“Paşinyan “demokratiya pərdəsi” arxasında gizlənir” — YAP-çı deputat

0

Paşinyan özünün keçmiş və gələcək siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır, bütün bunları aqressiv şəkildə həyata keçirərkən isə demokratiya pərdəsi arxasında gizlənir və korrupsiyaya qarşı mübarizə apardığını iddia edir.

 

Hurriyyet.org bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, beləliklə həm də universal dəyərləri öz repressiya siyasətinə alət edir: “Ancaq məsələ bununla da bitmir. Vətəndaş cəmiyyəti institutlarının fəalları, repressiyaya qarşı küçəyə çıxan sadə vətəndaşlar polis tərəfindən kütləvi şəkildə həbs edilir. Artıq 16 iyun tarixində “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı Parlament tərəfindən ləğv edilib. O, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa çağırılıb və həbs ediləcəyi istisna olunmur.

 

Hər kəsə bəllidir ki, bütün bunların iki səbəbi var: Birincisi Paşinyanın Sarukyanı özünə ciddi siyasi rəqib hesab etməsi, ikincisi isə məhz Q.Sarukyanın N.Paşinyanın hakimiyyətini daha sərt tənqid etməsi. Hadisənin də bu fonda baş veriməsi bir daha müxalifət liderinin təzyiqlərə məruz qalması və baş verənlərin siyasi təqib olmasının göstəricisidir. Paşinyanın bu addımları artıq onun Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır.

 

Əgər işğalçı ölkədəki daxili vəziyyəti qiymətləndirməyə çalışsaq, bunu ikili böhran dövrü kimi xarakterizə edə bilərik. Bunlardan biri pandemiya böhranı, digəri isə siyasi böhrandır. N.Paşinyanın yeganə məqsədi isə ölkədə siyasi repressiyalar həyata keçirməklə öz diktaturasının müddətini uzatmaqla daha totalitar inqilabi diktatura qurmaqdır. Ancaq bəlkə də bunları işğalçı ölkənin daxili işləri kimi görüb onu gündəmə daşımamaq da olardı.

 

Lakin məsələ ondadır ki, bütün baş verən bu repressiyalra Qərbin demokratiya institutları heç bir reaksiya göstərmir, işğalçı ölkənin repressiyalarına qiymət vermirlər. Beləliklə, qlobal ictimai rəydə onun demokratik obrazının yaradılmasına xidmət göstərmiş olurlar ki, bu faktor da nəticə etibarilə Ermənistanın işğalçı yox, demokratik ölkə olması rəyinin yaradılmasına xidmət edir”.

 

H.babaoğlu təəssüflə vurğulayıb ki, bu günə qədər nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın Ermənistandakı səfiri, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər: “Ancaq bənzər hadisələr Azərbaycanda baş versəydi, dərahal ölkəmizə qarşı sistemli bir qarayaxma kampaniyası başladar, uzun müddət bunu gündəmdə saxlamaqla beynəlxalq imicimizə zərbə vurardılar. Ona görə də Qərbin demokratiya institutları üçün əgər doğrudan da demokratik dəyərlər, insan hüquq və azadlıqları, söz azadlığı üstün dəyərdirsə, mütləq Ermənistanda baş verənərə adekvat münasibət bildirməli, işğalçı olkənin diktatura rejimini ifşa etməlidirlər”.