Salam, xoş gəlmisiniz.

Professor İdris Abbasov Ali Attestasiya Komissiyasından nələr açdı... - MÜSAHİBƏ

2020-02-12 14:33:00

Professor İdris Abbasov Ali Attestasiya Komissiyasından nələr açdı... - MÜSAHİBƏ

“Onlar belə proseslərdən şəxsi maraqları üçün istifadə etmək şansı qazanırlar, tədqiqatçını özlərindən asılı vəziyyətə salır, süründürür, təzyiq edir, min oyundan çıxırlar”

“Ənənəvi olaraq, AAK-la müdafiə şuraları, işçevirən alimi-biəməllər eyni şəbəkədə fəaliyyət göstərirlər”

Ali Attestasiya Komissiyasının (AAK) Rəyasət Heyətinin çıxardığı 13 dekabr 2019-cu il tarixli, 13-R nömrəli qərarı yalnız doktorant və dissertantlar deyil, ölkənin nüfuzlu elm adamları da ədalətsiz qərar adlandırırlar.

Qeyd edək ki, AAK-ın məlum qərarına görə, fəlsəfə doktoru elmi adı almaq üçün  müzakirədən keçmiş dissertasiyalar yenidən ilkin müzakirəyə qaytarılmalı, seminardan keçənlər isə yenidən seminarda iştirak etməlidirlər. AAK-ın bu qərarına etirazını bildirən iddiaçılar qərarın ləğvinə nail olmaq üçün ölkə başçısı İlham Əliyevə də müraciət ediblər. Lakin hələ də onlar buna müvəffəq olmayıblar. Məsələ burasındadır ki, AAK iddiaçıların ədalətsiz hesab etdikləri qərarın qəbul edilməsi səbəbilə bağlı heç bir açıqlama vermir. Bu arada sosial şəbəkələrdə AAK-da baş verən qanunsuzluqlar, korrupsiya və saxtakarlıq halları ilə bağlı informasiyalar yayılır. Hətta AAK rəhbərinin özünün professorluq diplomunun saxta olmasına dair iddialar da gündəmdədir.

AAK-da baş verənləri yaxından izləyən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzəri dilçilik şöbəsinin müdiri, tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor İdris Abbasovla əlaqə saxlayıb bu qurumda baş verənləri sizinlə bölüşmək istədik.

- İdris müəllim, AAK-ın məlum 13 dekabr qərarı elm sahəsinin astanasında dayanan, elmlə məşğul olmaq istəyində olan istedadlı gənclərə çox mənfi təsir göstərib. Hətta bu qərardan xəstələnənlər də, ağır stress keçirənlər də olub. Hadisələri müşahidə edirsiniz, bu yanlış qərarın verilməsinə səbəb nə idi?

- AAK-ın 13 dekabr 2019-cu il tarixli qərarının hansı zərurətdən doğduğunu heç kəs izah edə bilmir. Əksəriyyət birmənalı şəkildə təsdiq edir ki, məlum qərar Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddəsinə zidd olaraq çıxarılıb. AAK-ın şöbə müdiri qanunsuz qərara haqq qazandıraraq bildirib ki, qərar dissertantların işini yüngülləşdirməyə xidmət edir. Reallığın əleyhinə yönəlmiş bu açıqlama elmi tədqiqatçıları daha çox narahat etməyə başlayıb. Düşünülməmiş qərar nəticəsində neçə-neçə insanın taleyinə biganə yanaşılıb. Sosial şəbəkələrdə alimlər, professorlar və elmi rəhbərlərdən imdad diləyən tədqiqatçıların səsinə səs verən biri kimi o insanların stress keçirdiklərinin, əzab-əziyyətlərə, süründürməçiliyə düçar olduqlarının, yaşadıqları bu gərginliyin özlərinə və hətta körpə uşaqlarının sağlamlığına necə mənfi təsir göstərdiyinin şahidi oldum. Onların əksəriyyəti saf, siyasi proseslərdən uzaq, elmlə məşğul olmağın müqəddəsliyini dərk və qəbul edən insanlardır.  

Dissertantlar və doktorantlar AAK-ın Rəyasət Heyətinin çıxardığı məlum qərarın ləğv edilməsi üçün mübarizə aparırlar, hətta kömək üçün cənab Prezidentə də üz tutublar, amma hələ də onlara qarşı AAK rəhbərliyi süründürməçiliyi davam etdirir. Bu azmış kimi, dissertant və doktorantlara qarşı müxtəlif yollarla təzyiqlər də edilir. AAK “ədalətli” qərar çıxardığını deyir... Sizcə, AAK ədalətsizliyə niyə son qoymur?

- Bəli, hətta “WhatsApp” qrupunda onlarla tədqiqatçını birləşdirən bir amal var: Konstitusiyaya zidd qərarın ləğvi və onların hüquqlarının təmin olunması. AAK rəhbərliyinin qeyri-adekvat açıqlaması və yanlış qərarın üzərində israrla dayanması bir qrup gənc alim və tədqiqatçını ölkə başçısına müraciət etməyə vadar edib. Tədqiqatçılar yalnız cənab Prezidentin müdaxiləsindən sonra haqlarının bərpasına inandıqlarını bildiriblər. Təəssüf ki, AAK rəhbərliyi çıxardığı qərarın əsirinə çevrilib və onu “ədalətli” adlandırmaqdan savayı, çarə tapmır.

 - Uzun illərdir rüşvət və korrupsiya yuvasına çevrildiyi iddia edilən AAK-ın yeni rəhbərliyinin də köhnədən qalma ənənələri davam etdirdiyi bildirilir. Hətta sosial şəbəkələrdə AAK rəhbərinin özünün professorluq diplomunun da saxta olduğu barədə iddialar yer alır. O da deyilir ki, son illər AAK-dan alimlik diplomu alanlar arasında buna rüşvət müqabilində nail olanlar da çoxdur. Necə bilirsiniz, deyilənlər həqiqət ola bilərmi?

- Yayılan məlumatlara görə, sözügedən qurum korrupsiya və rüşvətdən sıyrılıb çıxan bir qurumdur. Mən 9 aya yaxın bir müddətdə AAK-ın Filologiya üzrə Ekspert Şurasının üzvü oldum. Bu müddət ərzində rüşvət alıb-vermə mexanizminin şahidi olmadım. Amma iş prinsipinin elmə və dövlətə heç bir faydası olmadığını yəqinləşdirdikdən sonra 15 yanvar 2020-ci ildə oraya getməkdən imtina etdim. AAK rəhbərinin professorluq diplomuna gəlincə, onun həqiqi, ya saxta olması barəsində heç bir arqumentim yoxdur və açığı, belə şeylərə inanmıram.

 - Doktorantlar və dissertantlar mənimlə söhbətlərində deyirlər ki, AAK rəhbərliyi problemi həll etmək, 13 dekabr qərarını ləğv etmək əvəzinə, iddiaçıları parçalamaq yolunu tutub, onları ayrı-ayrılıqda tərki-silah etmək istəyir. Bu haqda nə deyərdiniz?

- Bəli, AAK rəhbərliyi problemi ya həll etmək istəmir, ya da bacarmır. İddiaçılara müəyyən psixoloji təsirlərin edilməsi göz qabağındadır. Məlumata görə, AAK sədri fevral ayının 7-də bir nəfər dissertantı, fevralın 8-də isə 4 nəfər dissertantı qəbul edərək onlara müəyyən vədlər verib, “yaşıl işıq” yandıracağını deyib. Görüşdə iştirak edənlərin qrupa atdıqları səsyazıları bir çox mülahizəyə yol açır. Tədqiqatçıları qanunu tələb etmək mövqeyindən çəkindirmək məqsədilə gah müəyyən təhdid elementlərinin, gah da əməlli-başlı sövdələşmənin izləri görünür.

Deyilənə görə, artıq bu parçalanma prosesinə iddiaçıların işlədikləri müəssisələrin rəhbərləri də cəlb ediliblər... Onlara qarşı müxtəlif şirnikləndirici təkliflər irəli sürülür ki, şikayət etmə, sənin müdafiənə şərait yardılacaq, sənin işin ilkin müzakirəyə formal olaraq göndəriləcək, seminardan formal olaraq keçəcəksən və s. Doktorant və dissertantları parçalayan şəxslər öz məsuliyyətlərini niyə dərk etmirlər?

- Ayrı-ayrı dissertantlardan, doktorantlardan bu xəbəri eşidirəm. Hətta naəlac qalan bir dissertant göz yaşları içərisində öz sənədlərini çalışdığım şöbəyə təkrar müzakirəyə təqdim edib. Təbii ki, bu qərarın mən özüm lehinə deyiləm. Ona görə də təkrar müzakirəyə sədrlik etməkdən imtina etmişəm. Elmə, inkişafa heç bir aidiyyəti olmayan belə yanlış qərarın icraçısı olmaq üçün o qədər üzüyola, cahil olmalısan, o qədər mütiliyə alışmalısan ki, öz torpağını, vətənini də düşmən işğal edəndə mütiliklə, boynubükük şəkildə cavab verəsən. Hər şey elmdən, ziyalılıqdan, haqq sözünü deməyi bacarmaqdan, özünə qarşı tələbkar olmaqdan başlayır. Təəssüf ki, bizim bəzi alim-məmurlarımız hələ də ayılmayıblar. Şirnikləndirici təkliflər, formal müzakirə, formal seminar vədləri və s. Məlumata görə, 10 fevral 2020-ci il tarixdə ADPU-nun prorektoru Asəf Zamanov belə bir təşəbbüsdə bulunub. Hətta o, AAK-ın 13 dekabr 2019-cu il tarixli qərarının ziddinə olaraq, dissertantlara vəd verib ki, ilkin müzakirədən keçənlər müzakirəni təkrar keçməyəcəklər. Bu vəd bir çox dissertantın sevincinə səbəb olub. Hətta A.Zamanov bir neçə dissertantı qanunsuz qərarla razılaşdıra bilib və təkrar seminara qatılmaq razılığını alıb. Bu xəbəri eşidəndə düşündüm ki, yəqin düşmənə cavab vermək üçün səfərbər olunmuşuq. Sən demə, ört-basdır əməliyyatına başlanıb. AAK sistemində yaranmış sistemsizliyi sübut etmək üçün təkcə bu fakt da kifayətdir.

AAK tələb qoyub ki, iddiaçıların avtoreferatları mütləq qurumun istədiyi şəxslər tərəfindən xarici dilə tərcümə edilməlidir. İddiaçıların mənə verdiyi məlumata görə, avtoreferatın səhifəsi 17 dollara tərcümə edilir. Bu məsələ də onları ciddi narahat edir.

- Universitetlərin birində belə bir afişa görüblər ki, avtoreferatı mütləq filan şöbədə tərcümə etdirməlisən, yoxsa keçərli olmayacaq. Bəli, müəyyən qiymətlər də qoyublar. Təbii ki, bunu biznes marağına çevirmək cəhdləri doğru deyil. Çünki ingilis dilində imtahan verən, öz işinə bələd olan iddiaçı yazdığı dissertasiyanı istənilən ingilis dili tərcüməçisindən də yaxşı yerinə yetirə bilər. 

- AAK-ın doktorant və dissertantların başına gətirdiyi oyunlara elm ictimaiyyəti çox zəif reaksiya verdi, sizi və Həbib müəllimi, İlqar Orucovu çıxmaq şərtilə, onların səsinə səs verən olmadı. Alimlər niyə susurlar?

- Qanunsuzluğa tuş gəlmiş gənc tədqiqatçılardan biri alimlərdən kömək istəyirdi: "Çox hörmətli professor, dosent, alimlər, doktorant hazırlığı ilə məşğul olan müəssisələrin doktorantura şöbələri, elmi katib, elmi rəhbərlər, müdafiə şurası sədri və üzvləri, elmi seminar rəhbəri və üzvləri və s. VƏTƏNDAŞ MÖVQEYİNIZİ BİLDİRMƏYƏ DƏ TƏƏSSÜBKEŞLİYINİZ YETMƏDİ?!”. Sosial şəbəkələri ürəkdağlayıcı fəryadlar bürüyüb. Daşdan səs çıxır, onlardan yox. Səsini çıxarmalı olan alimlərin susmlarının bir çox səbəbi var. İlk növbədə vicdanın olmalıdır. O insanların yerində öz bacını, qardaşını, həyat yoldaşını, uşağını qoy. Razı olarsanmı onlara elə zülm edilməsinə, müxtəlif qurumların qapılarında girinc olmalarına? Əlbəttə, yox. Onda niyə səsini çıxarmırsan? Onların dar düşüncələrinə görə, AAK-ın tədqiqatçılar üçün çətinlik yaradan istənilən qərarının onlar üçün faydası var. Vicdansız elmi rəhbər, vicdansız rəyçi, vicdansız iclas sədri və bu qəbildən olan digərləri üçün belə qərarlar ürəkaçandır. Çünki onlar belə proseslərdən şəxsi maraqları üçün istifadə etmək şansı qazanırlar, tədqiqatçını özlərindən asılı vəziyyətə salır, süründürür, təzyiq edir, min oyundan çıxırlar. Ənənəvi olaraq, AAK-la müdafiə şuraları, işçevirən alimi-biəməllər eyni şəbəkədə fəaliyyət göstərirlər. Məsələyə birbaşa aidiyyəti olmayan alimlərin biganəliyi artıq vicdan məsələsidir. Bu insanların səsinə səs verməyin altında böyük proseslərin başlanğıcı dayanır. Təəssüf ki, bizim alimlərin bəziləri belə ağrılı məqamda nəinki mənəvi işgəncəyə məruz qalanların səsinə səs vermədilər, hətta fürsətdən istifadə edib qanunu pozan vəzifə sahiblərinə yaltaqlıq etmək şansı qazandılar. Bu etiraz elmi mühitin acınacaqlı mənzərəsini bir daha ortaya qoydu. Ona görə də cəsarətlə haqqını müdafiə edən gənc bir tədqiqatçı bu dövlət üçün 50 tüfeyli, məddah alim-professordan qat-qat faydalıdır. Sədr Famil Mustafayevin alicənablıq edib qərarı ləğv etməsi, AAK adından mənəvi işgəncəyə məruz qalmış tədqiqatçılardan üzr istəməsi ən düzgün addım olardı.

- İddialara görə, AAK-ın dissertant və doktorantları bu vəziyyətə salan qərarını Vəli Hüseynov çıxarıb. Amma Vəli müəllim bir dəfə də olsun bu məsələyə aydınlıq gətirməyib. Mən özüm dəfələrlə AAK-a müraciət etmişəm, amma onlarla danışmaq mümkün olmayıb. AAK niyə qərarın səbəbini ictimaiyyətə açıqlamır?

- Yox. Qərar çıxan vaxt Vəli Hüseynovun, məncə, heç bir səlahiyyəti olmayıb. Bəli, AAK-da Vəli Hüseynov kabusu dolaşmaqdadır və bütün baş verənləri onun əsrarəngiz çubuğu ilə bağlayanlar da var ki, bu da xurafatdır. Danılmaz faktdır ki, çıxarılan qərar Konstitusiyaya ziddir. Yəqin etiraf etməyə özlərində cəsarət tapmırlar, halbuki, etiraf ən böyük mədəniyyətdir. 100 gənci bir kresloya qurban etmək olmaz.

- İdris müəllim, AAK-ın Ekspert Şurasının üzvlüyündən imtina etməyinizin səbəbi nədir?

- Mən Ekspert Şurasının lüzumsuz olduğunun şahidi oldum. F.Mustafayev yenilik etmək istəyirsə, ilk olaraq elmə aidiyyəti olmayan Ekspert Şurasını ləğv etməlidir. Amma o nə etdi? Nazirlər Kabineti qarşısında məsələ qaldırdı ki, ekspertlərə pul vəsaiti ayrılsın. Baş nazir də hər saatı 15 manat olmaqla saathesabı pul ödənilməsi ilə bağlı qərar imzaladı. Düzdür, AAK sədrinin bu təşəbbüsü bir ekspert kimi mənim xeyrimə idi, amma ədalətin xeyrinə deyildi.  Ekspert Şurası üzvlüyündən ayrılmağım həyatımda öz ziyanıma atdığım addımlardan birincisi deyil. 9 ay müddətində mən ekspert oldum, özü də işlərin qızğın çağında. Vallahi, bəzmi-istirahət idi. O işə 1 manat da düşmür. Çünki heç bir faydası olmayan bir işdir. Ən yaxşı halda, vətən övladlarını AAK-a çağırıb dəhlizlərdə sinsitmək və s. Guya içəridə vacib işlər gedir. Gözdən belə pərdə asmağa pul xərcləyərlərmi? Özü də nə qədər... İlahi, pərvərdigara!  F.Mustafayev deyib ki, fevral ayından ödənişlər başlayacaq. Üzümü F.Mustafayevə tutub deyirəm: lütfən, Famil müəllim, yanlış qərardan sonra ikinci böyük yanlışlığa yol verməyin! Dövlətin marağını qorumaq hər birimizin borcudur, sizin isə həm də vəzifə borcunuzdur! Təsəvvür edin, 15 ekspert şurası var, hər şurada 20-dən artıq üzv var. Lap 20 nəfərdən hesablasaq və ayda hər bir ekspertə minimum 250-300 manat versək, 1 ilə təxminən 9 milyon manat pul edir! Bu nə deməkdir?! Məgər əlimizə düşmən büdcəsi keçib? Həm faydasız iş, həm də dövlət vəsaitinin havayı xərclənməsi... Gizlincə haqdan, ədalətdən danışan alim həmkarların bu dövlətə aidiyyəti yoxdurmu?! İndi mənə sual edirsiniz ki, bu alimlər niyə doktorantların səsinə səs vermədilər? Onlar hər şeydən müqəddəs olan dövlət maraqlarının öz xeyirlərinə rəncidə olmasına səs çıxardırlar ki, hələ bu biri taleyüklü məsələlərə də səs çıxaralar? Ümidimiz səsini çıxaran insanlaradır. Gəlin, elmə gələn gəncləri düzgün istiqamətləndirək! Təəssüf ki, bu ölkəyə biz yararlı ola bilmədik, barı onlar olsunlar! Vicdansızlığımızı onlara təlqin etməyək! Düzdür, onların çoxunu özümüz kimi bivec etmişik, amma zərərin yarısından qayıtmaq da xeyirdir. Gəlin, onların üzərinə səlib yürüşü edib pərən-pərən salmayaq! Nəfsimiz, kreslomuz xatirinə sabahımızı məhv etməyək! Bəsdir! Yetər artıq!

P.S. Müraciət edərlərsə, AAK təmsilçilərinin də mövqeyini dərc etməyə hazırıq.

/baki-xeber.com/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93