“Qarabağda üçüncü dövlət savaşmayacaq”

26

Elxan Şahinoğlu:  “Paşinyanın iki yolu var: ya müharibəni davam etdirməlidir, ya da ağ bayraq qaldırmalıdır”

Müsahibimiz “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğludur. Onunla söhbətimizdə siyasi gündəmi müzakirə etdik.

– 10 gündən çoxdur ki, orduzumun apardığı uğurlu əks-hücum əməliyyatı davam edir, bir sıra yüksəkliklər və yaşayış məntəqələri düşməndən azad edilib. Sizcə, bu günə qədər baş verənlər Azərbaycan ordusunun gücü, döyüş əzmi haqqında nə deyir?

– Azərbaycan ordusu  27 ildir ki, bu günü gözləyir. Bu illərdə nizami ordu formalaşdırdıq. Artıq, cəmiyyətə də aydın oldu ki, danışıqlar yoluyla torpaqlarımızı geri qaytara bilməyəcəyik. Biz istər psixoloji, istərsə də hərbi baxımdan müharibəyə hazır idik. Ona görə də düşmən Gəncəyə və digər şəhərlərə raket atanda insanlar arasında təşviş yaşanmadı. Biz buna illərdir hazırlaşırdıq ki, düşmənlə mübarizə aparıb, torpaqlarımızı azad edək. Bu günlər ərazində uğurlu əməliyyatlar aparmışıq. Düzdür, şəhidlərimiz var. Allah onlara rəhmət eləsin… Uğurlarımız çoxdur. Ərazilərimizi ard-arda düşmən işğalından azad edirik. Artıq, düşmən özü təşviş içindədir. Hərbi texnikalarını tərk edib qaçırlar. Bir az da hücumları artırsaq, bəlkə də düşmən ağ bayrağı da qaldırar. Amma, hələ bu haqda danışmaq çox tezdir. Önəmli olan, düşməni ərazilərimizdən təmizləmək və əsas hədəflərini neytrallaşdırmaqdır. Pilotsuz uçuş aparatları da uğurla düşmən məntəqələrini məhv edir. Düşmən halsızdır və savaşmaq üçün canlı qüvvəsi də getdikcə azalır. Artıq, boşluğu doldurmaqda çətinlik çəkirlər. Nikol Paşinyan da səfərbəliklə bağlı çağırış edib. Amma, inanmıram ermənilər bu çağırışa müsbət reaksiya versin. Onlar, Dağlıq Qarabağda ölmək istəmir. Bu baxımdan, bu çağırışın da effekti yoxdur. Paşinyanın dövlət başçılarına yalvarması, düşmən məğlubiyyətinin daha yaxın olduğundan xəbər verir.

– Qarşıdurmalar daha böyük müharibəyə, böyük regional böhrana yol aça bilərmi?

– Mümkün deyil. Çünki, müharibə Azərbaycan ərazisində gedir. Daha böyük qarşıdurmalara Ermənistan özü cəhd edir. Düşmən çalışır ki, müharibə regiona yayılsın və güclü dövlətlər prosesə müdaxilə etsin. Azərbaycan nəyinki Ermənistanın, heç bir dövlətin ərazisinə hücum etmir. Öz ərazilərində torpaqlarını işğaldan azad edilməsiylə bağlı əməliyyatlar aparır. Buna da tam haqqı çatır. Paşinyan və ətrafı isə müharibənin ətrafa yayılmasına çalışır. Çünki, Rusiyanı da müharibəyə cəlb etmək istəyirlər. Baxmayaraq ki, Ermənistanın müttəfiqidir. Amma, Rusiya neytrallığını qoruyub saxlayır. Azərbaycan Ermənistan ərazilərinə hücum etmədiyinə görə, Rusiyanın Ermənistanı müdafiə etməkdə marağı yoxdur. Müharibə Azərbaycan ərazilərində gedir. Döyüşlərin regional müharibəyə çevriləcəyinə inanmıram.

– Beynəlxalq ictimaiyyətdən hər iki tərəfə müharibəni dayandırmaqla bağlı çağırışlar olunur. Azərbaycan bu çağırışlara nə kimi reaksiya verməlidir?

– Sözügedən çağırışlar Azərbaycan üçün heç bir məna kəsb etmir. Əslində, böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistana qoşunlarını Azərbaycan ərazisindən çıxardılmasıyla bağlı xəbərdarlıq etməlidir. Təəssüf ki, belə çağırışlar çox azadır. Həmsədr ölkələr atəşkəsə və barışığa çağırır. İndiki vəziyyətdə bu mümkün deyil. Bizim bir şərtimiz var: Ermənistan qoşunları Azərbaycan torpaqlarını tərk etsin. Daha sonra, barış və digər danışıqlar da baş tuta bilər. Hazırki, vəziyyətdə biz barış və ya atəşkəs demələri gülüncdür. Biz yenə danışıqlar masasına otursaq, Ermənistan məsələni yenə uzatmağa çalışacaq.

– Fransa prezidenti Makronun ermənipərəst mövqeyinin arxasında nə dayanır?

– Fransa artıq neytrallığını pozmuş oldu. Emmanuel Makron birbaşa Ermənistana dəstək verdi. Halbuki, həmsədr ölkə olaraq, neytrallığı qorumalıydı. Fransa neytrallığı çoxdan pozmuşdu. Çünki, yeni prezident seçiləndə Ermənistana səfər edib, Azərbaycana isə gəlməmişdi. Açıqlamaları da ermənipərəst mövqeyindən xəbər verir. Keçmiş Fransa prezidentləri Ermənistana səfər etdikləri vaxt, eyni zamanda Azərbaycana da səfər edirdilər. Onlar balansı qorumağa çalışırdı. Artıq, Azərbaycan Fransaya inanmır. Ola bilər ki, Qarabağ problemi həllini tapdıqdan sonra, Fransayla münasibətlər normallaşa bilsin. Bu ancaq, Makrondan sonraki dövrdə baş verə bilər. Hazırda isə Fransanın vasitəçiliyini heç bir halda qəbul edə bilmərik.

– Fransa, ABŞ və Rusiya atəşi dayandırmaqla bağlı birgə bəyanat verdilər. Bundan sonra bu hər hansısa siyasi əhəmiyyət daşıyırmı?

– Birgə bəyanatın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Əsas önəmli olan böyük dövlətlərin biz mane olmamasıdır. Onların dəstəyi bizim üçün problem deyil. Hazırda elə bir maneə də yoxdur. Hansısa üçüncü dövlət gəlib Qarabağda Azərbaycanla savaşan deyil. Əgər, sözləri varsa Ermənistana işğalçı qoşunlarını çıxarmalarıyla bağlı desinlər. Amma, belə çağırışlardan çəkinmək də lazım deyil. Əsas olan odur ki, ordumuz hədəfləri uğrunda irəliləyir.

– Ermənistana İran üzərindən silahlar daxil olur. Müsəlman İran tərəfinin öz ərazisindən Azərbaycana qarşı istifadə ediləcək silahların keçməsinə “yaşıl işıq” yandırılmasını necə qiymətləndirmək olar? İran narahtçılığının arxasında nələr dayanır?

– Düzdür, müharibənin ilk günlərində belə məlumatlar paylaşılırdı. Bu, Azərbaycanda çox ciddi narahatlıq da doğurdu. Amma, iran azərbaycanlıları fəallaşandan və Qarabağa dəstək mitinqləri keçirəndən sonra sanki, İranın mövqeyində dəyişiklik baş verdi. İranın dini liderinin cənubi Azərbaycan vilayətindəki dörd nümayəndəsinin Azərbaycana dəstək verən bəyanatı yayımlandı. Eyni zamanda, İranın Xarici İşlər Naziri açıqlamasında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı və Ermənistan qoşunlarının Azərbaycan ərazilərini tərk etməli olduğunu bildirdi. İnanmıram ki, bundan sonra Rusiya İran üzərindən Ermənistana hərbi yükləri daşıya bilsin.

– Fransa prezidenti bildirib ki, Vladimir Putin və Donald Trampla danışaraq Qarabağdakı vəziyyəti müzakirə edəcək. Bu üç ölkənin lideri müharibənin dayandırılmasına nail ola bilərmi?

– Xeyr, nail ola bilməzlər. Amerika Birləşmiş Ştatlarında hazırda seçki ərəfəsidir. Digər tərəfdən, Donald Tramp virusa yoluxub. Əslində, Fransanın özünün də problemləri var. Orda da seçkilər olacaq və sarı jiletlilərin aksiyaları davam edir. Pandemiya Fransada da geniş müşahidə olunur. Rusiyada da pandemiyayla mübarizə aparılır. Bütün bu məsələləri nəzərə aldıq da, böyük dövlətlərin Azərbaycana təzyiq yoluyla döyüşlərin dayandırılmasını istəyəcəyinə inanmıram. Digər tərəfdən, dövlət başçısı son çıxışında qətiyyətlə dayanmayacağımızı vurğuladı. Bizim irəliylə gedəcəyimizi və heç bir bəyanatın biz dayandıra bilməyəcəyini dövlət başçısı çıxışında qeyd edib.

– Sizcə, Paşinyanın köməklə bağlı yalvarışlarının nəticəsiz qalmasına səbəb nə ola bilər?

– Paşinyanın daxili və xarici siyasəti artıq iflasa uğrayıb. Hakimiyyətə gələndə düşünürdü ki, Qərblə yaxın münasibətlər quracaq. Bu da alınmadı. Eyni zamanda, Rusiyayla münasibətlərdə də soyuluq yaşandı. Bu da bizim maraqlarımıza xidmət edir. Hakimiyyətdə Paşinyan yox, Köçəryan olsaydı bəlkə də Rusiya Ermənistana kifayət qədər dəstək verərdi. Belə olan halda, bizə təzyiq də arta bilərdi. Amma, Paşinyanın Rusiyayla soyuq münasibətləri olduğuna, Putinin yaxın dostu Köçəryanı uzun müddət həbsdə saxladığına və Qərblə də normal münasibətlər qura bilmədiyinə görə, onun çağırışlarını heç kim eşitməyəcək.

– Sizcə, hərbi əməliyyatlar nə vaxta kimi davam edə bilər?

– Mən hərbi mütəxəsis deyiləm. Bu suala hərbi mütəxəsislər cavab verə bilər. Biz plan əsasında hərəkət edirik. Əsas odur ki, ərazilərimizin bir hissəsini azad etmişik. Düşmənin böyük itkiləri var. Müharibə davam etdikcə, düşmənin itkiləri daha da artacaq. Ümumiyyətlə, Paşinyan artıq hakimiyyətini itirib. Onun iki yola var: Ya müharibəni davam etdirmək, ya da ağ bayrağı qaldırmaq. Hər iki yol, onun hakimiyyətinin sonuna gətirir. Müharibəi davam etdirsə, daha da itkiləri çox olacaq. Bunu da erməni cəmiyyəti ona bağışlamayacaq. Ağ bayrağı qaldırsa da rəqibləri onu hakimiyyətdən devirəcək.

– Düşmən qüvvələri mülki əhalini durmadan hədəfə alır. Bu, nə ilə bağlı ola bilər?

– Əslində, bu ermənilərin köhnə taktikasıdır. 90-cı illərdə də bu taktikadan istifadə ediblər. Məqsəd, Azərbaycan cəmiyyətində təşviş yaratmaqdır. Təəssüf ki, 90-cı illərdə bu yolla torpaqlarımızın bir hissəsini işğal edə bildilər. Artıq, Azərbaycan cəmiyyəti bütövdür. Düşmənin xaos və təşviş yaratmaq cəhdi, bizim üçün əsas deyil. Bütün bunlara rəğmən, insanlar yaşayış evlərini tərk etmir. Mülki əhalini hədəf almaqla, Ermənistan Azərbaycanda təşviş yarada bilmir. Ermənistan özü də bundan məyus olub. Bu baxımdan, düşmən heç bir nəticə əldə etmədi. Gəncənin raket zərbəsinə məruz qalması, beynəlxalq mətbuatda geniş şəkildə işıqlandırıldı. Bu da informasiya müharibəsində Ermənistana böyük zərbə idi. Ola bilsin ki, daha sonra Gəncənin raket atəşinə tutmamaqlarıyla bağlı açıqlama da veriblər. Bu da informasiya müharibəsində Ermənistanın əleyhinə işlədi.

– Ermənistan niyə məhz Gəncə və Mingəçeviri hədəfə aldı?

– Bunun səbəbi bəllidir. Gəncə Azərbaycanın müqəddəs şəhəridir. Düşünürdülər ki, Gəncəni vursalar, Azərbaycan cəmiyyətində xaos və təşviş yaranacaq. Azərbaycanın da Ermənistan ərazisinə raket atmağını gözləyirdilər. Bununla da Rusiyanı da müharibəyə cəlb etmək istəyirdilər. Amma, hər iki məqsədlərinə çata bilmədilər. Mingəçeviri əvvəldən də vuacaqlarını deyirdilər. Lakin, raketləri o qədər keyfiyyətsizdir ki, gəlib məntəqədə partlamadı. Burda iki məqsəd ola bilər. Birincisi odur ki, 1990-cı illərdə olduğu kimi xalqın daxilində çaxnaşma yaratmaq istəyirlər. Fikirləşirlər ki, belə etməklə istəklərinə nail ola biləcəklər. Təəssüf ki, 1990-cı illərdə nüfuzlu ordumuz yox idi. Amma, qəhrəmancasına savaşırdılar. O zamanlar da insanlar içərisində müəyyən düşünülmüş çaxnaşmalar yaradırdılar. Torpaqlarımızın işğal olunmasının əsas səbəblərindən biri də bu idi. Hazırda isə vəziyyət tam fərqlidir. Artıq, nizami ordumuz var. Xalqımız da 30 ildir ki, torpaqlarımızın işğaldan azad olunmasını gözləyir. Bizi, bu cür addımlarla qorxu da bilməzlər. İstəklərinə nail ola bilməyəcəklər. İkincisi isə, bizim Ermənistana cavab addımları atmağımızı gözləyirlər. Bununla da Ermənistan ərazisini hədəf götürməyimizi istəyirlər. Daha sonra, Rusiyaya yalvaracaqlar ki, gəlib Ermənistanı müdafiə etsin. Belə anlarda biz soyuqanlığımızı da qorumalıyıq. Düşmənin əsl məqsədinin nə olduğunu başa düşməliyik.  Bu o demək deyil ki, biz cavab addımlarından çəkinməliyik. Cavab addımları atmasaq, onlar boşluq olduğunu düşünəcək və zərbələrin sayını daha da artıra bilərlər. Bu baxımdan biz atəş gələn nöqtələri susdurmalıyıq. Belə etməklə onlar anlamalıdır ki, Azərbaycan Dağlıq Qarabağda edilən müharibəni total müharibəyə çevirə bilər.  Əgər Gəncəyə, Mingəçevirə və hətta Xızıya belə ata biliblərsə, istənilən təxribata əl ata  bilərlər.  Baş verə biləcək hər təxribata hazır olmalıyıq. Məncə, cəmiyyətimiz və dövlətimiz də hazırdır.

– Hal-hazırda dünyada iqtisadi böhran müşahidə edilir və neftin qiymətləri hər keçən gün ucuzlaşır. Necə hesab edirsiniz, iqtisadi vəziyyətin pisləşməsi qlobal müharibələrə və ya geosiyasi dəyişikliklərə gətirib çıxara bilərmi?

– Ümumiyyətlə, dünyada baş verən müharibələr resurslar üstündə gedir. Bura su, enerji kimi resurslar daxil ola bilər. Soyuq müharibə bitdikdən sonra, düşünülürdü ki, artıq birqütüblü dünya formalaşacaq. ABŞ-ın super güc olduğu deyilir. Amma, artıq ABŞ-da enerji resursunu çatdıra bilmir. Dünya çoxqütüblü istiqamətdə irəliləyir. Amma, çoxqütüblü dünya birqütüblü və ikiqütüblü dünyadan daha təhlükəlidir. Çünki, müxtəlif qütblər var və bu qütblərin də müxtəlif maraq dairələri var. Bu maraqlar kəsişdikdə isə müharibələrin baş verməsi qaçılmazdır.

YƏHYA