Paşinyanın qurduğu “dar ağacı”: Beynəlxalq təşkilatlar “edamlara” tamaşa edir

0

Nikol Paşinyan “küçə inqilabı” ilə hakimiyyətə gəldiyi Ermənistana əsl “küçə diktaturası” gətirdi: ona qarşı çıxanlar sorğusuz-sualsız həbs edilir. Parlamentdə hakim “Mənim addımım” blokundan sonra ikinci böyük fraksiya olan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanın deputatlıq toxunulmazlığının ləğvi və həbsi bunu növbəti dəfə sübut edir.

Koronavirus pandemiyası Ermənistanda sosial-iqtisadi, eləcə də səhiyyə sistemini sıradan çıxardı, hökumət vətəndaşların nə sağlamlığını, nə də sosial təminatını təmin edə bilmir və əhali haqlı olaraq buna etiraz edir. Bu acınacaqlı vəziyyət parlament müxalifətinin narazılığına səbəb oldu və “Çiçəklənən Ermənistan” partiyasının sədri Sarukyan “hökumətin 100 faiz istefa verməli” olduğunu bəyan etdi və bu sözləri Paşinyanın siyasi rəqibinin “dar ağacına” aparması üçün yetərli oldu.

Baş nazir Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələrini Sarukyanın evinə göndərdi, partiya liderinin evində və ofisində axtarışlar aparıldı. Onu həbs etdilər, MTX-nin binası önündə aksiya keçirən tərəfdarları isə polis zorakılığı ilə dağıdıldı. Aksiya zamanı jurnalistlərə qarşı da təzyiqlər edildi. Sarukyana qarşı “vergidən yayınma”, “dövlət əmlakını mənimsəmə” və “seçicilərin səsini alma” kimi ilə ittihamlar irəli sürülüb. Lakin o, bu ittihamları qəbul etmir və ona qarşı təzyiqin siyasi motivli olduğunu bildirir. Sarukyanın Paşinyanın istefasını tələb etməsindən sonra başına gələnlər də bunu göstərir.

İyunun 16-da Ermənistan parlamentində Sarukyanın deputat toxunulmazlığı ləğv olundu və baş prokuror Artur Davtyan onun həbs edilməsi ilə bağlı vəsatət qaldırdı.

Qaqik Sarukyan azalıqda olduğu dövrdə istintaq tədbirlərinə mane ola, şahidlərə və cinayətə sövq etdiyi şəxslərə təzyiq göstərə bilər”, – Davtyan bildirir.

Parlamentdə hakim partiyanın 87 deputatı Sarukyanın həbsi ilə bağlı vəsatəti dəstəkləyib, müxalifət – “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları zalı tərk edib.

Müxalif deputat Arman Abovyan təəssüflə bildirib ki, “demokratiya dəyərlərinin bərpası iddiası ilə hakimiyyətə gələn siyasi opponentlərini susmağa məcbur edir”.

“Qraparak” qəzeti yazır ki, mövcud hakimiyyət hətta cinayət işini belə normal düzəldə bilmir.

Sarukyanı həbs etmək üçün hansısa bir cinayət işi “tikməyi” fikirləşdilər. Prokuror dedi ki, bu əsaslarda həbs etmək mümkün deyil. Paşinyan cavab verdi ki, “məni maraqlandırmır, necə istətyirsiniz, elə də əsaslandırın” –qəzet “Çiçəklənən Ermənistan” partiyasındakı mənbəyə istinadən yazır.

Qəzet qeyd edir ki, dünəndən etibarən hüquq-mühafizə orqanları “Çiçəklənən Ermənistan” partiyasının yerlərdəki ofislərinə girir, axtarışlar aparırlar: “Mənbələrimiz bildirir ki, onlara istənilən detalları toplamaq tapşırılıb”.

Baş verənlər Nikol Paşinyanın Ermənistanda totalitar inqilab diktaturası qurduğunu göstərir və ona qarşı olanların son dayanacağı “dar ağacıdır”.

Burada “azadlıq çarçısı” olan bəzi beynəlxalq təşkilatların və QHT-lərin, Qərbin demokratiya və insan haqlarını müdafiə edən, daha doğrusu etdiyini iddia edən strukturlarının səssizliyi diqqət çəkir. Müxtəlif ölkələrdə istənilən hadisəyə reaksiya verən ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın, eləcə də Qərbin digər ölkələrinin Ermənistandakı səfirləri hardadır? Doğrudanmı Ermənistanda qurulan “dar ağacı”nı görmür, baş verənlərdən xəbərsizdirlər?!

Əslində Paşinyanın siyasi opponentinin “boynunu vurması”, medianı qandallaması, etirazları boğması ilk dəfə deyil.

Ötən ilin 17 yanvar tarixində İrəvanın “Nubaraşen” həbsxanasında 44 gün aclıq aksiyası keçirən jurnalist, “haynews.am” saytının rəhbəri, “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegizaryan səhhətində yaranan problemlərə görə təcili xəstəxanaya köçürüldü. Yegizaryan 2018-ci ilin 5 dekabrında aclıq aksiyasına başlamışdı. Səbəb siyasi mövqeyinə görə Nikol Paşinyan hakimiyyəti tərəfindən “dələduzluq” ittihamı ilə həbs edilməsi və bütün şikayətlərinə rəğmən hüquqlarının təmin edilməməsi idi. Paşinyan siyasi opponentini cəzalandırırdı, çünki o, “inqilaba” dəstək verməmiş və rəhbəri olduğu saytda tənqidi məqalələr yayımlamışdı. Yegizaryan siyasi mövqeyinə görə həbsə atıldı, girov qarşılığında sərbəst buraxılmaq xahişi də rədd edildi, ən nəhayət, çıxış yolu kimi aclıq aksiyasına başladı. Lakin bu, ona baha başa gəldi, 44 gün aclıqdan sonra yanvarın 17-də təcili xəstəxanaya köçürülən jurnalist yanvarın 26-da öldü.

Demokratiya və insan haqlarından bəhs edən beynəlxalq təşkilatlar heç nə olmamış kimi davrandı.

2018-ci ildə Ermənistanın İctimai Televiziyasının informasiya-siyasi proqramlar redaksiyasının direktoru Arutyun Arutyunyan, “Orakarq” informasiya xidmətinin prodüseri və rəhbəri Artak Erikyan və bu proqramların bir neçə əməkdaşı istefa verməyə məcbur edildi. Çünki onlar Azərbaycan Ordusunun Naxçıvan istiqamətində uğurlu əməliyyatını dilə gətirmişdi.

“Yerevan.Today” saytı isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyan və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanın məxfi telefon danışığını yaydığı üçün hücumlara məruz qaldı. Polis gizli dinləmə qurğusunu tapmaq bəhanəsi ilə saytın ofisinə basqın etdi, redaksiyanın əmlakı müsadirə edildi. Saytın redaktoru Sevak Akopyan onlara edilən hücumun digərləri üçün nümunə xarakteri daşıdığını bəyan edib: “Bizim timsalımızda ölkədə baş verənləri azad və əsaslı tənqid edən digər kütləvi informasiya vasitələrinə də dərs verirlər. Təəssüf ki, biz tariximizin utancverici səhifələrinə qayıdırıq”.

Erməni jurnalist Ani Hovhannisyan bu ilin yanvar ayında belə yazırdı: “Təəssüf ki, elə bir vəziyyətə şahid oluruq ki, Paşinyanın hakimiyyəti altında media nümayəndələrinə qarşı müxtəlif xarakterli təqiblər, KİV-lərin qaralara və ağlara bölmək, jurnalistləri özününkü və düşmənə ayırmaq, düşmən elan olunmuş KİV-lər üzərinə hücumlar, ləkələmə cəhdləri və s. artıq normal olur. Bu vəziyyətin yeganə cavabdehi məhz Nikol Paşinyandır”.

Jurnalistlərə qarşı fərdi qaydada təzyiq, eləcə də aksiyaları işıqlandıran media əməkdaşlarının döyülməsi faktları kifayət qədərdir, lakin media azadlığından bəhs edən beynəlxalq media təşkilatlarının səsi gəlmir.

Nikol Paşinyanın seçkiləri saxtalaşdırdığını, rəqiblərini sıradan çıxarmaq üçün hər yola əl atdığını Ermənistan mediası zaman-zaman yazır. 2018-ci il 9 dekabrda Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı erməni mediasının ortaya çıxardığı faktlar da bu ölkədəki vəziyyətin reallığını göstərir.

– “168 jam” qəzeti yazırdı ki, Paşinyanın komandası 7 və 8 dekabrda, həmçinin seçki günü – 9 dekabrda Respublika Partiyasının seçki qərargahlarına gözlənilməz məqamda müdaxilə etməyi planlaşdırır. Bu plan baş tutdu və müxalifətin fəaliyyəti neytrallaşdırıldı.

– ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistanda seçkiöncəsi İctimai Televiziyanın qüvvədə olan hakimiyyətin – Nikol Paşinyanın təbliğat ruporuna çevrildiyini açıqladı. Hesabatda Paşinyanın seçki təbliğatında inzibati resurslardan istifadə etdiyi qeyd olunurdu. DTİHB seçkiöncəsi atmosferi tənqid etdi və bəyan etdi ki, “Ermənistanda ictimai rəyi çaşdırmaq üçün yalan məlumatlar verilir və siyasi opponentlərə nifrət dalğası yaradılır, hakimiyyətin, xüsusilə Nikol Paşinyanın tənqidinə isə imkan verilmir”.

– Milyonlarla seçici səsvermə hüququndan məhrum edildi. Paşinyanın qərarı ilə xaricdə yaşayan Ermənistan vətəndaşları səsvermədə iştirak edə bilmədilər. Təkcə Rusiyada 500 min Ermənistan vətəndaşı yaşayır. Digər ölkələrdəki sayı da əlavə etsək, bu, milyonlarla seçici deməkdir.

– “Jamanak” qəzeti yazırdı ki, kənd icmalarının rəhbərlərinə öz ərazilərində Nikol Paşinyanın xeyrinə səs toplamaq və qutudan məhz “Mənim addımım” blokunun namizədinin çıxmasını təmin etmək tapşırığı verilmişdi. “Əgər onların icmasında başqa partiya qalib gələcəksə, istefa etməyə məcbur olacaqlar”, qəzet kənd icmalarının rəhbərlərinin təhdid edildiyini qeyd edirdi. Əlavə edirdi ki, “Mənim addımım” blokunun namizədləri namizəd olduqları ərazilərdə hörmətli şəxsləri müxtəlif yollarla – pul, vədlər – ələ alıblar.

– “168 saat” saytı yazırdı ki, Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni hərbi birləşmələrinin əsgərlərini onun təmsil olunduğu bloka səsverməyə məcbur edir. Qarabağda xidmətdə olan əsgərlər valideynlərinə zəng edərək, 9 dekabrda Qoris və Qapan rayonunda olacaqlarını bildiriblər. Onlar valideynlərinə bildirirlər ki, görüşmək üçün seçki günü həmin rayona gəlsinlər. Hərbi qulluqçular danışırlar ki, onlara əzizləri ilə görüşməyə o şərtlə icazə verirlər ki, seçkidə Nikol Paşinyanın liderlik etdiyi “Mənim addımım” blokuna səs versinlər”, – deyə qəzet qeyd edirdi.

Bu saxtakarlıqlara baxmayaraq beynəlxalq təşkilatlar heç bir reaksiya vermədi, əvəzində 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq qürrələnirdi: “25 il il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”. Yenə həmin çıxışında baş nazir bildirir ki, “hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”.

Ermənistan baş naziri yalan danışırdı, həm də bu yalanı ilə Qərbin ikili standart yanaşmasını da etiraf edirdi. Çünki 2017-ci ildə Ermənistanda keçirilən parlament seçkilərini müşahidə edən Qərb təşkilatlarının rəyində bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. Ardınca saxta seçkilərlə hakimiyyətini gücləndirdi və beynəlxalq tribunadan həm özünün, həm də Qərb təşkilatlarının yalanını ifşa etdi.

Budur, əsas rəqiblərini – Robert Koçaryanı həbs etdirən, Serj Sarkisyanı istintaq təzyiqi altında saxlayan, istənilən müxalifliyi süngü ilə qarşılayan Paşinyan digər siyasi opponentini – Qaqik Sarukyanı da “dar ağacına” göndərir. Faktiki olaraq, Qərbin susması erməni baş nazirə “azad diktatura” yaratmaq imkanı yaradıb və o, bu imkandan lazımınca istifadə edir.

Azərbaycanda istənilən kiçik məsələ reaksiya verən və qətnamələr, bəyanatlar qəbul edən beynəlxalq təşkilatların Ermənistanda baş verənləri gözmərdən gəlməsi onların “demokratiya fəlsəfəsini” də izah edir: Mənim adamımsansa və mənə işləyirsənsə, demokratsan. Paşinyan kimi… \\Publika