“Prezidentin yerinə olsam, Elmar Məmmədyarovla Leyla xanımın yerlərini dəyişdirərdim” – HEYDƏR OĞUZ

25 May, 2020, 10:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Son zamanlar İran-Azərbaycan münasibətlərində yaxınlaşmalar hiss olunur. İran dini liderinin nümayəndəsi Ayətullah Amilinin Dağlıq Qarabağla bağlı verdiyi bəyanatdan sonra ölkənin Azərbaycandakı Səfirliyi də ard-arda bizim milli maraqlarımıza cavab verən açıqlamalarla yadda qaldı. Bu yaxınlaşma nə dərəcədə səmimidir?  Hansı zərurətdən ortaya çıxıb və nə perspektiv vəd edir?

Bu və bənzər sullara Yaxın Şərq barədə analitik yazılarıyla tanınan şair-publisist, Ədalət partiyasının sədr müavini Heydər Oğuzla söhbətləşərək cavab tapmağa çalışdıq.

Heydər Oğuzun “Hürriyyət” qəzetinə verdiyi müsahibəsini təqdim edirik.

-Salam, Heydər bəy. Son zamanlar həm İran-Azərbaycan, həm də iqtidar-müxalifət arasında ciddi polemikalara yol açan Xudafərin qalmaqalının ortaya çıxmasında rəhbərlik etdiyiniz Ovqat.com-un da rolu az olmadı. 4 il bundan əvvəl bağlanmış sazişin birdən-birə yadınıza düşməsinin səbəbi nə idi?

-Əvvəla, ondan başlayım ki, nəyinsə yada düşməsi onun barəsində əvvəl məlumatının olması anlamına gəlir. Açığını desəm, belə bir müqavilənin mövcudluğu barədə hər hansı məlumata malik deyildim. Sazişin detallarını açıqlamağımızdan sonra yaşanan polemikalar sübut etdi ki, heç cəmiyyətimizin böyük əksəriyyəti də məlumatsızlıq sahəsində məndən geri qalmırmış. Bu baxımdan “Xudafərin” sazişinin yenidən ictimai müzakirəyə çıxarılmasında hansısa məqsəd axtarmaq yanlışdır. Hər şey birdən-birə baş verdi və öz təbii axarıyla getdi. Mövzunun mürəkkəbliyi istər-istər uzun sürən polemikalara yol açdı.

Sazişin təkrar gündəmə gəlməsinin əsas səbəbi ondan bir müddət əvvəl Xankəndində bir erməninin İrana məxsus yük maşınlarını göstərərək Qarabağa yanacaqla yanaşı koronavirus daşındığını bildirməsiylə başlayan polemikalardı. Ovqat.com-un həmin məlumatı yaymasından sonra bütün media qurumları və siyasi xadimlər bu məsələnin üzərinə getdilər. Azərbaycan XİN İrandan faktla bağlı açıqlama istədi. İran XİN  İranla Dağlıq Qarabağ arasında hər hansı tranzit əlaqəsinin olmadığını bildirdi və videonun erməni təxribatı məqsədilə başqa yerdə çəkilə biləcəyi ehtimalını irəli sürdü. Bu da istər-istəməz gözlərin Dağlıq Qarabağ sərhədlərinə yönəlməsinə səbəb oldu. Məlum oldu ki, İranla Dağlıq Qarabağ arasında 5 körpü mövcud imiş. Bu fakt kosmosdan çəkilən şəkillərlə də öz təsdiqini tapdı və yenə bizim saytımızda işıqlandırıldı. Azərbaycan ictimaiyyəti sövq-təbii olaraq bu fakta daha çox etiraz etdi. Sözsüz ki, biz də buna laqeyd qala bilməzdik və bir çox məsləkdaşlarımızın çəkinib vermədiyi etirazları da öz səhifələrimizdə işıqlandırdıq. Ara yenidən qarışdı. Bütün gözlər yenidən İranın bu məsələylə bağlı verəcəyi açıqlamaya zilləndi. İranın Azərbaycandakı Səfirliyi yenə bizim vasitəmizlə həmin körpülərin iki dövlət arasında 2016-cı ildə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi ilə əlaqədar bağlanmış saziş əsasında tikildiyini bildirdi. Bu açıqlama istər-istəməz hər kəsi şoka saldı və müzakirələrin ardı-arası kəsilmədi. Başqa sözlə desək, suya atılmış kiçik daş parçasının yaratdığı dalğalanma getdikcə böyüdü və ictimaiyyətin böyük əskəriyyəti tərəfindən müzakirə olundu. Daş parçasının su səthində yaratdığı dalğalanma nə qədər təbii və öncədən planlaşdırılmamış prosesdirsə, Xudafərin müzakirələrinin böyüməsi də bir o qədər anidən ortaya çıxmış hadisədir. Məncə, burada hər hansı qərəz, qeyri-adi səbəb axtarmaq doğru deyil. Azərbaycanın uzun illərdən bəri qanayan Qarabağ yarası var və əl dəydikcə göynəyir…

-Qəribədir ki, “Xudafərin” sazişi barədə iqtidar və müxalifətin bir-biriylə qətiyyən uzlaşmayan yanaşmaları var. İqtidar bu sazişi “misli görünməniş diplomatik uğur”, müxalifət isə “təslimiyyətçi siyasət” kimi qiymətləndirir. Siz bu dağla dərənin harasındasınız? Daha konkret desək, hansı mövqeni həqiqətə ən yaxın hesab edirsiniz?

-Bizdə hər hadisəyə maksimalist yanaşma var. İqtidar özü bağladığı bütün müqavilələri “əsrin müqaviləsi” saydığı kimi, müxalifət də hər şeydə məğlubiyyət axtarır. Öz nöqteyi-nəzərlərincə haqlıdırlar da. Yarısına qədər su dolmuş stəkana boş kimi də baxa bilərsən, dolu kimi də. Amma əsl həqiqət budur ki, stəkan nə doludur, nə də boş. Onun əsl adı yarımçıdır. Boş olaraq da yarımçıqdır, dolu olaraq da. Məncə, biz də “Xudafərin” sazişinə məhz bu nöqteyi-nəzərdən baxmalıyıq. Unutmamalıyıq ki, paritet əsaslarda bağlanmış müqavilələr heç bir tərəf üçün tam “dolu” olmur. Bu cür müqavilələr “qazan-qazan” prinsipinə uyğun şəkildə bağlanır. Yəni müqaviləyə imza atan hər iki tərəf ondan nəsə qazanır. Ancaq bir tərəfin qazanacağı müqavilələr isə müharibələr nəticəsində ortaya çıxır. Tərəflərdən biri digəri üzərində tam və qəti qələbə çalır, məğlub tərəfi təslim olmağa məcbur edir. Bunun da adı saziş və ya müqavilə yox, kapitulyasiya aktıdır. Kapitulyasiya aktları yalnız bir tərəfin marağını nəzərə aldığından əksər hallarda qalıcı olmur və yeni savaşlara gətirib çıxarır. Buna görə də tam və qəti qələbə çalan tərəflər belə, qarşı tərəfə hansısa miqdarda qazanc yeri qoyurlar. Bir sözlə, iki tərəf arasında, özü də sülh zamanı bağlanan sazişlər misli görünməmiş uğur ehtiva etmirlər. Bu fikir eyni zamanda ticari və iqtisadi müqavilə imzalayan zəif tərəfə də aiddir. Heç bir iqtisadi  müqavilə ancaq bir tərəfin güzəştləri hesabına bağlanmır, “qazan-qazan” prinsipi əsas götürülür. Əks halda zəif tərəf onu bağlamaz və heç kim qazanmaz. “Xudafərin” sazişi də “qazan-qazan” prinsipiylə bağlanmış bir sənəddir. Azərbaycanın ordan qazancı İrandan az olsa da, hər halda var. O qazancı böyük uğura çevirmək isə artıq diplomatiyanın deyil, hərbi qüvvələrin işidir. Hesab edirəm ki, Azərbaycan diplomatiyası 2016-cı ildə nəyi bacarıbsa, onu da əldə edib. Müqavilənin misli görünməmiş uğur adlana bilməsi üçün barəsində ortaq məxrəcə gəlinən ərazilərin Azərbaycanda olması lazımdır. Həmin ərazilər hələ də işğal altındadırsa, uğurdan danışmaq əbəsdir. Amma bu müqavilə təslimiyyət aktı da deyil. Əksinə Dağlıq Qarabağın regional güc olan İran tərəfindən erməni torpağı kimi tanınmasının qarşını alan sənəddir. Bu mənada onu “potensial uğur” adlandırıla bilər. Amma yenə deyirəm, bu potensialın real qüvvəyə çevrilməsi üçün Azərbaycan Silahlı Qüvvələrinin həmin əraziləri işğaldan azad etməsi tələb olunur.

-İstərdim ki, son fikirlərinizi bir qədər açasınız. Müqavilədə bizim xerimizə “potensial uğur” hesab etdiyiniz məqam nədən ibarətdir? Əgər söhbət hələ işğaldan azad edilməmiş torpaqlar üzərində bağlanmış müqavilədən gedirsə, yaxşı olmazdı ki, əvvəl həmin yerlər işğaldan azad olunardı, sonra həmin ərazi barədə hansısa sənəd imzalanardı?

-Yeri gəlmişkən, qeyd edim ki, sizin bu fikirlərinizi saziş yenidən gündəmə gələndə Ədalət partiyasının sədri İlyas İsmayılov da dilə gətirmişdi. O, Molla Nəsrəddindən bir misal çəkərək, Azərbaycan hakimiyyətinə bildirmişdi ki, adam birinci ulağı alar, sonra onun gözü barədə düşünər. Kifayət qədər haqlı mövqe idi. Amma sonradan sazişin bağlanma şəraiti haqqında bəzi detallar üzə çıxanda “gözün” “ulaqdan” niyə qabağa keçməsinin səbəbi aydınlaşdı.

Məsələ burasındadır ki, 2000-ci illərin əvvəllərində Azərbaycanla İran arasında ciddi böhran baş verir. Əsasən Xəzərin bölgüsü üzərində yaranan anlaşmazlıq tərəflərin bir-birini hərbi müdaxilə ilə təhdid etməsinə qədər uzanır. İran Xəzərin kimə aid olduğu indiyə qədər aydınlaşdırılmamış hissəsində kəşfiyyat işləri aparan BP-yə aid bir gəmini sıxışdırıb bölgədən uzaqlaşdırır. Daha sonra hərbi təyyarələrlə Azərbaycanın hava sərhədlərini pozur. Buna cavab olaraq, Türkiyəyə məxsus hərbi təyyarələr Bakı səması üzərində uçuş təlimlərinə başlayır. Beləcə İrana sərt mesaj verilərək çatdırılır ki, Azərbaycana edilmiş hər hansı həmlə zamanı qarşınızda Türkiyəni görəcəksiniz. İran bundan sonra Araz çayı üzərində həmin suqovşaqlarının inşasına qərar verir. Gəlin, razılaşaq ki, Azərbaycanın bunun qarşısını almaq imkanları o qədər də yüksək deyil. Əvvəla, ona görə ki, özümüzün nəzarət edə bilmədiyimiz torpaqlardan söhbət gedir. İkincisi ona görə ki, həmin ərazidə suqovşağı qurmaq barədə müqavilə sovet hakimiyyəti illərində bağlanıb. SSRİ dağıldığı ərəfədə həmin əraziləri işğal edən ermənilər müstəqillik arzusundadırlar. İddiaları beynəlxalq qurumlar tərəfindən tanınmasa belə, bu durum regional dövlətlərin əlində rahatlıqla Azərbaycan hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə oluna bilər. Belə ki, ermənilər nə qədər qanunsuz olsa belə, haqsız mövqelərini öz müqəddaratını təyinetmə hüququ kimi təqdim etməyə çalışırlar. Onların iddialarına görə, Dağlıq Qarabağ heç vaxt indiki Azərbaycanın ərazisi olmayıb. Sovet Azərbaycanı isə indi yoxdur. Dolayısıyla mövcud olmayan bir dövlətin qanunvericiliyi qarşısında hər hansı öhdəlikləri də qalmayıb. Sözsüz ki, beynəlxalq hüququ zorlama kimi qiymətləndirilə bilən bu arqument regional dövlətlərin əlində bəhanəyə çevrilə bilər. Daha loru dillə desək, münasibətlərimizin korlandığı İranın fürsətdən istifadə edərək həmin ərazilərdə SSRİ-nin varisi kimi qondarma “DQR”-nı tanınmaq ehtimalı vardı və Azərbaycan diplomatiyası bunun qarşısını almalı idi. Rəsmi Bakının qarşısında 3 yol qalmışdı: ya həmin əraziləri işğaldan azad edənə qədər İranın bu planının təxirə salınmasına nail olmaq, ya hərbi əməliyyatlara başlayıb işğala son vermək, ya da o müqaviləni imzalamaq. Belə görünür ki, İranı varianta razı salmaq mümkün olmayıb. Bu da başa düşüləndir. Hər bir dövlətin öz maraqları var və onları öz hüququndan geri çəkilməyə vadar etmək hər zaman mümkün olmur.

İkinci ehtimalda isə Dağlıq Qarabağda başlayacaq işğaldan azadetmə əməliyyatı beynəlxalq birliyin razılığı əsasında həyata keçirilə bilər. Sirr deyil ki, bu məsələdə hər kəsdən daha çox Rusiyanın razılığı alınmalıdır. Rusiya isə Dağlıq Qarabağ məsələsinə Cənubi Qafqazda mövcudluğunun əsas açarlarından biri kimi baxır. Bu konfliktdən istifadə edərək həm Ermənistanı, həm də Azərbaycanı öz orbitində saxlamağa çalışır. Heç bir imperialist dövlət isə strateji məsələrdə maraqlı tərəflərə güzəştə getmirlər. Bu fikirlər xüsusilə Rusiyaya aiddir. Moskva eyni siyasəti həm Gürcüstan, həm Moldova, həm Ukrayna, həm də Qazaxıstan və digər Ortaya Asiya ölkələri üzərində həyata keçirir. Keçmiş SSRİ-nin tərkib hissəsi olan ölkələrin hər birinin Qarabağa bənzər konflikt ocaqları var. Bu da ondan xəbər verir ki, nə qədər Rusiya imperialist mövqeyindən əl çəkməyib, konservləşdirilmiş konfliktlər aradan qalxmayacaq. Moskvanın bu kartını əlindən almağa çalışmaq isə Gürcüstanın 2008-ci ildə üzləşdiyi problemə dəvətnamə göndərmək kimi bir şeydir. Xatırladım ki, həmin il Saakaşvilinin təmkinsizliyi Cənubi Osetiyanın tamamilə Gürcüstanın əlindən çıxmasına səbəb oldu. Bənzər siyasəti biz 2014-cü ildə Ukraynada gördük. Ukraynanın rus orbitindən uzaqlaşmağa çalışması Krımın və Şərqi Ukraynanın itirilməsiylə nəticələndi. Göz gördüyündən qorxar. Rəsmi Bakı da məhz bu təcrübələrdən nəticə çıxarıb üçüncu variantı seçmək məcburiyyətində qalıb və “Xudafərin” sazişini imzalayıb. Bununla ona nail olub ki, Dağlıq Qarabağ üzərində formal suverenlik hüququnu münbit şərait yaranana qədər qorusun. Bu mənada “Xudafərin” sazişini mən “potensial uğur” adlandırardım. Ərazilərimiz işğaldan azad oluna qədər problemi konservləşdirmək bir uğurdur. Amma hələ tam reallaşmamış uğurdur.

-Bəy, bir tərəfdən bu müqaviləni uğur adlandırırsınız, digər tərəfdən isə Azərbaycanın Xarici İşlər Nazirliyini, xüsusilə Elmar Məmmədyarovu tənqid edirsiniz. Sizcə, bu, təzadlı yanaşma deyilmi?

-Əvvəla, mən müqaviləni uğur yox, “potensial uğur” adlandırıram. Hər potensial güc isə real qüvvəyə çevrilmir. Potensial gücün də bir müddəti var. Həmin müddət bitəndə potensial da yox olur. Son zamanlar qondarma “Dağlıq Qarabağ Respublikası”nın bir sıra dövlətlər tərəfindən tanınması bizim bu potensialımızın ömrünü azaldır. Hesab edirəm ki, rəsmi Bakı bu barədə dərindən düşünməli, beynəlxalq münasibətlər bizim əleyhimizə çevrilmədən Dağlıq Qarabağ üzərində öz suveren hüquqlarını bərpa etməlidir. Diplomatiya bir yerə qədərdir. Diplomatik təşəbbüslər işə yaramayanda Silahlı Qüvvələr öz sözünü deyir. Məşhur bir atalar sözü var: “Quran oxumaqla donuz darıdan çıxmaz”. Mən də bu atalar sözündən hərəkət edərək bir qəzəlimdə yazmışam ki,

“Yıxılıb şil-küt olar, kim “uçaraq göylə” gedər.

Çünki adət belədir: “hayla gələn küylə gedər”.

Oxusan Müshəfi, çıxmazsa donuzlar darıdan

Ələ al nar çubuğun, onları qov, küylə, gedər”.

Nə yazıq ki, bizim bu gün “ələ nar çubuğu alıb donuzları darıdan küyləmək” zamanımızdır. Niyə “küyləmək” deyirəm? Çünki hərb yolu elə diplomatiyanın uğur qazanması üçün də bir vəsilədir. Donuzlar nar çubuğunu dadmayana qədər küylənməzlər. Bu mənada Azərbaycan diplomatiyasının uğuru da ordusunun biləyindəki gücdən asılıdır.

O ki qaldı Elmar Məmmədyarov barəsində yazdıqlarıma, mən ümumiyyətlə, XİN ilə Elmar Məmmədyarovu bir-birindən ayırmağın tərəfdarıyam. Bu adamın indiyədək nə demək istədiyini anlayan yoxdur. Bircə, deyəsən onun dilini XİN-nin Mətbuat katibi Leyla Abdullayeva başa düşür. Hər halda nazirin sözçüsü kimi çıxış etməsindən belə anlaşılır. Açığını desəm, Elmar Məmmədyarovun bir çox nöqsanlarını bu qız qapada bilir. Mən şəxsən Prezidentin yerinə olsam, Elmar müəllimlə Leyla xanımın yerini dəyişərdim. Deyəsəksiniz ki, onda bəs Elmar Məmmədyarov Leyla xanımın fikirlərini necə xalqa çatdıracaqdı? Haqlı sualdı. Amma çox bəsit bir cavabı var: O zaman Mətbuat katibinə lüzum qalmayacaqdı. Leyla xanımın özü gözəl nitqiylə bütün fikirlərini ifadə edəcək, Elmar Məmmədyarov isə doyunca yatacaqdı.

Bunlar məsələnin yarızarafat, yarıciddi tərəfidir. Amma məndən soruşsanız, görünən budur ki, “Xudafərin sazişinin” Elmar Məmmədyarova zərrə qədər də dəxli yoxdur. Müqaviləni o vaxt İqtisadiyyat naziri olan Şahin Mustafayev bağlayıb. Bu sazişin şərhini isə Xələf Xələfov verir. Belə çıxır ki, danışıqları da o aparıb. Hər dəfə İranla bir böhran ortaya çıxanda Xələf Xələf ortaya girib problemi yoluna qoyur. Deməli nazirlikdə belə ciddi məsələlərə Xələf Xələfov baxır. Təsəvvür edirsinizmi, demək olar ki, heç bir iş görməyən adam nazirdir, hər işi görən adam ona müavinlik edir, xalqı maarifləndirən isə Leyla Abdullayevadir. İndi necə hesab edirsiniz, mən Elmar Məmmədyarovun böyük diplomatik uğurundan danışmalıyam? Amma insafən, onun da uğurları az deyil. Di gəl ki, bu uğurları diplomatik məharətə şamil etmək bir qədər mübahisəlidir. Məsələn, o, 2004-cü ildən indiyədək nazirdir. Heç Napalyonun Xarici İşlər naziri, dünya diplomatiyasının nəhəngi Talleyrand da bu qədər hakimiyyətdə olmayıb. Hələ onu demirəm ki, 16 il ərzində 313 illik maaşı ilə oğluna iki ev almağı nəinki Talleyrand, heç dünyanın ən böyük simyagərləri belə bacarmazdılar…

-O zaman bu adamı niyə vəzifədə saxlayırlar?

-Görünür, müasir Azərbaycan reallığında təhlükəsizlik dərəcəsi ən aşağı səviyyədə olanların nazir vəzifəsini icra etməsi daha məqsəduyğun bilinir. Bu, təkcə Xarici İşlər naziri üçün də keçərli deyil. Azərbaycanda bir çox nazirlik və dövlət komitələrində eyni vəziyyət hökm sürür. Ən bacarıqsız adamlar nazirdir, həmin strukturu isə ikincilər idarə edirlər.  Amma bu prinsiplərlə dövlət strukturları idarə oluna bilməz, xarici siyasət də həmçinin. Fikrimcə, mərhum Heydər Əliyevin zamanında qurulan bu sistem təkmilləşdirilməli, işinin əhli olanlar önə çəkilməlidir. Çünki nə Azərbaycan müstəqilliyinin ilk illərindəki çarəsiz vəziyyətdə dövlətçilik ənənələrini möhkəmlədən, məcburən balanslı xarici siyasət yürüdən dövlətdir, nə də yerləşdiyi məkandakı beynəlxalq münasibətlər əvvəlki qədər hamardır. İndi dünyanın böyük dövlətlərinin region üzərində mübarizələri əməkdaşlıq müstəvisindən kənarlaşıb və açıq konfliktlər şəklini alıb. Bizə regional rəqabətdən daha çox divident əldə etməyi bacaran mahir komanda lazımdır. Ölkəmiz bir nəfər tərəfindən idarə edilə bilməyəcək qədər böyüyüb. Bir çox regional məsələlərin həllində vasitəçilik edəcək mərhələyə gəlmişik. Uşaq vaxtı geyindiyimiz ayaqqabı yeniyetməlik dövründə ayağımıza dar gəldiyi kimi, indiki diplomatik korpus da Azərbaycanın artan ağırlığını qaldıra bilmir. Son zamanlar hakimiyyətin kadr dəyişikliklərinə getməsi sübut edir ki, bu həqiqət rəsmilərimiz tərəfindən də artıq başa düşülür. Xüsusilə güc və təhlükəsizlik strukturlarında aparılan kadr dəyişikliklərin müsbət nəticələri də sezilməyə başlayıb. Düşünürəm ki, ölkədə yeni komandanın formalaşması prosesi gedir. Bu yeniləşmə prosesində müxalifət düşərgəsindəki dövlətçi düşüncəli insanların potensialından da istifadə olunmalıdır. Azərbaycan yalnız bir qrup adamın məmləkəti olmaqdan çıxmalı, müxtəlif kəsimlərin birgə idarə və bir-birinə daha yaxından nəzarət etdiyi dövlət halına gətirilməlidir. Dövlətləşmə məhz bu cür baş verir.

-İstərdim, mətləbdən çox uzaqlaşmadan yenidən İran-Azərbaycan münasibətlərinə qayıdaq. Bir çoxları fikirləşirlər ki, bu kimi məsələlərin gündəmə gətirilməsi əslində Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra yaxşılaşan Azərbaycan-İran münasibətlərini korlamağa xidmət edir…

(Ardı var)

Şamo, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93