Pul əl çirki olmasa da, iki bəlanın mənbəyidir: “Dövriyyədən yığışdırılsın”

2

“Hökumət təcili olaraq nağd ödənişləri dayandırmalı və dövriyyədən nağd pulları çıxarmalıdır”

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsginaslar vasitəsilə virusa yoluxma riskinin artmasına dair elmi dəlil olmadığını bəyan etməsinə baxmayaraq, rahatlanmağa dəyməz, çünki eyni zamanda nağd pulun infeksiya riski daşımadığı barədə də heç bir dəlil yoxdur. Nağd pulların, adətən hansısa infeksion xəstəliyin yayılmasının səbəbi olması barədə çox eşitmişik. Həkimlərin dediyinə görə, əsginaslar üzərində çox rahat şəkildə vərəm, pnevmoniyanın patogenləri, tonzillit, hepatit, bağırsaq infeksiyası, dəri xəstəlikləri, meningit, ebola, sifilis, gonoreya və Stafilokokku yaşaya bilər. Nəzər alsaq ki, koronavirusun kağız üzərində bir neçə saat qalması faktı həkimlər tətəfindən təsdiqlənib, deməli koronavirus üçün də əsginas üzərində yer var.

 

Koronavirus pandemiyası bütün dünyada nağd puldan imtina edilməsinin tərəfdarı olanlar üçün vacib bir arqumentdir. Dünyada nağdsız ödənişlərin artması ilə bağlı deyilənlərə baxmayaraq, Azərbaycanda “Qlobal Findex” hesabatına görə, əhalinin yalnız 29%-nin bank hesabları var. Bu barədə iqtisad elmləri doktoru, İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) sədri Qubad İbadoğlu “Facebook” hesabında məlumat verib. Onun sözlərinə görə, ölkəmiz bu göstəricidə Cənubi Qafqaz üzrə qonşularından da geri qalır. Belə ki, Ermənistanda bu göstərici 48%, Gürcüstanda 61% təşkil edir.

İbadoğlu koronavirus pandemiyasının ölkədəki iqtisadi problemləri üzə çıxardığını qeyd edib: “Məsələn, əhaliyə birdəfəlik işsizlik müavinətinin – 190 manatın ödənilməsi zamanı məlum oldu ki, insanların əksəriyyəti nağd ödənişlərə üstünlük verir və onların bank hesabları yoxdur. Koronavirusun həddindən artıq yüksək dinamikasının səbəblərindən biri də nağd əsginaslardan istifadənin geniş yayılmasıdır. Azərbaycan Mərkəzi Bankının may ayının ilk günlərində ölkədə pul kütləsinin 80,5 faizini nağd pullar təşkil etdiyi barədə yaydığı məlumatlar həm də bank təşkilatçılığının aşağı səviyyədə olmasından xəbər verir. Bundan əlavə külli miqdarda nağd pulun dövriyyədə olması həm də kölgə iqtisadiyyatının həcminin göstəricisidir”.

 

“Baş verənlərə görə bank sistemi və iqtisadi blokun rəhbərliyindəki vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Vəziyyətdən çıxış yolu olaraq, Mərkəzi Banka nağd pulları dezinfeksiya etməyi, əhaliyə pulla işləyərkən ehtiyatlı olmağı, ya da nağdsız formada ödənişə üstünlük verməyi tövsiyə edir”, – İTM rəhbəri vurğulayıb.

 

İqtisad elmləri doktoru, professor Saleh Məmmədov da İbadoğlunun fikirləri ilə razıdır. O AYNA-ya açıqlamasında deyib ki, nağd pul təkcə virusların yayılması üçün amil deyil, həm də korrupsiyanın geniş yayılması üçün ciddi mənbədir: “Hökumətin təcili olaraq nağd ödənişləri dayandırması, dövriyyədən nağd pulları çıxarması və Avropa ölkələrini nümunə götürərək təmassız ödəmə sistemi üçün proqram təminatının hazırlanmasına başlaması lazımdır”.

Professor əmindir ki, təmassız (nağdsız) ödəmə yalnız nağd pulların ləğvini deyil, həm də süni intellektin geniş yayılması nəticəsində, kredit kartlarının, çeklərin, bankomatların və s. ləğv edilməsini də əhatə edir: “Koronavirusla mübarizə üçün ayrılan vəsaitdən minimum 500 milyon manatını proqramlaşdırma sənayesi yaratmaq üçün istifadə etmək olar. Əgər belə bir sistem yaradılsaydı, milyardlarla manat dəyərində korrupsiya sxemləri ifşa edilər, ciblərə qoyulan xeyli vəsait dövlət büdcəsinə köçürülmüş olardı. Bu sistem şəffaflığa aparan yol və yüksək səviyyədə nəzarətdir. Nəhayət, bu sistem işə düşən zaman bu qədər bankomat, kassa aparatı, iri bank ofislərinə ehtiyac olmayacaq, əhalinin nağd pul vasitəsilə infeksiyalara yoluxması təhlükəsi də birdəfəlik aradan qalxacaq”.

 

Bu arada, onu da qeyd edək ki, ÜST nağd pulla kontaktdan sonra əl gigiyenasına xüsusi önəm verilməsini tövsiyyə edir. Banknotlara insanların toxuna biləcəyi və yoluxma riski olan digər əşyalara – qapı tutacaqları, sənədlər və s. kimi yanaşılmalıdır.

 

Ancaq heç də hamı bu mövqe ilə razı deyil. Məsələn, nağd idarəetmə sahəsində ixtisaslaşmış 127 qlobal şirkəti birləşdirən Avropa Dəyər Daşıyıcıları Birliyi (ESTA) və Avropa Mərkəzi Bankı əsginaslar vasitəsilə koronavirusun yayılmasını istisna edir. Hesabatda deyilir ki, Avrosistem mütəmadi olaraq avro əsginaslarının sağlamlığa təsiri ilə bağlı araşdırmalar aparır. Və hələ ki, narahatlıq yaradacaq bir nəticə yoxdur.\\Ayna