Salam, xoş gəlmisiniz.

Yeltsinin istefa verdiyi gün: Voloşinin “koma”sı, Putinin tərəddüdü, Nainanın sevinci, generalların ağlaması…

2019-10-17 12:15:37

Yeltsinin istefa verdiyi gün: Voloşinin “koma”sı, Putinin tərəddüdü, Nainanın sevinci, generalların ağlaması…

1999-cu ilin 31 dekabrında bütün Rusiya Yeni ili qarşılayaraq yeyib-içib əylənəndə ölkəyə sanki bomba atılmışdı. Prezident Boris Yeltsin heç kəsin gözləmədiyi halda postundan istefaya getdiyini açıqlamış, səlahiyyətlərini baş nazir Vladimir Putinə ötürmüşdü.

Bəs bu hadisə necə baş verib? Boris Yeltsin qələmə aldığı memuarda bu barədə yazıb.

Heç demə, Boris Nikolayeviç bu qərara əvvəlcə dekabrın 14-də gəlib, dekabrın 28-də isə qəti qərarını verib. Həmin gün ORT-nin çəkiliş qrupu onun kabinetində prezidentin xalqa Yeni il müraciətini çəkirmiş. Yeltsin telekamera önündə xalqa Yeni il təbriklərini çatdırıb, ayağa qalxıb və deyib ki, bu gün səsim xırıltılıydı, mətn də xoşuma gəlmədi, dekabrın 31-də gəlib çəkərsiniz. Televiziya işçiləri narazı qalıblar, “bəs nə vaxt montaj edəcəyik, seytnota düşəcəyik” deyə etiraz ediblər. Amma prezident dediyini deyib: “Mətn üzərində işləmək lazımdır. Üç gün vaxtınız var. 31-də çəkəcəyik”.

B.N.Yeltsin ona görə belə edib ki, artıq istefa vermək qərarına gəlibmiş, sadəcə, sirrin vaxtından tez yayılmasını istəmirmiş.

Nikolayeviç bu barədə yazır:

“Həmişə qərarları təkbaşına qəbul etmişəm və tez reallaşdırmışam. Qəbul edilmiş qərar dolaşıqlığı, müzakirəni, ləngiməni sevmir. Hər keçən saatda onun gücü, effektivliyi azalır. Ona görə də mən adətən dərhal “təhlükəsizlik kəmərini taxıram”, realizasiya mexanizmini işə salıram. İlk növbədə köməkçilər, analitiklər, hüquqşünaslar, dəftərxana, sonra mətbuat katibi, telejurnalistlər, informasiya agentlikləri işə qoşulur. Hər dəqiqə daha çox insan qərardan xəbərdar olur. Həmişə belə olub. Yeni Rusiyanın baş postunda olduğum 8 il boyunca həmişə bu cür”.

1999-cu ilin 28 dekabrında Yeltsinin istefa qərarından özündən başqa cəmi bir adam xəbərdar imiş. Bu, Vladimir Putin olub.

Daha sonra prezident daha iki nəfəri bu məsələdən xəbərdar etmək qərarına gəlib və Prezident Administrasiyasının keçmiş və mövcud rəhbərlərini – Aleksandr Voloşini və Valentin Yumaşevi yanına çağırıb. Yeltsin onlara deyib: “Dekabrın 31-də istefaya gedirəm”.

B.N. Yeltsin silahdaşlarının reaksiyasını belə təsvir edir:

“Voloşin kipriyini qırpmadan mənə baxırdı. Yumaşev də donub qalmışdı, bundan belə nə deyəcəyimi gözləyirdi.

Davam etdim: “Müvafiq fərmanlar və müraciətimin mətnini hazırlamaq lazımdır”.

Voloşin hələ də mənə donuq baxışlarla baxırdı.

Dedim: “Aleksandr Stalyeviç, sizdə də əsəb var ha… Prezident indicə istefaya gedəcəyini deyib, siz isə hətta rekasiya vermirsiniz. Məni başa düşmədiniz?”

Voloşin ayıldı: “Boris Nikolayeviç, mənim bütün şiddətli reaksiyam həmişə daxilimdə olur. Başa düşdüm. Administrasiyanın rəhbəri kimi mən, yəqin ki, sizi fikrinizdən daşındrmalıydım. Ancaq bunu etməyəcəm. Düzgün qərardır və çox effektivdir”.

… Sonradan Voloşin mənə dedi ki, həmin vaxt az qala özünə nəzarəti itirəcəkmiş, boğazına düyün gəlibmiş. Demək, dəmir Stalyeviçin də əsəbləri varmış.

Yaradıcı adam olan Yumaşev isə dərhal hadisənin gözəlliyini dəyərləndirdi: Yeni əsr! Yeni prezident!”

Yeltsin, Yumaşev və Voloşin hər şeyi ölçüb-biçirlər, sonra prezident onlara tapşırır ki, söhbəti heç hara çıxarmasınlar. Axırda Yumaşev deyir: “Boris Nikolayeviç, Tanyaya (Yeltsinin qızı) deməmək düzgün və ədalətli olmaz. O, dörd ildir sizinlə birlikdə çalışır. Ona deyin, lütfən”.

(Yumaşev Yeltsinin kürəkəni, qızı Tatyananın əridir – red).

Yeltsin elə də edir, qızını çağırır, qarşısında oturdur və deyir: “Tanya, mən istefaya gedirəm”.

Tatyana Yumaşeva (Dyaçenko) atasının bu qərarından heyrətlənir, daha sonra onu qucaqlayıb ağlayır. Onlar ata-bala xeyli oturub söhbət edirlər. Tanya ona çox maraqlı həyat yaşayacaqlarını, küçədə gəzəcəklərini, qonaq gedəcəklərini, protokolsuz, cədvəlsiz yaşayacaqlarını deyir.

Boris Yeltsin qızına tapşırır ki, hələlik anasına heç nə deməsin.

“Bu saat mühümdür ki, heç bir məlumat sızıntısı olmasın. Əgər informasiya sızsa, istefa olmayacaqdı. Onu daha sonrakı vaxta keçirəcəkdim”, – Yeltsin yazır.

Bundan sonra Boris Yeltsin başına tac qoyacağı adamla müvafiq mövzuda ikinci dəfə görüşmək qərarına gəlir.  Birinci dəfə onlar bu söhbəti 14 dekabrda, Yeltsinin şəhərətrafı kabinetində ediblər. O zaman Putin deyib: “Düşünürəm ki, mən bu qərara hazır deyiləm, Boris Nikolayeviç”.

Yeltsin yazır:

“… Yox, bu, zəiflik deyildi. Putini zəif saymaq olmaz. Bu, güclü adamın şübhəsiydi”.

Ancaq prezident öz baş nazirindən elə-belə əl çəkmir, ona öz həyat yolundan, Moskvaya gəldiyi zaman ondan 7-8 yaş böyük olmasından, çətinliklərindən, Moskva bürokratları ilə çəkişməsindən, siyasətdən getmək istəməsindən, Sverdlovska, inşaat işinə qayıtmaq arzusuna düşməsindən danışır. Lap axırda Putin də ona hər zaman deyilən sözlərdən deyir: “Siz bizə lazımsınız, Boris Nikolayeviç. Bəlkə müddətiniz başa çatandan sonra gedəsiniz?”

Yeltsin pəncərədən bayıra baxır, susur. O istefaya getmək qərarında qəti olduğunu hiss edir və Putindən soruşur: “Hə, necə olsun? Siz mənə cavab vermədiniz axı”. V.Putin söhbəti çox uzatmır: “Razıyam, Boris Nikolayeviç”.

İki həftədən sonra, dekabrın 29-da onlar yenidən görüşdükdə Yeltsin hiss edir ki, Putin bu iki həftədə hər şeyi lazımınca ölçüb-biçib və daha qətiyyətlidir.

                                             Tatyana və Valentin Yumaşevlər

Sonra onlar müzakirə aparırlar, nəyin necə olacağını, xüsusilə də nüvə çamadanının necə ötürüləcəyini, güc nazirləri ilə görüşün vaxtını müəyyənləşdirib qərarlaşdırırlar. Növbəti görüş dekabrın 31-nə təyin edilir.

Dekabrın 30-da Yumaşev televiziya müraciətinin mətnini gətirir. Yeltsin oxuyur, düzəlişlər edir, deyir, bu müraciəti dinləyən kimsə düşünməməlidir ki, prezident xəstəliyi üzündən istefaya gedir, ya da kimsə onu buna məcbur edir.

Yumaşev öz mətninin üstündə qalır, deyir, heç kim elə düşünməyəcək, ancaq mətnə başqa söhbətlərin əlavə edilməsi onu ağırlaşdıracaq.

Yeltsin mətni yenidən oxuyur, razılaşır.

Dekabrın 31-də səhər Yeltsin son dəfə işə gedəndə qızı Tatyana ona “anama deməyəcəksənmi”, – deyə müraciət edir. Yeltsin cavab verir: “Bəlkə bu saat ona həyəcanlanmaq lazım deyil?” Qızı xahiş edir. Yeltsin sakitcə arvadına tərəf dönür: “Naina, mən qərar qəbul etmişəm. İstefaya gedirəm. Televiziya ilə müraciətim olacaq. Televizora baxarsan”.

                                                Boris Yeltsin və həyat yoldaşı Naina Yeltsina

Boris Yeltsin həmin anı belə təsvir edir: “Naina yerində dondu. Gah mənə, gah Tanyaya baxdı. Heç cür inana bilmirdi. Sonra üstümə atıldı, məni qucaqladı, öpdü və dedi: “Necə bir xoşbəxtlik! Nəhayət! Borya, doğrudanmı düz deyirsən?!”

Saat 8-də Voloşin administrasiyanın hüquq idarəsinin rəhbəri Brıçovu və administrasiya rəhbərinin hüquqi məsələlər üzrə köməkçisi Juykovu yanına çağırır və ölkə prezidentini istefası haqda fərman, Duma və Federasiya Şurasına məktublar hazırlamağı tapşırır.

Kremldəki işçilərinə öz qərarını açıqlayandan sonrakı durumu Yeltsin belə təsvir edir:

“Əməkdaşlarım şokdaydı. Anatoli Kuznetsov, Valeri Semençenko, Aleksey Qromov, Andrey Vavra, qəbul otağının katibləri, hamısını saya bilmirəm. Və lal bir sual vardı: niyə? Mən bilirdim ki, bütün bunlar onlar üçün gözlənilməz olacaq, ancaq güman etmirdim ki, bu dərəcədə olar”.

Nəhayət, telemüraciəti yazmağın vaxtı çatır. Artıq televizyaçılar hər şeydən xəbərdarmış. Çünki Voloşin müraciətin mətnini onlara gətirib və mətn telesuflyorda yığılıb.

Yeltsinin memuarından: “Mən qətiyyətlə masaya yaxınlaşdım, oturdum. Rejissor Kaleri Kislovoyin əmri eşidildi: “Motor. Başladıq”. Birdən hiss etdim ki, səsim qısılıb. Allaha şükür, masaya bir stəkan su qoymağı unutmamışdılar. Bir qurtum içdim və sakitcə dedim: “Əziz rusiyalılar! Mənim əzizlərim…”

“Axırıncı sözü deyəndə zalda saatın tıqqıltısını eşitdim. Sonra kimsə çapan çaldı, sonra başqaları. Mən başımı qaldırdım və gördüm ki, bütün teleqruppa ayaq üstə məni alqışlayır. Bilmədim özümü hara qoyum. Qadınlar göz yaşlarını gizlətmirdilər və mən onlara bacardığım qədər ürək-dirək verdim. Xahiş etdim, şampan şərabı gətirdilər, qadınlara gül bağışladım. Biz qədəh qaldırdıq, toqquşdurduq, Yeni ili qeyd etdik”.

Sonra Yeltsin nüvə çamadanını Putinə təhvil verib və bu tarixi akt Dmitri Yakuşinin xahişi ilə sırf ictimaiyyət üçün videolentə alınıb.

Arada Yeltsinin həyat yoldaşı Naina qızı Tanyaya zəng edib, deyib ki, atana de, bu gün istefa verməsin, Yeni ildir, camaat həyacanlanacaq, bayramdan iki-üç sonra istefa verər.

Telemüraciətin efirə verilməsinə 5 dəqiqə qalmış, məlum olub ki, banket zalında televizor yoxdur. Birtəhər yaxınlıqdakı otaqdan televizor tapıb gətiriblər, qoşublar və prezidentin çıxışı başlayıb.

Yeltsin yazır: “Nazirlər, generallar – hamıs susqun halda baxırdı. Bəzilərinin gözü yaşarmışdı. Bu, ölkənin ən sərt kişilərinin göz yaşıydı.

Şampan içdik”.

Daha sonra Yeltsin avtomobili ilə yol gedərkən maşındakı telefona zəng gəlib, Adyutant deyib ki, Bill Klintondur, sizinlə danışmaq istəyir. Yeltsin ABŞ prezidentinə deyib ki, onu sonra arasın. “İndi mən bunu özümə rəva görə bilərdim. İndi mən təqaüdçü idim” – Yeltsin yazır.konkret.az/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru