Türk ordusu Tel Abyadı tam nəzarət altına aldı – Yenilənib

Türk ordusu Tel Abyadı tam nəzarət altına aldı – Yenilənib

17.05

 

TSQ-nin verdiyi məlumata görə, Tel Abyad tam nəzarət altına alınıb.

***

14.09

Barış pınarı əməliyyatında kritik mərhələyə qədəm qoyuldu.

Ovqat.com TSQ-nin rəsmi məlumatlarına istinadən xəbər verir ki, bu gecə Suluku alan mehmetçik artıq Tel Abyad qəsəbəsinə girib. Artıq Tel Abyadın mərkəzi küçələri uğrunda döyüşlər gedir.

Məlumat üçün bildirək ki, Tel Abyad Şimali Suriyada qurulmağa çalışılan kürd zolağı üçün olduqca strateji əhəmiyyətə malikdir. Bu qəsəbə Kobani ilə Cəzirə kantonlarını Raqqaya birləşdirən yolun üzərində yerləşir.

Qəsəbə 2015-ci ilin iyul ayında PKK/YPG qoşunları tərəfinfən İŞİD-in əlindən alınmışdı. PKK-çılar həmin vaxt bu hadisəni özlərinin ən böyük qələbəsi kimi qiymətləndirir və İŞİD-in ikinci paytaxtı Raqqanın logistik dəstəkdən məhrum etdiklərinə sevinirdilər. Həqiqətən də iki ildən sonra başladılan hücumla xilafətin alınmaz qalası hesab olunan Raqqa da qısa zaman ərzində YPG-nin əlinə keçmişdi. Baxmayaraq ki, kürd separatçıları Raqqanın xarabalıqlarına sahib çıxa bilmişdilər. Çünki YPG hücumlarından əvvəl ABŞ təyyarələri Raqqanı darmadağın dağıtmış və şəhərdəki binaların 90%-i yerlə yeksan olmuşdu. Həmin vaxt hakimiyyətə yenicə gələn Tramp mülki vətəndaş-döyüşçü demədən hədəfləri məhv etmək strategiyasını mənimsəmiş və mülki vətəndaşları canlı qalxana çevirən İŞİD-i ancaq belə məğlub etməyin mümkünlüyü qərarına gəlmişdi. Bu strategiyanın həyata keçirildiyi ilk yer isə Raqqa olmuşdu.

Yerli və xarici jurnalistlərin verdiyi məlumatlara görə, Raqqada vurulmuş binaların altında qalan insan cəsədləri uzun müddət şəhərə üfunət iyi yaymış və faktiki olaraq kürd separatçıları da şəhərə yaxınlaşa bilməmişdilər. Üfunət iyi çəkildikdən sonra YPG Raqqanın xarabalıqları üzərində öz nəzarətini qurmağı bacarmış və meyit alverinə başlamışdı. Belə ki, yaxınlarını dəfn etmək istəyənlər böyük pullar hesabına cəsətləri xarabalıqlardan çıxarıb dəfn edə bilirdilər.

TSQ Tel Abyadı alarsa, kürd separatçıları faktiki nəzarətləri altında olan coğrafiyada 3 yerə (Kobanı, Cəzirə, Raqqa) bölünmüş olacaq və hər birini sıradan çıxarılması daha da asanlaşacaq. İşğaldan əvvəl Tel-Abyad əhalisinin böyük əksəriyyətinin ərəblərdən təşəkkül tapması də bu bölgənin daha tez ələ keçirilməsinə şərait yaradır. Zira Türk ordusuna yerli ərəb sakinlərinin də ciddi dəstək verəcəyi və torpaqları uğrunda döyüşəcəyi gözlənilir.

Heydər Oğuz