Prezidentin teatr binasının tikintisi üçün ayrıdığı 5 milyon manat mənimsənilib

5 May, 2020, 13:26
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Dərbənd Dövlət Azərbaycan Teatrına sorumlu olan Mədəniyyət Nazirliyi isə susur

Azərbaycan Milli Teatrının və mədəniyyətinin yüksəlişində “Dərbənd Teatrı”nın önəmli yeri vardır. XIXI yüzilin başlanğıcında şəhər aydınları və öyrəncilərinin birgə səyi ilə Dağıstanda, eləcə də Quzey Qafqazda ilk peşəkar teatrın özülünü qoyublar.
1880-1990-cu illərdə Dərbənd Teatrı nəinki şəhərdə, eləcə də Dağıstanın Boynak, Temirxanşura, Kizlər, İnciqala, Sunja Qala, Həştərxan, Samara, Sarısu, Samara, Biştau, Batalpaşa, Simbir bölgələrinin mədəni mərkəzlərində Azərbaycan Milli Teatrını təmsil ediblər. Həmin çağda isə bu  mədəniyyət ocağı “Dərbənd Türk Teatrı” adlanırdı. Şəhərdəki “Milen” və “Miraj” klubları və kino-teatrlarda bu teatrın truppası icarə əsasında tamaşalar oynayırdı. Çünki, öz binası yox idi. 1904-cü ildə Dərbənd, Boynak, İnciqala şəhərlərinin aydınları imperiyanın daxili işlər nazirliyinə müraciət edərək “Dərbənd Türk Teatrı”nın tüzüyünü (nizamnamə) təsdiqini istəyirlər. 1904-cü ilin sentyabr ayında Sankt-Peterburqda teatrın rəsmi fəaliyyətinin təsdiqi cavabı gəldi. Beləliklə Quzey Qafqazda ilk peşəkar teatr kimi “Dərbənd Türk Teatrı” rəsmi statuslu mədəniyyət ocağına çevrildi. Dürək Abbasqulu, Hüseynqulu Ərşadoğlu, Hüseyn Xankişioğlu, Fətullah Səlim, Hacı Tağıoğlu, Miqdar, Hacı Ağoğlu və başqlarından oluşan bu teatr Azərbaycan milli teatrının altun səlnaməsinə öz adlarını yazdılar. 1990-cu ildən başlayaraq demək olar ki, “Dərbənd Türk Teatrı”nın qızıl çağı başladı. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının sayəsində Dağıstanda və Quzey Qafqazda və Volqaboyunda şöhrət qazandı. Bakıda çıxan “Kaspi”, Tiflisin “Qafqaz”, Vladiqafqazdakı “Terek” qəzetləri “Dərbənd Türk Teatrı”nın uğurlarını işıqlandırdılar. Elə həmin il Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, “Lənkəran Xanının vəziri” və başqa əsərlər bu teatrın səhnəsində oynanıldı. Demək olar ki, “Dərbənd Türk Teatrı” 1920-ci ilə kimi Quzey Qafqazda teatr sənəti ilə bağlı ən güclü mədəniyyət ocaqlarından biri sayılırdı. 1920-ci ildə Şura Hökuməti qurulduqdan sonra, “Dərbənd Proletar Gənclər Klubu”nun nəzdində “Azərbaycan Dövlət Teatrı” yaradıldı. Çarlıq Rusiyası dönəmində olduğu kimi, yenə də bu teatrın öz binası olmadı. Buna baxmayaraq, Məmmədkazım Ələkbərli, Əbdülcəlil Əsgərov, Süleyman Ələkbərov, Müzəffər Əliyev, Fazil Seyidov, İsabəy Mirzəbəyov, Əbülfəz İsmayılov və basqaları teatrın mövqelərini daha da gücləndirdilər. 1927-ci ildə isə “Dərbənd Azərbaycan Teatrı”na rəsmi dövlət statusu verildi. Yenə də binasız qalan teatr tamaşalarını fərqli klubların səhnəsində oynamalı oldu. “Şəhər İctimai Klubu”nun bu teatra verilməsi üçün dərbəndli tanınmış memar Mustafa Qasımovun rəhbərliyi ilə binanın daxili yenidən qurulur və peşəkar teatr səhnəsinin standartlarına uyğun şəklə salınır. Hətta tamaşaçı zalı yapma və qızıl suyuna çəkilirərək naxışlarla da bəzədildi. Teatrın açılışına bir gün qalmış gecə bina naməlum şəxslər tərəfindən yandırıldı və tamamilə külə çevrildi. İndiyə kimi yanğın olayının sirri açılmayıb. 1930-cu ildə Dərbənddə “İnşaatçılar Klubu” tikilib istifadəyə verildi və 1931-ci ildən etibarən bu mədəniyyət ocağının səhnəsi “Türk (Azərbaycan Dram Teatrı”na pərdəsini açdı. Teatrın baş rejissoru vəzifəsinə Bakıdan sonradan Azərbaycanın və keçmiş SSRİ-nin xalq artisti adını almış İsmayıl Dağıstanlı təyin olundu. 1934-cü ildə teatrın statusu dəyişdirilərək “Dərbənd Dövlət Azərbaycan Musiqili-Dram Teatrı” adı ilə tanındı. “Od Gəlini”, “Sevil”, “Almas” (Cəfər Cabbarlı), “Fərhad və Şirin” (Səməd Vurğun), “Günahsız müqəssirlər” (Aleksandr Ostrovski), “Skapenin kələyi” (Jan Batist Molyer), “Leyli və Məcnun”, “O olmasın, bu olsun” (Üzeyir Bəy Hacıbəyli) və başqa dramaturqların əsərləri bu teatrın repertuarının əsil bəzəyi idi.

Dərbənd Teatrının “qara günləri”

II Dünya Savaşı dönəmində “Dərbənd Dövlət Azərbaycan Teatrı” başqa teatrlar kimi səfərbər olunaraq, döyüş bölgələrində faşizmə qarşı yurdsevər mövzularla əsgərlər qarşısında gecə-gündüz bilmədən tamaşalar oynadı. 1945-ci ilə kimi faktiki olaraq teatr dinclik nədir bilmədi. Böyük nüfuza malik bu teatr 1949-cu ildə stalnizmin repressiyasına məruz qalaraq bağlanıldı. Teatra “kolxozlararası özfəaliyyət teatrı” kimi fəaliyyət göstərməyə icazə verildi. Bütün çətinliklərə baxmayaraq, Dərbənd Azərbaycan Teatrı fəaliyyətini davam etdirmək əzmi ilə çalışdı. Bu teatr Dağıstanda yeganə mədəniyyət ocağı idi ki, orada çalışan aktyorlar, rejissorlar və digər sahələr üzrə mütəxəssislər fəxri titullara sahib idilər. 1967-ci ildə teatr məqsədli şəkildə daha ağır aqibətlə üz-üzə qoyuldu. Yəni artıq bu teatr öz varlığını sadəcə “dram dərnəyi” səviyyəsində saxlaya bilərdi. “Dərbənd Azərbaycan Xalq Teatrı”nın yaşaması, öz varlığını qoruması yönündə ünlü rejissor, Dağıstan və Azərbaycan xalqlarının mədəni birliyi üçün bütün həyatını bağlamış Nəsir Həşimoğlu düz 30 il geri çəkilmək fikrində olmadığını ortaya qoydu. Hansı statusla mövcud olmasına baxmayaraq, bu mədəniyyət ocağının varlığını yaşatdı. Milli mədəniyyətimizin simvoluna çevrilən və bu teatra sadiq qalan Bənövşə Əhmədova, Şövkət Abbasova, Yaqut Xandadaşova, Leyla Əsədova, Əsəd Əsədov, Seyfulla Xanmirzəyev, Vaqif Mehdiyev, Məhərrəm Ömərov, Rəhilə Ömərova, Dürriyyə Rəhimova və başqaları bütün şüurlu ömürlərini sərf etdilər. Dürriyyə Rəhimova hətta Rusiya Federasiyasının xalq artisti adına layiq görüldü. 1993-cü ildə “Dərbənd Azərbaycan Xalq Teatrı”nın normal fəaliyyəti üçün ayrıca bir kino-teatrın binası ayrıldı. Bina qəzalı durumda olduğuna görə burada fəaıiyyət göstərmək mümkün deyil. Şəhər rəhbərliyi və Dağıstanın mədəniyyət nazirliyi təmir üçün guya vəsait ayırdılar. Teatrın binasının damı dəmir örtüklə əvəzləndi və səhnəsi yenidən quruldu. Günün tələblərinə uyğun kollektivin heyətinin dəyişməsi, daha peşəkar sənətçilərin cəlb olunması amacı ilə hətta Bakıdan rejissor da dəvət olundu. Ancaq, tələb olunan durum heç də istənilən sonucu vermədi. Ona görə ki, dolayı yolla bu teatra ögey münasibət davam edirdi. 1998-ci ildə Dağıstan və Azərbaycan rəhbərliyi arasındakı razılaşmalar sayəsində 27 aprel tarixində “Dərbənd Azərbaycan Teatrı”na dövlət statusu verildi. Azərbaycandan tanınmış rejissor, xalq artisti Caqif Əsədov, Nazir Rüstəmov, Yaqut Xandadaşova, Laləzar Hüseynova, İsgəndərbəy Sultanov, Əlisultan Batırov və başqaları bir sıra uğurlu tamaşalara imza atdılar. Ancaq, o da bəllidir ki, bu teatrın hələ də özünün binası yoxdur.

Göyə sovrulan “beş milyon manat”ın taleyindən xəbər yox    

“Dərbənd Azərbaycan Dövlət Teatrı”nın orta hesabla 140 yaşı var. Bu qocaman teatrın yarandığı gündən ilk dəfə olaraq özünün xüsusi binasının olması barəsində ilk sərəncamı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev imzalayıb. Prezident İlham Əliyevin 3 avqust 2015-ci il tarixli sərəncamı əsasında 2016-cı ildə Dağıstan və Azərbaycan mütəxəssisləri birlikdə layihə-büdcə sənədləri hazırlandı. Sənədə görə, yeni dördmərtəbəli, müasir avadanlıqlarla təchiz olunmuş, ümumi sahəsi 5 min 623 kv.m. və 300 nəfərlik tamaşaçı zalı olan bina inşa edilməlidir. Dağıstan hökuməti Dərbənddəki V. Çapayev küçəsində 1.5 hektar ərazi ayırıb. 2018-ci ildə Dağıstan höküməti teatr binasının Nizami Gəncəvi parkında inşa edilməsi təklifini irəli sürüb. Bununla bağlı layihə-büdcə sənədlərinə dəyişikliklər edilməsi və əlavə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. Ancaq, indiyə kimi, Azərbaycan prezidenti İlham Əliyevin binanın tikintisi üçün ayrıdığı 5 milyon manatın taleyindən xəbər yoxdur. İstər Azərbaycan, istərsə də Dağıstan KİV-lərində bu problem dəfələrlə qaldırılsa da, mədəniyyət naziri Əbülfəs Qarayev “lal mövqe” sərgiləməkdən savayı heç nə etməyib. Dağıstan Mədəniyyət Nazirliyi bildirir ki, “Dərbənd Azərbaycan Dövlət Teatrı”nın binasının inşası üzrə sorumlu Azərbaycanın Mədəniyyət Nazirliyidir. Yaranmış problemin digər səbəbi isə, Dərbənd şəhər meriyasının Nizami Gəncəvi adına Parkda teatr üçün binanın tikintisi məsələsinə razılıq verməməsidir. Beləcə teatrın binasına yrılan 1.5 hektar ərazinin taleyi sual altında qalıb, digər yandan da Nizami Gəncəvi Parkının ərazisində bina tikintisinə izin verilmir.

Tolerantlığın kamerton taleyi

“Dərbənd Azərbaycan Dövlət Teatrı”nın binasız olması, həm də bu mədəniyyət ocağı üçün milli faciə hesab etmək gərəkdir. Ona görə ki, belə bir durumla üz-üzə qalan istənilən mədəniyyət ocağı tədricən həvəskar səviyyəsinə enir. Peşəkarlıq isə yox olur. Muxu Əliyev (2006-2010-cu illər) və Ramazan Abdulatipovun (2013-2017-ci illər) prezident olduqları dönəmlərdə onların Azərbaycana olan ögey münasibətləri kimsəyə sirr deyil. Aradan ötən 22 illik dönəmdə qocaman teatrın bina problemi həll olunmamışdır. Teatrın binası üçün ayrılan 1.5 hektar ərazi ilə bağlı belə bir gülünc iddia ortaya atılıb: “Ərazi şəhər meriyasının balansında deyil”.  O zaman sual yaranır ki, iki respublikanın mütəxəssisləri bir araya gələrək həmin ərazidə layihə əsasında maliyyə-smetaları necə hazırlamışdılar? Dərbənd meriyasının açıqlamasına görə indiki durumda maliyyə çatışmazlığı ucbatından teatrın binasının inşası problem olaraq qalır. Yenə də sual yaranır: “Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Dərbənd Azərbaycan Teatrı”nın binasının inşası üçün ayrılmış 5 milyon manatlıq vəsait haraya sovrulub? Dərbənd şəhərinin meri olan Xızrı Abakarov sirr deyil ki, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən milyader Süleyman Kərimovun kadrı kimi tanınır. Əgər əvvələr bu düşmənçiliyi mer statusu ilə İmam Yarəliyev və sonrakı merlər yürüdürdüsə, indi Xızrı Abakarov həmin ənənəni davam etdirir. Belə bir problem Dağıstan bürokratiyası tərəfindən ortaya atılsa da, Azərbaycan Respublikasının mədəniyyət nazirliyi daha çox məsuliyyət daşıyır. Nazir Əbülfəs Qarayev isə, “heç nə olmamış” kimi davranışlar nümayiş etdirir. Dərbənddəki “Kənd Təsərrüfatı Texnikumu”nun yaxınlığındakı ərazinin teatr üçün ayrılması ideyası da havadan asılı qalıb. “Dərbənd Azərbaycan Dövlət Teatrı”nin bina məsələsi “PAT” vəziyyətində saxlanılması kimə yarayır, sualına kimsə cavab tapa bilmir. Teatr istənilən etnosun mədəni səviyyəsinin güzgüsüdür. Dərbənddə və Dağıstanda Azərbaycan mədəniyyətinin izlərinin beləcə bürokratik əngəllərlə it-bata düşməsi əslində bizim milli faciəmiz sayılmalıdır. 2006-cı ildən ötən 14 ildə mədəniyyət naziri qoltuğunda (kreslo) oturan Əbülfəs Qarayev hələ də Azərbaycan mədəniyyətinin coğrafiyasından xəbərsizdir. Ona görə də Tiflis və Dərbənd teatrlarının problemlərini çözməkdə acizdir. Hər iki teatrın binasız qalması Azərbaycan mədəniyyətinin coğrafiyasının tanınmaması deməkdir. Biz bu yazımızda nazir olduğu dönəmdə ölkə prezidenti tərəfindən “Dərbənd Teatrı”nın inşası üçün ayırdığı milyonların sovrulduğu faktını ortaya qoyduq. 14 il nazir işləyəsən, hələ də Azərbaycan mədəniyyətinin problemlərinin çözümündə heç bir ciddi addım amayasan. Ona görə də kamerton ola bilmirik.

Ənvər BÖRÜSOY,
sənətşünas


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93