Prezident İlham Əliyev: Artıq Füzuli bizim gözümüzün qabağındadır

9

Füzulinin ətrafında kəndlərin mütləq əksəriyyəti bizdədir. Artıq Füzuli bizim gözümüzün qabağındadır.

Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində səsləndirib.

Dövlət başçısı bildirib:

“Azad edilmiş torpaqları hesablamaq o qədər də çətin məsələ deyil, halbuki hər gün bu, dəyişir. Dünən mən yeni altı kəndin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdım. Ondan əvvəlki gündə daha çox sayda kəndlər azad edildi. Bu proses davam edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad edirik, hər gün yeni strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir. Ancaq bu gün rəsmi qaydada verilən məlumat deməyə əsas verir ki, hansı bölgələr azad edildi.

İndi bu xəritədə, misal üçün, Hadrut yoxdur. Artıq Hadrut bizdədir. Füzulinin ətrafında kəndlərin mütləq əksəriyyəti bizdədir. Artıq Füzuli bizim gözümüzün qabağındadır. Ondan sonra cənub istiqamətində də irəliləmişik. Şimalda Murovdağ mövqeləri bizdədir, Suqovuşan bizdədir. Yəni, bütün istiqamətlər üzrə böyük uğurlar əldə etdik və bu proses davam edir. Hesab edirəm və əminəm ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə o kəndlərin sakinləri ki, o kəndlər işğaldan azad edilir, onlar üçün əlbəttə, bu, tarixi günlərdir”. \\Metbuat