Salam, xoş gəlmisiniz.

Tanınmış idmançıların qayğıya ehtiyacı var - ÇOXSAYLI TİTUL SAHİBİ OLSALAR DA...

2019-11-14 15:23:57

Tanınmış idmançıların qayğıya ehtiyacı var - ÇOXSAYLI TİTUL SAHİBİ OLSALAR DA...

Kazım Əyyubov: “Ali dərəcədə zal sistemi qurmağa kömək yoxdur”

Famil Nəsirov: “Tələbələr zəng edirlər ki, müəllim, zal məsələsi nə oldu?”

Anar İsmayılzadə: “Maddi sıxıntılarım çoxdur...”

Müstəqilliyimizin ilk illərindən dövlətimiz idmanı prioritet sahə kimi dəyərləndirib, idmana və idmançılara ciddi diqqət yetirilib. Demək olar ki, bütün rayon və şəhərlərdə gənclərin idmanla məşğul olması üçün idman komleksləri tikilib, onlara hər cür şərait yaradılıb.

Təəssüf ki, ilk baxışda idmana və idmançılara ciddi diqqət, qayğı yetirildiyi görünsə də, araşdırdıqda məlum olur ki, bütün bunlar sadəcə məsələnin görünən tərəfidir. Əslində isə, heç də əksər idmançılara diqqət, qayğı göstərilməyib və ya göstərilimir. “Hürriyyət”ə danışan 3 peşəkar  idmançının dedikləri də bunu deməyə əsas verir.

“3 dəfə SSRİ çempionu olan idmançım olub”

Şəki rayonun Baş Göynük kəndində anadan olan Əyyubov Kazım Seyid oğlunun sözlərinə görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu əla qiymətlərlə bitirib: “İnstitutda müəllim işi təklif etdilər, işləmədim, gəldim Şəki pedoqoji təxnikumunda müəllim kimi fəaliyyətə başladım. Şəki pedoqoji təxnikumu ilə yanaşı, Uşaq İdman Mərkəzində, “Spartak” idman cəmiyyətində işləmişəm.

İşlədiyim dövrlərdə idmançılarım həmişə respublika çempionları olub. Ümumiyyətlə, çoxlu sayda respublika çempionları yetişdirmişəm. İdmançılarım həmin respbulika çempionları SSRİ yarışlarında iştirak edib. SSRİ çempionatlarında 2-cü, 3-cü yeri tutanlar var. 3 dəfə SSRİ çempionu olan idmançım olub”.

“İndi mən olimpiya döşəklərini haradan gətirim, kimdən tələb edim, bilmirəm”

 K. Əyyubov qeyd etdi ki, bəzən idmanda ədalətsiz qərarlar da verilir: “Hazırda da qeyri-qanuni hərəkətlər var. Məşqçilikdə düzgünlük yoxdur. Məşqçi 2 dəfə məni SSRİ birinciliyində ikinci yerə saldı, uduzdum. Ondan sonra, “əlivida güləş” dedim və 20 yaşından məşqçiliyə başladım. Hazırda da məşqçi işləyirəm.

Şəki Olimpiya Komleksində ştatda, keçmiş nazir Nadir Əhmədov tərəfindən təməli qoyulan “Rabitə” klubunda isə ştatdan kənar işləyirəm. “Rabitə” klubunda Nadir Əhmədovun dövründə köməklik var idi, hazırda heç bir köməklik yoxdur. Onun dövründən qalan köhnə döşəklər var idi, götürdülər. İndi zala İran döşəkləri aparmışam. Həmin döşəklər də standartlara uyğun deyil və onun üzərində məşq etmək düzgün deyil. Bu barədə neçə yerlərə müraciət elədim, heç bir köməklik olmadı. Əvvəllər olimpiya döşəkləri var idi, müəyyən yolla onları götürdülər. İndi mən olimpiya döşəklərini haradan gətirim, kimdən tələb edim, bilmirəm. Eyni zamanda güləş üçün döşəyin üstə xalça mütləq lazımdır. O da yoxdur. Demək olar ki, boksçular üçün də heç şərait yoxdur.

Həm də bir çox idmançılarımız var ki, dünya çempionu olub, Azərbaycanın bayrağını qaldırıblar. Bu idmançılara heç bir yerdən qəpik də pul verilməyib. Bu idmançılar gələcəyin olimpiya çempionu ola bilərdi. Bunlar hamısı bilinir, ancaq heç bir köməklik olmur. Hansı təşkilata müraciət ediriksə, köməklik etmir. Özüm bunlara görə, xərcə-borca düşüb, zal üçün şərait yaratmışam, amma ali dərəcədə zal sistemi qurmağa kömək yoxdur”.

K. Əyyubov dedi ki, Şəkidə olimpiya kompleksi olsa da, onun imkanlarından istifadə edə bilmirlər: “Düzdür, Şəkidə olimpiya kompleksi var, amma bizim zal Göynük  kəndindədir. Uşaqlar Şəki Olimpiya Kompleksində məşq ediblər, amma müəllimləri bizi kimi məşqçilik edə bilməyiblər. Çünki bunların təməlini mən qoymuşam. Həm də kənddən Şəki Olimpiya Komleksinə gəlməyə pul tələb olunur, bunlar da kasıb uşaqlardır. Ona görə, kənddə məşğul olurlar”.

Tanınmış məşqçi yetişdirdiyi idmançıların da adlarını çəkdi: “Əhməd Xalavasov Balakəndəndir, onun məşqçisi mən olumuşam. O, ozü Baləkəndə nə qədər idmançılar yetişdirib. Ondan başqa, nə qədər tələbələrim var ki, Rusiyada məşqçilik edirlər. Məsələn, Sadəddin Əhmədov. O, əsgərlər arasında dünya çempionu olub. İndi Moskvada məşqçidir və belələri çoxdur. Rza Burkayev  respublika çempionatında yer tutub. Rizvanov var, o, özü  də mənim tələbəmdir, Rusiyada çempion olub. Onun da Azərbaycanda məşqçisi mən olmuşam. Hətta Kiprdə də tələbəm var, deyir, gəl bir yerdə işləyək, getmirəm.

Hazırda indi tələbimin biri də yanımda oturub(Nəsirov Famil Bilal oğlu – müəl.). Onun da idman aləmində təməlini mən qoymuşam. Sonradan boks üzrə təkmilləşib, 9 dəfə dünya çempionu, 3 dəfə SSRİ çempionu olub.  Bunun özünün də hazırladığı çox saylı idmançılar var. Həmin idmançılardan 4 nəfəri Amerikada məşqçi işləyir”.

“1993-cü ildə Litvada birinci dəfə dünya çempionu oldum”

K. Əyyubovla birgə “Hürriyyət”in redaksiyasına gələn tələbəsi Nəsirov Famil Bilal oğlu da öz tərcümeyi-halını nəzərə çatdırdı: “Mən özüm internat məktəbində oxumuşam. 8-ci sinifdən sonra Dərnəgüldə 54 nömrəli məktəbdə oxumuşam.  1989-cu ildə idman ustalığına namizəd oldum. Sonra əsgər getdim. Ondan sonra, 1993-cü ildə Litvada birinci dəfə dünya çempionu oldum. Kikboksu Cəlilabada mən gətirmişəm. 1993-cü ildə mən Kazım müəllimin yanına gəldim, sambodan bir az zəif bilirdim. Kazım müəllim məni bütün əməliyyatlardan keçirtdi. Mən Şəkidə bunların evində qaldım. Çünki yetim uşaq idim, evim olmayıb. Mənə dəstək verdilər, ayağa qalxdım”.

“İdman sahəsinə nəzarət edən qurumlardan xahiş edirəm, mənə bir idmançı kimi şərait yaratsınlar”

F. Nəsirov onu da bildirdi ki, SSRİ idman ustası adını ona mayor  Şmılyov verib: “2002-ci ildə mən Moskvada doqquz qat dünya çempionu oldum, dalbadal yarışlara çıxdım. Əlbəyaxa döyüş və Kikboks üzrə yarışırdım. SSRİ idman ustası olduğumla bağlı sənədim bütün bunlara sübutdur.

Mən o vaxtı 73 kilometr qaçırdım.  Ancaq o vaxtı  dəfələrlə dünya çemipionu olsam da, pul verilmirdi, qramotalar, medallar verilirdi. Sonradan maddi çətinlikləri yaşadıqca, medalları divara çırpmışam, kağızları cırmışam, demişəm idmanı atıram.

Artıq əsəb sistemim pozulub. Ona görə, özümə gələ bilmirəm. Çünki, həm də internat məktəbi mənim evimi satdı. Yetim uşaq idim, mənə dedilər, qol çək, çəkdim. Sonradan da vəziyyətim pis oldu, məni sıxıntılara saldı. İndi nə zalım var, nə də dərs keçə bilirəm.

Hazırda 300 tələbəm var, 80 qız, 200-dən çoxu oğlandır. Hamısı məni sıxır, məşq etmək istəyirlər. Mənə zəng edirlər ki, müəllim, zal məsələsi nə oldu? Mən də qaydaya qoya bilmirəm, artıq məni yalançı çıxardırlar. Onlara deyirəm, daha əsəblərim dözmür.

Nəinki zal, heç evim də yoxdur. Hazırda kirayə pulunu da verə bilmirəm. Ayda 250 manat kirayə pulu verirəm. Bu dəqiqə  mənə bu adam (red-Kazım Əyyubovu nəzərdə tutur – müəl.) kömək edir, heç bir yerdən gəlirim yoxdur. Bundan başqa mənim adamım yoxdur. Ona görə, idman sahəsinə nəzarət edən qurumlardan xahiş edirəm, mənə bir idmançı kimi şərait yaratsınlar, tələblərimə dərs keçə bilim”.

“Hazırda Klub evində yaşayıram”

 Söhbətə müaxilə edən Kazım Eyyubov  isə bildirdi ki, heç özünün də hazırda evi yoxdur: “Qəbələ rayonunda evim var idi, yandı, o vaxt İlham Əliyev neft üzrə vitse-prezident idi, yazdım xahiş etdim ki, kiçik bir ev tikilsin, məktuba cavab verən olmadı. Hazırda da Klub evində yaşayıram, ora başqasının adınadır.

Oğlum ermənilərlə sərhəddə xidmət edib, ayağına qəlpə dəyib, indi də müalicə alır. Hazırda onun da evi yoxdur, kirayədə qalır. Bir oğlum da hərbçidir, evi yoxdur. Ermənilərə məşqçi işləyəndə deyirdilər, gəl, səni Yerevana aparaq,  ev, maşın verək, imtina etdim, gəldim. Ondan sonra Qəbələdə işləməyə başladım, orada da evim yandı. Biz idmançılara kömək edən yoxdur”.

“Maddi sıxıntılarım mənə daha yüksək nailiyyətlər əldə etməyə imkan vermir”

K.Əyyubovun digər tələbəsi Anar İsmayılsazadə İsmayıl oğlu isə dedi ki, o, 2003-cü ildə Şəkinin Aşağı Layskı kəndində anadan olub: “3-cü sinifdən idmanla məşğul olmuşam. Kikboks üzrə 3 dəfə respublika çempionu olmuşam, Uşu üzrə beynəlxalq festivalın qalibi olmuşam, Alpaqud idman döyüş sənəti üzrə dünya kubokunun qalibi olmuşam. Sonra Alpaqud idman döyüş sənəti üzrə dünya çempionatında ikinci yer tutmuşam. Uşu üzrə respublika çempionatının qalibiyəm. Uşu üzrə festival bir də keçirilib, onun da qalibiyəm. Bütün diplomlarım, medallarım var. Mənim məqsədim daha yüksək nailiyyətlər əldə etmək, Azərbaycan bayrağını qaldırmaqdır. Amma maddi sıxıntılarım çoxdur, anam rəhmətə gedib, özüm də Dərnəgüldə, Ruslan Abışov küçəsində kirayədə yaşayıram.

Kazım müəllim mənim şəxsi məşqçim olub. Sonradan Nakam müəllim məni təkimilləşdirib, yarışlara çıxarıb. Hər iki müəllimin üzərimdə əziyyəti var. İndi Ramil Səfərov adına “Cənub” İdman Klubunda məşq edirəm, amma maddi problemlər, sıxıntılarım çoxdur. Bu da mənə daha yüksək nailiyyətlər əldə etməyə imkan vermir, xahiş edirəm, mənə kömək etsinlər”.

Şamo EMİN, Hurriyyet.org


 


 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru