Qarabağa çəkilən üçüncü yol: bəs Azərbaycan hansı yollara əl ata bilər… – İŞĞALÇI ÖLKƏYƏ QARŞI MÜMKÜN TAKTİKA

4

Ermənistan Azərbaycanın işğal altındakı ərazilərinə üçüncü yolun çəkilişinə hazırlaşır və xəbər verildiyi kimi, bir neçə gün əvvəl bu haqda Qarabağdakı qanunsuz rejimin rəhbəri Araik Arutyunyan Qubadlı torpaqlarında olarkən Ermənistanın infrastruktur naziri ilə birlikdə bu haqda anons edib.

Rəsmi Bakı müxtəlif səviyyələrdə bu təcavüzkar plana qarşı artıq öz mövqeyini bildirib və Ermənistanın əməllərinin cavabsız qalmayacağını ifadə edib. O cümlədən İyunun 10-da Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda Ermənistanın bu planı kəskin pislənir və beynəlxalq hüququn pozulması kimi qiymətləndirlir. Bəyanatda “Azərbaycanın işğal altındakı əraziləri” ifadəsi də vurğulanır.

Qeyd edək ki, bu bəyanat Ermənistan siyasi dairələrində şok effekti yaradıb və Paşinyan hökumətinin diplomatiyasının iflası kimi qiymətləndirilib.

Bəyanatın əhəmiyyətinin Azərbaycanın maraqları baxımından xüsusi əhəmiyyətini qeyd etmələ yanaşı rəsmi Bakı Ermənistanın işğal altındakı Arazboyu ərazilərdə qanunsuz məskunlaşdırmanı genişləndirməyə xidmət edən üçüncü yol planına qarşı diplomatik sahədə daha bir sıra addımlar ata bilər.

Birinci addım Azərbaycan tərəfinin Minsk Qrupu həmsədrlərinin Qarabağa üçüncü yolun çəkilməsinə qarşı aydın mövqeyini ifadə etməsinə dair birmənalı tələbləri ola bilərdi. Çünki münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını üzərinə götürənlər münaqişə tərəflərindən birinin nizamlama perspektivlərini açıq-aşkar baltalayan hərəkətlərinə qarşı laqeyd qala bilməz. Eyni zamanda bu məsələdə neytral, mücərrəd mövqe də ortaya qoymağa ixtiyarı yoxdur. Ona görə də, Azərbaycan tərəfi Minsk Qrupu həmsədrləri ilə təmasa keçərək tələb etməlidir ki, Ermənistanın heç vaxt ermənilər yaşamayan ərazilərə yeni yolun çəkilməsi planlarının münaqişənin danışıqlar yolu ilə nizamlanmasına zərbə vurduğunu bəyan etsin. Eləcə də Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirliklərinin məsələ ilə bağlı rəsmi mövqeyinin ifadə edilməsi üçün israrlı diplomatik səylər göstərilməsi Bakının atacacağı addımlardan biri ola bilərdi.

Habelə Azərbaycan tərəfi ləngimədən məsələni ATƏT-in Vyanadakı daimi şurasında qaldıra, Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırmanı genişləndirmək planının hansı nəticələrə səbəb olacağı haqda şura üzvlərini məlumatlandıra bilər.

Diplomatik planda bütün bu addımların atılması ilə paralel olaraq Azərbaycan tərəfi düşmən ölkənin hərəkətlərinin hansı hərbi nəticələrə səbəb olacağı haqda da Yerevana aydın mesaj verə bilərdi. Məsələn, bu, Müdafiə Nazirliyinin adından Ermənistanın Qarabağa yeni yol çəkmək cəhdlərinin qarşısını hərbi yollarla almaq üçün Azərbaycan tərəfinin legitim hüquqlara malik olduğu barədə ən yüksək səviyyədə bəyanatın verilməsi formasında baş verə bilər.

Məsələ  bundadır ki, Dağlıq Qarabağ ətrafındakı ərazilərdə heç vaxt ermənilər yaşamayıb və həmin rayonlarda ermənilərin qanunsuz məskunlaşdırılması işğalı möhkəmləndirmək planlarına xidmət edir. Deməli bu ərazilərdə hər hansı mülki fəaliyyət, o cümlədən yol infrastrukturunun qurulması birmənalı şəkildə beynəlxalq hüquq normalarının pozulmasıdır. Azərbaycan tərəfi rəsmən elan etməlidir ki, həmin ərazilərdə mülki fəaliyyət də hərbi fəaliyyətlə eyni statusda qiymətləndiriləcək, yəni Zəngilan, Cəbrayıl, Füzuli və digər Arazboyu ərazilərdə yol çəkilişini həyata keçirən mülki texnika, işçi qüvvəsi və s. legitim hərbi hədəfdir. Və Azərbaycan ordusunun həmin hədəfləri vurmaq üçün beynəlxalq normalar baxımından tam qanuni əsasları var.

Belə bəyanat Azərbaycan Müdafiə Nazirliyi səviyyəsində rəsmən, publik olaraq verilməklə yanaşı Minsk Qrupunun həmsədrləri də Ermənistanın təcavüzkar əməlinin hansı hərbi nəticələrə gətirib çıxaracağı haqda məlumatlandırılmalıdır, xəbərdar edilməlidir.

Azərbaycan ordusunun işğal altındakı ərazilərin istənilən nöqtəsinə zərbə endirmək imkanları və potensialı heç bir şübhə doğurmur. Arazboyu əraziləri Ermənistanla əlaqələndirən üçüncü yolun çəkilməsi çox təhlükəli plandır və erməni tərəfinin “bir qarış da torpaq qaytarmamaq” niyyətlərini həyata keçirməyə xidmət edir. Bu planının qarşısını diplomatik yollar nəticə verməsə hərbi yolla almaq üçün Azərbaycanın tam qətiyyət nümayiş etdirməsi düşməni öz niyyətlərindən çəkindirə bilərdi.

Vaxtilə ermənilər Xocalıda aerport tikib oradan Yerevana uçuşlar planlaşdıranda Azərbaycan tərəfi məhz bu cür qətiyyət nümayiş etdirdi və nəticədə həmin aeroport fəaliyyətsiz qaldı. O zaman Azərbaycan prezidenti İlham Əliyev silahlı qüvvələrə ölkənin hava sərhədini pozan, beynəlxalq tanınma nişanı daşımayan istənilən uçuş vasitəsinə atəş açmaq ixtiyarı verən xüsusi sərəncam imzalamışdı. Həmin sərəncam Ermənistan üçün ciddi çəkindirici rol oynamış oldu./virtualaz.org/