Salam, xoş gəlmisiniz.

“Qaçqınları gül-çiçəklə qarşılayan almanlar indi onların getməsini istəyir” – Azərbaycanlı mühacirdən ilginc müsahibə

2020-02-22 10:32:00

“Qaçqınları gül-çiçəklə qarşılayan almanlar indi onların getməsini istəyir” – Azərbaycanlı mühacirdən ilginc müsahibə

“Radikal sağlar o qədər təhlükəli olub ki, hətta əcnəbilərə yardım edən almanlara da hədə-qorxu gəlirlər”

Almaniyanın Hanau şəhərində 11 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi bu ölkədə son illər baş qaldıran irqçiliyi yenidən gündəmə gətirib. Bu ölkədə yaşayan azərbaycanlı jurnalist Fərahim İlqaroğlu “Yeni Müsavat”ın mövzu ətrafındakı suallarını cavablandırıb:

-  Fərahim bəy, Almaniyadakı irqçilik həqiqətən mətbuatda iddia edildiyi qədər təhlükəli səviyyədədirmi?

- Hanau şəhərində baş verən terror Almaniyada həqiqətən irqçiliyin olduğunu bir daha gözlər önünə sərdi. İndiyə kimi ölkədə Federal Daxili İşlər Nazirliyi səviyyəsində dəfələrlə radikal sağçılarla bağlı müxtəlif statistik məlumatlar səsləndirilib. Məsələn, 2019-cu ilin son 8 ayında Almaniyada radikal sağçılar tərəfindən 12 493 cinayət hadisəsi törədilib. Bu cinayətlərin 542-sində zorakılıq qeydə alınıb və nəticədə 250 nəfər yaralanıb. Eyni zamanda, polisdə 3686 radikal sağçı barədə cinayət işi açılıb. Onlardan 40-ı həbs edilib. Bu hadisədən əvvəl Halle şəhərində bir sineqoqa silahlı hücum olmuşdu. Ondan əvvəl Xemnits olayları və s. Məncə, Almaniyada son illər irqçiliyin baş qaldırması, əcnəbilərə qarşı olan şiddət olaylarının kökündə duran səbəblər araşdırılmalı və bunun həlli istiqamətinə işlər aparılmalıdır.

- Səbəblər nə ola bilər?

- Səbəblər siyahısını xeyli uzatmaq olar. Ancaq bəzi suallar var ki, onlara cavab tapılmalıdır. Məsələn, 2015-ci ildə Münhen dəmiryolu vağzalında əllərində gül-çiçək, isti geyim və yeməklə qaçqınları gözləyənlər indi onların Almaniyanı tərk etməsini istəyirlər. Hazırda ölkədə polis qeydiyyatında olan 24 100 radikal irqçinin olduğu deyilir. Onlar mütəmadi olaraq əcnəbilərə qarşı tədbir və kütləvi nümayişlər keçirirlər. Əsas məqsədləri Almaniyada yaşayan əcnəbiləri psixoloji gərginlik altında saxlamaqdır. Radikal irqçilər silah da gəzdirirlər. Elə Hanua terrorçusu Tobias R.-in də evindən silah çıxdı.

Fərahim İlqaroğlu almaniya ile ilgili görsel sonucu

Ümumiyyətlə, Almaniya Avropanı hədəf alan qaçqın axınının demək olar ki, bütün yükünü öz çiyinlərində daşıyır. Bu gün Almaniyada qaçqınlar kirayə mənzil bazarındakı qiymətlərə çox böyük təsir ediblər. Artıq nəinki böyük şəhərlərdə, hətta kiçik şəhərlərdə belə kirayə mənzil tapmaq müşkülə çevrilib. Kiçik sahibkarlıq xüsusilə, restoran, kafe biznesinə nəzarət Türkiyə, Suriya və İraqdan gələnlərin əlində cəmləşib.

Əcnəbilərin “Birlikdə yaşam” haqqında qanuna riayət etməmələri, alman cəmiyyətindən qaçmaları, mənsub olduqları xalqların və ölkələrin adət-ənənələrini buraya daşımaları və. s irqçiliyi alovlandıran səbəblərdəndir. Təəssüf ki, bəzi media quruluşları və Almaniya üçüncü Alternativ (AfD) kimi partiyalar ölkədəki əcnəbilərlə bağlı neqativlərdən öz siyasi təsir dairələrini genişləndirmək üçün istifadə edilər. Ölkədə irqçiliyin yüksəlişi seçkilərə də yansıyıb. AFD kimi  irqçi partiyaların reytinqi gündən-günə yüksəlir. Radikal sağ o qədər təhlükəli vəziyyətə gəlib çatıb ki, hətta əcnəbilərə yardım edən almanlara da hədə-qorxu gəlib, onları öldürməkdən çəkinmirlər. Buna misal olaraq, 2019-cu ildə suriyalı qaçqınlara yardım etdiyi üçün Almaniyanın Kassel bölgəsinin valisi Valter Lübkenin irqçilər tərəfindən öldürülməsini göstərə bilərəm.

- Bəs Almaniya dövlətinin əcnəbiləri hədəf alan cinayətkar irqçi qruplarla mübarizəsi hansı səviyyədədir?

- Bunun səviyyəsini müəyyən etmək mənim üçün çətindir. Almaniya 16 federal əyalətdən ibarətdir. Zaman-zaman yerli QHT-lər əyalətlərdəki sağ ekstermizimlə bağlı statistik məlumatlar paylaşırlar. Məsələn, hazırda irqçiliyin yüksək olduğu federal əyalətlərin başında Bavariya, Saksoniya, Hessen, Saksoniya-Anhalt gəlir. Ancaq son illər Almaniyada daha çox əcnəbinin yaşadığı və gəlmələrə yaxşı münasibətdə digər əyalətlərə örnək olan Şimali Reyn Vestfaliya əyalətində də irqçilik baş qaldırıb. Əyalətin Dortmund şəhərində bir-iki küçə özlərini Adolf Hitlerin nəvələri və davamçıları adlandıran radikal irqçilər tərəfindən işğal edilib. Onların hər bir hərəkəti və tədbiri polis tərəfindən yaxından izlənilsə də, onlar Dortmunda gəlmələr qarşı bir qorxu atmosferinin yaranmasına nail olublar.

Ümumiyyətlə, Almaniya hökumətini ən çox bəzi təhlükəli irqçilərin ayrı-ayrı partiyalardan və qruplardan ayrılıb bu işlə fərdi məşğul olmaları qorxudur. Məsələn, bu yaxınlarda Almaniya Ana Yasa Məhkəməsi Alman Milli Demokrat Partiyasının (NDP) fəaliyyətinin qadağan olunması ilə bağlı yerli idarə məhkəməsinin qərarını ləğv etdi. Onlar bunu partiyanın bağlanacağı təqdirdə, oradakı radikalların nəzarətdən çıxması və “oğru dünyası”na qoşula biləcəklərindən ehtiyat etmələri ilə əsaslandırdılar. Yəni sağçı radikalların bir yerdə, bir partiyada olması dövlətə onlara nəzarət etmək baxımından daha çox sərf edir.

Digər yandan, Almaniya polisi sağ radikal yönümülü cinayətkar qruplara qarşı tez-tez əməliyyatlar keçirir. Bu gün xüsusi qruplar var ki, onlar ancaq qaçqın yataqxanalarını hədəfə alıblar. Statistikaya baxsaq görərik ki, son üç ildə Almaniyada 20 qaçqın yataqxanasına hücum faktı qeydə alınıb. Həmin olaylarda 26 qaçqına müxtəlif silahlar vasitəsi ilə xəsarət yetirilib. Polis tərəfindən irçiqlərindən alınan silahlar arasında tüfəng, tapança və bıçaq kimi müxtəlif kəsici və deşici alətlər olub.

- Və sonda: irqçiliyin Almaniyanın sosial-iqtisadi sahəsinə təsiri necə ola bilər? Bildiyim qədəri ilə bu ölkə xaricdən işçi qüvvəsinin gətirilməsi ilə bağlı yeni qanun qəbul edib.

 - Bəli, Almaniyada “İmmiqrasiya qanunu”na edilən dəyişiklik ölkənin qapısını əcnəbilərə üzünə açır. Əvvəl bu sahədə böyük bürokratik əngəllər var idi. İş adamları özlərinə lazım olan ixtisaslı işçiləri ancaq Almaniya, tapa bilməsələr Avropa Biliyinə daxil olan ölkələrdən, oradan da tapa bilməsələr başqa xarici ölkələrdə gətirə bilərdilər. Artıq belə bir əngəl yoxdur və istənilən şəxs özünə lazım olan işçini istənilən ölkədən gətirməkdə sərbəstdir. Düşünürəm ki, Almaniyada əsasən əcnəbiləri hədəf alan terror və irqçi hücumlar ölkənin sosial-iqtisadi sahədəki dinamikliyini azalda bilər. Heç kim həyatını riskə atmaq istəməz. Burda Almaniya hökumətinin də günahı var. Ölkə əvvəlcə əlavə “qaçqın yükü”ndən xilas olmalıdır, digər ölkələr kimi illik müəyyən etdiyi kvotaya riayət etməlidir. Sığınacaq vermədiyi şəxsləri aylarla, illərlə deportasiya mərkəzlərində saxlamaq əvəzinə dərhal ölkədən çıxarmalıdırlar. Çünki əvvəlki illərdə bu cür şəxslərin onlarla insanın ölümünə səbəb olan terror hadisələri törətdiyinin şahidi olmuşuq. Qısası, Almaniya böyük və çətin bir sınaqla üz-üzədir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93