“Qarabağda keçirilən qondarma seçkilər heç bir dövlət tərəfindən tanınmır” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

4

"İşğala məruz qalanla, işğalçı ölkəni eyni mövqedə təqdim edən Minsk Qrupundan ədalət gözləməyə dəyməz"

"Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi qondarma seçkilər birmənalı şəkildə heç bir dövlət tərəfindən tanınmır. Bununla bağlı verilən bəyanatlar, prinsipial yanaşmalar bir daha göstərir ki, dünya birliyi konkret olaraq işğala və separatizmə qarşıdır". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq bildirib ki, Qarabağda keçirilən qondarma seçkilərlə bağlı Türkiyə və Ukraynadan verilən bəyanatlar, onların Azərbaycanın ən yaxın tərəfdaşı olduğunu göstərir: "Qeyd edim ki, ATƏT-ın Minsk Qrupunun verdiyi bəyanat sadəcə diplomatik yanaşma idi və burada ortaq mövqeyin sərgilənməsi başa düşülən deyildi. Halbuki Minsk Qrupunun bəyanatı belə bir seçkilərin keçirilməsinə qarşı olduğunu bildirməli idi. İşğala məruz qalanla, işğalçı ölkəni eyni mövqedə təqdim edən bu formatdan ədalət gözləməyə dəyməz. İran İslam Respublikasının qonşu ölkə kimi bu qondarma seçkilərə və işğala yanaşması, bu ölkənin dini idelogiyasına qarşı olmaqla yanaşı, Azərbaycanla qonşuluq tərəfdaşlığında bu məsələdə Ermənistanın xətrinə dəyməmək kursu götürüldü. İranın Ermənistandan heç bir asılı vəziyyəti yoxdur və Yerevan Tehrana möhtacdır. Ona görə də İranın verdiyi bu bəyanata Ermənistana dəstəyin ifadəsi kimi baxılmalıdır. Onu da qeyd edim ki, İran daim bildirir ki, rəsmi Tehran münaqişənin həllində daha da effektli ola bilər. Amma Qarabağda keçirilən qondarma seçkilərdə İranın verdiyi bəyanat bir daha göstərdi ki, İran münaqişənin həllində səmimi deyil. Və verdiyi bəyanatda işğalçı ölkənin adını çəkmir, separatizmi pisləmir. Bu halda artıq rəsmi Tehranın münaqişənin həllində tutacağı mövqe aydın görünür".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org