Salam, xoş gəlmisiniz.

UNUDULMUŞ SƏNƏTKARLAR

2019-10-19 14:50:04

UNUDULMUŞ SƏNƏTKARLAR

MUSTAFA PAYAN

“Hürriyyət”də M.Mirzəliyevin müasir aktyorlar və xanəndələr haqqında yazıları çıxır. Çox təəssüf ki, bu yazılarda sənətkarların aktyorluğu, ifa tərzləri, səslərinin xüsusiyyətləri, təsir gücləri analiz olunmur. Sadəcə olaraq bioqrafik məlumatlar və pafoslu ifadələr daha çox yer alır. Həm də yaxşı olar ki, sənətşünas daha çox unudulmuş müğənni, xanəndə və aktyorlar haqqında yazsa, həm Allaha, həm də bəndəyə xoş gələr.

Belələrindən biri keçən əsrin 50-60-cı illərində İranı öz ifası ilə həyəcana gətirən Mustafa Payandır.

Yadımdadır, 1950-ci illər idi. Ürəyim sevgi və musiqi sədaları ilə dolu günlərdə hər bazar günü İrandan – Rəştdən Mustafa Payanın 1 saatlıq muğamat konsertinə qulaq asardıq. Bizdə radioqəbuledici yox idi. Qonşular radionu açar və bu möhtəşəm səs bütün məhəlləyə yayılardı. Bu səsi dinləməyə dəyərdi. Bu nadir dərəcədə bəmi də zili də qüdrətli bir səs idi ki, insanın, musiqi həvəskarının, muğam pərəstişkarının əzalarına belə işləyərdi. Mən eyvanımızın pilləkənlərində oturub ləzzətlə bu gözəlliyə qərq olardım.

 İran şahənşahı Məhəmməd Rza Pəhləvi qatı fars şovinisti və diktator idi. Amma bugünkü diktatorlar kimi kor və “tupoy” deyildi. Görünür o da Mustafa Payanın dinləyicilərindən idi. Amma onun Tehrandan, Təbrizdən, Ərdəbildən deyil, Gilan əyalətinin mərkəzi  Rəşt şəhərindən translyasiya edilməsinə icazə verirdi. Və o dövrdə Azərbaycan türkcəsinin rəsmi qadağanı zamanı Mustafa Payanın səsi  yalnız Əlağa Vahidin qəzəlləri ilə bütün Şərqə yayılardı. Qəribədir ki, o yalnız və yalnız Bakılı şair Əlağa Vahidin qəzəllərini oxuyardı.

 O vaxtdan bəri bu səsi eşitməmişdim və demək olar ki unutmuşdum. Bir ay qabaq təsadüfən internetdə onun adına rast gələndə xeyli təəccüb etdim. Burada onun ifasında bir mahnı, iki təsnif və iki muğama  rast gəldim. Məni maraqlandıran “Çahargah” və “Bayatı-Şiraz” olduğuna və Segahı qətiyyən xoşlamadığıma görə Rastla kifayətlənməli oldum. Və bu qüdrətli nəğməkar “Rast”ı  necə oxuyur! “Rast”ın ifasında o mərdanə səs sanki tufan qoparır. Bu səsin xüsusilə zili bizim bəzi müğənnilərdə olduğu kimi cır deyil, inildəmir, civildəmir, uşaq səsi kimi qulağı deşmir. Yox, o insanı xoşbəxt edir. Onu cəh-cəhləri istər-istəməz bülbülləri utandırır.

 Yeri gəlmişkən. müasir qoca-cavan xanəndələrimiz məndən inciməsinlər, mən muğamlarımıza, əsasən Canəli Əkbərovun ifasında qulaq asıram. Çünki zilində də, bəmində də kişilik elementləri üstünlük təsir edir. Görünür burada da hər şey zövqdən asılıdır. Başqaları kimi Alim Qasımov, mərhum Ağaxan Abdullayev, Yaqub Məmmədov, Arif Babayevinin öz azarkeşləri var. Mən isə Canəli Əkbərovun səsinin vurğunuyam. Hərçənd ki, səviyyəsizliklərinə görə lənkəranlılardan xoşum gəlmir.

Sənətkarların və hətta yazıçı, filosof və ümumiyyətlə yaradıcı insanların taleyi çox vaxt kütlədən, onun zövqündən asılı olur. Kütlənin zövqünə uyğun olanlar daha çox şəhrət qazanıb, daha firavan yaşayırlar. Dərinlik və gözəllik cəhətdən seçilən əsərlər çox vaxt nəzərə çarpmadan unudulur. Eləcə onların müəllifləri də. Hətta çox vaxt belələrinin taleyi faciə ilə bitir. Bu özünü xüsusilə rəngkarlıq və bəstəkarlıq sahələrində daha çox büruzə verir. Sadəcə gənc yaşında acından və ehtiyac ucundan dünyasını dəyışən Van Qoq və Modilyaniləri yada salmaq kifayətdir. Lakin xanəndəlik və müğənnilik insanlara daha tez çatan bir sənət sahəsidir. Və xoşbəxtlikdən  acından ölən xanəndəni hələ tarix tanımır. Bu cəhətdən Mustafa Payan çox güman ki, xoşbəxt və firavan ömür sürüb. Çünki bir balaca səsi olanlar da böyük zəka və istedad sahiblərindən qat-qat xoşəbxt və firavan yaşayırlar.

   Mənim musiqiyə bağlılığım hamıya məlumdur. Və demək olar ki bu bağlılıq ölçü, hədd bilmir. Necə ki Bethoven və daha çox Üzeyir bəy musiqisi həyatımın tərkib hissəsini təşkil edir. Və hətta mənə elə gəlir ki, dünyaya  məhz Üzeyir bəy musiqisini eşitmək, sevmək və sevdirmək üçün gəlmişəm.

 Ümumiyyətlə xalqımız dahilər yetişdirmək cəhətdən yoxsul deyil. Amma bu sözləri, bu xüsusiyyəti onun zövqünə aid etmək olmur. Yəni xalqımız bu cəhətdən şox yoxsuldur. Hərçənd ki, milyonçularımızın sayı Avropanın bütün ölkələrindəki milyonçuların sayından çoxdur, amma nə faydası?

 Güney Azərbaycan xalqının taleyi bu cəhətdən quzeydəkilərdən xeyli fərqlənir. Quzeydə ruslaşma, assimilyasiya təhlükəsi açıq-aşkar deyildi, amma zəhərlənmə gedirdi. Nəticəsi o oldu ki, bu gün Bakıda on minlərlə ailələr “russkoyazıçnıy” olmaları ilə fəxr edir, internetdə rusca bildiklərini və danışdıqlarını iftixarla gözə soxurlar. Və başa düşmürlər ki adamlarda bununla özlərinə qarşı  nə qədər ikrah hissi olyadırlar.

Güneydə isə təzyiq və təsir daha güclüdür. Güney türklərini yalnız say çoxluğu xilas edirdi və indi də edir. Orda bu güclü, amansız, riyakar assimilyasiya hadisəsinin qabağını xeyli dərəcədə şairlər, ədiblər və ən çox isə musiqiçilər və Mustafa Payan kimi qüdrətli xanəndə və müğənnilər alır. Belələrini padşahı isə qeyd etdiyimiz kimi, unudulmaz Mustafa Payan idi.

Əlisa NİCAT


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru