“Paşinyan zaman qazanmağa çalışır”

19

Məhəmməd Əsədullazadə: “Paşinyan “Ermənistan Dağlıq Qarabağla bağlı güzəştə getməyə hazırdır” deməklə manevr edir, atəşkəsə nail olub vaxt qazanmağa çalışır”

Erkin Qədirli: “Düşmənin hərbi hədəflərini vurmağa, torpaqlarımızı qaytarmağa davam etməliyik”

Natiq Cəfərli: “Qrafik təqdim edilmədikcə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan rayonlarından çıxmasının günləri müəyyən edilmədikcə və buna əməl olunmadıqca, hansısa bir güzəştdən söhbət gedə bilməz”

Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra təlaşa düşən Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi İrəvanın Dağlıq Qarabağla bağlı kompromisə getməyə hazır olduğunu bildirib. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Paşinyan “Ermənistan Dağlıq Qarabağla bağlı güzəştə getməyə hazırdır. Əgər Azərbaycan buna hazırdırsa…”, deyə qeyd edib. Söz yox ki, bu, Paşinyanın döyüşdə uğursuzluğunu və tam məğlubiyyətin qaçılmaz olduğunu dərk etməsinin etirafıdır. Halbuki, o, ötən il Dağlıq Qarabağa gələrək, “Qarabağ Ermənistandır, nöqtə” deyirdi.

Məsələnin maraqlı tərəfi ondadır ki, güzəştə hazır olduğunu bəyan edən Paşinyan daha sonra “BBC” kanalına müsahibəsində müxbir Cona Fişerin suallarına cavab verərkən yenidən sərsəmləyib. Belə ki, o, “Qarabağ Ermənistandır, ermənilərin torpağıdır”, hədyanını yenidən təkrarlayıb. Bundan başqa, Paşinyan jurnalistin Ermənistanın hansı güzəştlərə hazır olduğuna dair sualına birbaşa cavab verməkdən boyun qaçıraraq bununla bağlı danışıqların uzun illər boyu getdiyini deyib. Azərbaycan prezidenti İlham Əliyev isə Paşinyandan fərqli olaraq, danışıqların başlaması üçün şərtlərini rəsmən elan edib. Bunun üçün Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü qəbul etməli, işğalçı ordunun Azərbaycan torpaqlarından çıxarılması qrafikini təqdim etməli, “Qarabağ Ermənistandır” sözünə görə üzr istəməlidir.

“Ermənistan ordusu işğal olunmuş ərazilərimizdən çıxmayınca Paşinyanın güzəşt açıqlaması manipulyasiyadan başqa bir şey deyil”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyan “Ermənistan Dağlıq Qarabağla bağlı güzəştə getməyə hazırdır” deməklə manevr edir: “Paşinyan bununla atəşkəsə nail olub vaxt qazanmağa çalışır. Odur ki, danışıqlar yalnız müharibəni davam etdirməklə aparılmalıdır. Neçə ki, Ermənistan 1-ci Qarabağ müharibəsində 92-93-cü illərdə müharibə apararaq danışıqlara qatılırdı, qəti atəşkəsə getmirdi. Belə ki, həmən illərdə tərəflərin görüşü keçirilən saatlarda ərazilərimizi işğal edirdilər. Bu səbəbdən də Azərbaycan Paşinyanın hazırkı güzəşt açıqlamasına onda gedə bilər ki, ordusunu ərazilərimizdən çıxarsın. İndiki vəziyyətdə isə Paşinyanın güzəşt planı, yalnız atəşkəsə nail olmaq məqsədi daşıyır. Lakin Azərbaycan bir neçə rayonu azad etməyincə, güzəşt şərtinə getməyəcək. Odur ki, Ermənistan ordusu işğal olunmuş ərazilərimizdən çıxmayınca Paşinyanın güzəşt açıqlaması manipulyasiyadan başqa bir şey deyil”.

“Paşinyan “İsgəndər” raketlərini işə sala biləcəyi təəssüratını yaratmaqla bizdən güzəşt almaq istəyir”

“Paşinyan öz miqyasında dəli olduğunu bizə göstərməyə çalışır” deyən Milli Məclisin deputatı Erkin Qədirli isə bu qənaətdədir ki, düşmənin hərbi hədəflərini vurmağa, torpaqlarımızı qaytarmağa davam etməliyik: “Belə bir yanaşma var – “dəli adam nəzəriyyəsi”.

Bu yanaşmanı ABŞ prezidenti olmuş Niksonla əlaqələndirirlər. Nikson (kommunist ölkələrlə münasibətlərdə) özünü dəli yerinə qoymağın faydasını görürdü, nüvə silahını işlədə biləcəyini SSRİ-yə göstərməyə çalışırdı. Bəzən alınırdı. Paşinyan, əlbəttə, Nikson deyil, elə Ermənistan da ABŞ-a çata bilməz. Bununla belə, Paşinyan öz miqyasında dəli olduğunu bizə göstərməyə çalışır, şəhərlərimizə raket atır, “İsgəndər” raketlərini işə sala biləcəyi təəssüratını yaratmağa çalışır. Niyə? Çünki bizdən güzəşt almaq istəyir. Buna aldanmaq olmaz. Paşinyanın yanaşmasında başqa bir hesablama da ola bilər. Güman ki, var. Onun adı “itkilərə dözüm”dür. Bizim şəhərlərə raket atmaqla, dinc əhalini hədəf seçməklə, bu kontekstdə itkilərə nə dərəcədə dözümlü ola biləcəyimizi yoxlamağa çalışır. “90-larda qaçdılar, bəlkə indi də qaçarlar” gümanını qurur. Buna da aldanmamalıyıq. Düşmənin hərbi hədəflərini vurmağa, torpaqlarımızı qaytarmağa davam etməliyik. Onu da unutmayaq ki, BMT Nizamnaməsinin 51-ci maddəsininə görə, hücuma məruz qalmış dövlət öz müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyildir”.

“Torpaqların geri qaytarılması güzəşt deyil, bu, bizim tarixi və beynəlxalq hüquqa əsaslanan haqqımızdır”

Mövzu ilə bağlı mövqeyini “Hürriyyət”lə bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan son günlər bir-birinə tamamilə zidd açıqlamalar verib: “Belə ki, Ermənistanın Dağlıq Qarabağla bağlı kompromisə getməyə hazır olduğunu bildirməklə yanaşı, sonradan “BBC”yə müsahibəsində bir daha qeyd edib ki, Qarabağ Ermənistandır, oranın əhalisinin böyük bir hissəsi ermənilər olub. Təbii ki, bunlar bir-biri ilə uyuşmayan, tamamilə zidd açıqlamalardır. Bundan başqa, Paşinyan güzəştlərin nədən ibarət olduğunu da söyləməyib. Əslində, torpaqların geri qaytarılması güzəşt deyil. Bu, bizim tarixi və beynəlxalq hüquqa əsaslanan haqqımızdır. Odur ki, buna güzəşt deməzlər. Ermənistan tərəfindən edilə biləcək güzəşt o ola bilər ki, qrafik təqdim edə bilərlər və həmin qrafikə uyğun olaraq, erməni silahlı qüvvələri müəyyən edilmiş qısa müddət ərzində bütün işğal olunmuş ərazilərdən çəkilməlidirlər. Həmçinin, Ermənistan bununla bağlı beynəlxalq öhdəlik götürməlidir. Bundan sonra isə beynəlxalq güclər, o cümlədən də Türkiyə həmin qrafikin zamini olmalıdır. Yalnız bu halda müharibənin dayandırılması, atəşkəslə bağlı danışıqlara başlamaq mümkündür”. Bu barədə rəsmi Bakının çox açıq şəkildə bəyanatlarının olduğunu vurğulayan politoloq qeyd etdi ki, ölkə başçısı İlham Əliyev də öz çıxışında bu istiqamətdə konkret mövqe sərgiləyib: “Bildirildi ki, Dağlıq Qarabağda yaşayan erməni əhali bizim vətəndaşlarımızdır, onlarla bağlı heç bir problem olmayacaq. Yəni Azərbaycan qanunları çərçivəsində ölkə vətəndaşlarının istifadə etdi bütün hüquqlardan yararlanaraq orda yaşayacaqlar. Bu da bizim beynəlxalq aləmə verdiyimiz mesajdır. Bizim tərəfdən atıla biləcək ən böyük addım bundan ibarətdir. Böyük ehtimalla, münaqişə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə həll olunduqdan sonra ölkədə yeni idarəetmə dəyişiklikləri də olacaq. Belə ki, yerli özünüidarəetmənin gücləndirilməsi, mer institutunun yaradılması kimi məsələlər gündəmə gələ bilər”.

“Azərbaycan Ordusunun hərbi uğurları Paşinyan üçün seytnot vəziyyəti yaradıb”

Natiq Cəfərli hesab edir ki, Nikol Paşinyanın Ermənistan tərəfinin güzəştlərinin nədən ibarət olduğunu açıq şəkildə deməməsi, onun bu yolla zaman qazanmağa çalışdığını göstərir: “Çünki Azərbaycan Ordusunun hərbi uğurları Paşinyan üçün seytnot vəziyyəti yaradıb. Bildiyiniz kimi, artıq Ermənistanda siyasi vəziyyət xeyli gərginləşib. Robert Koçaryanın “Qarabağ klanı” yenidən aktivləşib və müəyyən siyasi dəyişikliklərə hazırlıqlar gedir. Paşinyan bütün bunları görür və yenidən mövqeyini gücləndirməkdən ötrü zaman qazanmağa çalışır. Düşünürəm ki, qrafik təqdim edilmədikcə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan rayonlarından çıxmasının günləri müəyyən edilmədikcə və buna əməl olunmadıqca, hansısa bir güzəştdən söhbət gedə bilməz. Bir daha qeyd edirəm ki, Azərbaycanın torpaqlarının özünə qaytarılması güzəşt sayıla bilməz. Güzəşt Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi ilə bağlı Azərbaycanın verdiyi zəmanətlər olacaq. Biz də bunu dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və onlar Azərbaycanın qanunvericiliyindən irəli gələn bütün hüquqlardan istifadə edə biləcəklər”.

Vazeh BƏHRAMOĞLU