hər gecədən bir,  günəş doğar.

Hürriyyət öylə nazlı bir afət ki , tək vüqar,

Qan axmadıqca kimsəyə gülməz  o işvəkar.

Unudulmaz xalq şairi Rəsul Rza Cavidlə bağlı maraqlı bir fikrin müəllifidir: "Onun romantik qanadlı şeiri yüksək sənətkarlıq nümunəsi idi. Bu gün də öz təsir gücünü itirməmişdi. Cavidin şeir dilinin mürəkkəbliyi və bugünkü dilimizə görə bəzən çətin anlaşılması haqqındakı fikirlər yalnız qismən qəbul oluna bilər. Dilimizin inkişaf yolunu izləyənlər bilirlər ki, Cavidin yazıb-yaratdığı illərdə Azərbaycan dilinə yad olan sözlər, tərkiblər həm ədəbi dilimizdə, həm də mətbuatda bol-bol işlənirdi". Bu fikri xatırlatmaqda məqsədimiz odur ki, Cavidin özü kimi, yazıları da, əsərləri də heç bir zamanın, dövrün diktəsinə baş əyməyib. Bu məziyyətlər onun bənzərsizliyini, orijinallığını şərtləndirən əsas cəhətlərdəndir. Təəssüf ki, dərsliklərdə bu gün Caviddən gələn "yavrum", "quzum" sözlərini "tərcümə" edərək "balam", "qızım" yazanlar ömürləri boyu Cavid adlı möhtəşəm dağın ətəklərinə yaxın düşə bilməzlər. Cavid elə bir sərvətdir ki, ona toxunmaq özü günahdır. Onun əsərlərini yalnız olduğu kimi oxumaq, sevmək və qorumaq lazımdır.

...Şərqin qapısı sayılan Naxçıvanda bu gün ağ işıq kimi ətrafa nur səpən bir məqbərə var - Cavidlər məqbərəsi! Bu müqəddəs torpağın sakinləri də, oraya gələn qonaqlar da həmişə üç ünvanı ziyarət etməyi mənəvi borc bilirlər: Əshabi-Kəhf, Mömünəxatın türbəsi və Cavidlər məqbərəsi! Sovet quruluşunun həyata keçirdiyi repressiyalar nəticəsində bir-birindən ayrı düşən, fələyin yazdığı ağrı-acıya tuş gələn, uzun illər həsrət içində çırpınan Cavidlər məhz bu məqbərədə bir-birinə qovuşaraq rahatlıq tapdılar.

"Həqiqət istərəm, yalnız həqiqət", - deyə bütün ömrü boyu çarpışan, yazıbyaradan Hüseyn Cavidin əsərləri elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir. Doğum günün mübarək, böyük ustad! Gələcəyə doğru mətin bir yürüşlə elə zirvədəsən ki, sənə nə əl çatar, nə söz yetər! Qəribədir ki, həm də hər kəsin - səni sevənlərin də qəlbində varsan! Böyüklük, ucalıq, əbədiyaşarlıq budur!

Təqdim etdi: Məmməd MİRZƏLİYEV