“Qapını dost-tanışın üzünə bağlamışıq” – SƏRDAR CƏLALOĞLU

1 Aprel, 2020, 16:40
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Nazirlər Kabinetinin martın 23-dəki xüsusi toplantısından sonra martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edilib. Hazırda ictimai-siyasi xadimlərin fəaliyyətlərinin nədən ibarət olduğu, virusdan necə qorunduqları maraq doğuran məsələlərdəndir. Yenisabah.az saytının mövcud vəziyyətlə əlaqədar bu və digər suallarını Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırıb: 

– Sərdar bəy, bildiyiniz kimi, ölkə karantin rejimindədir, insanlara evdən çölə çıxmamaq tövsiyə olunur. Siz karantini necə keçirirsiniz?

– Hər gün televizorda pandemiyanın dünyada törətdiyi fəsadları izləyirəm. Pandemiyanın qarşısının alınmasında dünya təcrübəsini izləyirəm və Azərbaycanda bununla bağlı görülən işləri müqayisə edirəm. Demək olar ki, gündə ən az 2 saat kitab oxuyuram. Müxtəlif proqramlara baxıram. Arada 1-2 dəfə koronavirusla bağlı internet televiziyalarında çıxış eləmişəm. Çalışıram ki, koronavirusa qarşı mübarizənin üsul və vasitələri ilə bağlı xalqı məlumatlandırım. Həmçinin nəvələrimlə bir yerdə vaxt keçiririk. 

– Koronavirusdan qorunmaq üçün nələr edirsiz? Axı heç kim bu dəhşətli virusa yoluxmaqdan sığortalanmayıb…

– Çalışırıq ki, karantin şərtlərinə əməl edək. Mütləq şəkildə sosial məsafəni saxlamaq lazımdır. Həmçinin gigiyenik vasitə və metodlardan istifadə edilməlidir. Məsələn, mən küçəyə çıxanda mütləq maska taxıram, dezinfektorla əlimi təmizləyirəm. Evə gələndə dərhal əlimi sabunlayıb yuyuram. Evin qapılarının dəstəkləri mütəmadi olaraq evdəkilər tərəfindən dezinfeksiya edilir. Əgər kənar şəxs gələrsə, mümkün qədər məsafə saxlayırıq. İmkan daxilində çalışırıq ki, təhlükədən qorunaq. 

– Bəs qapınızı dost-tanışın üzünə bağlamısızmı, yoxsa az da olsa, gediş-gəliş var? 

– Gediş-gəliş yoxdur. Bilirsiz ki, küçəyə çıxmaq yasaqdır. Bizim də lap yaxınlığımızda qohum-qardaşımız yoxdur. Müəyyən uzaq məsafə qət etməliyik ki, o da qanunun pozulması deməkdir. Həm də öz qohumlarımıza problem yarada bilərik. Çünki yolda gedərkən sən koronavirusla təmasda olub-olmadığını bilmirsən. Gedib qaş düzəltdiyin yerdə göz çıxara bilərsən. Ona görə də telefonla əlaqə saxlayırıq. Partiya üzvlərindən ibarət “Whatsapp” qrup yaratmışıq, orada mütəmadi olaraq məlumatları paylaşırıq, müzakirə aparırıq, bir-birimiz haqqında məlumat əldə edirik və s. 

– Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, insanlar ora pul köçürməyə daha çox üstünlük verirlər. Amma hazırda işsiz, imkansız ailələr də az deyil. Onların da yardıma ehtiyacı var. Bizdə niyə fərdi olaraq yardım etmək istəyən azdır?

– Fond ümumi problemlərin həllində lazımdır, ona görə də oraya pul keçirmək təbii ki, doğrudur. Amma eyni zamanda buna uyğun olaraq fərdi qaydada hə kəs öz qonşuluğunda, yaxınlığında maddi problem yaşayan, dəstəyə ciddi ehtiyacı olan insanlara müəyyən mənada yardım etməyə çalışmalıdır. Maliyyə vəsaitlərinin toplanması ümumi pandemiyaya qarşı aparılan mübarizənin effektivliyini artırır. Bu baxımdan bunlar bir-birini təkzib edən məsələ deyil. Həm vətəndaşlar üfiqi, həm də şaquli istiqamətdə yardım kampaniyasına qoşula bilərlər. Şaquli istiqamət odur ki, müəyyən bir fonda keçirirlər və dövlət onu ehtiyacı olanlara çatdıra bilər. Üfiqi istiqamətdə yardım isə digəridir. Hər ikisini paralel şəkildə aparmaq lazımdır. 

– Sizdən heç kömək istəyən olubmu? Sizin koronavirusla mübarizəyə töhfəniz nədən ibarətdir? 

– Açığı bizdən kömək istəyən olmayıb, heç bizim kömək etmək imkanımız da yoxdur. Çünki partiyalar bizneslə məşğul olmur. Ümumiyyətlə, uzun illərdir Azərbaycanda partiyaların maliyyələşməsində ciddi problemlər var. Biz partiyanın fəaliyyətini ancaq təşkil edə bilirik. Azərbaycanda parlament partiyaları dövlətdən yardım alır, onlar o yardımın müəyyən hissəsini fonda keçirə bilərlər və yaxud millət vəkilləri maaş alır, maaşlarının bir hissəsini keçirə bilərlər. Amma bizdə bu mümkün olmur. Lakin fərdi qaydada təbliğat məsələlərində maksimum iştirak etməyə çalışırıq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93