“PANDEMİYADAN SONRA QÜVVƏLƏR BALANSI DƏYİŞƏCƏK” – “Türkiyənin ambisiyaları uğurla sınaqdan çıxır”

9 Aprel, 2020, 14:11
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Koronavirus pandemiyasının yaranma səbəbləri barədə versiyalar müxtəlifdir. Artıq bu virusun təbii yolla deyil, laboratoriya şəraitində yaradılaraq yayıldığı, eləcə də pandemiyanın hansısa siyasi məqsədlərə xidmət etdiyinə dair çoxsaylı iddialar var.

“AzPolitika.info” bu mövzu ətrafında politoloq Eldar Namazovla söhbətləşib.

Hurriyyet.org müsahibəni təqdim edir:

– Eldar bəy, hazırda bütün dünyanın mübarizə apardığı “Covid-19” virusunun təbii yolla, yoxsa laboratoriya şəraitində ortaya çıxdığı, eləcə də bu virusun yayılmasının arxasında hansısa gizli maraqların durduğuna dair müzakirələr aparılır. Sizin bu barədə fikirləriniz nədən ibarətdir?

– Əslinə qalsa, bu iki amil, yəni virusun təbii formada ortaya çıxması və ya süni şəkildə hazırlanması versiyaları artıq bir-birinə qarışıb. Bəzi hallarda bunları ayırmaq da mümkün deyil. Söhbət ondan gedir ki, belə təhlükəli viruslar təbii yolla yaranırlar və onları öyrənmək üçün xüsusi qapalı tibbi laboratoriyalar yaradılır. Belə laboratoriyalar bütün ölkələrdə, o cümlədən Çində də var. Bu laboratoriyalar təhlükəsizlik baxımından 4-cü səviyyəli klinikalar sayılır. Yəni ən təhlükəli, ağır virusların üzərində işlər aparılır və belə obyektlərdə təhlükəsizlik işləri də ideal səviyyədə olur.

Həmin laboratoriyalarda viruslar üzərində işlər aparılarkən insan amili həlledici rol oynaya bilər. Yəni səhlənkarlıq ola bilər, heyvanların üzərində aparılan təcrübədən sonra yanlış addımlar nəticəsində viruslar sıza və yaxınlıqda yaşayanları yoluxdura bilər. Məsələn, koronavirusun ilk çıxdığı Vuhan şəhərində 4-cü səviyyəli klinika bir neçə il əvvəl istifadəyə verilmişdi və orada bu sayaq eksperimentlər aparılırdı. Bu virusun həmin laboratoriyadan bir neçə kilometr aralıda yerləşən heyvan bazarında aşkarlanması, ola bilsin ki, insan səhlənkarlığının nəticəsidir. O laboratoriyaların işçiləri təhlükəsizlik tədbirlərini sona qədər həyata keçirməyə, hansısa səhvə yol verə bilərdilər. Amma onların istifadə etdiyi viruslar təbiətdən götürülən təbii viruslardır.

Bu, XXI əsrdə sayca altıncı təhlükəli epidemiyadır. Onlardan üçü Çindən, biri Səudiyyə Ərəbistanından, biri də Afrikadan yayılmağa başlamışdı. “Donuz qripi” isə Meksikada ortaya çıxmışdı. Sanki təbiətdə viruslarla bağlı mutasiya prosesi gedir və bu proses ildən-ilə güclənir. Vaxtaşırı günəşdə partlayışlar olanda radiasiya güclənib insanların səhhətinə ciddi təsir göstərdiyi kimi, viruslar dünyası da qaynayır və mutasiyalar güclənərək sanki partlayışlar baş verir. Fikrimcə, bu pandemiyada daha çox təbii amillər rol oynayır. Onu da qeyd etmək lazımdır ki, alimlər bunun üzərində ciddi işləyir.

“Koronavirus neftdən asılı olan ölkələr üçün böyük təhlükədir”

– Əgər alimlər bu istiqamətdə işləyir və prosesləri görürsə, nədən sözügedən viruslar barədə öncədən xəbərdarlıq edilmədi və pandemiya dövlətləri hazırlıqsız yaxaladı?

– 2011-ci ildə “Hollivud”da “Yoluxma” adlı film çəkilmişdi. İndi bu film internetdə baxış sayına görə rekod vurur. Həmin film hazırda müşahidə edilən epidemiyanı demək olar 90 faiz özündə əks etdirir. Yəni epidemiya Çində başlayacaq, həmin heyvan bazarında, bu epidemiya gec-tez gedib ABŞ-a çıxacaq, Avropanı əhatə edəcək və sair. Yəni indi müşahidə olunan epidemiya 9 il əvvəl “Hollivud”un çəkdiyi filmdə öz əksini tapır. Yeri gəlmişkən, həmin filmin məsləhətçisi tanınmış, şöhrətli bir virusoloq alim olub. O, filmin ssenarisinin yazılmasında iştirak edib və proqnoz verib ki, bu epidemiya dünyaya necə yayıla, hansı zərərlər verə bilər.

İkincisi, milyarder Bill Qeyts hələ 5 il əvvəl xəbərdarlıq etmişdi ki, belə təhlükə var və o, bu istiqamətdə işləyən fondlara belə təhlükənin qarşısını almaq məqsədilə böyük maliyyə ayırmışdı. Milyarder III Dünya Müharibəsinin dövlətlər arasında deyil, bəşəriyyətlə virus arasında olacağı ideyasını da irəli sürmüşdü. Hətta 2019-cu ilin noyabrında, yəni epidemiyanın başlamasına 1 ay qalmış Con Hopkins Universitetində Bill Qeytsin təşəbbüsü ilə simulyasiya oyunu da keçirilmişdi. Yəni koronavirus ortaya çıxsa necə olacaq, hansı tədbirlər görülməlidir və sair.

Hətta epidemiya nəticəsində 60 milyon insanın həlak ola biləcəyi, dünya maliyyə bazarlarının çökəcəyi haqda düşüncələr ortaya qoyulmuşdu.

Sözümün canı odur ki, alimlər, virusoloqlar və başqa sahələrdə çalışan mütəxəssislər də bununla bağlı proqnozlar verirdilər. Həm də son 20 ildə belə çox sayda epidemiyanın müşahidə edilməsi onu göstərir ki, baş verənlər daha çox təbii proses kimi ortaya çıxır, nəinki insan səhlənkarlığı və ya ehtiyatsızlıq ucbatından.

– Ancaq pandemiya təkcə təbii deyil, iqtisadi hadisə kimi də ortaya çıxır. Neft ucuzlaşır, maliyyə bazarları çökür və sair. Sizcə, bu iki qlobal proses arasında hansı əlaqələr mövcuddur?

– Neft və iqtisadiyyatla bağlı indi yaşanan proseslər qərbdə “İdeal fırtına” anlayışına uyğun gəlir. “İdeal fırtına” nədir? Adətən bir neçə amil üst-üstə düşəndə və bir-birinin təsirini daha da gücləndirib müsbət prosesə çevriləndə, biz buna “sinergetik effekt” deyirik. Mənfi hadisələr haqqında danışanda isə buna “İdeal fırtına” deyilir. İndi dünya iqtisadiyyatının başına gələnlər “İdeal fırtına” anlayışına daha çox uyğundur. Çünki burada iki mənfi amil üst-üstə düşüb. Bir tərəfdən koronavirus epidemiyası dünya iqtisadiyyatına zərbə vurdu, dünyanın iqtisadi inkişafını dayandırdı və belə durumda neftə ehtiyac azaldı. Məhz bu ərəfədə Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neftin hasilatına dair məsələdə anlaşma olmadı və qiymət uğrunda müharibə başladı. Yəni koronavirusla bağlı dünya iqtisadiyyatının inkişafında ləngimə, neftə olan ehtiyacın azalması və Səudiyyə ilə Rusiya arasında neft mübarizəsi üst-üstə düşərək “İdeal fırtına” yaratdı. Əslində, neftin qiyməti aşağı düşməli idi. Bu, dünya iqtisadiyyatında gedən prosesdir. Məsələn, dünyada istehsal olunan neftin 50 faizi nəqliyyatda yanacaq kimi istifadə edilir. Amma aparıcı ölkələr proqram qəbul ediblər ki, 2035-ci ilə qədər benzinlə işləyən avtomobillərin satışı dayandırılsın, elektriklə işləyən nəqliyyat vasitələrinə üstünlük verilsin. Hamı da proqnoz edirdi ki, 2035-ci ildən sonra neft dünya iqtisadiyyatında elə də əhəmiyyətli rol oynamayacaq. Hətta neftin qiymətinin 10-20 dollara düşə biləcəyi də qeyd olunurdu. Sadəcə, koronavirus və dünya iqtisadiyyatındakı ləngimə neftin ucuzlaşması ilə bağlı proesləri daha da tezləşdirdi. Odur ki, koronavirus neft hasilatından asılı olan ölkələr üçün böyük təhlükədir. Və biz postneft dövrünə hazırlığı qısa müddətdə həyata keçirməliyik ki, qarşıdakı təhlükələri önləyə bilək.

“Pandemiyadan sonra qloballaşma prosesinə nöqtə qoyulacaq”

– ABŞ Prezidenti Donald Tramp və komandası hakimiyyətə gəldiyi ilk gündən qloballaşmaya qarşı çıxış edir. Koronavirus isə faktiki qlobalizmi dağıdır və milli sərhədlər məsələsini gündəmə gətirir. Sizcə, pandemiya ilə bu məsələ arasında əlaqələrin olması mümkündürmü?

– Bunların hamısı bir-birinin üstünə düşən və effekti gücləndirən amillərdir. Qloballaşmaya qarşı proseslər koronavirusdan əvvəl başladılıb. Burada ABŞ administrasiyasının da rolu böyükdür. Tramp yarım il əvvəl çıxışlarının birində qeyd etmişdi ki, yeni mərhələ müstəqil dövlətlərin mərhələsidir. Yəni qloballaşma prosesinin sonunu elan etmişdi. Trampa yaxın olan bir sıra qərb ölkələrinin başçıları da bu mövqedən çıxış etdilər. Məsələn, Böyük Britaniyanın Avropa Birliyindən çıxması da qloballaşma siyasətinə vurulan zərbə idi. Başqa sözlə, rəsmi London elan etdi ki, mən müstəqil qərarlar verəcəm və heç bir ölkədən asılı olmaq istəmirəm. Buna bənzər proseslər müxtəlif ölkələrdə gedir və bunun təbii əsasları da var. Qlobal dünyada ABŞ lider idi, dünya iqtisadiyyatının 40 faizini ABŞ təşkil edirdi. Ancaq son illər qloballaşma prosesi nəticəsində dünyanın aparıcı dövlətləri potensial rəqiblər arasında texnologiyaları bölüşməyə, yatırımlar qoymağa, istehsalın böyük hissəsini həmin ölkələrə keçirməyə başladılar. Bu proses Avropa və ABŞ-ın dünya iqtisadiyyatındakı payının azalmasına gətirib çıxardı. Və Çin addım-addım irəliləyərək, ABŞ-ı üstələməyə başladı. Bu isə ABŞ üçün qəbuledilməz idi. ABŞ prezidentinin iki şüarla çıxış etməsi bu baxımdan təsadüfi deyildi. Tramp bir tərəfdən qloballaşmanın sonunu elan edirdi, digər tərəfdən də “ABŞ-ı yenidən lider edək” şüarını irəli sürürdü.

Odur ki, bu proses koronavirusdan asılı deyildi. Sadəcə, koronavirus epidemiyasının dünya iqtisadiyyatına vurduğu zərbə ona gətirəcək ki, epidemiyadan sonra dünya siyasəti yalnız milli maraqlar üzərində qurulacaq, ölkələrin siyasəti dəyişəcək. Bir çox beynəlxalq qurumların bu mənada “ölümcül” vəziyyətə düşməsi təsadüfi deyil. Biz görürük ki, bu epidemiya zamanı BMT-nin rolu sıfıra bərabərdir. Əslində isə ölkələri mobilizasiya, koordinasiya etmək funksiyası BMT-nin üzərinə düşür. Amma o, demək olar ki, oyundan kənar vəziyyətdə qaldı.

Eləcə də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyası ilə bağlı müşahidə olunan prosesdən kənarda qalıb. Onun da heç bir ciddi rolu yoxdur. Əvəzində isə başqa formatlar önə çıxmağa başlayır.

– Hansı formatları nəzərdə tutursunuz?

– Məsələn, “G20” formatı. “Böyük iyirmilik” formatı əslində dünyadakı güclər balansını daha düzgün ifadə edir, nəinki BMT-nin Təhlükəsizlik Şurası. Almaniya, Braziliya, Hindistan kimi dünya siyasətində böyük rolu olan ölkələr BMT Təhlükəsizlik Şurasının daimi üzvləri deyillər. BMT-nin strukturu ötən əsrin 50-ci illərində olan dünyadakı güclərin balansını əks etdirir. O zamandan bəri dünyada çox şey dəyişib, amma BMT-nin strukturu dəyişməyib. Odur ki, bu pandemiyadan sonra qloballaşma prosesinə nöqtə qoyulacaq. Həmçinin dünya siyasətində böyük dəyişikliklər olacaq, o cümlədən yeni formatlar, strukturlar yaranacaq ki, dünyadakı güclər balansını daha ədalətli təmin etsin.

– Pandemiyadan sonrakı dünyada Çinin yeri və rolu nədən ibarət ola bilər?

– Çin dünyada iki aparıcı super dövlətdən biridir və bu statusu qoruyub saxlayacaq. Bu proses daha böyük çılpaqlıqla göstərdi ki, dünyada iki aparıcı qlobal dövlət var – ABŞ və Çin.

– Bəs Rusiya?

– Bəzi ölkələrin, o cümlədən Rusiyanın özlərini bu səviyyəyə qoymaq cəhdləri, yəni ABŞ-la eyni statusda dünyada gedən proseslərə təsir etmək ambisiyaları demək olar ki, zəiflədi. Onların dünyadakı qlobal proseslərdə daha çox qeyd etdiyim iki qüvvənin qərarlarından asılı vəziyyətdə olacaqları görünür. Məsələn, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neftin qiymətilə bağlı gedən mübarizəyə artıq son qoyulur. Çünki ABŞ prezidentinin bir çıxışı və xəbərdarlığı ilə neftin qiyməti sürətlə atrmağa başladı. Və Səudiyyə ilə Rusiya elan etdi ki, bir masa arxasında əyləşib müzakirələr aparmağa hazırdırlar.

– Yəni ABŞ və Çin bu mərhələdən sonra öz mövqelərini qoruya biləcəklər…

– Bəli, həm qoruyacaqlar, həm də gücləndirəcəklər. Pandemiyadan sonra dünyada qüvvələr balansı dəyişəcək. Mən gözləyirəm ki, bu balans regional səviyyədə də dəyişəcək. Dünya iqtisadiyyatında da böyük dəyişikliklər olacaq. Fikrimcə, Türkiyə kimi dövlətin regional liderlik ambisiyaları bu proseslər içərisində bir daha təsdiqlənir. Türkiyənin bu yaxınlarda Suriyada yeni texnologiyalar vasitəsilə həyata keçirdiyi əməliyyatlar bütün dünyanı heyran qoymuşdu. Eyni zamanda, Türkiyə iqtisadiyyatının və səhiyyəsinin pandemiya böhranına dözməsi ortadadır. Əminəm ki, Türkiyənin regional liderlik ambisiyaları bu sınaqdan çox uğurla çıxır və heç kim buna şübhə etmir.

Amma başqa ölkələr var ki, onların iqtisadi, texnoloji potensialı ambisiyalarına uyğun gəlmədiyi üçün “İdeal fırtına”dan salamat çıxmaları böyük sual altındadır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93