Türk Şurasında Türkmənistan niyə təmsil olunmur? - EKSPERTLƏRDƏN ŞƏRH

Türk Şurasında Türkmənistan niyə təmsil olunmur? - EKSPERTLƏRDƏN ŞƏRH

Elxan Şahinoğlu: "Özbəkistandan sonra Türkmənistanın da Türk Şurasına qoşulması aktuallaşıb"

Ramil Məmmədli: "Rəsmi Aşqabad bir həqiqəti anlamalıdır ki, ümumdünya türk mədəniyyətinin ortaq nöqtəsi və daşıyıcısı məhz Türkmənistandır"

Dünəndən etibarən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin 7-ci iclası keçirilir. Bu tədbiri digərlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, ilk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir. Qeyd edək ki, iclası açıq elan edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov daha sonra sözü Türk Şurasına hazırda sədrlik edən ölkəyə - Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekova verib. O isə öz növbəsində, ölkəsinin Türk Şurasına sədrliyi çərçivəsində görülən işlərlə bağlı hesabat xarakterli məruzə ilə çıxış edib.

Bundan sonra Türk Şurası ölkələrinin xarici işlər nazirlərinin 7-ci iclası çərçivəsində Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız rejim haqqında sazişə dəyişikliklər barədə protokol imzalanıb. Həmin protokola əsasən, Azərbaycan və Qazaxıstan vətəndaşları bu ölkələrin ərazisində 30 gün ərzində qeydiyyatsız qala, 90 gün ərzində isə vizasız yaşaya bilərlər.

Məlumat üçün onu da bildirək ki, 3 oktyabr 2009-cu il tarixdə Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılan Türk Şurasının əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Məhz elə bu səbəbdən türkdilli dövlətlərdən olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan sözügedən şurada təmsil olunur. Özbəkistan isə bu ilin sentyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmaq barədə qərar qəbul edib. Lakin nədənsə müstəqil türkdilli ölkələrdən Türkmənistan Türk Şurasına bir o qədər də maraq göstərmədiyindən, hələ də adıçəkilən qurumda təmsil olunmur.

"İslam Kərimovun vəfatından sonra hakimiyyətə gələn Şavkat Mirziyoyev Türkiyə ilə əlaqələri bərpa etdi"

Картинки по запросу Elxan Şahinoğlu

Beləliklə, sözügedən tədbirlə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunmasından 10 il sonra Özbəkistanın da Türk Şurasına üzv olmaq haqda qərar verdiyini xatırlatmaqla yanaşı, eks-prezident İslam Kərimovun vəfatından sonra hakimiyyətə gələn Şavkat Mirziyoyevin Türkiyə ilə əlaqələri bərpa etdiyini vurğulayıb: "Özbəkistanın keçmiş prezidenti İslam Kərimov 1990-cı illərdə türkdilli dövlət başçılarının toplantılarına qatılırdı. Türkiyə 1991-ci ildə Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkə idi. İslam Kərimov Türkiyə ilə müttəfiqliyi gücləndirmək istəyirdi. Türkiyənin həmin illərdə Özbəkistanda geniş yatırımları var idi. Ancaq İslam Kərimova müxalif olan şəxslər Türkiyədə sığnacaq aldıqdan sonra iki ölkə arasındakı münasibətlər soyudu və türk iş adamlarının Özbəkistanda problemləri artdı. Hətta iş o yerə çatdı ki, Özbəkistan televiziyalarında Türkiyə seriallarının nümayişinə qadağan qoyuldu. Bu arada, Özbəkistan prezidenti türkdilli dövlət başçılarının toplantılarına qatılmaqdan imtina etdi. İslam Kərimovun vəfatından sonra hakimiyyətə gələn Şavkat Mirziyoyev isə Türkiyə ilə əlaqələri bərpa etdi. Şavkat Mirziyoyev Türkiyəyə səfər edərək iki ölkə arasındakı əlaqələrin yenidən inkişaf etdirilməsi məqsədilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar apardı. Bu, son iyirmi ildə Özbəkistan prezidentinin Türkiyəyə ilk rəsmi səfəri idi. Bunun ardıca Türkiyə cümhurbaşqanı da Özbəkistana rəsmi səfər etdi".

"Ankara Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mühüm regional oyunçuya çevrilməsində maraqlıdır"

Bunun isə Türkiyə cümhurbaşqanının son 13 ildə Özbəkistana ilk rəsmi səfəri olduğunu deyən politoloqun sözlərinə görə, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılması bir neçə səbəbdən türkdilli dövlətlər, o cümlədən Azərbaycan üçün faydalıdır: "Birincisi, Özbəkistanın təşkilata qatılması ilə türkdilli dövlətlər arasında inteqrasiya artacaq. Özbəkistan Azəraycanın, Türkiyənin və Qazaxıstanın yer aldığı regional layihələrdə iştirak edə bilər. Məsələn, Özbəkistan Qazaxıstan kimi Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə edərək mallarını dünya bazarlarına çıxarmaq istəyir. İkincisi, Özbəkistandan sonra Türkmənistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulması aktuallaşıb. Aşqabad hələ ki, təşkilata müşahidəçi statusunda qatılmaq istəyir. Özbəkistanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qaytaran Ankara Türkmənistanın da eyni addım atmasını istəyir. Ankara Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mühüm regional oyunçuya çevrilməsində maraqlıdır. Təsadüfi deyil ki, sentyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Macarıstanın paytaxtı Budapeştdə ofisi açıldı. Açılışda Macarıstan, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri iştirak edirdi. Açılışdan sonra təşkilatın Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirildi. Macarıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında yer alması hər iki tərəf üçün faydalıdır".

"Türk Şurasının toplantısında təşkilatın, eyni dili və kökü bölüşən üzvlərin Türkiyəyə dəstək bəyanatı qəbul etməsinə böyük ehtiyac var"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bu qənaətdədir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Macarıstan vasitəsilə Avropada mövqelərini gücləndirəcək: "Özünü türk dünyasının tərkib hissəsi hesab edən Macarıstan isə təşkilat vasitəsilə türk dünyası ilə siyasi və iqtisadi əlaqələrini gücləndirəcək, türkdilli dövlətlərin regional layihələrində iştirak edəcək. Qərb və ərəb dövlətləri bir ağızdan Türkiyənin Suriyada terrorçulara qarşı həyata keçirdiyi hərbi əməliyyata qarşı etrazlarını bildirir, Ankaranı sanksiyalarla hədələyirlər. Belə vəziyyətdə Türkiyə həqiqi dostlarını yanında görmək istəyir. Türkiyənin Suriyada başladığı hərbi əməliyyata real olaraq 3 ölkə - Azərbaycan, Pakistan və Qətər dəstək verib. Ona görə də Bakıda keçirilən Türk Şurasının toplantısında təşkilatın, eyni dili və kökü bölüşən üzvlərin Türkiyəyə dəstək bəyanatı qəbul etməsinə böyük ehtiyac var".

"Soy kökümüzün tanıdılması, yaşadılması üçün yaradılan birliyə üzv olmaqdan imtina siyasi səhv, yanlış qərardır"

Картинки по запросу Ramil Məmmədli

Mövzu ilə bağlı mövqeyini öyrənmək məqsədiylə müraciət etdiyimiz hərbi-siyasi icmalçı Ramil Məmmədli isə "Hürriyyət"ə bildirdi ki, Türkmənistan SSRİ dağıldıqdan sonra, yəni Saparmurat Niyazovun zamanında hər hansı birliyə qoşulmamaqla bağlı qərar qəbul edib: "Bununla da Türkmənistan Mərkəzi Asiyanın İsveçrəsi kimi mövqe nümayiş etdirmək istədi ki, hər hansı bloka, təşkilata üzv olmaq onların siyasi xəttinə zidd ola bilər. Və prosesi bu cür də davam etdirməkdə maraqlıdırlar. Lakin bəzi görüşlərdə, tədbirlərdə Türkmənistandan nümayəndələri görmək olur. Hesab edirəm ki, bizim soy kökümüzün tanıdılması, yaşadılması üçün yaradılan bir birliyə üzv olmaqdan imtina siyasi səhv, yanlış qərardır. Rəsmi Aşqabad bir həqiqəti anlamalıdır ki, ümumdünya türk mədəniyyətinin ortaq nöqtəsi, bu mədəniyyətin ortaq daşıyıcısı məhz Türkmənistandır. Yəni türkdilli ölkələrin, xüsusilə də oğuzların böyük bir hissəsi əvvəlcə Türkmənistanda yaşayıb, sonra oradan keçərək Xəzərin ətrafına köç ediblər. Odur ki, indiki Türkmənistan Respublikasının ərazisi min illər ərzində türk xalqlarının keçid bölgəsi olub. Bundan başqa, bu gün onlar xarici görünüş baxımından həm Avropa, həm də Altay türklərinin ortaq qruluşuna özlərində formalaşdırıb".

"İllər keçdikcə Türkmənistan da türkdilli ölkələrin birliklərində iştirak etməklə bağlı qərar qəbul edəcək"

Hərbi-siyasi icmalçının fikrincə, "türk" adını öz inzibati ərazisində yaşadan Türkmənistan əslində, Türk Şurasının flaqmanı olmalı idi: "Lakin bir qədər əvvəl qeyd etdiyim səbəblərdən Türkmənistan bu proseslərdən yayınır. Hesab edirəm ki, illər keçdikcə Türkmənistan da türkdilli ölkələrin birliklərində iştirak etməklə bağlı qərar qəbul edəcək. Digər tərəfdən, burda bir siyasi eqo, özündən razılıq da var. Yəni Türkmənistan dövlətinin başçılarında bu eqo hələ də qalmaqdadır və onlar digər ölkələri ziyarət etməkdə, inteqrasiyada maraqlı deyillər".

Özbəkistanın Türk Şurasına üzvlüyü məsələsinə toxunan Ramil Məmmədlinin sözlərinə görə, bu, özündə eqonu formalaşdırmış, inteqrasiyaya meyilli olmayan İslam Kərimov hakimiyyətinin gedişindən sonra yaranan ictimai-siyasi vəziyyətdən irəli gəlir: "Bu gün Şavkat Mirziyoyevin yürütdüyü siyasətin əsası Özbəkistanı dünya arenasına daha geniş şəkildə çıxarmaq, dünya ölkələri ilə beynəlxalq aləmdə inteqrasiyanı həyata keçirmək, həmçinin türkdilli xalqlar, respublikalarla münasibətləri dərinləşdirməkdir. Çünki türkdilli respublikalarla əməkdaşlığın dərinləşməsi Özbəkistana yalnız və yalnız xeyir verə, iqtisadiyyatının inkişafına, o cümlədən siyasi dəstəklərinin sayının artmasına səbəb ola bilər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org