Parlament büdcəyə əlavə və dəyişiklikləri təsdiqləyib tətilə getdi

22

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat məbləğində olacaq

Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova gündəliyə üçüncü oxunuşda 6 məsələnin daxil edildiyini bildirdi. Deputatlar gündəlikdəki məsələləri təsdiqləyəndən sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” sənədi üçüncü oxunuşda təqdim etdi.

Komitə sədri çıxışında bildirdi ki, komitə iclasında 8, plenar iclasda 24 deputat çıxış edib. T.Mirkişili dedi ki, deputatlar əsasən qanun layihəsinin olduğu kimi saxlanılmasını dəstəkləyiblər. Bununla belə, o, əlavə etdi ki, həmkarlarımızın qaldırdığı məsələlər də diqqətdə saxlanılacaq. Bildirildi ki, koronavirus infeksiyası (COVID-19) qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. Həm dünyada, həm də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Pandemiya iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərib.

Tahir Mirkişili qeyd etdi ki, yuxarıda göstərilənləri nəzərə alaraq, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsinə, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb, dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq. “Qarşıda bizi 2021-ci ilin dövlət büdcəsi gözləyir. Ümid edirəm ki, qaldırılan məsələlər 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı nəzərə alınacaq” – komitə rəhbəri dedi.

https://azertag.az/files/galleryphoto/2020/2/1000x669/w_1615967940961785461952_1000x669.jpg

Deputat Soltan Məmmədov çıxış edərək COVID-19 pandemiyasının insanların həyatına təsiri, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlər barədə fikirlərini açıqladı. Deputat qeyd etdi ki, indiyə qədər aparılan testlərin sayı 760 mindən yuxarıdır: “Ölkəmizdə gündəlik 10 minə qədər test keçirilir. Adambaşına düşən testlərin sayına görə də ölkəmiz dünyada qabaqcıl yerlərdədir. Məhz yoluxmaların vaxtında müəyyənləşdirilməsi nəticəsində 30 minə yaxın insanın bu xəstəlikdən sağalması mümkün olub. Bu testləri həyata keçirən 31 laboratoriya var ki, onların da çox böyük əksəriyyəti son bir neçə ay ərzində yaradılıb. Daha 9 laboratoriyanın yaxın günlərdə açılması planlaşdırılır. Sosial şəbəkələrdə xaricdən gələn həkimlərlə bağlı bəzi qeyri-obyektiv müzakirələrə də toxunmaq istəyirəm. Həm İtaliyadan, həm Çindən, həm də digər ölkələrdən həkimlər Azərbaycana koronavirusla mübarizədə dəstək olmaq amalı ilə gəliblər. Bu ölkələrin hər birinə Azərbaycan çətin günlərdə kömək edib. Ona görə də bu cür təşəbbüsləri ölkəmizin zamanında göstərdiyi köməyin qarşılığı kimi qiymətləndirməliyik. Koronavirusla mübarizə son dərəcə çətin, böyük zəhmət tələb edən ağır bir işdir. Hamımız bu sahədə çalışan insanların fədakarlığını, əziyyətini nəzərə alaraq, mümkün qədər bu mövzuya həssas yanaşmalı, obyektiv olmağa çalışmalıyıq. Sonda onu da bildirmək istəyirəm ki, zəruri hesab olunacağı təqdirdə bu məsələlərə aydınlıq gətirmək üçün biz Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrini də dəvət edərək, dinləmə keçirə bilərik”.

https://azertag.az/files/galleryphoto/2020/2/1000x669/w_1615967940963253110488_1000x669.jpg

Sənəd üçüncü oxunuşda səsə qoyuldu, 2 nəfər əleyhinə olmaqla qəbul edildi.

Sonra Tahir Mirkişili “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) dair məlumat verdi. Bildirildi ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir. Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

İclasda “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna təklif olunan dəyişikliklər üçüncü oxunuşda müzakirə edildi. Komitə sədri Tahir Mirkişili bildirdi ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif olunur. Bu isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli dərəcədə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq. Qeyd olundu ki, həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verir. Sənəd üçüncü oxunuşda qəbul edildi.

Gündəliyin növbəti məsələsi – “Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev şərh etdi. Komitə sədri sənədin əhəmiyyəti barədə danışdı, layihənin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı millət vəkilləri tərəfindən səsləndirilən təkliflərin nəzərə alındığını bildirdi. Qeyd edildi ki, təkliflər əsasən texniki və redaktə xarakterli olub.

Deputat Razi Nurullayev layihə ilə bağlı fikirlərini açıqladı. Həmçinin bir sıra sahələrdəki problemləri tənqid etdi. Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq təsdiqləndi. “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklər barədə məlumat verən komitə sədri Musa Quliyev bildirdi ki, təklif olunan dəyişikliklərə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır. Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Qeyd olundu ki, sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək və bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmamalıdır. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Bildirildi ki, layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanıb. Komitədə və Milli Məclisdə aparılan müzakirələr zamanı deputatlar və mütəxəssislər tərəfindən verilən təkliflər nəzərə alınıb.

https://azertag.az/files/galleryphoto/2020/2/1000x669/w_1615967940965853626285_1000x669.jpg

Komitə sədri Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Tahir Kərimli, Rəşad Mahmudov, Vüqar Bayramov öz çıxışlarında dəyişikliklərin zəruriliyi barədə fikirlərini söylədilər, suallarını səsləndirdilər.

“Vaxt var idi Azərbaycanda yol anlayışı, işıq anlayışı yox idi. 20 dəqiqə işıq verilirdi ki, insanlar xəbərlərə qulaq assın. Qazdan, ümumiyyətlə, söhbət getmirdi. İndi 3 kənddə qaz yoxdur, ondan danışırıq. Təbii ki, mərhələli qaydada hamısı qazlaşdırılacaq. Azərbaycanın 95 faizi qazlaşdırılıb. Heç sovet dövründə bu, olmamışdı”. Komitə sədri Siyavuş Novruzov bu fikirləri plenar iclasda həmkarlarının bəzi problemlərlə bağlı çıxışlarına reaksiyasında söylədi. O daha sonra bildirdi: “Təbii ki, müəyyən problemlər var. Guya bu gün ABŞ-da problem yoxdur, təbii ki, var. Gündə kimisə öldürürlər, tuturlar, sərbəst toplaşma azadlığı pozulur. Torpaq islahatı sovetlər birliyində ilk dəfə Azərbaycanda həyata keçirilib. Təbii ki, nöqsanlar da var, amma inkişafı da görməliyik. Azərbaycanın istənilən kəndi postsovet məkanındakı istənilən kəndi üstələyib. Kəndlə şəhər arasında fərqi heç kəs hiss eləmir. Təkcə keçən həftə cənab Prezident və Birinci vitse-prezident 5 rayona səfər edib”.

S.Novruzov dedi ki, prezidentin dediklərindən kim dərs götürməyəcəksə, digərlərinin taleyini yaşayacaq: “Vaxt var idi bütün hüquq-mühafizə orqanları sahibkarların üzərinə tökülmüşdü, indi elə bir halın şahidi deyilik. O baxımdan biz bu gün ölkəmizin inkişafını qiymətləndirməliyik. Bu gün Azərbaycan təhlükəsizlik adasıdır”.

Deputat Fazil Mustafa dövlət başçısının bir gün əvvəlki müşavirədə səsləndirdiyi fikirlərə istinad edərək bildirdi ki, artıq liberal iqtisadiyyata keçid tələb olunursa, o halda iş yeri aça biləcək özəl sektora kömək etmək lazımdır. F.Mustafa həmkarı Siyavuş Novruzovun ötən iclasda icra başçılarının yalnız süpürgəçilərə göstəriş vermək hüququnun olması haqda dediklərinə də münasibət bildirdi. Qeyd etdi ki, icra başçıları da bir çox hallarda bələdiyyələri qabağa verib özlərinə sərf edən işləri həyata keçirirlər. Deputat onların böyük əksəriyyətinin siyasi yetkinliyə sahib olmadığını söylədi. “Biz liberal iqtisadiyyata ciddi şəkildə keçməliyik. İstəyiriksə bu ölkə çiçəklənsin, inhisarçılığı aradan qaldırmalıyıq.Bir sıra hallarda bu istiqamətdə işlər götürülüb, ASAN Xidmət və sair kimi nümunələr var” -F.Mustafa əlavə etdi.

Komitə sədri Musa Quliyev səslənən fikirlərin qarşılığında dedi ki, işsizliyə görə müavinət 260 manatdan aşağı deyil və 50 min nəfəri əhatə edir.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim etdi. Milli Məclisin əvvəlki iclaslarında sənəd barədə geniş məlumat verildiyini qeyd edən birinci vitse-spiker Məcəllənin müvafiq maddəsindən çıxarılmış “yerli idarəetmə orqanı” sözünün qanunvericilik təşəbbüsü subyektinin təklifi ilə bərpa edildiyini bir daha diqqətə çatdırdı. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edildi.

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov 2020-ci il dövlət büdcəsinə və büdcə zərfinə daxil edilən sənədlərdəki dəyişikliklərlə bağlı parlamentdə aparılan səmərəli müzakirələrə görə Milli Məclisin rəhbərliyinə və deputatlara öz təşəkkürünü ifadə etdi.

İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan etdi. Dövlət himni səsləndirildi və parlamentin növbədənkənar sessiyası öz işini başa çatdırdı. Qeyd edək ki, deputatların yay tətili 15 sentyabradək davam edəcək və ondan sonra payız sessiyasının komitə iclasları başlayacaq.

Elşad PAŞASOY,
“Yeni Müsavat”